26 Iyul 2024 09:30
120
İDMAN
A- A+

"Paris-2024" problemlərlə başlayır

 

Atletlər, nümayəndə heyətləri təşkilatçılıqdan narazılıq edirlər

 

Fransa dünyanın ən böyük idman tədbirini qəbul edir. Paris şəhərində sayca XXXIII Yay Olimpiadasının açılışına saatlar qalır. Dünyanın ən mötəbər idman yarışında təxminən 10 mindən çox idmançı 329 dəst medal uğrunda mübarizə aparacaq.

Yay Olimpiadası 1900-cü və 1924-cü illərdən sonra üçüncü dəfə Fransada keçiriləcək. Dördilliyin ən nüfuzlu yarışının proqramına 28 idman növü ilə yanaşı, breykdans, idman dırmanması, skeytbordinq və dalğa sörfinqi kimi yeni növlər də daxil edilib. 17 gün davam edəcək oyunlarda medal qazanan idmançılar özləri ilə Parisin simvolu hesab olunan Eyfel qülləsindən bir parça götürə biləcəklər. Belə ki, qüllənin təmiri zamanı dəyişdirilən hissələr yarış üçün hazırlanmış medalların tərkibinə əlavə olunub. 
Deməli, mükafata layiq görülən idmançılar sinələrində Eyfel qülləsindən orijinal parça daşıyacaqlar. Medalların ortasına qoyulan dəmir parçaların hər birinin çəkisi 18 qram olacaq.
Amma baş verən hadisələr onu göstərir ki, "Paris-2024" tarixə həm də gərgin keçən, etirazlarla çalxalanan Olimpiada kimi düşəcək. Çünki Fransada hazırda prezident Emmanuel Makron hakimiyyətinə qarşı aksiyalar, ədalətsizliyə görə etirazlar davam edir. Ölkədə ədalətdən, tolerantlıqdan əsər-əlamət qalmayıb. 
Hətta Fransa hökuməti öz Olimpiya yığmasının üzvlərinə qarşı da haqsızlıq edir. Belə ki, yığma komandada mübarizə aparan hicablı atletlər heyətdən kənarlaşdırılıb. Bu səbəbdən də Parisdə kütləvi etirazlar keçirilir.
Olimpiada zamanı 15 milyon turisti qəbul edən Parisdə sürücü çatışmamazlığı, metro və qatar xidmətlərində gecikmələr səbəbindən ictimai nəqliyyatda ciddi sıxlığın olduğu bildirilir. Mümkün tıxacların qarşısını almaq üçün hökumət müvafiq tədbirlər görməyə davam edir. Bu məqsədlə parisliləri oyunlar zamanı evdən işləməyə təşviq etmək üçün kampaniyaya başlanılıb. Kampaniya çərçivəsində paytaxt küçələrində, metro və şəhərətrafı qatar stansiyalarında "Olimpiya Oyunları zamanı vaxta qənaət etmək üçün evdən işləmək vacibdir" sözlərinin yazıldığı lövhələr asılıb. Həmin lövhələrdə oyunlar zamanı vətəndaşlara və turistlərə ictimai nəqliyyat səfərlərini əvvəlcədən planlaşdırmağa kömək edəcək vebsayt haqqında məlumatlar da yer alıb.
Bütün bunlar göstərir ki, Fransa Yay Olimpiya Oyunlarını təşkil edərkən xeyli çətinliklərlə üzləşməkdədir. Ölkədə ümumi vəziyyət ürəkaçan deyil, milli iqtisadiyyatda tənəzzül əlamətləri müşahidə edilir. Bir neçə ildir ölkədə etiraz aksiyaları baş alıb gedir. İctimaiyyət sosial-iqtisadi vəziyyətin gərginləşdiyi bir vaxtda baha başa gələn beynəlxalq idman tədbirlərinə milyardlarla dollar vəsait ayrılmasından narazıdır.
Paris Olimpiya Oyunlarında iştirak edəcək bir sıra idmançılar Olimpiya kəndindəki yaşayış şəraitindən də narazılıqlarını bildiriblər. Qeyd olunub ki, idmançılar sosial şəbəkələrdə karton çarpayılardan, yeməklərdən, televizorun olmamasından şikayətlənirlər. "Bu, zarafat deyil, gördüyünüz kimi, Olimpiya çarpayısı kartondandır" - fransalı cüdoçu Jülyen Bryular deyib. Yerli medianın yazdığına görə, onun sözlərini avstraliyalı su poloçusu Matilda Körns də təsdiqləyib.
Məlumata görə, idmançılar üzləşdikləri sosial problemlərə görə narazılıq edirlər. Media bunun təsdiqi olaraq amerikalı gimnast Aleya Finneqan, onun belçikalı həmkarı Mellis Brassart və yeni zellandiyalı üzgüçü Lyuis Klerbertin yazdıqlarını göstərir.
Sadalanan problemlərə baxmayaraq, Azərbaycan yığma komandasının Paris Olimpiadasında yüksək nəticə əldə etmək imkanı kifayət qədərdir. İdmançılarımızın təxminən yarısı Olimpiya medallarına iddialıdırlar. Xüsusilə güləşçilərə, cüdoçulara, boksçulara ümid böyükdür. Eyni zamanda gimnastika və avarçəkmə növlərində çıxış edən idmançılarımızdan da medallar gözləyirik. 

Elçin CƏFƏROV,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video