22 Avqust 2024 07:51
90
CƏMİYYƏT
A- A+

Övladlarımız niyə aqressivdir?

 

Son dövrlərdə məktəbli, yeniyetməlik çağında olan uşaqlarda aqressiya hallarının artdığını müşahidə edirik. Onların ailə üzvlərinə qarşı kobud davranış sərgiləmələri, məktəbdə, küçədə həmyaşıdlarına, yaxud özlərindən kiçik və ya böyük uşaqlara güc tətbiq etmələri, qəddar cəza üsullarına əl atmaları, hətta bu hərəkətləri ilə öyünərək çəkib paylaşmaları və bu kimi tez-tez rastlaşdığımız digər xoşagəlməz hallar hər bir valideyndə, ümumiyyətlə cəmiyyətimizdə böyük narahatlıq və təşviş yaradır. 
Bəs övladlarımız niyə aqressivdir? Onları belə davranışlara vadar edən səbəblər hansılardır? Uşaqların psixoloji sağlamlığının pozulmaması üçün nələrə diqqət yetirilməlidir? 
Mövzu ilə bağlı suallarımızı bu sahə üzrə ölkənin ən peşəkar mütəxəssislərindən olan həkim psixiatr, tibb elmləri üzrə fəlsəfə doktoru İkram Rüstəmov cavablandırır.  

 

İlk səbəb

 

"Niyə uşaqlarımız aqressivdir?" sualının birmənalı cavabının olmadığını söyləyən psixiatr İkram Rüstəmovun fikrincə, nəinki uşaqlarımız, ümumiyyətlə dünyadakı insanlar zaman içində müəyyən qədər aqressivləşiblər və bunun müxtəlif səbəbləri var. İnsanın aqressiv, hövsələsiz olmasının birinci səbəbi genetik - bioloji amillərlə bağlıdır: "Çünki hər sosial problem yaşayan, hər gərgin adam aqressiv olmur. Psixoloji nöqteyi-nəzərdən baxanda bunu iki hissəyə bölürük: intravert və ekstravert insanlar. Birincilər emosiyalarını daha çox çölə əks etdirirlər, daha çox aqressiv görünürlər. İkincilər isə bu gərginliyi (düzdür zaman-zaman onlar da aqressiya göstərə bilərlər) əsasən, xalq dilində desək, ürəyə salaraq, daha çox təşviş, qorxu, stress dolu vəziyyət kimi yaşayırlar". 
Psixiatr vurğulayır ki, ümumiyyətlə, insanın istər fiziki, istər psixi problemlərinin əksəriyyətinin altında müxtəlif genetik amillər dayanır. Şüa, radiasiya, qida kimi genetikaya təsir edən, onu pozan amillər, üç-dörd nəsil sonra belə, nəvə-nəticələrdə müxtəlif problemlərə gətirib çıxara bilər, o cümlədən aqressiyaya: "Bu yaxınlarda Cənab Prezident qohum evliliklərini qadağan edən çox önəmli bir qanun imzaladı. Nəzərə alaq ki, yaxın genetik strukturu olan insanlardan doğulan uşaqlarda xəstəliklərin artma riski daha yüksəkdir. Bu, müəyyən dərəcədə həmin problemlərin azalmasına gətirib çıxaracaq önəmli qanundur".

 

Nə yeyiriksə, oyuq

 

