İstiqlal şairi Xəlil Rza Ulutürk XX əsr Azərbaycan poeziyası və bədii tərcümə məktəbinin görkəmli nümayəndəsidir. O, tərcüməçilik fəaliyyətinə 1955-ci ildən başlayıb və bu sənəti ömrünün sonunadək davam etdirib.
Xəlil Rza azadlıq, istiqlal, millilik, vətənpərvərlik, humanizm məsələləri ilə bağlı əsərləri dilimizə çevirməyə səy göstərib ki, bu da onun azadlıq və bəşərilik ruhundan irəli gəlib. Şair tərcümə etdiyi əsərlərdə zəngin mental təfəkkürünü diqqətdə saxlayıb.
Xəlil Rzanın tərcüməçilik fəaliyyəti onun bədii yaradıcılığından ayrılmaz olub. O, türk poeziyasından - Əhməd Ər, Yəhya Kəmal Bəyatlı, Arif Nihat Asya, Faruq Nafiz Çamlıbel, Məhməd Akif Ərsoy və başqaları, özbək poeziyasından - Yusif xas Hacib, Səkkaki, Əlişir Nəvai, Rudəki, Babarəhim Məşrəb, Həmzə Həkimzadə Niyazi, Colpan, Osman Nasir, Qafur Qulam, Aybək, Həmid Alımcan, Zülfiyyə, Mir Möhsün, Həmid Qulam, Əsqəd Muxtar, Şükrulla Cüməniyaz Cabarlı, Erkin Vahid, Abdulla Arif, Yusif Şahmənsur, Həlimə Xudayberdi, Gülçöhrə Cürayeva, Abdulla Şir, Rəzzaq Əbdürrəşid, Feyzi Şahismayıl, Nadirə Abdullaqızı, Rəhim Bəyniyaz, Xıdır Murad, Məqsud Şeyxzadə, Cəmal Kəmal, Tahir Qəhhar, Dilək Cürə, qazax poeziyasından - Əbdülkərim Əhməd, Oljas Süleymen, qırğız poeziyasından - Ramiz Riskul, Krım türkləri poeziyasından - Aşıq Ömər, Bəkir Çobanzadə, tatar poeziyasından - Qabdulla Tukay, Musa Cəlil, Həsən Tufan, habelə yunan, macar, bolqar, çex, alman, fransız, ingilis, italyan, əfqan, hind, yapon, zair və başqa xalqların poeziyasından dilimizə seçmə “çevirmələr” edib.
Xəlil Rza Ulutürk bəşəri bədii fikrinin görkəmli nümayəndələrinin əsərlərini dilimizə yüksək bədii keyfiyyətlə çevirib. Poetik tərcümələrində bu tələbə əməl edən tərcüməçi onun elmi-nəzəri əsaslarını “Bədii sözün tanrısı”, “Bədii tərcümə milli mədəniyyətin ayrılmaz hissəsi kimi”, “Bədii tərcümədə kəşf olmalıdır”, “Tərcümə və bədii dil”, “Poetik tərcümədə şairliyin elmi-filoloji əməyə arxalanması zərurəti”, “Moabit dəftəri”nin tərcüməsinə dair”, “Mayakovski və çağdaş Azərbaycan poeziyasının aktual problemləri”,”Ukrayna poeziyası və bədii tərcümənin aktual problemləri”, “Rusiyada kimin günü xoş keçir” epopeyası və onun tərcüməsinə dair”,”Tərcümənin bədiiliyi uğrunda” adlı məqalələrində göstərib.
Tərcüməçiyə görə, hər bir bədii əsər hansı ölkədə meydana çıxırsa, həmin ölkənin milli mədəniyyətinin üzvi hissəsinə çevrilir. Bədii tərcümə peşə yox, yaradıcı, poetik əməkdir. Tərcüməçilikdə sənətkarlıq vacib keyfiyyətdir. Tərcüməçi hər iki dili mükəmməl bilməli, çevirdiyi sənətkarın bütün yaradıcılığını, onun üslubunu dərindən öyrənməli, mənsub olduğu xalqın mədəniyyətini, sosial-siyasi və ədəbi mühitini yaxından tanımalıdır. Sənətkara görə tərcümədə bədii kəşf olmalıdır.
Xəlil Rza hesab edib ki, poetik tərcümədə vəzni saxlamaq vacib şərtdir. Vəzn sadəcə ölçü deyil, orijinalın bədii formasını təyin edən, xalqın bədii təfəkkür səviyyəsini göstərən daha geniş anlayışdır. Xəlil Rza üçün türk, özbək və Azərbaycan qövmlərinin mədəni-poetik səviyyəsi bir-birinə uyğun olduğundan o, tərcümə zamanı vəzni kifayət qədər diqqətdə saxlayıb.
Şair göstərib ki, mütərcimlik yalnız inkişaf deyil, o, bəzən alim kimi araşdırma aparmaq, lüğətlər aramaq, müəyyən mətləblərin çalarlarını, onların əsl mənasını tapmaq kimi gərgin əmək tələb edir.
