29 Sentyabr 2023 09:10
32617
SİYASƏT
A- A+

Naxçıvandan türk dünyasına: Səmimi qardaşlıq, strateji müttəfiqlik, dinamik inkişaf

 

Sentyabrın 25-də modern inkişafının yeni dövrünü yaşayan Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında daha bir mühüm hadisə yaşandı. 
Türk dünyasının qapısı adlandırılan qədim yurdumuz iki qardaş liderin - Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşünə və tarixi sənədlərin imzalanmasına layiqli evsahibliyi etdi. 
Həmin gün dünyanın diqqəti Naxçıvana yönəlmişdi. Çünki Azərbaycan və Türkiyə prezidentlərinin son zamanlardakı həssas dönəmlərdə qarşılıqlı səfərləri, dəstək bəyanatları artıq ənənə halını almışdı. Ölkəmizin suverenliyinin təmin edildiyi bir məqamda cənab Ərdoğanın həm BMT kürsüsündə Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəsini müdafiə etməsi, ardınca Naxçıvana səfəri çox mühüm siyasi hadisə olmaqla bərabər, strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini bir daha təsdiqlədi.
Digər bir mühüm məqam da odur ki, son illərdə iki qardaş liderin həm Azərbaycanda, həm də Türkiyədə keçirdikləri görüşlərin hər birinin məxsusi özəlliyi olur. Prezidentlər ya hansısa mühüm obyektin təməlini qoyur, açılışını edir, ya da sarsılmaz müttəfiqliyə mühüm töhfə verəcək vacib sənədlərə imza atırlar. Çox mühüm əhəmiyyət kəsb edən tarixi Naxçıvan görüşü də bu prosesin tərkib hissəsi idi.  
Bir sözlə, Türkiyə Prezidentinin Naxçıvan səfəri zamanı iki dost, qardaş, müttəfiq ölkənin sarsılmaz birliyi, həmrəyliyi bir daha bütün dünyaya nümayiş etdirildi.  

 

Bir görüşdə imzalanan mühüm tarixi sənədlər

 

Bu səfər çərçivəsində reallaşan hadisələrə nəzər yetirsək, görərik ki, liderlər tərəfindən İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması, Qars-Naxçıvan dəmir yolu layihəsinə dair niyyət protokolunun, ölkəmiz tərəfindən Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında əməkdaşlıq sazişinin, bərpaolunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin ötürülməsi sahəsində anlaşma memorandumunun imzalanması çox mühüm hadisədir.  
İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimini xüsusi qeyd etmək lazımdır. Çünki bu qaz kəməri Türkiyənin Azərbaycan ilə enerji sahəsində birgə əməkdaşlığını daha da dərinləşdirməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək. Cənab Ərdoğanın söylədiyi kimi, bu qaz kəməri muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayacaq. Naxçıvan əhalisinin "mavi yanacağa" olan tələbatının müxtəlif mənbələr hesabına həyata keçirilməsi gələcəkdə onun bir mənbədən asılılığını azaldacaq. Bu isə öz növbəsində əhalinin fasiləsiz təbii qazla təmin olunması deməkdir.
İğdır-Naxçıvan qaz kəmərinin tikintisi ilə bağlı ilk sənəd 2020-ci il dekabrın 
15-də Ankarada imzalanıb. Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə bu il iyunun 5-də qəbul edilən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın prioritet layihələri sırasında yer alıb. Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza olan tələbatı tamamilə ödəniləcək. Gələcəkdə bu boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.
Səfər çərçivəsində liderlərin açılışını etdikləri Naxçıvan Bərpa-İstehsalat Hərbi Kompleksi isə son illərdə Azərbaycanla Türkiyənin bu sahədəki əməkdaşlığının daha da dərinləşdiyinin göstəricisidir. Bu, iki il əvvəl imzalanan Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq həyata keçirilən proseslərin tərkib hissəsidir. 
Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması da tarixi hadisədir. Bu layihənin reallaşmasını, əlbəttə ki, iki qardaş ölkənin Orta dəhlizə böyük töhfəsi kimi qiymətləndirmək olar. Çünki bu "dəmir İpək yolu" Orta dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək. Onu da vurğulamaq yerinə düşər ki, hazırda fəaliyyətdə olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu istiqamətdə iki qardaş ölkənin iqtisadiyyatına mühüm töhfələr verir. 
Prezident İlham Əliyev Naxçıvan görüşündə bu dəmir yolunun imkanlarına toxunaraq vurğuladı ki, yaxın aylarda bu yolun daşınma imkanları 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər gələn ilin sonunda başa çatmalıdır. Yəni bütün bu tarixi layihələr bir daha iki qardaş ölkənin bir-birinə nə qədər sıx bağlı olduğunu göstərir. 