İkram Rüstəmov məlumat verdi ki, sosial faktorlar aqressiyanı yaradan başlıca səbəblərdəndir: "İnsan sosial varlıqdır. Bu baxımdan nəzərə alsaq ki, son zamanlar sosiallığımız azalır, bir az yalnızlaşırıq, özümüzə qapanırıq və bunların hamısı müəyyən dərəcədə aqressiv duruma, duyğularımızı kontrol edə bilməməyimizə gətirib çıxara bilir. Sosial faktorlar arasında texnologiya, sosial şəbəkələr böyük yer tutur. Eyni zamanda qidanı misal göstərmək olar. Əvvəlki dövrlərə nisbətən hazırda təbii, üzvi qidalarla qidalanmada ciddi azalma var. Günümüzdə daha çox paketləşdirilmiş qidalardan istifadə olunur. Düşünürəm ki, bunun da aqressiyanın yaranmasında müəyyən dərəcədə təsiri var. Belə bir söz də var ki, "nə yeyiriksə, oyuq".
Psixiatr bildirdi ki, cəmiyyətimizdə çox sıx qarşılaşılan ailəiçi münasibətlərdə pozulmalar da xüsusi aqressiya yarada bilir: "Tutaq ki, valideyn münasibətlərinin pozulması, ata-ananın bir-birinə dözümsüzlüyü, yola gedə bilməməsi o evdə böyüyən uşaqların hövsələsiz, aqressiv olmalarına gətirib çıxarır. Bir başqa məqam isə (bu bir az bəlkə də yeni iqtisadi sistemin gətirdiyi bir xüsusiyyətdir) maddi məsələlərin ön plana keçməsi ilə əlaqədardır. Artıq biz böyüklərin məişət problemləri o qədər artıb ki, uşaqlara verdiyimiz emosiya, onlara ayırdığımız vaxt, keçirdiyimiz zaman  keyfiyyətsiz olub. İstər-istəməz bunun da uşaqların gərginləşməsində, narahatlığında artırıcı rolu var".

 

Yeniyetməlik dövründə bu xaos çox yaşanır

 

"Uşağın inkişafında problem olan iki dövr var. Biri "iki yaş dövrü"dür, digəri yeniyetməlik", - deyən həkim məlumat verdi ki, keçid dövrü olduğu üçün həmin dönəmlərdə fiziki inkişafla psixi inkişafın balansı pozulur. Məsələn, "iki yaş sindromu" çağalıqdan uşaqlığa keçid dövrüdür. Yeniyetməlik isə uşaqlıqdan böyüklüyə keçid dövrüdür. İqlimə, genetikaya görə yeniyetməlik yaşı dəyişə bilər, bu, hamıda eyni olmur, amma ümumi standartlaşdırılmaya görə 11-22 yaş yeniyetməlik dövrü sayılır. 
Psixiatr İkram Rüstəmov izah etdi ki, insanın başqasına və özünə zərər vermək davranışı həddi aşan davranışdır: "İnsan psixikası inkişaf edərkən "super eqo" adlandırılan məfhum var -  vicdanımızı, əxlaqımızı, cəmiyyət qanunlarını, daxili instiktlərimizi, hisslərimizi, duyğularımızı bir mənada nəzarət edən beyin və ya psixika mexanizmi. Kimin "super eqo"su zəifdirsə (xüsusilə, yeniyetməlik dövründə bu xaos çox yaşanır), onun psixikasında müəyyən boşluqlar yaranır. Hətta normal inkişaf edən yeniyetmədə də müəyyən dərəcədə "super eqo" formalaşmağa başlayır Buna bağlı bəzi həddi aşmaları görə bilirik. Amma bir insan - uşaq və ya böyük olsun, özünə yaxud başqasına həddi aşacaq zərər verirsə, artıq bu halda "uşaq stres keçirdi, belə oldu" yanaşması doğru deyil".  
Mütəxəssis bildirir ki, burada psixi pozuntudan söhbət gedir. Buna görə onun altında yatan səbəbləri araşdırmaq lazımdır ki, bioloji faktorlarmı, psixi xəstəlikmi, müxtəlif psixi travmalarmı var və ya bu sosial problemlərləmi bağlıdır: "Amma heç zaman səbəb təkbaşına olmur, çoxmənşəli olur. Yeri gəlmişkən, deyim ki, müasir tibbdə multidisiplinar yanaşma deyilən bir məfhum var. Konsiliumlar keçirilir, həkimlər ortaq qərara gəlirlər. Hər bir pasiyentə fərdi yanaşma olur. Ona görə təbabətdə bizə dərs keçəndə də deyirdilər ki, "xəstəlik yoxdur, xəstə var. Hər xəstənin problemi fərdi olduğu kimi, müalicəsi də fərdidir". 

