İlham Əliyevin müstəqil siyasəti Azərbaycanı mütərəqqi nümunəyə çevirib
Hazırda dünyanın geosiyasi mənzərəsi heç də ürəkaçan deyil. Müxtəlif coğrafiyalarda qaynar ocaqların, müharibələrin mövcudluğu, həmçinin yeni təhdidlərin artması bəşəriyyəti ciddi sınaqlar qarşısında qoyur. Yaxın Şərqdə yaşanan münaqişə, Rusiya-Ukrayna müharibəsi, məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinin davam etməsi deyilənlərin bariz təcəssümüdür.
Şükürlər olsun ki, bu arzuolunmaz geosiyasi arxitektura fonunda Azərbaycanda siyasi sabitlik höküm sürür. Regionun lider dövləti kimi Azərbaycan daxili sabitliyini əzmlə qoruyub saxlayır və daha da möhkəmləndirir. Qazanılan iqtisadi uğurlar da bu sabitlikdən qaynaqlanır. Davamlı sabitlik isə təhlükəsizliyin tərkib hissəsidir.
Yeni geostrateji şəraitdə milli dövlətlərin beynəlxalq münasibətlər sistemində yeri və rolu məhz həyata keçirilən müstəqil siyasətin önəmindən asılıdır. Həyata keçirilən müstəqil siyasət milli maraqları təmin etməklə yanaşı, ölkələrin qarşısında yeni perspektivlərin açılmasını da şərtləndirir. Belə bir situasiyada müstəqil siyasət həyata keçirən, güclü siyasi iradəyə malik olan dövlətlər sabitliyə, inkişafa nail olaraq beynəlxalq mövqelərini mütəmadi olaraq möhkəmləndirirlər. Bu kontekstdə Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın yaratdığı mənzərə unikal, mütərəqqi nümunə kimi çıxış edir.
Təbii ki, bu sabitliyin qorunmasını şərtləndirən ən mühüm məsələ dövlətin liderinin yürütdüyü uğurlu siyasətdir. Son illərdə həyata keçirdiyi müstəqil, qətiyyətli siyasəti ilə dünya liderləri sırasında söz sahibi kimi tanınan Prezident İlham Əliyev Azərbaycanı həm də etibarlı tərəfdaşa çevirib. Sözü imzası qədər keçərli olan Azərbaycan Prezidenti bu gün həm də Avropada ən arzuolunan liderdir. Bunu biz yox, elə Avropa ölkələrinin bəzi lederləri də söyləyirlər. Avropada elə bir mühüm toplantı, sammit, konfrans yoxdur ki, İlham Əliyev oraya dəvət olunmasın və həmin toplantıda çıxış etməsin. Çünki İlham Əliyev istənilən formatlı beynəlxalq toplantıda reallıqlara, dünyanın qlobal problemlərinə toxunur, bütün narahatedici məsələlərin həlli üçün həmrəyliyin vacibliyini bəyan edir və eyni zamanda problemlərin həlli istiqamətində atılmalı olan addımları təqdim edir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır: "Biz görürük ki, sabitlik pozulanda inkişaf barədə söhbət gedə bilməz. Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir".
Həyata keçirdiyi tam müstəqil siyasətlə Azərbaycanı tarixinin ən qədrətli dövlətinə çevirən Prezident İlham Əliyev hadisələri düzgün analiz etmə, dorğu qərar vermə bacarığı, uğurlu diplomatiyası ilə ölkəmizi həm də dünyada etibarlı tərəfdaş kimi tanıdıb. Bunun yeganə səbəbi İlham Əliyevin sözünə sadiq lider olduğunu dəfələrlə isbatlamasıdır.
Çoxvektorlu və ya balanslaşdırılmış xarici siyasət strategiyası Azərbaycanın markasına çevrilib desək yanılmarıq. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş və hər bir ölkə və beynəlxalq təşkilatlar kəslə öz milli maraqlarına əsaslanan münasibət qurmağa yönəlmiş çoxtərəfli xarici siyasət kursu Azərbaycanı dünyada söz sahibinə çevirib.
Təkcə son iki ayda Azərbaycanın xarici siyasətinin uğurlarına nəzər yetirsək aydın şəkildə görə bilərik ki, ölkəmizlə müxtəlif sahələr üzrə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artmaqdadır. Həmçinin Azərbaycan da bir çox böyük dövlətlərlə srtateji tərəfdaşlığını gücləndirməkdə maraqlıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə edib, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə isə milli gücünün artmasına səbəb olub. Bununla yanaşı, tarazlaşdırılmış və milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür,
Hazırda Azərbaycan bölgənin lider dövlətidir. Regionda formalaşan yeni reallığı Azərbaycan yaradıb. Şanlı Zəfərdən sonra yaranan mühit göstərir ki, Azərbaycan savaş deyil, sülh tərəfdarı kimi regionun hərtərəfli inkişafı üçün əlindən gələni edir.
Bölgədə marağı olan istənilən dövlət Azərbaycanla hesablaşmalıdır. Artıq Azərbaycan tək deyil, strateji tərəfdaşlarının, müttəfiqlərinin sayı gündən-günə çoxalır və bütün bunlar da ölkəmizin gücünə güc qatır. Azərbaycan Cənubi Qafqazın ən güclü, ən nümunəvi dövlətidir.
Prezident İlham Əliyevin milli maraqlarımıza uyğun siyasət həyata keçirməsi Azərbaycanın uğurlarını davamlı olaraq artırır. Lakin müəyyən beynəlxalq dairələr regiondakı prosesləri öz maraqlarına uyğun yönləndirməyə çalışsalar da, istəklərinə nail ola bilmirlər. Ermənistanı silahlandırıb yenidən regionda müharibə ocağı yaratmaq istəyənlərin də arzuları da ürəklərində qalacaq.
Hazırda Azərbaycan dünyanın ən mötəbər tədbirlərindən olan COP29-a hazırlaşır. Bu beynəlxalq toplantının ölkəmizdə keçirilməsi Azərbaycana böyük dvidentlər qazandıracaq. Noyabr ayında ölkəmizə təşrif buyuracaq dövlət və hökumət başçıları, minlərlə beyin mərkəzləri bir daha Azərbaycan həqiqətləri ilə tanış olacaqlar. Bütün bunlar isə Azərbaycanın hərtərəfli tərəqqisi üçün real zəmin yaradacaq.
Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”