 

Ulu Öndərin təşəbbüsü ilə yaradılan "Ümid körpüsü"ndən türk dünyasına açılan qapı 

 

Türk dünyası üçün strateji əhəmiyyət kəsb edən, Şərqlə Qərbin qovşağında, böyük İpək yolunun üzərində yerləşən Naxçıvanın bugünkü müasir inkişafı, əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 
Ötən əsrin sonlarında ölkəmiz müstəqilliyini bərpa etdiyi bir vaxtda ermənilər məqsədli şəkildə Naxçıvanı blokadaya salıb, bu qədim Azərbaycan torpağını ələ keçirmək üçün yenidən məkrli planlar həyata keçirməyə başlamışdılar. Belə bir dövrdə Ulu Öndər Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublikanı ilk növbədə işğaldan qorudu. 
Ümummilli Liderin Naxçıvanın blokadadan çıxarılması üçün atdığı ilk addımlardan biri qardaş Türkiyə ilə əlaqələrin qurulması oldu. Həmin dövrdə Naxçıvanda Ulu Öndərin "Bir millət, iki dövlət" fikrinin reallığa çevrilməsi mərhələsi başlandı. Dahi şəxsiyyət Heydər Əliyevin 1992-ci il martın 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində "Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu" imzalandı, Naxçıvanla Türkiyə arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanıldı.
Həmin il mayın 28-də iki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunan Sədərək-Dilucu körpüsü istifadəyə verildi. Körpünün istifadəyə verilməsi ilə Naxçıvanda blokadanın ağır fəsadlarının tədricən aradan qaldırılmasına, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına, muxtar respublikanın dünyaya tanıdılmasına, Qərbə inteqrasiyasına başlanıldı. Eyni zamanda bu, Türkiyənin şərq vilayətlərinin inkişafına təkan verdi, nəqliyyat əlaqələrinin inkişafı və beynəlxalq daşımalar üçün yeni istiqamət müəyyənləşdirdi. 
Ümummilli Lider körpünün açılması zərurətini belə xarakterizə edib: "Belə bir körpü tikmək bizim bir azərbaycanlı kimi şəxsən mənim on illərlə qəlbimdə olan arzu idi. Bu fikir mənim qəlbimdə on illərlə yaşayırdı. Mən özümü xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər, o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüskarı oldum". 
Ulu Öndərin təşəbbüsü ilə yaradılan "Ümid körpüsü" iki qardaş xalqı bir-birinə qovuşdurmaq, yurddan-yurda, könüldən-könülə körpü salmaq baxımından mühüm əhəmiyyət kəsb edirdi. Çünki Türkiyə-Azərbaycan və Naxçıvan əlaqələrinin müasir səviyyəsi, türk dünyasının birlik və bütövlük ideyalarının gerçəkləşdirilməsi istiqamətində görülən işlər şərh edilərkən məhz "Ümid körpüsü"nün əhəmiyyəti xüsusi vurğulanır. Bu körpü Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının başlanğıcı olub.
Sonuncu dəfə Naxçıvana 15 il öncə səfər edən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da qədim yurdumuzun yeniləşən müasir simasına, sosial-iqtisadi inkişafına toxunarkən Ulu Öndərimizin əvəzedilməz xidmətlərini belə qiymətləndirdi: "2008-ci ildəki son səfərimdən etibarən Naxçıvanın əldə etdiyi inkişafı qürurla müşahidə etdim. Naxçıvanın bugünkü səviyyəyə çatmasında böyük payı olan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə bir daha ehtiramla yad edirəm". 
Həqiqətən müasir Azərbaycanın memarı və qurucusu olan Ulu Öndər Naxçıvanın zülmətdən işıqlı sabaha çıxması üçün çox mütərəqqi addımlar atıb. Çünki bu körpü təkcə Naxçıvanın Türkiyə ilə əlaqələrinin yaradılması ilə bağlı deyil, Azərbaycanın türk dünyasına açılan qapısı kimi də xarakterizə edilməlidir. 
Əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin türk xalqları arasında əməkdaşlıq platformasına çevirdiyi "Ümid körpüsü" üzərində müstəqil türk dövlətlərinin mütəşəkkil birliyinin əsası qoyuldu. Naxçıvan türk dünyasının əməkdaşlıq mərkəzi statusuna sahibləndi. Avrasiyada yeni güc mərkəzi kimi tanınan Türk Dövlətləri Təşkilatının (yaradılarkən adı Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası - red.) 14 il öncə - 2009-cu ildə yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə görüşündə qəbul edilməsi də bu qədim Azərbaycan yurdunun türk dünyası üçün böyük rəmzi əhəmiyyətə malik olduğunu göstərir. 
İkinci Qarabağ müharibəsindəki tarixi zəfərin yaratdığı yeni reallıqlara əsasən, tezliklə açılacaq Zəngəzur dəhlizi isə bu prosesə çox mühüm töhfə verəcək. Bütün türk dünyasını birləşdirəcək bu dəhliz dost ölkələr arasında ticari dövriyyəni,  ümumilikdə isə iqtisadi əməkdaşlığı şaxələndirəcək, strateji tərəfdaşlığı daha da möhkəmləndirəcək.  
Naxçıvan səfərini başa vurub Türkiyəyə dönərkən qardaş ölkənin media nümayəndələrinə müsahibə verən cənab Rəcəb Tayyib Ərdoğan da Zəngəzur dəhlizinin imkanlarını dəyərləndirərək bildirdi ki, Azərbaycanın həyata keçirdiyi uğurlu antiterror tədbirlərindən sonra Naxçıvanın həm Azərbaycan, həm də regionun digər dövlətləri ilə avtomobil, dəmir yolu əlaqəsinin yaradılması üçün yeni imkan formalaşıb. Artıq qonşu İrandan Zəngəzur dəhlizinin açılması ilə əlaqədar müsbət siqnallar gəlib. Zəngəzur nəqliyyat dəhlizi sülh və iqtisadi inkişaf dəhlizi olacaq.
Onu da vurğulamaq yerinə düşər ki, dünən, sentyabrın 28-də Naxçıvanda beynəlxalq təşkilatların iştirakı ilə öz işinə başlayan və iki gün davam edəcək Türkiyə-Azərbaycan III Enerji Forumunda da muxtar respublikanın "yaşıl enerji" potensialı, mövcud imkanları geniş müzakirə mövzusudur. 
Ümumiyyətlə, bu forumun Naxçıvanda keçirilməsi ilk növbədə muxtar respublikanın enerji tranzitində yerini göstərir. Bundan iki il əvvəl - 2021-ci ildə Bakıda, ötən il isə İstanbulda keçirilən analoji forumun bu dəfə Naxçıvanda reallaşması məxsusi əhəmiyyət daşıyır. Azərbaycan-Türkiyə Enerji Forumu hər iki tərəf üçün qarşılıqlı əməkdaşlığın enerji sahəsində inkişafı üçün nəzərdə tutulub. Əsasən "yaşıl enerji" konsepsiyası çərçivəsində formalaşdırılan bu platforma enerji sahəsində əməkdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldilməsini hədəfləyir. Belə ki, Naxçıvanın enerji tranzitinə çevrilməsi İkinci Qarabağ müharibəsindən sonra daha da aktuallaşıb. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun bərpaolunan enerji mənbələrindən istehsal edilən enerjinin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana, oradan isə Türkiyə və Avropaya ötürülməsi qarşıdakı iqtisadi hədəflərdən biri kimi müəyyənləşdirilib. Digər tərəfdən, muxtar respublikanın bərpaolunan enerji mənbələri ilə zəngin olması bilavasitə Naxçıvanın özünün potensial enerji ixracatçısı kimi rolunu artırır.
Türkiyə Prezidentinin Naxçıvana səfəri zamanı keçirilən görüşlərdə Prezident İlham Əliyev bu forumun nəticələrinin uğurlu olacağını vurğulayaraq bildirdi ki, Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və muxtar respublikada günəş elektrik stansiyalarının inşası ilə bağlı böyük planlar mövcuddur. Bu planlar gerçəkləşərsə, Naxçıvan "yaşıl enerji" zonasına çevrilə bilər.