 

Zəmanənin mənfi təsirləri

 

Belə bir məşhur deyim var ki, uşaqlar valideynlərindən daha çox zəmanəyə oxşayırlar. Bəs bu deyimdə həqiqət payı nə qədərdir? 
İkram Rüstəmov bildirdi ki, birmənalı olaraq zəmanənin həmin zəmanədə yetişən hər kəsə təsiri var: "İnsan yaşamında onun daxili dünyası, ənənəsi, görüb-götürdüyü sosial məsələlər, yetişdiyi ailə, mədəniyyət, hansı cəmiyyətdə böyüməsi çox önəmlidir. Tutaq ki, bir azərbaycanlı müəyyən yaşdan sonra  Amerikada, Fransada, İngiltərədə və digər ölkələrdə gedib yaşadığı zaman heç vaxt  amerikanlaşa, fransızlaşa... bilməz. O, ömrünün sonuna qədər azərbaycanlılığını qoruyub saxlaya biləcək. Həmin mühitə uyğunlaşan isə onun orada doğulan övladları olacaq. Bu uşaqların genetikası azərbaycanlı ola bilər, amma əsasən ya fransız, ya amerikan, ya ingilis... olacaq. Bu mənada hamımız zəmanə uşağıyıq. Yaxud, 10-12 yaşı olan zaman məcburi köçkün düşmüş bir uşağı götürək. Həmin yaşdakı o uşaqla, indi 30-40 yaşına çatmış "uşaq" eyni deyil. Yəni onun oradakı psixologiyası, həyata baxışı - yaş, təhsil fərqini nəzərdə tutmuram - mühitin təsiri ilə formalaşır. İndi yenidən qayıdıb o mühitə düşsə, bəlkə də özünü yad kimi hiss edəcək. Düzdür, həmin vaxtdan qalan hisslər, xatirələr adaptasiyasını asanlaşdıra bilər, o vaxt bir yerdə olduğu məhəllə, sinif uşaqları ilə, dost-tanışlarla bir araya gələndə, o dönəmin bir nostalgiyası paylaşılır. Amma o da həqiqətdir ki, artıq onlar fərqli dünyanın insanlarına çevriliblər. Bu misalların timsalında da deyirəm ki, zəmanə birmənalı şəkildə insanın formalaşmasına təsir göstərir. Yuxarıda da vurğuladığım kimi, hazırda yaşadığımız zəmanənin problemlərinin də uşaqlarımızın aqressiv olmasında böyük rolu var". 

 

Yerindən duran psixoloq olanda...

 

Aqressiyası olan uşaqlar psixoloqa, yoxsa psixiatra aparılmalıdır? Bəzən valideynlər bununla əlaqədar çaşqınlıq yaşayırlar. 
"Hazırda cəmiyyətimizdə yerindən duran psixoloq olduğu üçün, əslində bu məsələ çox müzakirə olunan mövzudur", söyləyən İkram Rüstəmov deyir ki, insan hər zaman psixi problem yaşayır. Psixi problem o zaman psixi pozuntu halını alır ki, bu həddi aşır. Həddi aşmaq insanın gündəlik həyat keyfiyyətini, işgörmə qabiliyyətini pozur və artıq bu, psixi pozuntu səviyyəsinə gəlib çatmaq deməkdir: "Bir insanın həyat keyfiyyətində psixi mənada pozuntu varsa, bu, psixoloq yox, məhz psixiatr və ya uyğun durumda klinik psixoloq tərəfindən dəyərləndirilə bilər. Əgər qərar verilsə ki, bu tibbi pozuntudur, təbii ki psixiatrik tərəfdən müalicə edilməlidir. Yox, əgər psixososial məsələlərlə bağlıdırsa, psixoterapiyalar, müxtəlif psixolojik yanaşmalarla klinik psixoloqlar da problemi yoluna qoya bilərlər. Amma hansısa bakalavr məzunu olan psixoloqun hər hansı psixoloji problemçözmə bacarığı və səlahiyyəti yoxdur". 
Həkim bildirir ki, 10-15 il əvvələ nəzərən, hazırda valideynlər uşaqlarını daha rahat şəkildə psixiatr yanına gətirirlər: "Əvvəllər pasiyent yanıma gələndə deyirdi ki, "doktor, psixiatr olduğunuzu deməyin, deyin ki, nevropotoloqam". İndi tam əksinə, yanıma gələndə deyirlər ki, "məsləhət gördülər ki, nervpotoloqa gedim, amma araşdırıb gördüm ki, psixiatr yanına getməliyəm". İnsanlarımızın, ümumilikdə  isə dünyadakı insanların hamısının psixiatriyaya bir damğalı baxışı var. Bizdə bunun təməli Sovet İttifaqı zamanı qoyulub. Belə ki, sosialist ideologiyası deyirdi ki, "bizim ölkəmizdə ruhi xəstə yoxdur". Ona görə bir çox psixiatrik xəstəxana şəhərdən kənarda açılırdı, bu işlə məşğul olan adamlar "dəli həkimi" adlandırılırdı və sair. İndiki dövrdə bir az  "müasirləşərək"  müəyyən dərəcədə təfəkkürümüz dəyişib, amma bu fikir tam yox olmayıb..." 

