Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
İlham Əliyev dünyanın modern silahlı qüvvələrindən birini yaradır
Qafqazda ən güclü orduya malik ölkə olan Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra da Silahlı Qüvvələrinin daha da modernləşməsi istiqamətində mühüm addımlar atır. Ordumuzun maddi-texniki bazası möhkəmlənir, istehsal edilən yerli və xaricdən alınan hərbi texnikalar, silahlar Silahlı Qüvvələrimizin gücünə güc qatır.
Hazırda Azərbaycan, Silahlı Qüvvələrinin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Silahlı Qüvvələrini dünyanın ən güclü 50 ordusu sırasına yüksəldib.
Dünya tarixində ilk "smart müharibə" aparan dövlətin yeni hədəfləri
Tarixinin ən qüdrətli Azərbaycanı İkinci Qarabağ müharibəsində öz hərbi gücünü dünyaya nümayiş etdirərək Silahlı Qüvvələrinin potensialını, nəyə qadir olduğunu göstərdi. Bəşər tarixində ilk "smart müharibə" aparan dövlət kimi dünya hərb salnaməsinə adını yazdıran Azərbaycan bu gün də silahlı qüvvələrini gücləndirir.
Müharibədən ötən müddət ərzində aparılan islahatlar və yeni silahlı birləşmələrin yaradılması, müasir silahlar və texnika ilə təchizat, ən nəhayət, hərbi təlimlər ordumuzun döyüş qabiliyyətini daha da yüksəltməkdədir.
Peşəkar ordunun formalaşdırılması çoxşaxəli prosesdir. Bunun üçün uzun illər, bəzən onilliklər tələb olunur. Zamanın reallıqları təsdiq edir ki, modernləşmə ən vacib şərtlərdən biridir.
Fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkilərində xalqdan yenidən etimad mandatı alaraq ölkə lideri seçilən İlham Əliyevin yüksəliş strategiyasının prioritetlərindən biri də ordu quruculuğu, dövlətin hərbi gücünün daha da qüdrətlənməsidir. Bu, hələ seçkidən öncə İlham Əliyevin elan etdiyi seçki platformasında da öz əksini tapmışdı. Qeyd edilirdi ki, dəyişən qlobal və regional təhlükəsizlik mühitinə müxtəlif amillərin artan təsiri ilə əlaqədar Azərbaycanın milli maraqlarına mümkün təhdidlərin adekvat cavablandırılması və ölkənin davamlı inkişafı üçün zəruri şəraitin təmin edilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. İlham Əliyev tərəfindən həyata keçirilən siyasət bu sahədə qarşıda duran vəzifələrin yüksək səviyyədə həllini təmin edib, Azərbaycan qlobal və regional təhlükəsizliyə, sülhün, ədalətin qorunmasına, davamlı inkişaf üçün əməkdaşlığa mühüm töhfə verən ölkəyə çevrilib. Bu gün milli təhlükəsizlik siyasətinin bütün istiqamətləri üzrə - xarici siyasət, hərbi, ictimai, iqtisadi, sosial, ekoloji, informasiya, milli, dini və digər sferalarda vəzifələrin tam yerinə yetirilməsi dövlətimizin və cəmiyyətimizin mümkün təhdidlərdən etibarlı müdafiəsini təmin edir. Buna görə də Azərbaycanda daxili təhlükə mənbələri mövcud deyil, əsas təhdid və təhlükələr ölkə sərhədləri xaricində formalaşır.
Ona görə də 2024-2031-ci illərdə, yəni qarşıdakı 7 il ərzində milli təhlükəsizlik və müasir ordu quruculuğu sahəsində yeni hədəflər müəyyənləşdirilib. Bunlar - Azərbaycanın bütün sahələrdə təhlükəsizliyinin, suverenliyinin, ərazi bütövlüyünün və konstitusiya quruluşunun hər cür təsirlərdən qorunması, müasir müdafiə sənayesi və infrastrukturun davamlı inkişaf etdirilməsi, milli təhlükəsizlik potensialının artırılması, dövlətin müdafiə qabiliyyətinin daha da gücləndirilməsidir.
Eyni zamanda hərbi quruculuq işlərinin və müasir ordu quruculuğu prosesinin davam etdirilməsi, ölkədə ictimai-siyasi sabitliyin, qanunun aliliyinin, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin hər cür təsirlərdən qorunması, təhlükəsiz informasiya məkanının inkişaf etdirilməsi, ölkənin kibertəhlükəsizlik potensialının gücləndirilməsi, regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə bağlı tədbirlərin davam etdirilməsi və bu istiqamətdə səylərin dəstəklənməsi məsələsi də yeni hədəflərə daxildir.