Xəlil Rzaya görə, kamil tərcümənin birinci şərti bədii dildir. Tərcüməçilikdə orijinalda əksini tapmış gerçəkliyi başa düşmək, onun və özünün dilini gözəl bilmək vacib meyardır. Tərcüməçilik böyük sənətkarlıq məktəbidir.
Bu baxımdan milli poeziyanın Qətran Təbrizi, Əfzaləddin Xaqani, Saib Təbrizi, Mirzə Şəfi Vazeh, Şəhriyar, Qulamhüseyn Bəydili, Nizami Gəncəvi kimi klassiklərinə yanaşanda da sənətkarın filoloji tərcümələri yüksək bədii siqləti ilə seçilib.
Xəlil Rza Ulutürk “Qardaşlıq çələngi” , “Dünyaya pəncərə”, “Turan çələngi”, Yusif Balasaqunlunun “Kutadqu-bilik”, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” lirikası”, “Yeddi gözəl”, “İsgəndərnamə” adlı tərcümə kitablarinın müəllifidir.
2011-ci ildə şairin həyat yoldaşı Firəngiz Xəlilova dahi şair və mütəfəkkirin 870 illiyi münasibətilə “Nizami” (“Lirika. “Sirlər xəzinəsi”, “Yeddi gözəl”) adlı kitabını tərtib edib, həmin kitab Xəlil Rzanın ön sözü və bizim redaktorluğumuzla çap olunub.
Nizami dühasının bəşəriliyi və humanizmi Xəlil Rzanı dahi şairə yaxınlaşdırıb, nəticədə onun lirik şeirlərini (qəzəllər, qəsidələr və rübailər), habelə, “Xəmsə” əsərlərini can yanğısı, ilham alovu ilə ana dilimizə çevirib.
Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarının yeni poetik nəfəsdə tərcüməsi böyük zəhmətkeşlik, sonsuz istedad və elmi müdriklik nümunəsidir. “Yaxın və Orta Şərq xalqları Nizaminin hələ sağlığında yaradıcılığının qlobal, ümumbəşəri əhəmiyyətini dərk etmişlər. Çünki o, bədii təfəkkürün yönünü dəyişmiş, əsl bədii ədəbiyyat nümunələri yaratmışdır. Nizami təkcə Azərbaycanın deyil, həm də Orta və Ön Asiya, Zaqafqaziya, Hindistan yarımadası və İran xalqları, habelə bütün dünya xalqlarının mənəvi həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir”. Professor Əkrəm Cəfərin “Sirlər xəzinəsi” poemasının tərcüməsinə verdiyi rəyinin sonunda 31.12.1979-cu il tarixi yazılıb. Məlum olur ki, Xəlil Rza artıq 1979-ci ildə poemanı dilimizə çevirib qurtarıb. Rəyçilərdən Əkrəm Cəfər və Əbülfəz Hüseynli əsərin tərcüməsini yüksək qiymətləndirib, çapını lazım biliblər. Əsər 1988-ci ildə Xəlil Rzanın “Bədii sözün tanrısı” adlı ön sözü ilə birlikdə nəşr olunub.
Əbülfəz Hüseynlinin rəyindən məlum olur ki, qədim nüsxələrdə “Sirlər xəzinəsi”nin həcmi 2250 beytdir. Bunu Xəlil Rzanın özü 4492 misra göstərib. Dünya kitabxanalarında “Sirlər xəzinəsi”nin saysız-hesabsız əlyazmaları vardır. Bunlardan ən qədim nüsxə Əfqanıstan Dövlət Kitabxanasındadır.
Məşhur türk alimi Mehmet Nuri Gencosman 1964-cü ildə əsəri türkcəyə tərcümə edib və ona qiymətli ön söz yazıb. Bu, “Sirlər xəzinəsi”nin Ankarada olan üçüncü nəşri olub.
Xəlil Rza Ulutürk “Sirlər xəzinəsi” poemasını farscadan, orijinaldan tərcümə edərkən M.N. Gencosmanın “Sirlər xəzinəsi”nin türkcə tərcüməsindən də faydalanıb. “Həm orijinalı, həm də türkcəyə sətri tərcüməni dərindən öyrənməsi, mənimsəməsi Xəlil Rzaya “Sirlər xəzinəsi”ni dərindən qavramağa, Azərbaycan dilinin sehrkar gözəlliklərini nümayiş etdirməyə, qüdrətli və kamil bir tərcümə əsəri yaratmağa imkan vermişdir”. (Əbülfəz Hüseynli). X.Rza əsərin tərcüməsi zamanı heca vəzninin on dördlük bölgüsündən istifadə edib.
Şairin arxivində “Sirlər xəzinəsi”nin tərcüməsilə bağlı üç rəyə rast gəlinir. “Sirlər xəzinəsi” poeması tərcümə bilicilərinin verdiyi qiymətə görə şairin əhəmiyyətli tərcüməsidir. Bu barədə professorlar Rüstəm Əliyev, Əkrəm Cəfər, Əbülfəz Hüseynli və AMEA-nın müxbir üzvü Azadə Rüstəmova qiymətli elmi fikirlər söyləyiblər.