 

Sevgi və güvən

 

Mütəxəssis analizlərinə əsasən aydın oldu ki, uşaqlarımızın aqressiv olmasına bir çox amillər səbəb  olur. Onların arasında ailə, valideyn münasibətlərinin özünü  qabarıq göstərməsi isə elə uşaqların aqressiyası qədər təhlükəli və diqqətolunası problemdir. 
"Adətən valideynlərin "bizim vaxtımızda belə deyildi", "biz də uşaq olmuşuq" kimi övladlarına dedikləri sözlər var. Amma hər dövrün tələbləri başqadır. Bir valideyn heç zaman özü də həmin yaşı keçdiyinə görə  övladını tam anlaya bilməz. Düzdür, bəzi ortaq xüsusiyyətlər ola bilər, amma tam olaraq onu anlaması mümkün deyil. Övladı da heç vaxt tamamilə empatiya qurub valideynini anlaya bilməz", - deyən İkram Rüstəmovun fikrincə, hər dövrdə dəyişməyən tək gerçəklik var ki, uşaq yetişdirərkən iki təməl amil vacibdir: biri sevgidir, digəri güvən. 
Psixiatr bildirir ki, valideyn övladını sevərkən, onunla münasibət qurarkən övladı əmin olmalıdır ki, ata-anası onu o olduğu üçün sevir. Nə yaxşı oxuduğu, nə tərbiyəli olduğu, nə hansısa pis vərdişlərinin olmadığı üçün yox. Həmin övlad sağlam ruh halı, sağlam psixologiya ilə yetişəcək. Burada söhbət sevgi hissini mənimsəməkdən gedir: "Etimad duyğusu da həmçinin. Övlad bilməlidir ki, ata-ana hər zaman onun arxasındadır. Nə olursa-olsun, başına nə gəlirsə-gəlsin, nə səhv edirsə-etsin hər zaman o güvəni yaşaya bilər. Etimad duyğusunu tam olaraq vermək çox önəmlidir. Zəmanə də, sosial faktorlar da dəyişsə, bu heç zaman dəyişmir. Sevgi və etimad təməlləri sağlamdırsa, digər problemlər aşılır". 

 

Xoşbəxt uşaq o ailədə yetişər ki...

 