 

Müasir Naxçıvanın yeni yüksəlişinin yol xəritəsi

 

Bu gün Naxçıvan inkişafının yeni mərhələsini yaşayır. Ulu Öndər Heydər Əliyevin muxtar respublikanın inkişafına göstərdiyi xüsusi diqqət hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən birini təşkil edir.
Regionların sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvanın da hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıb.
Dövlət başçımızın iyulun 5-də imzaladığı "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncamı isə Naxçıvanın yeni tərəqqisinin yol xəritəsi oldu. 
Bu dövlət proqramı müasir dövrdə olan iqtisadi və sosial sahədəki ehtiyacların qarşılanmasına, perspektiv dövrlər üzrə regionun inkişaf istiqamətlərinin dəqiqləşdirilməsinə aydınlıq gətirib. Qədim diyarımızın texniki imkanları, ərazi yerquruluşu, təbii sərvətləri, məhsuldar qüvvələrin ixtisaslaşma və peşəkarlıq səviyyələri sənəddə nəzərə alınıb.
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planında nəzərdə tutulan layihələrə nəzər yetirdikdə aydın şəkildə görünür ki, tezliklə muxtar respublikanın sosial-iqtisadi, mədəni həyatında inqilabi yeniliklər olacaq. 
Dövlət proqramında əksini tapmış inkişaf strategiyasının həyata keçirilməsinin 11 istiqamət üzrə ən əlverişli və münasib icra mexanizmləri və maliyyə mənbələri müəyyən edilib. Muxtar respublikanın inkişafının siyasi və iqtisadi cəhətdən qiymətləndirilməsi və proqnozlaşdırılması zamanı elmi prinsiplərə də istinad edilib. Bu mühüm sənəd hazırkı mərhələdə yeni Naxçıvanın meydana çıxmasına imkan yaradacaq. 
Təfsilatlı Tədbirlər Planına əsasən,  Azərbaycan-Türkiyə dövlət sərhədində Araz çayı üzərində yeni körpü tikiləcək; Azad İqtisadi Zona yaradılacaq; vergidən və gömrük rüsumlarından azadedilmə güzəştləri tətbiq olunacaq; yeni aqro və sənaye parkları yaradılacaq; Batabatda və Ordubadda tematik parklar salınacaq; Naxçıvan şəhərində tramvay xətti çəkiləcək; yeni bərpaolunan enerji (əsasən günəş) stansiyaları, həmçinin istilik-elektrik stansiyaları tikiləcək; UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınacaq tarixi-memarlıq abidələri müəyyənləşdiriləcək. 
Təfsilatlı Tədbirlər Planında Naxçıvanda Azad İqtisadi Zonanın yaradılması muxtar respublikanın inkişaf konsepsiyasının ana maddəsidir. Bu dövlət proqramının mövcud reallıqlar bölməsində regionun xarici dövlətlərlə sərhəddə yerləşməsi nəzərə alınmaqla bölgədə vergi və gömrük güzəştləri müəyyən edilməklə rəqabətqabiliyyətli ticarət qovşağının yaradılması imkanının dəyərləndirilməsi deməkdir. Muxtar respublikaya investisiyaların cəlb edilməsi və bu investisiyaların artırılması hərtərəfli inkişafa yol açacaq. 
Sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, maliyyə zəmanəti və digər iqtisadi dəstək mexanizmlərinin tətbiq dairəsinin genişləndirilməsi Təfsilatlı Tədbirlər Planında öz əksini tapıb. Həmçinin tədbirlər planının alt bəndində görüləcək işlər sırasında Naxçıvana güzəştli kreditlərin verilməsi ilə bağlı məqsədli limitin ayrılması nəzərdə tutulub. 
İqtisadi inkişafın müasir mərhələsində mühüm məqsədlərdən biri idxalın məhdudlaşdırılması və bu əsasda yerli məhsul istehsalının stimullaşdırılması, nəticə etibarilə ixracyönümlü məhsul istehsalının həcminin artırılmasıdır. Təsdiq olunan sənəddə Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların digər bazarlara ixracını təşviq etmək məqsədilə logistik dəstək verilməsi hədəflənir. Bu istiqamətdə muxtar respublikada logistik şirkətin yaradılması nəzərdə tutulur. 
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsullardan istifadənin təşviq edilməsi dövlət proqramının əsas məqsədlərindən biridir. Digər mühüm bir fakt isə Cəbrayılda yaradılacaq "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında Naxçıvan sahibkarlarının da fəaliyyətinin nəzərdə tutulmasıdır. 
Bir sözlə, bu proqram özündə 11 vacib çağırışı əhatələyir ki, bu hədəflər Naxçıvanda iqtisadi və sosial sahələrdə əldə olunan nailiyyətlərin daha da möhkəmləndirilməsi, eləcə də regionun potensialından istifadənin səmərəliliyinin və iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması üçün müasir çağırışlara və yanaşmalara əsaslanan zəruri addımların atılmasını təmin edəcək.
Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın müasir inkişafının təmin olunmasına göstərdiyi böyük qayğının əməli ifadəsidir. 

