Füzuli Beynəlxalq Hava Limanı bölgənin dirçəlişinə xidmət edir
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın qarşısında yeni vəzifələr müəyyənləşdirdi. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, dağıdılmış şəhər və kəndlərin bərpası, müasir infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr arasında nəqliyyat infrastrukturunun formalaşdırılması xüsusi yer tuturdu. Çünki uzun illər ölkənin digər bölgələrindən təcrid edilmiş ərazilərin iqtisadi və sosial həyata inteqrasiyası üçün müasir avtomobil yolları, dəmir yolları və hava nəqliyyatı imkanlarının yaradılması mühüm əhəmiyyət daşıyırdı.
Bu baxımdan Füzuli Beynəlxalq Hava Limanının tikintisinə başlanılması təsadüfi deyildi. 2021-ci il yanvarın 14-də hava limanının təməlinin qoyulması ilə Qarabağın nəqliyyat xəritəsində yeni bir səhifə açıldı. Layihənin icrası üçün qarşıya qoyulan əsas məqsədlərdən biri beynəlxalq standartlara uyğun müasir hava nəqliyyatı infrastrukturunu mümkün qədər qısa müddətdə istifadəyə vermək idi. Tikinti işlərinin sürətlə aparılması, müxtəlif istiqamətlər üzrə fəaliyyətin əlaqələndirilməsi və texniki tələblərin yerinə yetirilməsi nəticəsində hava limanı cəmi səkkiz ay ərzində uçuşları qəbul etməyə hazır vəziyyətə gətirildi. Müharibədən yenicə çıxmış, geniş ərazilərdə bərpa işlərinə başlamış bir ölkə üçün belə irimiqyaslı layihənin qısa müddətdə reallaşdırılması xüsusi əhəmiyyət daşıyırdı.
Füzuli Beynəlxalq Hava Limanının tikintisi təkcə sürəti ilə deyil, texniki göstəriciləri ilə də diqqət çəkirdi. Müasir tələblərə uyğun inşa edilən hava limanının uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Bu göstəricilər müxtəlif tipli, o cümlədən iri sərnişin və yük təyyarələrinin qəbuluna imkan yaradır. Hava limanının terminalı saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Burada sərnişinlərin rahatlığını təmin edən qeydiyyat sistemləri, baqaj konveyerləri, gözləmə və VIP zalları, ticarət və iaşə obyektləri, digər zəruri xidmət sahələri yaradılıb. İnfrastrukturun qurulmasında təhlükəsizlik, funksionallıq və müasir xidmət standartları əsas götürülüb.
Hava limanının mühüm xüsusiyyətlərindən biri də uçuşların təhlükəsiz və səmərəli idarə olunması üçün müvafiq texniki sistemlərlə təchiz edilməsidir. Burada avtomatlaşdırılmış avadanlıqlara malik hava hərəkətini idarəetmə qülləsi inşa olunub. Aeronaviqasiya və digər texniki təminat sistemləri beynəlxalq aviasiya tələbləri nəzərə alınmaqla qurulub. Beləliklə, Füzulidə yaradılan infrastruktur yalnız yerli nəqliyyat ehtiyaclarının qarşılanmasına deyil, beynəlxalq hava əlaqələrinin təşkili üçün zəruri şəraitin formalaşdırılmasına da xidmət edir.
2021-ci ilin sentyabrında Füzuli Beynəlxalq Hava Limanı ilk böyük sınaqlarından uğurla keçdi. Azərbaycan Hava Yollarına məxsus, "Qarabağ" adını daşıyan Airbus A340-500 tipli sərnişin təyyarəsi Füzuli hava limanına sınaq uçuşu həyata keçirdi. Bu hadisə Qarabağın aviasiya tarixində əlamətdar məqamlardan birinə çevrildi. Uzun illər işğal altında qalmış torpaqlara böyük sərnişin təyyarəsinin eniş etməsi həm texniki hazırlığın göstəricisi, həm də bölgənin yenidən ölkənin vahid nəqliyyat sisteminə qoşulmasının simvolik ifadəsi idi. Həmin gün "Silk Way" aviaşirkətinə məxsus Boeing 747-400 tipli iri yük təyyarəsinin də Füzuliyə eniş etməsi aeroportda yük daşımalarının həyata keçirilməsi üçün mövcud potensialı nümayiş etdirdi.
