24 Iyul 2024 08:15
129
SİYASƏT
A- A+

Prezident İlham Əliyevin qlobaləhəmiyyətli mesajları

 

Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də xalqa müraciətində demişdi ki, biz Şuşanı dirçəldəcəyik. Həmin tarixi müraciətdən dörd ildən də az bir müddət keçməsinə baxmayaraq, dünya dirçələn Şuşanı görür. Artıq neçə müddətdir ki, Azərbaycanın mədəniyyət paytaxtı mühüm beynəlxalq tədbirlərə ən yüksək səviyyədə evsahibliyi edir.

Ötən il iyulun 21-də müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dünyanın aparıcı media, jurnalist təşkilatlarının rəhbərləri, KİV nümayəndələri, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertlər, tanınmış jurnalistlər ilk Şuşa Qlobal Media Forumunda iştirak etmək üçün bir araya gəlmişdilər. Bu il isə II Şuşa Qlobal Media Forumu baş tutdu.

Forumun açılış mərasimində iştirak edən dövlət başçısı çıxışında bu mötəbər beynəlxalq tədbirin artıq ənənəvi xarakter aldığını qeyd etdi. Qlobal Media Forumunun gedişində dövlət başçısına ünvanlanan suallar ölkəmizə, ümumilikdə Cənubi Qafqazda gedən proseslərə dünyada marağın son dərəcə böyük olduğunu və getdikcə artdığını bir daha nümayiş etdirdi. Əlbəttə ki, bu vəziyyəti şərtləndirən əsas amillərdən biri də Azərbaycanın Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyinin təminatında rolunun getdikcə artmasıdır. Eyni zamanda forumun mövzusu kimi seçilmiş "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" problemi də bu gün istər regionumuzda, istərsə də dünyada son dərəcə aktualdır.

Cənab Prezident İlham Əliyevin dediyi kimi, ölkəmiz illər boyu Qərbdəki anti-Azərbaycan qüvvələrin, ermənipərəst dairələrin informasiya hücumlarına məruz qalıb. Bizə qarşı iri miqyasda dezinformasiyalar yayımlanıb, Azərbaycan demonizasiyaya məruz qalıb.

Ölkə rəhbərinin səsləndirdiyi fikirlərdə dünyada mövcud olan neqativ tendensiyalara, o cümlədən neokolonializmin iyrənc təzahürlərinə qarşı Azərbaycanın barışmaz mövqeyi bir daha diqqətə çatdırıldı. Dövlət başçısı bir daha qətiyyətlə bəyan etdi ki, Azərbaycan hər zaman neokolonializmə qarşı mübarizə aparan ölkələri və xalqları dəstəkləyəcək. Ölkəmiz Qoşulmama Hərəkatına sədrliyə başlayandan bu məsələ ilə yaxından məşğul olmağa çalışıb, çünki həmin təşkilatın bir çox üzvü keçmişdə kolonializmin qurbanı olub. Bəzi ölkələr isə hələ də bundan əziyyət çəkirlər. Bu gün neokolonializmi mümkün qədər uzun müddət yaşatmağa çalışan ölkələrdən biri də Fransadır. Fransız imperializminin müstəmləkə ölkələrində törətdiyi vəhşiliklər haqqında dünyanın xatırlamalı olduğu faktlar həddindən artıq çoxdur. Bu gün Fransa müstəmləkələrə sahib olmağı, onları idarə etməyi, sıxışdırmağı, xalqlarının bu müstəmləkə zülmündən qurtulmasına imkan verməməyi adi bir hal kimi qəbul edir. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bu məsələni qaldırıb və Bakı Təşəbbüs Qrupunu yaratmaqla müstəmləkə ərazilərinin nümayəndələrinin iştirakı ilə müxtəlif tədbirlər həyata keçirir. Azərbaycan bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək və fransız neokolonializminin ifşa olunması, müstəmləkələrin Fransanın zülmündən azad olunması prosesini hər vasitə ilə dəstəkləyəcək.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı və Afrika İttifaqı arasında əməkdaşlığın gücləndirilməsindən bəhs edərək dedi ki, iki həftə bundan əvvəl Şuşada keçirilmiş Türk Dövlətləri Təşkilatının qeyri-formal Zirvə toplantısının gedişində təşkilatın potensialının gücləndirilməsi məqsədilə Azərbaycan katibliyə iki milyon dollar məbləğində ianə ayırıb. Bu addım ona görə atılıb ki, Türk Dövlətləri Təşkilatı beynəlxalq müstəvidə daha fəal olsun. Dövlətimizin başçısı beynəlxalq təşkilatlarla, o cümlədən Afrika İttifaqı ilə praktiki və möhkəm əlaqələrin qurulmasının vacibliyini vurğuladı. Öz növbəsində, Azərbaycan da Afrika İttifaqının üzv ölkələri ilə əməkdaşlığı gücləndirməyə çalışır və bu məqsədlə Efiopiyada öz səfirliyini təsis edib. Bu gün ölkəmizin Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmasları var. Qeyd olundu ki, Qoşulmama Hərəkatına sədrliyi Azərbaycana Afrika ölkələri ilə praktiki təmaslar qurmağa kömək edib.

Cənab Prezident COP29-la bağlı həmin ölkələrə dəvətlər göndərib və artıq bir çox Afrika ölkələrinin prezidentləri öz iştiraklarını təsdiq ediblər. Bu da ölkələr arasında təmasların yaradılması baxımından yaxşı fürsət olacaq. Hazırda Türk Dövlətləri Təşkilatı və Afrika İttifaqı arasında rəsmi əməkdaşlıq kanalları olmasa da, bu, yaxın zamanda mümkün olacaq. Ancaq milli səviyyədə Azərbaycan və Afrikanın müxtəlif ölkələri arasında yaxşı əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan COVID dövründə 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib ki, onların da bir çoxu məhz Afrika İttifaqının üzvləridir.

 

Habil QURBANOV,

Elm və Təhsil Nazirliyi Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin

sədri, hüquq elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video