 

Naxçıvan yeni hədəflərə doğru düzgün yoldadır

 

Əminliklə deyə bilərik ki, dövlət proqramında nəzərdə tutulan layihələrin icrası Naxçıvanın modern tərəqqisini təmin edəcək. Lakin o da etiraf olunmalıdır ki, son dövrlər Naxçıvanda aparılan mütərəqqi islahatlar sosial-iqtisadi inkişafa, kəndlərin, qəsəbələrin simasının dəyişməsinə, yeni istehsalat müəssisələrinin yaradılmasına və əhalinin məşğulluğunun artmasına, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsinə, perspektiv üçün zəruri olan bütün iqtisadi və sosial infrastrukturun yaradılmasına  əsaslı töhfələr verir. 
Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvanda Prezidentin Səlahiyyətli Nümayəndəsi İnstitutunun fəaliyyətə başlaması və məqsədyönlü islahatların uğurla həyata keçirilməsi ilə qədim diyarımızın modern inkişafı geniş vüsət alır. 
Naxçıvana hər səfərimdə bu dəyişiklik və inkişafı konkret faktlar, yeni quruculuq, abadlıq məkanlarının timsalında aydın görürəm. Eyni zamanda seçicilərin razılığı da göstərir ki, Naxçıvan yeni hədəflərə doğru düzgün yoldadır. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin söylədiyi kimi, Naxçıvan Muxtar Respublikasının gələcək sosial-iqtisadi inkişaf strategiyasının əsasında Ümummilli Lider Heydər Əliyevin siyasi xətti və Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr dayanır: "Əsas vəzifələrdən biri məhz bu perspektivlərə, bu reallıqlara Naxçıvanı hazırlamaqdır. Perspektiv planlar sırasında Naxçıvanın "yaşıl enerji" dəhlizinə çevrilməsi prioritetlərdən biridir. İqtisadiyyatın müxtəlif sahələrində inkişaf proqramları işlənib hazırlanır. Xüsusilə ərzaq təhlükəsizliyinin və əhalinin məşğulluğunun təmin olunması işində roluna görə aqrar sahənin inkişafına daha çox diqqət ayrılır. Bu sahə ilə sıx bağlı olan meliorasiya və irriqasiya sistemlərinin müasirləşdirilməsi və su təminatının, su keyfiyyətinin yaxşılaşdırılması vacib məsələlərdən biridir. Naxçıvan Muxtar Respublikasında özəl sektorun inkişaf etdirilməsi, sahibkarlığa dəstək və investisiyaların cəlbi də əsas hədəflər sırasındadır". 
Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin bir müddət öncə söylədiyi "Hesab edirik ki, mövcud potensial əsasında rəqabətədavamlı yeni sənaye müəssisələrinin qurulması mümkündür ki, bunun da nəticəsində iqtisadi inkişaf tempi sürətlənəcək" fikri demək olar ki, yaxın zamanlarda reallığa çevriləcək. Çünki bütün bunlar cənab Prezidentin təsdiq etdiyi "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb. Naxçıvanın yeni yüksəliş konsepsiyası adlandırılan bu sənəd mühüm sahələrdə böyük nailiyyətlərin əldə olunmasına real zəmin yaradacaq və hər kəs Vətənimizin ayrılmaz parçası olan qədim yurdumuzun daha böyük zirvələrə doğru inamla addımladığına şahidlik edəcək.     

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video