Silahlanmaya qəbul edilən "Akıncı" və artan güc
Vətən savaşında böyük döyüş təcrübəsi toplayan Silahlı Qüvvələrimizin maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində bu gün mühüm işlər görülür. Silahlı Qüvvələrimizin arsenalı Azərbaycanın müdafiə sənayesinin istehsal etdiyi hərbi texnika və silah-sursatlarla yanaşı, dost ölkələrdən, xüsusilə qardaş Türkiyənin hərbi sənayesinin məhsulları, o cümlədən də silahlı pilotsuz uçuş aparatları ilə daha da zənginləşdirilir.
Ümumiyyətlə, Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlıq təkcə iki qardaş ölkənin hərbi potensialının artırılması baxımından deyil, həm də bölgədə sülh və təhlükəsizliyin təmini baxımından da mühüm əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi zəfər nəticəsində Cənubi Qafqazda yaranan yeni geopolitik güc balansını təhlil edərkən Türkiyə-Azərbaycan ordularının hərbi əməkdaşlığının necə böyük rola sahib olduğuna hər kəs şahidlik etdi. Əlbəttə ki, iki qardaş ölkə arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi regionda davamlı sülhün təminatı deməkdir.
Fevralın 9-da bu istiqamətdə daha bir uğurlu addım atıldı. Türkiyənin "Baykar" şirkətinin "Akıncı" hücum PUA-sı Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində silahlanmaya qəbul edildi. Bununla bağlı keçirilən mərasimdə İlham Əliyev və oğlu Heydər Əliyev, "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar "Akıncı" hücum PUA-larının uçuşunu izlədilər. "Akıncı" hücum PUA-sının havaya qalxmasını izlədikdən sonra idarəetmə məntəqəsinə gələn İlham Əliyev PUA-nın idarəolunmasını praktiki həyata keçirdi. PUA-nın yerə enməsini izləyən Prezident uçuş vasitəsinin üzərinə xatirə imzasını çəkdi.
Hər kəs yaxşı xatırlayır ki, 44 günlük Vətən müharibəsində məhz "Baykar" şirkətinin pilotsuz uçuş aparatları (PUA) vasitəsilə düşmənin komanda müşahidə məntəqələri, silah-sursat anbarları, hərəkətdə olan hərbi texnika və canlı qüvvəsi, ölkəmizin ərazisinə atılması hədəflənən "S 300" və digər raket kompleksləri məhv edilmişdir. Yəni əldə etdiyimiz şanlı zəfərdə "Bayraktar TB1", "Bayraktar TB2" PUA-larının əvəzsiz xidmətləri olub.
"Akıncı" hücum PUA-sı ilə iki il öncə, 2022-ci ilin may ayının 26-29-da Bakıda keçirilən "TEKNOFEST-Azərbaycan" festivalında tanış olmuşduq. Həmin zaman adıçəkilən PUA Türkiyədən təxminən 2 min kilometr məsafəni uğurla qət edərək Azərbaycana eniş etmişdi.
Bu pilotsuz uçuş aparatının inkişaf etdirilməsinə 2017-ci ilin may ayında başlanılıb. İlk uçuşu 2019-cu ilin dekabr ayının 6-da həyata keçirilib. İlk uçuş zamanı PUA 16 dəqiqə havada qalıb. Prototipin ikinci uçuşu isə 2020-ci ilin yanvar ayının 10-da reallaşıb. Həmin uçuş zamanı PUA 1 saatdan artıq havada qalıb. Hazırda isə "Baykar Holdinq" tərəfindən istehsal edilən "Akıncı" havada azı 24 saat fasiləsiz qala bilir. 12 min metrdən çox yüksəklikdə uçur və bazadan 150 kilometr uzaqda, tam avtonom rejimdə əməliyyatlar həyata keçirə bilir. Göyərtəsində 3 ədəd süni intellekt kompüteri olan "Akıncı" dronları eyni zamanda yerüstü kəşfiyyat aparır, sensorlar və yüksək həssaslığa malik kameralar vasitəsilə məlumatları toplayıb avtonom rejimdə analiz edə, habelə komanda mərkəzinə ötürə bilir. Digər mühüm özəlliyi isə odur ki, həmin pilotsuz sistemlər bütöv eskadrilya halında, avtonom rejimdə döyüşdə tətbiq edilə bilir, bu zaman dronlar süni intellekt vasitəsilə bir-biriləri ilə koordinasiya içərisində olur. "Akıncı" qiyməti 4-5 milyon dollar olan bir və ya bir neçə tankı asanlıqla məhv etmək iqtidarındadır.
