Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi.
Səfər çərçivəsində keçirilən görüşlərdə siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və mədəni sahələrdə əməkdaşlığın perspektivləri geniş müzakirə olundu. Prezident İlham Əliyevin də vurğuladığı kimi, “bu səfər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək”.
Dövlət başçıları ikitərəfli əməkdaşlığın bütün istiqamətlərini nəzərdən keçirdilər, gələcək fəaliyyətin əsas konturlarını müəyyənləşdirdilər.
Azərbaycan-Türkmənistan münasibətlərinin strateji əhəmiyyəti ilk növbədə enerji və nəqliyyat sahələrində özünü göstərir. Orta Dəhlizin inkişafı fonunda Bakı ilə Aşqabad arasında əməkdaşlığın genişlənməsi regionun tranzit potensialını daha da artırır. Bu baxımdan səfər bütövlükdə Türk dünyasının iqtisadi inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır.
Tarixi, etnik, dil və mədəni köklərlə bir-birinə bağlı olan Azərbaycan və Türkmənistan bu gün Xəzər hövzəsinin, Türk dünyasının və bütövlükdə Avrasiya məkanının mühüm aktorları kimi əməkdaşlığın daha da dərinləşdirilməsinə xüsusi önəm verirlər.
Bu arada, Bakı Gəmiqayırma Zavodunda inşa edilən “Dostlug” tankerinin dost Türkmənistana təhvil verilməsi həm də simvolik əhəmiyyətə malikdir. Gəminin adı isə ölkələr arasında münasibətlərin mövcud dinamikasını nümayiş etdirir.
Səfərin ən diqqətçəkən məqamlarından biri Türkmənistan Prezidentinin Qarabağa səfəri oldu. Türkmənistan həm də azad olunmuş ərazilərin bərpasına dəstək verən ölkələr sırasındadır. Prezident İlham Əliyev mətbuata bəyanatında Türkmənistanın Qarabağın bərpasına verdiyi töhfəni xüsusi vurğuladı, bu dəstəyə görə minnətdarlığını bildirdi.
Dövlət başçıları Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar, həmçinin ali qonağa burada Türkmənistan tərəfindən inşa olunan məscid barədə də məlumat verildi.
Prezidentlər eyni zamanda Şuşada şəhərin tarixi və mədəni irsi ilə tanış oldular, Bülbülün ev-muzeyini ziyarət etdilər, Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxış keçirdilər, şəhərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərilə tanış oldular.
Ümumiyyətlə, tarixi torpaqlarımızın işğaldan azad edilməsindən sonra bölgəyə səfər edən dövlət başçılarının sayı artmaqdadır. Bu isə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq səviyyədə qəbulunun daha da möhkəmləndiyini göstərir. Qarabağa səfər, əslində, Azərbaycanın yaratdığı yeni reallıqlara verilən növbəti beynəlxalq dəstək nümunəsidir.
Qarabağda inşa edilən yaşayış məntəqələri, nəqliyyat infrastrukturu, hava limanları və mədəni irs obyektləri bu gün Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi ən böyük inkişaf layihələrindən biridir. Bu layihələrlə yerində tanışlıq beynəlxalq ictimaiyyətə Azərbaycanın quruculuq və bərpa siyasətinin nəticələrini nümayiş etdirmək baxımından da mühüm əhəmiyyət daşıyır.
Səfər həm də Türk dünyasında inteqrasiya proseslərinin gücləndiyini göstərir. Azərbaycan-Türkmənistan münasibətləri konkret iqtisadi layihələrə, siyasi koordinasiyaya və regional əməkdaşlığa söykənir. Bu baxımdan Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndiyini nümayiş etdirdi.
Prezident İlham Əliyevin ifadə etdiyi kimi, “Azərbaycan və Türkmənistan arasındakı münasibətlər dostluq, qardaşlıq və qarşılıqlı etimada əsaslanır”. Məhz bu möhkəm təməl, imzalanan çoxsaylı sənədlər əməkdaşlığın bundan sonra daha da genişlənməsinə xidmət edəcək.
Nigar MƏMMƏDOVA,
Milli Məclisin deputatı