22 Avqust 2024 09:55
113
DÜNYA
A- A+

Makron düşdüyü vəziyyətdən çıxış yolu axtarır

 

 

 

O, demokratiyaya qarşı institusional çevrilişdə ittiham olunur

 

Fransada solçu müxalifət prezident Emmanuel Makronun impiçmentinə nail olmaq üçün planlarını açıqlayıb. Bu addımın səbəbi prezidentin Yeni Xalq Cəbhəsi (NPF) blokunun bütün partiyalarının razılaşdırdığı Lüsi Kastenin baş nazir postuna namizədliyini irəli sürməkdən imtina etməsidir.
Solçuların məntiqinə görə, prezident onun namizədliyini irəli sürməyə borcludur, çünki blok bu yaxınlarda keçirilən parlament seçkilərində birinci yeri tutub. Lakin Makronun özü fərqli fikirdədir. O bildirib ki, parlament seçkilərində qalib olan qüvvə yoxdur. Bu günlərdə solçu siyasətçilərin, o cümlədən "Yenilməyən Fransa" partiyasının lideri Jan-Lük Melanşonun "The Tribune Sunday" qəzeti üçün yazdığı məqalədə deyilir: "Prezident Makron bilməlidir ki, onu dövlət başçısı postundan kənarlaşdırmaq üçün bütün konstitusiya vasitələrindən istifadə olunacaq, onun demokratiyanın əsas qaydasına qarşı biabırçı addımına heç bir tabeçilik olmayacaq: Fransada yeganə hakim xalq səsidir".
Digər məsələlərlə yanaşı, dövlət başçısı demokratiyaya qarşı institusional çevrilişdə ittiham olunur. Belə ki, Makron parlament seçkilərinin nəticələrini qəbul etmək istəmir.
Müəyyən dərəcədə mümkün impiçmentin elanı solçular üçün ümidsizlik addımıdır.  Çünki NPF-nin Milli Assambleyada cəmi 193 mandatı var, zəruri çoxluq üçün isə 289 mandat lazımdır. Çoxluğu əldə etmək üçün koalisiyaya mərkəzçi və ya sağçı partiyaları cəlb olunmalıdır, lakin NPF-nin bununla bağlı problemləri mövcuddur. Bu, Makrona Kastenin namizədliyini irəli sürməkdən imtina etməyə əsas verib. Hökumətin təyinatı, hətta ən optimist hesablamalara görə, yalnız sentyabrın əvvəlində baş tutacaq. Fransa prezidenti avqustun 23-də bütün parlament partiyalarını onunla məsləhətləşməyə dəvət edib. Bu fasilənin ən çox yayılmış izahlarından biri Makronun siyasi planını həyata keçirmək üçün potensial müttəfiqlərin razılığının olmamasıdır. Bu plan Yeni Xalq Cəbhəsinin parçalanmasından, mötədil solçuların - sosialistlərin və ekoloqların prezident bloku ilə koalisiya yaratmasından ibarətdir. Ən yaxşı halda onlara "Respublikaçılar" da qoşulacaq - daha doğrusu, sağ mərkəzçi partiyanın millətçilərlə ittifaqdan imtina edən hissəsi.
Bu ssenari reallaşarsa, yeni koalisiyanın ən azı 400 mandatı olacaq və bu da zəruri parlament çoxluğunu xeyli üstələyir. Ən əsası isə nə sol, nə də sağ cəbhənin belə bir koalisiyada bloklayıcı paketi olacaq - və bu, prezidentin imkanlarını daha da artıra bilər.
Lakin belə bir planı həyata keçirmək gündən-günə nüfuzunu itirən Makron üçün asan məsələ deyil. Bundan əlavə, Makronun ehtiyatda daha bir variantı var - "Respublikaçılar"la koalisiya yaratmaq və sonradan ona solçuları qoşmaq. Bu, ən pis variantdır, çünki sağçıların daha az mandatı var.
Amma deyəsən, Makron bu variantı nəzərdən keçirir. Təsadüfi deyil ki, baş nazirliyə mümkün namizədlər sırasında "Respublikaçılar"ın iki yüksəksəviyyəli nümayəndəsinin adı hallanır.
Xatırladaq ki, Fransa prezidenti iyulun 16-da növbədənkənar parlament seçkilərinin nəticələrinə görə postunu tərk etmək istəyən baş nazir Qabriel Attalın istefasını qəbul edib.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video