24 Iyul 2024 08:25
109
SİYASƏT
A- A+

Prezidentin Şuşadan bəyan etdiyi yol xəritəsi

 

Qlobal media obyektiv, qərəzsiz və peşəkar davranmaqda istəklidirsə, bundan yararlanmalıdır

 

"Ölkəmizdə II Şuşa Qlobal Media Forumunun təşkili və tədbirdə Prezident İlham Əliyevin konseptual xarakter daşıyan və tarixi əhəmiyyətli çıxışı bütövlükdə qlobal informasiya siyasəti müstəvisində mühüm hadisə hesab edilməlidir. Çünki müasir dünyada artan qlobal ziddiyyətlər, habelə qütblər arasında dərinləşən ayırıcı xətlər fonunda, eləcə də nifrət dilinin geniş vüsət aldığı, məqsədli dezinformasiya və yalan məlumatların geniş və bir çox dövlətlərin prioritet siyasətləri çərçivəsində servis edilməsi ümumbəşəri dəyərlər və insanlıq adına yaxşı heç nə vəd etmir".

 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, məhz bu tendensiya ilə heç bir formada ümumbəşəri dəyərlərə sadiq qalmaq, demokratik quruluşa təminat vermək, başqa dövlət və xalqlarla münasibətləri hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurmaq mümkün deyil. Baxmayaraq ki, Azərbaycan bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi özünün ali niyyətlərindən biri kimi konstitusion səviyyədə bəyan edib, lakin 30 ildən artıq bir periodda reallıqların manipulyasiyası bizə qlobal miqyasda fərqli və ədalətsiz baxış rakursu formalaşdırmışdı. Yəni Azərbaycan məqsədli siyasi dezinformasiyaların yaratdığı problemlərin fəsadlarını yaşayan beynəlxalq subyektlərdən biridir. Daha aydın dillə desək, işğala, təcavüzə məruz qalan Azərbaycanın özünün işğalçı, təcavüzkar imicdə təqdim olunması üçün köklü fəaliyyət başlanmışdı. Hətta Xocalı faciəsinin qurbanlarının belə ermənilər olması, azərbaycanlıların ermənilərə qarşı törətdiyi soyqırımı olması kimi dezinformasiyalar siyasi platformalara qədər yol tapmışdı. Prosesin iç üzünə dair səhih məlumatı olan, regionda vasitəçilik missiyası yerinə yetirən subyektlər isə bu prosesə susqunluq göstərməklə dəstək verir, saxtakarlığın bir hissəsinə çevrilirdilər: "Əminliklə deyə bilərik ki, Azərbaycanın on illər ərzində üzləşdiyi beynəlxalq hüquq pozuntularının təməlində dayanan əsas amillərdən biri ölkəmizin reallıqların manipulyasiyası ilə üz-üzə qalması olub. Uzun illər Azərbaycan ərazilərinin 20 faizdən çoxunun işğal altında qalması, Qarabağ və Şərqi Zəngəzurda Ermənistanın dövlət siyasəti çərçivəsində ardıcıl və davamlı şəkildə ekosid və urbisidin törədilməsi, o cümlədən bir milyondan artıq insanın öz yurd-yuvasından didərgin düşməsi fonunda yaradılan yanlış narrativlər qlobal miqyasda ölkəmizin haqq səsinin boğulması ilə nəticələnib, hətta ABŞ-də "Azadlığa Dəstək Akt"ına 907-ci düzəlişin timsalında sanksiyalara məruz qalıb".

Deputatın sözlərinə görə, Prezident Ilham Əliyevin çoxşaxəli xarakter daşıyan və milli konsepsiyaya - Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasına əsaslanan siyasi kursu, ölkəmizin iqtisadi və siyasi müstəqilliyini tam şəkildə bərqərar etməsi sonrakı dövrlərdə bu prosesin ikili standartlara əsaslanan riyakar gedişatını dəyişərək ciddi dönüşə səbəb oldu. Xüsusən cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığında əldə olunan böyük zəfərlərin ardınca qlobal miqyasda yeni güc mərkəzi kimi tanınan Azərbaycan artıq hesablaşılan beynəlxalq subyekt kimi önə çıxmağa başladı.

