Azərbaycan xalqı tarixinin, mədəniyyətinin yaranmasında və inkişafında xidmətlər göstərən şəxsiyyətləri heç vaxt unutmur. Onları daim hörmətlə xatırlayır, ehtiramla yad edir, yaratdıqlarını, yazdıqlarını qoruyub gələcək nəsillərə çatdırır. Mənalı ömrünü Azərbaycanın ictimai, mədəni və maarif işlərinə həsr etmiş görkəmli pedaqoq və şair Xosrov Axundzadə də belə unudulmaz şəxsiyyətlərdən biridir.
Xosrov Mirzəli oğlu Axundzadə 1889-cu il iyunun 1-də mədəniyyət beşiyimiz olan Şuşa şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Atası Mirzəli Aşiq Zeynalabdın oğlu müəllim olmaqla bərabər, həm də şair və məşhur musiqişünas kimi tanınıb. O, Cabbar Qaryağdıoğlu və digər istedadlı xanəndələrin müəllimi olub.
Gələcəyin şairi Xosrov Axundzadə Şuşada qorodskoy (şəhər) məktəbində oxuyub. O, bu məktəbdə Üzeyir və Zülfüqar Hacıbəyov qardaşları ilə birlikdə təhsil alıb.
Xosrov Axundzadə şəhər məktəbində oxuyarkən atası Mirzəli Aşiq vəfat edib. Atasının vaxtsız ölümündən sonra Xosrovun çətin günləri başlayıb. Altı nəfərlik ailənin dolanışıq qayğılarını o çəkməli olub. Gənc Xosrov 1905-ci ildə təhsilini başa vurduqdan bir il sonra müəllim kimi əmək fəaliyyətinə başlayıb.
O, 1906-1913-cü illərdə Şuşa ibtidai məktəblərində "Nikolayski", "Nəşri-maarif" və digər məktəblərdə, 1913-1917-ci illərdə Şuşada 5 nömrəli təhsil ocağında müəllim işləyib. 1920-ci ildə Şuşada "Nərimaniyyə" və "Haşimiyyə" məktəblərinin təşkilində Hüseyn Qayıbov, Zülfüqar Abdullayev, Mircabbar Vəzirov, Hacı Zalov və başqaları ilə bərabər Xosrov Axundzadənin də xidməti olub.
Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Xosrov Axundzadə tədris və maarifləndirmə işlərini davam etdirib, əvvəlki kimi üzərinə düşən vəzifələri bacarıqla yerinə yetirib.
Dövrünün tanınmış ziyalısı olan Xosrov Axundzadə zamanında Şuşada savadsızlığın aradan qaldırılmasında mühüm işlər görüb. O, 1935-ci ildə Şuşa şəhər kütləvi kitabxanasına müdir təyin olunub. 1956-cı ilədək Şuşada 7 illik və orta məktəblərinin ibtidai siniflərində dərs deyib. 1956-cı ildə təqaüdə çıxıb. Qocaman pedaqoq 1960-cı il mayın 10-da Şuşada dünyasını dəyişib.
Keçdiyi şərəfli ömür yolundan göründüyü kimi, Xosrov müəllim həyatının 50 ilini maarif işinə həsr edib. Respublikamızın görkəmli alim, ədib, şair, rəssam, musiqişünas, bəstəkar, həkim və dövlət xadimləri arasında onun yüzlərlə yetirmələri var.
Xosrov Axundzadə pedaqoji fəaliyyəti, təcrübəsi, peşəkarlığı ilə hələ sağlığında respublikamızın pedaqoqlarının diqqətini cəlb edib. 1948-ci ildə professor Əhməd Seyidov və professor Mehdi Mehdizadə Xosrov müəllimə məktub yazaraq ondan təcrübə və xatirələrini instituta yazıb göndərməsini xahiş ediblər. Xosrov Axundzadənin elmi-pedaqoji fəaliyyətinə dair yazıları - "Pedaqoji təcrübə və mülahizələri" 2000-ci ildə "Maarif" nəşriyyatı, 2-ci nəşri isə 2008-ci ildə, anadan olmasının 120 illiyi münasibətilə "Adiloğlu" nəşriyyatı tərəfindən çap olunub. Əsər gənc müəllimlər üçün bu gün də əhəmiyyətli və dəyərli metodik vəsaitdir.
Xosrov Axundzadə həm də 54 il ədəbi yaradıcılıqla məşğul olub, "Şaiq" təxəllüsü ilə tanınıb. Xosrov Şaiq ilk şeir dərsini atası Mirzəli Aşiqdən almışdı. XIX əsrin qabaqcıl şair və yazıçılarından olan Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Firudin bəy Köçərli, Cəlil Məmmədquluzadə və Üzeyir bəy Hacıbəylinin gənc Xosrova böyük təsiri olmuşdu. O, 1919-cu ilin fevralında Həmidə xanımın xahişi ilə Mirzə Cəlilin "Ölülər" və "Anamın kitabı" əsərinin üzünü köçürüb.
Xosrov Şaiqin Şuşada XIX əsr Azərbaycan yazıçı və şairlərilə əlaqədar olan tarixi yerlər barədə "Xatirələri" bir çox cəhətləri ilə qiymətlidir. Bu əsərdə Azərbaycan maarif və mədəniyyətinin inkişafında böyük rol oynayan ziyalıların fəaliyyəti şirin bir dillə təsvir edilib.
Xosrov Axundzadə, eyni zamanda "Qarabağın tarixçisi" kimi də məşhurdur. Mərhum professor Əliyar Qarabağlı "Xosrov Axundov-Şaiq haqqında" xatirəsində yazırdı: "C.Məmmədquluzadə və Həmidə xanımla, Üzeyir bəylə və S.S.Axundovla şəxsən dost və tanış olan Xosrov müəllim ümumiyyətlə, Qarabağ, xüsusən, Şuşa haqqında ən dərin məlumata sahib idi. Buna görə də, Şuşanın tarixi ilə maraqlananlar həmişə ona müraciət edər və aydın cavab alardılar".
Xosrov Axundov - Şaiq ömrünün son günlərində böyük diqqət və həvəslə qəzəllərini və şeirlərini bir yerə toplayaraq "Məcmueyi-əşarı" əsərinin (şeirlər məcmuəsinin) əlyazmasını xalqımıza yadigar qoyub.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"