"Akıncı" daxili yükü 450 kq və xarici yükü 900 kq olmaqla, 1350 kq ümumi yükdaşıma qabiliyyətinə malikdir. Hər biri 450 at gücündə (340 kVt) iki turbovintli mühərriklə işləyən PUA-nın maksimal havaya qalxma kütləsi 5,5 tondur. Bükülü qanad quruluşu ilə 20 metr qanad genişliyinə sahib olan təyyarə platforması, eyni zamanda tam avtomatik uçuş nəzarəti və 3 ehtiyat avtopilot sistemi sayəsində yüksək uçuş təhlükəsizliyi təmin edir. Faydalı yük tutumu sayəsində daşıyacağı milli sursatlarla əməliyyatlar icra edə biləcək "Akıncı" qanadlı raketlər atmaq qabiliyyətinə də malikdir. "F-16" döyüş təyyarələrinin icra etdiyi bəzi tapşırıqları da yerinə yetirən "Akıncı", burun hissəsində yerləşən ASLESAN istehsalı olan AESA radarı sayəsində yüksək vəziyyət sezmə bacarığına sahibdir.
Hərbi sənayesinin inqilabi yenilikləri ilə dünyada tanınan Türkiyə
Dünyanın yalnız dörd ölkəsində istehsal olunan bu "Akıncı" PUA-ları Azərbaycan və Türkiyəyə qarşı olan qüvvələrə açıq-aşkar göndərilmiş mesajdır.
Ona görə də "Akıncı" PUA-larını Azərbaycanın bəzi ölkələri çəkindirməsi silahı kimi də dəyərləndirmək olar. Bu PUA-lar digər vasitələrlə birlikdə döyüş əməliyyatlarında vəziyyətə radikal təsiretmə imkanlarına malikdir. "Bayraktar TB2" PUA-larının sonrakı nəsli hesab edilən "Akıncı" həm də Türkiyənin hərbi sənayesinin sürətli inkişafının göstəricisidir. Əgər "Bayraktar TB2"-lər taktiki PUA hesab edilirsə, "Akıncı" PUA-ları operativ, taktiki və strateji vəzifələrin yerinə yetirilməsi üçün nəzərdə tutulur.
Ümumiyyətlə, siyasi-iqtisadi və hərbi gücünə görə dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilən Türkiyə müasir dünyanın reallıqları fonunda gündən-günə gücünə güc qatır. Buna baxmayaraq, qardaş ölkə dördüncü sənaye inqilabının tələblərinə uyğun müasir texnologiyaların yaradılması və hərbi sənayenin potensialının daha da modernləşməsi, gücləndirilməsi istiqamətində mühüm addımlar atır. Xüsusən də hərbi gücünü daha da qüdrətləndirən Türkiyə bu sahədə inqilabi yeniliklərlə imza atır.
Türkiyə hərbi sənayesinin inkişafını görmək üçün son 5 ilə nəzər sala bilərik. Ölkəmizin İkinci Qarabağ müharibəsində öz sözünü deməsi Türkiyə hərbi sənayesinin inkişafının göstəricisidir. Türkiyə NATO üzvü olan ölkələr arasında ABŞ Silahlı Qüvvələrindən sonra ən böyük ikinci hərbi gücdür və NATO-nun nüvə paylaşma siyasətinin bir hissəsi olan beş ölkədən biridir.
Bu gün Türkiyə ölkənin müdafiə sənayesinin inkişafı, hərbi qüdrətinin artırılması istiqamətində mühüm proqramlar həyata keçirməkdədir. Hazırda qardaş ölkə müdafiə imkanlarını 80 faiz öz məhsulları ilə təmin edir. Türkiyə öz SİHA-ları (silahlı pilotsuz uçuş aparatlar) ilə dünyada ilk üç dövlətdən biridir. Son 5 ildə qardaş ölkənin müdafiə sənayesinin istehsal etdiyi hərbi texnikalara nəzər yetirək: "Bayraktar TB2"; "Akıncı", "Qızıl Alma" İnsansız qırıcı Təyyarəsi, "KAAN" Milli Döyüş Təyyarəsi, "Yeni Altay" tankı, "Super Şimşək" təyyarəsi, "TCG Anadolu" hərbi gəmisi, "ANKA-3" Qırıcı Pilotsuz Təyyarə Sistemi, "ATAK-2" 2500 at gücündə mühərrikə sahib olan helikopter.