Nizami Gəncəvinin “Yeddi gözəl” poeması, demək olar ki, dünyanın əksər dillərinə tərcümə olunub. Əsərin hələlik son tərcüməsi isə Xəlil Rza Ulutürkə məxsusdur.
Poema şərhsiz və izahsız çap edilib. Əvvəlki nəşrlərdə də belə olub. Şair və tərcüməçilər nədənsə onun şərhinə, izahına ehtiyac duymayıblar.
Xəlil Rza Ulutürk 1980-ci illərdən başlayaraq “İsgəndərnamə”nin tərcüməsi ilə məşğul olub, 20 min misradan artıq poemanı dilimizdə səsləndirib. Tərcüməçi bu nəhəng əsərə müraciət etməsinin səbəblərini göstərəndə dahi sənətkarın türk, ərəb, fars, yəhudi (ibrani), xaçpərəst (nəsrani), pəhləvi, yunan, erməni, gürcü mənbələrinə baş vurduğunu qeyd edib. X.Rza Azərbaycan ədəbi-tənqidi fikri ilə bərabər, şərqşünaslığın görkəmli nümayəndələri Y.B.Bertels və A.Y.Krımskinin tədqiqatlarına hörmətlə yanaşıb, Makedoniyalı İsgəndərin mənşəyi, “teokratik nəzəriyyənin” əsasları ilə bağlı mənbələri diqqətlə öyrənib və izahlar verib. Nizaminin İsgəndərə ideal səviyyədən yanaşması, onu xilaskar, filosof və peyğəmbər kimi təqdim etməsi, mahiyyətin real, empirik deyil, utopik, ideal surətdə dərkinin ifadəsi, dövrün və zamanın hökmdarlarına ibrət dərslərinin verməsi əsərdən gətirilən nümunələr əsasında şərhini tapıb.
Azərbaycanda Nizami Gəncəvi irsi ilə dərindən maraqlanan XVIII əsrin məşhur təzkirəçisi Lütfəli bəy Azər olub. Bu maraq sonralar Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Məhəmmədəli Tərbiyət tərəfindən davam etdirilib. Ədəbi-ictimai maraq isə 1937-1938-ci illərə aiddir. Xüsusilə Nizami əsərlərinin Azərbaycan dilinə tərcüməsi, bu sahədə Abdulla Şaiq, Ənvər Əlibəyli, Əlağa Vahid, Mikayıl Rzaquluzadə, Məmmədmübariz Əlizadə və Həmid Araslının tarixi xidmətləri kütləvi-elmi marağı gücləndirilib.
XX əsr Azərbaycan Nizamişünaslığı sahəsində Həmid Araslı, Mirzə İbrahimov, Mikayıl Rəfili, Mirzağa Quluzadə, Əkbər Ağayev, Məmmədmübariz Əlizadə, Məmməd Arif, Məmməd Cəfər Cəfərov, Əjdər Səidzadə xeyli iş görüb.
1941-1950-ci illərdə Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan şairi Nizami” ktiabında “Xəmsə” əsərlərindən, o cümlədən “İsgəndərnamə”dən əhatəli bəhs edib.
XX əsrin 80-90 illərində “Xəmsə”nin, eləcə də “İsgəndərnamə”nin Azərbaycan, türk, rus və dünya dillərinə filoloji tərcüməsi dissertasiyaların, monoqrafiya və elmi-kütləvi kitabların nəşrini sürətləndirib, tanınmış nizamişünaslar Qəzənfər Əliyev, Rüstəm Əliyev, Məmməd Cəfər Cəfərov, Azadə Rüstəmova, Xəlil Yusifov, Arif Hacıyev, Nüşabə Araslı, Teymur Kərimli və başqalarının tədqiqatlarının meydana gəlməsinə səbəb olub. Dilarə Əliyeva, Vaqif Arzumanlı, S.Turabov, Həmid Araslı, R.İsmayılov, M.Kazımov, A.Kazımova, Əsgər Sərkaroğlu, Fikrət Quliyev və başqaları Nizami və dünya ədəbiyyatı problemlərini araşdırıb.
Xəlil Rza Ulutürk də Nizami irsinə məhəbbətlə yanaşıb, Nizami haqqında qiymətli məqalələr yazıb, “Sirlər xəzinəsi”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarını uğurla ana dilimizə çevirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili “Nizami ili” elan etməsi dünyada ölkə ideologiyası və mədəniyyətinin təbliği ilə yanaşı, Nizami Gəncəvi irsinə olan elmi-tədqiqat və poetik tərcümə marağını da gücləndirib. Akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda da geniş yaradıcılıq işləri həyata keçirilir, yeni monoqrafiya və kitablar çap olunur, dissertasiyalar yazılır. Hazırda institutda “Nizami ensiklopediyası”nın yazılması sahəsində gərgin iş gedir. İnstitutun Nizamişünaslıq şöbəsi də bütün imkanlarını səfərbər edib.
Əlizadə ƏSGƏRLİ,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru