06 Dekabr 2023 22:30
9123
Qəbullar
A- A+

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynı qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın ölkəmizə səfərinin ikitərəfli əlaqələrin müxtəlif aspektlərinin müzakirəsi və regional məsələlər ətrafında fikir mübadiləsinin aparılması baxımından əhəmiyyəti qeyd edildi.

Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında münasibətlərin zəngin tarixinin olduğunu deyərək, ölkələrimizin Azərbaycanın müstəqilliyi illərində müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurduğunu, xüsusilə energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdi.

Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyini, Azərbaycan ərazilərinə silah-sursat və hərbi qulluqçular göndərdiyini, separatizmi dəstəklədiyini qeyd edərək, Azərbaycanın antiterror tədbirlərini öz suveren ərazilərində keçirdiyini, təcavüzkar separatizmə son qoyduğunu və əməliyyatın keçirilməsi zamanı nümunəvi şəkildə beynəlxalq humanitar hüququn tələblərinə riayət etdiyini, mülki insanlara və infrastruktura hər hansı zərərin dəymədiyini diqqətə çatdırdı.

Ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, münaqişə başa çatandan və Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb və ABŞ da yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə bilər.

Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu və bərpaolunan enerji potensialının inkişafı istiqamətində Xəzərdə və Qara dənizdə həyata keçirilən layihələri qeyd etdi.

Dövlətimizin başçısı regionda Orta Dəhliz üzrə yeni nəqliyyat-logistika imkanlarının yarandığını, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlığının daha da genişləndiyini dedi və bu istiqamətdə yeni əməkdaşlıq imkanları barədə danışdı.

Ceyms O’Brayn öz növbəsində ABŞ ilə Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olduğunu və ölkələrimizin yaxşı tərəfdaşlar olduqlarını vurğuladı. O, Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ-ın roluna toxundu, ölkəsinin regionda sülh gündəliyini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini dedi, bu xüsusda danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu diqqətə çatdırdı.

Ceyms O’Brayn Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsinin ABŞ tərəfindən dəstəkləndiyini vurğuladı. O, ABŞ-Azərbaycan münasibətlərində gələcəyə baxışın vacibliyini bildirdi.

Görüşdə ikitərəfli münasibətlərin irəli aparılması üçün qarşılıqlı səfərlərin bərpa edilməsi müsbət addım kimi dəyərləndirildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video