Deputat qeyd edib ki, Prezidentin çoxvektorlu siyasətinin nəticəsi olaraq Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti, habelə ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi milli maraqlarımızı qüdrətli və reallıq yaradan dövlət olaraq müdafiə etmək üçün geniş imkanlar açıb. Eyni zamanda uzun illər ərzində Azərbaycanın haqq səsini boğmağa, yaxud regionda təcavüzkar maraqlarına münaqişələrin davamlılığı fonunda baxmağı arzulayan qlobal subyektlərin reallıqlarla barışmağa məcbur edilməsi proseslərdə istiqaməti tamamilə dəyişib. Nə qədər ədalətsiz olsa da, Qarabağ və Şərqi Zəngəzurun işğalı dönəmində həmin ərazilərin məruz qaldığı erməni vandallığı barədə beynəlxalq ictimaiyyəti əyani şəkildə məlumatlandırmaq müşkül məsələ idi. Xüsusən prosesə vasitəçi kimi cəlb olunmuş beynəlxalq subyektlərin ikili standartlardan çıxış etdiyi bir situasiyada vicdanlı, qərəzsiz yanaşma gözləmək sadəlövhlük olardı. Lakin təəssüf doğuran haldır ki, Azərbaycanın öz əzəli və beynəlxalq hüquqla tanınan torpaqlarını işğaldan azad etməsindən sonra da özünü "beynəlxalq ictimaiyyət" elan edən ayrı-ayrı Qərb subyektləri hələ də ölkəmizin haqq səsini eşitməyə, o cümlədən reallıqlarla bağlı ədalətli fikir söyləməyə nəinki tələsmir, üstəlik, beynəlxalq hüququn aliliyinin təmin olunması və dezinformasiya mühitinə zərbə vurulmasından məmnun görünmür.

B.Məhərrəmov bildirib ki, əvvəlki dövrlərdə Ermənistanın işğalında ehtiva olunan status-kvonun davamlılığını təmin etmək məqsədilə sülh və təhlükəsizlik barədə  tezislər irəli sürən Qərb indiki məqamda sülh və sabitlik qarşısında Fransa və digər beynəlxalq subyektlərin timsalında əngələ çevrilir: "Görünən odur ki, əslində, işğal və təcavüz, o cümlədən Azərbaycanın qarşılaşdığı digər beynəlxalq hüquqa və ədalətə zidd situasiya bölgədə qeyri-sağlam maraqlar güdən ayrı-ayrı qlobal subyektlərin istəkləri ilə üst-üstə düşürmüş. Əlbəttə, ötən dövr ərzində müşahidə olunan və bu gün də davam edən informasiya manipulyasiyaları və yanlış narrativlər yalnız ayrı-ayrı qlobal subyektlərin maraqlarında ehtiva olunmur. Burada, həmçinin dünyanın müxtəlif dövlətlərində erməni diasporunun səfərbər olması, erməni vəsaitləri hesabına siyasətə gələn və nüfuz qazanan ayrı-ayrı siyasətçilərin, konqresmenlərin və senatorların fəaliyyəti, habelə məqsədli niyyətlərə alət olan, o cümlədən erməni milyarderlər tərəfindən dəstəklənən media subyektləri və media nümayəndələrinin bu istiqamətdə fəaliyyəti də görməzdən gəlinməməlidir".

Deputat vurğulayıb ki, Azərbaycan Prezidentinin II Şuşa Qlobal Media Forumundakı çıxışında da dolayısı ilə ifadə etdiyi kimi, məhz bu amillər Azərbaycana qarşı hücumlarda, yanlış narrativlərin formalaşmasında, ölkəmizin reallıqdan çox uzaq bir şəkildə təqdim olunmasında mühüm rol oynayıb.

