Çinli molekulyar bioloqlar və virusoloqlar müəyyən ediblər ki, azyaşlı uşaqların omikron ştammına yoluxma ehtimalının böyüklərlə müqayisədə daha yüksək olması onların immun sistemində Uhan ştammına qarşı immun yaddaşın olmaması ilə əlaqəli ola bilər. Həmin ştamma qarşı peyvəndlənmənin COVID-19-un müxtəlif variantlarına qarşı geniş təsir spektrinə malik anticisimlərin yaranmasına səbəb olduğu bildirilir.
“Son iki ildə dünyanın müxtəlif ölkələrində həkimlər qeyri-adi bir hal müşahidə edirlər: əvvəllər nisbətən az yayılan BA.3.2.2 omikron variantına yoluxma hallarının sayı kəskin artmağa başlayıb. Üstəlik, bu artım əsasən azyaşlı uşaqların payına düşür. Biz müəyyən etdik ki, onların bu varianta qarşı yüksək həssaslığı immun sistemində koronavirusun ilkin Uhan ştammına dair yaddaşın olmaması ilə əlaqədardır”, – deyə tədqiqatçılar yazırlar.
Bu nəticəyə Pekin Universitetinin dosenti Cao Yunlunqun rəhbərlik etdiyi Çin alimləri qrupu gəlib. Tədqiqat zamanı son il yarım ərzində koronavirusun üstünlük təşkil edən üç variantının – NB.1.8.1, XFG və BA.3.2.2-nin yayılma dinamikası araşdırılıb. İlk iki variant böyüklər arasında yoluxmaların böyük hissəsini təşkil edir. BA.3.2.2 variantı isə hələ 2024-cü ildə meydana çıxsa da, qlobal miqyasda yalnız 2026-cı ilin əvvəlindən etibarən geniş yayılmağa başlayıb.
Alimlər son il yarım ərzində ABŞ-də, Çində və Avropa ölkələrində qeydə alınmış 33,9 mindən çox COVID-19 yoluxma halını təhlil edərək BA.3.2.2 variantının azyaşlı uşaqlara qeyri-adi dərəcədə tez-tez yoluxduğunu müşahidə ediblər. Bu, onları həmin variantın genom quruluşunu koronavirusun digər formaları ilə müqayisə etməyə və virusların anticisimlərlə qarşılıqlı təsirini ətraflı öyrənməyə sövq edib.
Təcrübələr göstərib ki, 2–8 yaşlı, koronavirusun ilkin ştammlarına qarşı peyvənd olunmamış, lakin əvvəllər omikron variantına yoluxmuş uşaqların immun sistemi BA.3.2.2 variantını 8–14 yaşlı, əvvəlki illərdə Uhan ştammına qarşı peyvənd olunmuş uşaqlar və yeniyetmələrlə müqayisədə xeyli zəif neytrallaşdırıb. Tədqiqatçıların sözlərinə görə, qoruyucu təsirin səviyyəsi immun sisteminin koronavirusun ilkin variantlarını nə dərəcədə “yadda saxlamasından” və B hüceyrələri stimullaşdırıldıqda həmin variantlara qarşı anticisimləri nə dərəcədə fəal istehsal etməsindən asılı olub.
Alimlər hesab edirlər ki, omikronun bu variantlarının uşaqlar arasında yayılmasının davam etməsi virusun təkamülünü sürətləndirə və koronavirusun ilkin ştammlarına qarşı zəifləyən immun yaddaşdan böyüklərdə də yayınmağı bacaran yeni variantların yaranmasına səbəb ola bilər.
Tədqiqatçılar vurğulayırlar ki, bu məqam uşaqların peyvəndlənmə proqramlarının planlaşdırılması və koronavirusun yeni yayılma dalğalarının qarşısının alınmasına yönəlmiş tədbirlərin hazırlanması zamanı nəzərə alınmalıdır.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”