Beynəlxalq “AnewZ” televiziya kanalının ofisində “The Oligarch’s Design” sənədli filminin təqdimatı ərəfəsində mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş zamanı layihə ilə bağlı bir sıra statistik məlumatlar təqdim olunub.
“AnewZ” kanalının icraçı direktoru Rüfət Həmzəyev mətbuat konfransında çıxışı zamanı bildirib ki, film üzərində işlər cari ilin yanvar ayında başlayıb. Onun sözlərinə görə, bu axşam təkcə filmin premyerası deyil, eyni zamanda, kanalın inkişafında mühüm mərhələ olan redaksiyanın yeni istiqamətinin başlanğıcı olacaq.
“Burada “AnewZ Investigations” araşdırma jurnalistikasının yeni istiqamətinin istifadəyə verilməsindən söhbət gedir. Biz araşdırma jurnalistikasını beynəlxalq standartlara uyğun, bu cür layihələr üçün zəruri olan bütün peşəkar prinsiplər və yanaşmalar əsasında aparılan fəaliyyət kimi anlayırıq. Məhz bu xətt üzrə də gələcək inkişafımızı planlaşdırırıq”, — deyə Rüfət Həmzəyev vurğulayıb.
O, həmçinin bildirib ki, layihənin çəkilişləri bir neçə əsas istiqaməti əhatə edib və müxtəlif ölkələrdə aparılıb. Onun sözlərinə görə, 10–11 ay davam edən çəkilişlər Azərbaycanda, o cümlədən Qarabağda, eləcə də səkkiz ölkədə — İtaliya, Litva, Böyük Britaniya, ABŞ, İsrail, Ukrayna və Ermənistanda həyata keçirilib.
“Prosesdə iştirak edən bütün şəxsləri, yəni jurnalistləri, prodüserləri və çəkiliş heyətini nəzərə alsaq, layihə üzərində təxminən yüz nəfər çalışıb”, — deyə icraçı direktor qeyd edib.
Onun sözlərinə görə, filmin bir sıra epizodları mürəkkəb şəraitdə ərsəyə gətirilib.
“Efirdə tamaşaçı müsahibələrin yekun versiyaya daxil edilmiş hissəsini görəcək. Lakin həmin müsahibələrə gedən yol və çəkiliş prosesi xeyli daha çətin olub və bir çox məqamlarda ekranda göstəriləndən ciddi şəkildə fərqlənib”, — deyə Rüfət Həmzəyev əlavə edib.
Ermənistanda aparılan çəkilişlərdən danışan icraçı direktor bildirib ki, burada söhbət, xüsusilə, fəaliyyəti müxtəlif strukturlar çərçivəsində Ruben Vardanyanla əlaqələndirilən şəxslərlə müsahibələrdən gedir. O cümlədən “We Are Our Mountains” ictimai birliyinin nümayəndəsi ilə müsahibə qeydə alınıb.
Bundan başqa, filmdə “Aurora Foundation” mövzusuna da toxunulub. Uzun illər ərzində dünyanın müxtəlif ölkələrindən tanınmış şəxslərin iştirak etdiyi platformanın nümayəndələri ilə müsahibələr aparılıb.
Rüfət Həmzəyevin sözlərinə görə, filmin əsas xətlərindən birini Ruben Vardanyanın 2022-ci ildə Rusiya vətəndaşlığından imtina etməsi ilə bağlı bəyanatları, bundan sonra regiona köçməsi və qondarma separatçı rejimdə vəzifə tutması ilə əlaqədar hadisələrin xronologiyası təşkil edir. Bu hissədə həm sözügedən qurumun nümayəndəsi ilə, həm də hazırda Xankəndidə yaşayan erməniəsilli şəxslə müsahibələr təqdim olunur.
İcraçı direktor əlavə edib ki, filmdə faktoloji bazalardan və açıq mənbələrdən geniş istifadə olunub.
“Məqsəd açıq mənbələrdə mövcud olan məlumatları təsdiqləmək və dəqiqləşdirmək, eyni zamanda, beynəlxalq araşdırma hesabatlarının bəzi müddəalarını onların hazırlanmasında iştirak etmiş və ya müvafiq materialları dərindən araşdırmış şəxslərlə müsahibələr vasitəsilə izah etməkdir”, — deyə o, fikrini yekunlaşdırıb.
Beynəlxalq “AnewZ” televiziya kanalının baş redaktoru Qay Şoun konfransda çıxışı zamanı bildirib ki, kanalın redaksiya siyasəti balans, faktların dəqiqliyi və qərəzsizlik prinsiplərinə əsaslanır.
Qeyd edək ki, bu gün “AnewZ” televiziya kanalı “AnewZ Investigations” adlı yeni redaksiya istiqamətinin, yəni transsərhəd araşdırma jurnalistikasına həsr olunmuş platformanın işə salınmasına həsr edilən tammetrajlı “The Oligarch’s Design” sənədli araşdırma filminin premyerasını təqdim edəcək.
Film filantropiya, maliyyə arxitekturası və məqsədyönlü şəkildə formalaşdırılmış narrativlər vasitəsilə təsirin necə formalaşa biləcəyini nümayiş etdirir.
Araşdırma “OSINT” məlumatlarına (açıq mənbələr üzrə kəşfiyyat), eləcə də əvvəlki beynəlxalq araşdırmaların nəticələrinə əsaslanır. Həmin araşdırmalarda ofşor strukturlar vasitəsilə milyardlarla dolların dövriyyədən keçdiyi “Troika Laundromat” maliyyə şəbəkəsi təsvir olunub. Beynəlxalq araşdırma təşkilatlarının dərc etdiyi materiallar filmin faktoloji əsasının tərkib hissəsini təşkil edir.