Həkim vurğulayır ki, bəzən övlad-valideyn, istərsə də cütlük münasibətlərində problemlər qışqıraraq, bağıraraq, emosiya ilə həll edilməyə çalışılır: "Amma qlobal məsələlərdə olduğu kimi, cəmiyyətin ən kiçik modeli olan ailədə də problemləri ağılla, siyasətlə, soyuqqanlılıqla həll edə bilərik. Qorxu ilə bəzi məsələləri yoluna qoymaq olar, ancaq problemin kökündən həlli üçün daha ağıllı və soyuqqanlı olmaq lazımdır. Çox zaman valideynlər övladları ilə öz daxili dunyaları vasitəsilə münasibət qururlar. Misal üçün, kiməsə qıcıqlana bilərsən, amma bunun səbəbi onun şəxsi keyfiyyətləri və ya elədiyi hansısa bir hərəkətlə bağlı olmaya bilər. Tutaq ki, beynimdə o şəxsi 10 il əvvəl sözüm çəp gələn hansısa insana bənzədib ona uyğun qıcıqlanmış ola bilərəm. Valideynlər də bəzən uşaqları ilə bu cür yanlış, tamamilə özlərinin vaxtilə yaşadıqları "travma"ya uyğun davranırlar".
Söhbət əsnasında psixiatr valideynlərə tövsiyəsini də verdi: "Valideynlərin, yəni ata-ananın ailədə bir-birlərinə münasibətləri nə qədər qarşılıqlı hörmətə, sevgiyə, dözümlülüyə əsaslanarsa, o ailədə xoşbəxt uşaq yetişər və onun problemləri də daha asan həll olunar. Ona görə, ilk növbədə valideynlər bir-biriləri ilə münasibətlərini düzəltməli, əgər bunu bacarmırlarsa yardım almalıdırlar. Öz şəxsi problemlərinin fərqinə varmaq, özünütənqid də vacib amildir. Valideynlər bir az da özlərinə baxdıqdan, necə deyərlər, çuvalduzu özlərinə batırdıqdan sonra uşaqları ilə bağlı qərar verməlidirlər. İnsan daxilən eqoist olur. Hər zaman günahı qarşı tərəfin üzərinə atmağa çalışır. Bütün bunların fərqinə varmalıyıq. Burada zəka faktoru da çox önəmlidir. Bəzən insanın zəka səviyyəsi onu analiz etməyə və ya dərk etməyə yetmirsə, təbii ki, iş gəlib yenə də dağa-daşa düşəcək". 
Psixiatr İkram Rüstəmov vurğuladı ki, problemləri böyütdükcə ondan çıxış yolları tapmaq da çətin olur. Buna görə də həyata daha pozitiv baxmaq - istər uşaqlarda olsun, istərsə də böyüklərdə fərq etməz - aqressiyanı da azaldar: "Hazırda dünyada psixososial mənada həddindən çox problemlər var və bu problemləri çözməyə, dünyanı "xilas" etməyə çalışan insanların sayı kifayət etmir. Bununla əlaqədar hər nə qədər içərimizdə pessimizm olsa da, həyata pozitiv baxmaq lazımdır. Çünki dünya özü insanın üstündə bir yükdür. Ətrafdakı insanlara baxın, hətta özünü  ən xoşbəxt biri kimi təqdim etmək istəyənlərin belə problemləri var. Bu baxımdan dərd, sıxıntı, problem insanların həyatında çoxdur. Burada əsas məsələ odur ki, sən ona necə baxırsan. "Quran"da deyilir ki, "mən sizi imtahan üçün yaratdım". Yəni o mənada bu dünyaya kef çəkməyə gəlməmişik, kef çəkənimiz də yoxdur. Dünyaya pozitiv baxdığımız zaman pozitiv yaşayacağıq, nə qədər ki, problemləri böyüdəcəyik, o qədər də altında əziləcəyik..." 

 

Çıxış yolunu öncə özümüz tapmalıyıq 

 

Əslində, bütün dünyada övladlar bir-birilərinə bənzəyirlər. Hamısı əsəbi, telefon aludəçisi, sosial şəbəkə asılısıdır... 
Bir-biriləri ilə ünsiyyət qura birmirlər, bir-birilərini və valideynlərini anlamaqda çətinlik çəkirlər... 
Amma bu problemlərdən çıxış yolu var. Övladlarımızı aqressiyadan uzaqlaşdırmaq üçün öncə özümüzdən başlamalıyıq. 
Gəlin, özümüzü tam sağaldandan sonra övladlarımıza keçək... 
Bəli, genetik amillər, sosial faktorlar, zəmanənin acı gerçəklikləri, qida, ailəiçi şiddət və digər səbəblərin yaratdığı "aqressiv uşaqları"mızı sevgi və etimadla müalicə edə bilərik. 
Təbii ki, peşəkar mütəxəssis yardımını unutmadan...   

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video