Azərbaycanın müasir tarixinin böyük bir dövrü Ulu Öndər Heydər Əliyevin möhtəşəm quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Hakimiyyətinin hər iki dövründə xalqa xidmət, vətənə sədaqət Ulu Öndərin fəaliyyətinin əsas xəttini təşkil edib.
Heydər Əliyevin milli dəyərlərimizə, düşüncə və ideologiyamıza əsaslanan siyasi kursu Azərbaycanın dünya dövlətləri arasında öz layiqli yerini tutmasına gətirib çıxarıb. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Ümummilli Lider xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və ölkəmizin inkişafı ilə bağlı ən düzgün qərarları verəcək. Ulu Öndər qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Dahi şəxsiyyət bütün ömrünü Azərbaycanın bu gününə və gələcəyinə həsr etmişdi: "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna nail olmağa çalışıram və çalışacağam". Ümummilli Lider bu fikirlərinin davamı olaraq bildirib ki, onun üçün hər şeydən əziz xalqı, vətəni, torpağıdır.
Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Ulu Öndər ölkəyə rəhbərliyi müddətində Azərbaycan cəmiyyətinin vahidliyinin, bütövlüyünün təmin olunmasını özünün strateji vəzifəsi hesab edib. Cəmiyyətin vahidliyini təmin edərək, onun müxtəlif istiqamətlər - sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan verməyib. Siyasi liderin gücü və qüdrəti onun elan etdiyi məqsəd və vəzifələrin, ideoloji prinsiplərin cəlbediciliyi ilə deyil, ilk növbədə, qarşıya qoyduğu vəzifələri real həyatda tətbiq imkanları ilə ölçülür. Əminliklə demək olar ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin təkmil ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı. O zaman atəşkəsin əldə olunması Ulu Öndər Heydər Əliyevin siyasi nüfuz və peşəkarlığının nəticəsi idi. Hərbi uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu 1994-cü il mayın 8-də imzalamağa məcbur oldu. Protokol mayın 12-də qüvvəyə mindi və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırıldı.
Atəşkəsin əldə olunması Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi və ordu quruculuğu prosesinin uğurla aparılması baxımından mühüm bir mərhələ oldu. Azərbaycanda qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı. Ümummilli Liderin müəllifi olduğu neft strategiyası Azərbaycanın qarşısında geniş imkanlar açdı, beynəlxalq aləmdə ölkəmizə inam artdı. Ulu Öndər Heydər Əliyev demişdi: "Əsrin müqaviləsi" ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır".
Azərbaycan qısa zamanda böyük investisiyalar məkanına çevrildi, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallığa çevrildi. Azərbaycan regionun aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini möhkəmləndirdi. Məhz qazanılan bu inam, etimad son 21 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında daha mühüm layihələrin icrasını, eyni zamanda "Yeni əsrin müqaviləsi"nin imzalanmasını şərtləndirdi. 2014-cü ildə çoxtərəfli əməkdaşlığın əsası olan "Cənub qaz dəhlizi"nin təməli qoyuldu və 2018-ci ildə rəsmi açılışı oldu. Həmin ilin iyununda bu layihənin əsas tərkib hissəsi olan TANAP, 2020-ci il dekabr ayının
31-də isə TAP istifadəyə verildi. Bununla da "Cənub qaz dəhlizi"nin uğurlu icrası başa çatdı. Azərbaycan bu gün də gündəmə gətirilən hər bir layihənin uğurlu sonluqla başa çatmasında maraqlıdır.
Ulu Öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyyənləşdirdi. 2003-cü ilin oktyabrında Heydər Əliyev xalqa müraciətində deyirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Tarix dahi şəxsiyyətin uzaqgörənliyini bir daha təsdiqlədi. Vətən müharibəsində Yeni Azərbaycan Partiyasının lideri, ölkəmizin Prezidenti və Ali Baş Komandanı İlham Əliyevin möhtəşəm rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun 30 il ərzində mənfur Ermənistanın işğalında qalan ərazilərimizi azad etməsi, respublikamızın ərazi bütövlüyünün bərpa olunması buna sübutdur. 44 günlük Vətən müharibəsi zamanı Ulu Öndər Heydər Əliyevin "Hər şey bizim gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır" tezisinin davamı olaraq Prezident İlham Əliyevin "Gənclər milli ruhda tərbiyə olunmalı, dövlət maraqlarını qorumalıdırlar" fikirləri real həyatda təsdiqləndi.
Artıq Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, dönməz iradəsi, liderliyi və sərkərdəliyi sayəsində Azərbaycan xalqı 200 illik tarixinin ən şərəfli səhifələrini yazdı. Bugünkü Azərbaycan, məhz Ulu Öndərin görmək istədiyi Azərbaycandır.
Hər bir azərbaycanlı Heydər Əliyevin əziz xatirəsini ehtiram və minnətdarlıqla yad edir. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq.
Kamran BAYRAMOV,
Milli Məclisin deputatı