Bir vaxtlar Naxçıvan gecələr qaranlığa qərq olurdu.
1990-cı illərin əvvəllərində blokada şəraitində elektrik və qaz xətlərinin kəsilməsi
muxtar respublikanın iqtisadi və sosial həyatını ağır vəziyyətə salmışdı. Bu
gün isə mənzərə tamam başqadır. Görülən ardıcıl işlər nəticəsində Naxçıvan
enerji təhlükəsizliyini tam təmin edib və artıq ixrac imkanları da
formalaşdırır. Bu dəyişiklik təkcə muxtar respublika üçün deyil, bütövlükdə Azərbaycanın
enerji siyasəti və regional əməkdaşlıq strategiyası üçün mühüm əhəmiyyət
daşıyır.
Son 20 ildə burada yeni generasiya gücləri
yaradılıb, enerji infrastrukturu xeyli genişləndirilib. 2006-cı ildə 87
meqavatlıq Naxçıvan Modul Elektrik Stansiyası və Heydər Əliyev adına su anbarı
üzərində 4,5 meqavatlıq su elektrik stansiyası istifadəyə verilib. 2010-cu ildə
22 meqavatlıq “Biləv” SES, 2014-cü ildə isə 20,5 meqavatlıq “Arpaçay-1” və 1,4
meqavatlıq “Arpaçay-2” stansiyaları işə düşüb. Sonrakı illərdə günəş enerjisinə
xüsusi diqqət yetirilib. 2015-ci ildə 20 meqavatlıq “Naxçıvan” Günəş Elektrik
Stansiyası qurulub, sonradan gücü 22 meqavata çatdırılıb, Kəngərli rayonunda da
əlavə günəş stansiyaları istismara verilib. Hazırda regionun ümumi qoyuluş gücü
təxminən 200-245 meqavat təşkil edir. Çaylarda su axınının yüksək olduğu dövrlərdə
bərpaolunan mənbələrin payı 70-90 faizə çatır. Bu, daxili tələbatı ödəməklə
yanaşı, artıq enerjinin ixracına da imkan verir.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi
inkişafına dair 2023-2027-ci illər üzrə Dövlət Proqramı” və “Azərenerji”
ASC-nin reabilitasiya-yenidənqurma tədbirləri çərçivəsində Naxçıvanın enerji
infrastrukturu köklü şəkildə yenilənir. Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzi
yaradılıb, muxtar respublikanın ilk qapalıtipli yarımstansiyası olan 110/35/10
kilovoltluq “Naxçıvan”, 154/110/10 kilovoltluq “Babək”, 110/35/10 kilovoltluq
“Çeşməbasar” və digər yarımstansiyalar tikilib və ya yenidən qurulub. 110
kilovoltluq xətlər yenilənib, yaşayış məntəqələrindən keçən hissələr isə kabelə
salınıb. Məqsəd enerji itkilərini azaltmaq, sistemin dayanıqlılığını artırmaq və
idarəetməni rəqəmsallaşdırmaqdır.
2026-cı ildə Prezident İlham Əliyev Naxçıvana səfəri
zamanı ümumi gücü 50 meqavat olan “Şəms 1” və “Qərbi Üfüq” günəş elektrik
stansiyalarının tikintisi ilə tanış olub. Bu stansiyalar istismara veriləndən
sonra ildə təxminən 118 milyon kilovatsaat elektrik enerjisi istehsal edəcək və
40 minə yaxın evi işıqla təmin edəcək. Naxçıvanın ümumi günəş enerjisi
potensialı 500-1000 meqavat səviyyəsində qiymətləndirilir. Eyni səfər çərçivəsində
Naxçıvan Sənaye Parkında 300 meqavatlıq yeni istilik elektrik stansiyasının təməli
qoyulub. Bu stansiya mövcud generasiya gücünü 1,5 dəfə artıracaq, həm daxili tələbatı,
həm də ixrac potensialını xeyli genişləndirəcək. 36 meqavatlıq Ordubad və 15,6
meqavatlıq Tivi su elektrik stansiyalarının tikintisi isə davam edir.
Perspektivdə Cəbrayıl istiqamətində 330 kV-luq xətlə
ölkənin vahid enerji sisteminə qoşulma, Türkiyəyə 400 kV-luq ikidövrəli ixrac xətti
və Zəngəzur dəhlizi vasitəsilə Avropa bazarlarına birbaşa çıxış nəzərdə
tutulur. Bu layihələr reallaşanda Naxçıvan Azərbaycan-Türkiyə-Avropa enerji
qovşağının mühüm halqasına çevriləcək və böyük həcmdə elektrik enerjisinin
Avropaya ixracına imkan yaradacaq. Beləliklə, Naxçıvanın enerji sistemi təkcə
regionun təhlükəsizliyini ehtiva etmir, həm də ölkənin ümummilli enerji
strategiyasında “yaşıl enerji” potensialının reallaşmasına, ixrac
diversifikasiyasına və regional inteqrasiyaya xidmət edir.
Muxtar respublikanın enerji təhlükəsizliyində Naxçıvan
modul ES mühüm rol oynayır. 87 meqavat gücündə olan stansiya 2006-cı ilin
dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Burada
Finlandiyanın Wärtsilä şirkətinin texnologiyası əsasında hər birinin gücü 8,7
meqavat olan 10 piston tipli mühərrik-generator aqreqatı quraşdırılıb. Qısa
müddətdə işə salınıb dayandırıla bilən aqreqatlarla təchiz olunan stansiyanın
faydalı iş əmsalı təxminən 46 faiz təşkil edir. Blokada şəraitində regionun
elektrik enerjisi tələbatının ödənilməsində bu stansiya həlledici rol oynayıb.
Məlumdur ki, dayanıqlı elektrik təchizatı olmadan
iqtisadi inkişafdan danışmaq mümkün deyil. Ona görə də enerjinin istehsalı qədər
onun əhaliyə fasiləsiz və keyfiyyətlə çatdırılması da vacibdir. 2026-cı ilin
ilk 9 ayında stansiyanın kollektivi 173 milyon 125 min kilovatsaat elektrik
enerjisi istehsal edib, bunun 169 milyon 927 min kilovatsaatını muxtar
respublikanın enerji sisteminə ötürüb. Bu enerji üçün 43 milyon 114 min 933
kubmetr təbii qaz sərf olunub, bir kilovatsaat elektrik enerjisinə isə 288,9
qram şərti yanacaq xərclənib. Bu göstəricilər stansiyanın səmərəli işlədiyini
göstərir.
Həmin dövrdə texnika və avadanlıqlarda əsaslı və
cari təmir işləri aparılıb. Balansdakı 10 aqreqata və onların köməkçi
avadanlıqlarına istismar təlimatına uyğun olaraq mütəmadi 1000 saatlıq texniki qulluq
göstərilib. Hazırda 8 nömrəli aqreqat 16 min saatlıq əsaslı qulluq üçün
demontaj edilib, digər 9 aqreqat isə tam saz vəziyyətdədir. Energetiklərin əməyi,
intizamı və peşəkarlığı sayəsində stansiya illərdir etibarlı işləyir və
regionun enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalır.
Naxçıvanın energetika sistemi Azərbaycan üçün
strateji əhəmiyyət daşıyır. O, ölkənin cənub-qərb qapısında enerji müstəqilliyini
möhkəmləndirir, “yaşıl enerji” potensialını işə salır, qonşularla əlaqələri dərinləşdirir
və gələcəkdə Avropa bazarlarına çıxış imkanı yaradır. Yeni generasiya gücləri,
bərpaolunan enerji layihələri, rəqəmsal idarəetmə və yenilənən infrastruktur
regionun uzunmüddətli inkişaf strategiyasının tərkib hissələridir. Modul
elektrik stansiyası bu strategiyanın etibarlı dayaq nöqtələrindən biri,
energetiklərin əzmkar əməyi isə bütün nailiyyətlərin təməlidir.
Rafiq TƏHMƏZ,
"Şərq qapısı" qəzetinin müxbiri