Prezident İlham Əliyev hələ ötən il iyunun 20-də Çinin "China Media Group" şirkətinə müsahibəsində bu reallıqları və Qərbin ikiüzlü davranışlarını geniş formada ifşa etmişdi. Bu gün bir daha şahidlik edirik ki, beynəlxalq hüququn ümumtanınmış prinsiplərinə və ümumbəşəri dəyərlərə zidd formada yayılan natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar şəklində servis edilən bütün dezinformasiyalar faktiki olaraq Qərbdən qaynaqlanır və Qərbin digər "önəmli" beynəlxalq təsisatları da məhz bu qeyri-dəqiq və manipulyativ informasiyalara məmnuniyyətlə istinad edərək proseslərin, yanlış və məqsədli məlumatların daha geniş areala yayılmasına səbəb olur: "Bundan başqa, ötən dövr ərzində çoxsaylı korrupsiyalaşmış siyasətçilərin məhz bu proseslərdə alətə çevrildiyinə, yaxud erməni diasporunun sifarişini korrupsiya maraqları qarşılığında yerinə yetirdiyinə şahidlik etmişik. Məsələn, artıq barəsində çoxsaylı korrupsiya ittihamları təsdiq olunan ABŞ Senatının komitə sədri Menendez bir zamanlar nəinki Senat, bütövlükdə Konqresdə xərçəng xəstəsini Azərbaycan dövlətinin "blokada siyasəti" nəticəsində ac-susuz qalaraq ölmüş erməni kimi təqdim etməkdən çəkinməmişdi. Amma bu gün görünən odur ki, Menendez və onun həyat yoldaşı, əslində, erməni milyarderlərin sifarişlərini yerinə yetiriblər. Amerikanın aidiyyəti orqanlarının həyata keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri bir çox reallıqları üzə çıxarır. Əlbəttə, biz zamanın Azərbaycanın lehinə işləməsi barədə tezisləri təsadüfən səsləndirmirik".

B.Məhərrəmov hesab edir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasi kurs ölkəmizi qlobal miqyasda güc kimi təsdiqlədikcə, Azərbaycanla daha çox hesablaşıldıqca Qərb siyasi dairələri də reallıqlara daha açıq gözlə baxmağa məcbur olurlar: "Əslində Azərbaycana münasibətdə xüsusi yanaşmaya ehtiyac yoxdur. Möhtərəm cənab Prezidentin Qlobal Forumda da ifadə etdiyi kimi, biz sadəcə istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın. Məhz bu, yalan məlumatların ifşası, habelə dezinformasiyaya qarşı mübarizə istiqamətində ən real töhfə ola bilər. Əgər bu gün qlobal media obyektiv, vicdanlı, qərəzsiz və peşəkar davranmaqda istəklidirsə, cənab İlham Əliyevin Şuşadan verdiyi bəyanatlar bu istiqamətdə mühüm yol xəritəsi kimi istifadə olunmalıdır".

Deputat qeyd edib ki, proseslərin gedişatı özünü qlobal "idarəçi" qismində beynəlxalq ictimaiyyətə təlqin edən Qərb subyektlərinin dezinformasiya və yalan məlumatlarla mübarizə mövzusunda iddia etdikləri qədər nəinki səmimi olmadığını, əksinə hələ ki bu sahənin prioritetə çevrildiyi dövlət siyasətindən imtina etmək niyyətində olmadıqlarını göstərir. Lakin Azərbaycanın II Şuşa Qlobal Media Forumuna evsahibliyi etməsi, o cümlədən Prezident

İlham Əliyevin dezinformasiya ilə mübarizədə konseptual çıxışı ölkəmizin bu istiqamətdə mübarizədə qətiyyətli və mövcud ədalətsiz formulları dağıtmaqda israrlı olduğunu göstərir.

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video