Türkiyədə hər il keçirilən TEKNOFEST festivalında müdafiə sənayesi yeni silahlar, texnikalar təqdim edir. İstanbul şəhərində, Atatürk Hava Limanında Türkiyənin Havaçılıq, Kosmos və Texnologiya Festivalı - "TEKNOFEST-2023"-də də bunun şahidi olduq. 102 fərqli kateqoriyalarda 41 yarış üzrə 1 milyondan çox layihənin iştirak etdiyi festivalda "Qızıl Alma", "Akıncı" və ilk dəfə olaraq "Bayraktar-TB3" pilotsuz uçuş aparatları da ziyarətçilərə təqdim olundu.
Göründüyü kimi, Türkiyə yerli və milli müdafiə sənayesi tarixində demək olar ki, hər gün yeniliyə imza atır. Əlbəttə ki, Türkiyənin yeni-yeni pilotsuz uçuş aparatları, bu sahədəki uğurları Azərbaycanı da sevindirir.
Fransanın regionda yeni savaş ocağı yaratmaq cəhdi...
Türkiyənin hərbi qüdrətinin artması Azərbaycanın güclənməsi deməkdir. Dost və qardaş ölkə ilə müdafiə sənayesi sahəsindəki əməkdaşlıq keçmişdə olduğu kimi, indi də yüksək səviyyədədir. Azərbyacanla Türkiyə arasında bu günə qədər keçirilən birgə hərbi təlimlərin sayı yüzlərlə ölçülür ki, buna da hər hansı bir digər ölkənin nümunəsində rast gəlmək mümkün deyil.
Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq təkcə iki qardaş ölkənin hərbi potensialının artırılması baxımından deyil, həm də bölgədə sülh və təhlükəsizliyin təmini baxımından da mühüm əhəmiyyət kəsb edir.
Amma görünən odur ki, İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan yeni reallıqlar bəzi dairələri "narahat" edir. Son zamanlar Azərbaycana qarşı həyata keçirilən çirkin oyunlara əsaslanıb deyə bilərik ki, Cənubi Qafqazda sülhün təminatı bəzi Qərb dövlətlərinin "maraqlarına" zidd imiş. Bu xüsusda Fransanın timsalında bəzi Qərb dövlətlərinin sərgilədikləri mövqe onu göstərir ki, bu qüvvələr Cənubi Qafqazda sülhün bərqərar olmasını istəmirlər. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmaması üçün hər cür oyunlara əl atan rəsmi Paris regionu yenidən "qan çanağına" çevirmək xülyasındadır.
Ancaq bu qüvvələr onu da yaxşı bilirlər ki, Azərbaycanın qüdrətli Ordusu istənilən döyüş tapşırığını icra etməyə qadirdi. Bunu İkinci Qarabağ müharibəsi təsdiqləyib. Ordumuzun istənilən hərbi qüvvə ilə savaşmaq üçün həm gücü, qətiyyəti, həm də hərbi arsenalı var.
İlham Əliyevin həyata keçirdiyi islahatlar onu deməyə əsas verir ki, bu gün Silahlı Qüvvələrimiz vahid proqram əsasında inkişaf etdirilir. Prezidentin söylədiyi kimi, görülən işlərə, aparılan islahatların real nəticəsinə əsasən deyə bilərik ki, hazırda Azərbaycan Silahl Qüvvələri müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş ordumuzdan daha da güclüdür. Yəni Cənubi Qazqazda o ən güclü Zəfər Ordusu Azərbaycana məxsusdur.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Azərbaycan Premyer Liqası: "Sumqayıt"-"Qarabağ"- 0:1
"Turan Tovuz" "Zirə"ni əliboş yola salıb
Gimnastlarımız beynəlxalq yarışda finala yüksəliblər
MN: Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
Progeriya sindromu olan kişi dünyasını dəyişib
Ceyhun Bayramov Rusiyaya işgüzar səfər edib
Atlantik okeanında tüğyan edən Kirk qasırğası həftə ərzində Almaniyanın qərb əyalətlərinə çatacaq
“Qarabağ” həndbolçuları lüksemburqluları üstələdi
Qazaxıstanda AES tikintisinə dair referendum baş tutmuş hesab olunub
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq
Məzahir Pənahov: Azərbaycanın böyük nümayəndə heyəti Qazaxıstan referendumunu müşahidə edir
FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir
Qazaxıstanda referendum keçirilir
Donald Tramp sui-qəsdə məruz qaldığı yerdə yenidən seçiciləri ilə görüşüb
Volodimir Zelenski: Ukrayna üçün sülhə zəmanət ərazi güzəşti olmadan verməlidir
430 il əvvəl...
Bir gün balıq ovunda…
Əgər COP29-un iştirakçıları Balaxanıya gəlsələr...
İlham ƏLİYEV: "Azərbaycan ərazi bütövlüyünü təkbaşına bərpa edir"
Qərbi Azərbaycana qayıdış milli ideyamızın ayrılmaz hissəsidir
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!