Nəhayət, 2021-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışı keçirildi. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdilər. İki dövlət başçısının hava limanının rəmzi açılışını bildirən lenti birlikdə kəsməsi Azərbaycan-Türkiyə münasibətlərinin mühüm hadisələrindən biri kimi yadda qaldı. Prezidentlərə hava limanının rəmzi açarlarının təqdim olunması ilə Qarabağın yeni "hava qapısı" rəsmən istifadəyə verildi.
Açılış mərasiminin siyasi və mənəvi əhəmiyyəti də böyük idi. Cəmi bir il əvvəl müharibə meydanında azadlığı uğrunda mübarizə aparılan torpaqlarda artıq beynəlxalq hava limanı fəaliyyətə başlayırdı. Dağıdılmış yaşayış məntəqələrinin, sıradan çıxarılmış infrastrukturun əhatəsində belə müasir obyektin ucaldılması Azərbaycanın müharibədən sonrakı inkişaf prioritetlərini aydın göstərirdi. Dövlətin qarşıya qoyduğu məqsəd yalnız ərazilərin bərpası deyil, həm də onların uzunmüddətli sosial-iqtisadi inkişafını təmin edən dayanıqlı infrastrukturun formalaşdırılması idi. Füzuli aeroportu bu yanaşmanın ilk böyük nümunələrindən biri oldu.
Hava limanının strateji əhəmiyyəti onun coğrafi mövqeyi ilə də bağlıdır. Füzuli Qarabağın müxtəlif istiqamətlərinə çıxış imkanları baxımından əlverişli ərazidə yerləşir. Bu səbəbdən aeroportun yaradılması təkcə rayonun deyil, ətraf ərazilərin də nəqliyyat əlçatanlığının artırılmasına hesablanmışdı. Şuşaya, Xocavəndə və digər istiqamətlərə səfərlərin təşkilində hava nəqliyyatından istifadə imkanlarının formalaşması bölgənin ölkədaxili və beynəlxalq əlaqələrinin inkişafı üçün yeni perspektivlər açdı. Xüsusilə avtomobil yolları ilə birlikdə hava limanının fəaliyyət göstərməsi Qarabağda vahid nəqliyyat şəbəkəsinin qurulması baxımından mühüm addım idi.
Füzuli Beynəlxalq Hava Limanının iqtisadi əhəmiyyəti də çoxşaxəlidir. Müasir hava nəqliyyatı infrastrukturu investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, logistika imkanlarının artırılması və turizm potensialının reallaşdırılması üçün mühüm şərtlərdən biridir. Aeroport sərnişin daşımaları ilə yanaşı, yük daşımalarının təşkili baxımından da imkanlar yaradır. Bu, gələcəkdə istehsal və xidmət sahələrinin inkişafına, bölgədə iqtisadi fəallığın artmasına, yeni iş yerlərinin açılmasına da töhfə verəcək. Qarabağın kənd təsərrüfatı, sənaye, turizm və digər istiqamətlər üzrə inkişaf perspektivləri nəzərə alındıqda hava limanının uzunmüddətli əhəmiyyəti daha aydın görünür.
Bu hava limanı eyni zamanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni hava nəqliyyatı infrastrukturunun yaradılması istiqamətində ilk böyük layihə oldu. Sonrakı illərdə Zəngilan və Laçın beynəlxalq hava limanlarının da istifadəyə verilməsi ilə Qarabağ və Şərqi Zəngəzurun aviasiya infrastrukturu daha da genişləndi. Bu layihələr birlikdə regionun nəqliyyat əlçatanlığının artırılması, iqtisadi əlaqələrinin inkişaf etdirilməsi və beynəlxalq inteqrasiya imkanlarının gücləndirilməsi baxımından əhəmiyyətli sistem formalaşdırır.
Açılışının beşinci ildönümü qeyd olunan Füzuli Beynəlxalq Hava Limanı Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında həyata keçirilən bərpa və quruculuq siyasətinin mühüm nümunələrindən biri olaraq qalır. Beş il əvvəl Qarabağın səmasında açılan yeni hava yolu bu gün daha geniş inkişaf perspektivlərinin tərkib hissəsidir. Vaxtilə dağıntıların hökm sürdüyü ərazidə müasir aviasiya kompleksinin ucaldılması azad edilmiş torpaqlara həyatın qaytarılması istiqamətində görülən işlərin miqyasını nümayiş etdirir. Füzuli Beynəlxalq Hava Limanı yalnız təyyarələrin enib-qalxdığı məkan deyil, həm də Qarabağın yenidən dirçəlişinin, Böyük qayıdışın və Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının rəmzlərindən biridir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"