12 Dekabr 2024 09:00
96
SİYASƏT
A- A+
Müstəqillik təfəkkürünün banisi

Müstəqillik təfəkkürünün banisi


Azərbaycanın zəngin dövlətçilik tarixində varisliyin təmin edilməklə müasir dövlətçiliyin bərqərar olması, Azərbaycanın bir dövlət kimi xəritədən silinməsinin qarşısının alınması  zəminində heç şübhəsiz ki, ilk ağlagələn sima Ulu Öndər Heydər Əliyevdir. Onun zəngin siyasi irsi, müasir dövlətçiliyin banisi kimi adı siyasətdən tamamilə kənar ən sadə azərbaycanlı üçün də önəmli və əzizdir. Bu gün milli təfəkkürə və sağlam düşüncəyə malik elə bir azərbaycanlı yoxdur ki, Heydər Əliyevi özününkü, doğması hesab etməsin, əslində, Heydər Əliyev fenomenini xalqın Öndərinə çevirən, yaddaşlarda yaşadan amil də məhz budur.

Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından 21 il ötür. Əslində, 21 il tarixin baxışında böyük zaman kəsiyi olmasa da, insan ömrü çərçivəsində kifayət qədər uzun müddətdir. Çünki 21 il ərzində nəsillər, cəmiyyətlər, ideologiyalar dəyişir, hətta 21 ilə bəzən qüdrətli dövlətlərin və quruluşların mövcudiyyət dövrü sığır. Ötən 21 ildə Azərbaycan da çox dəyişib. Dəyişməyən isə Azərbaycan xalqının Heydər Əliyev siyasətinə sədaqəti və onun yoxluğu ilə barışmamasıdır.

Heydər Əliyev adı artıq ötən əsrin 60-cı illərinin ortalarından sadə azərbaycanlı üçün önəm kəsb etməyə başlayıb. Təsadüfi deyildi ki, o, SSRİ miqyasında və milli subyektlərdə ən nüfuzlu qurum olan təhlükəsizlik sistemində, daha dəqiq desək, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində sədr vəzifəsinə yüksəlmiş ilk azərbaycanlı idi. Məhz Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan DTK yalnız SSRİ maraqlarını deyil, həm də Azərbaycanın milli maraqlarının keşikçisi və müdafiəçisinə çevrildi. Yüzlərlə ziyalı məhv edilməkdən qurtuldu, milli təfəkkürlü minlərlə məfkurə daşıyıcısı yetişdi. Milli kimlik, din, dil, mədəniyyət sahəsində tarixi dönüş məhz Heydər Əliyevin rəhbərlik etdiyi DTK-nın himayəsində təşəkkül tapmağa başladı. Bu gün bəzən həmin tarixi-siyasi prosesləri ayrı-ayrı şəxslərin adı ilə bağlamaq cəhdləri var, amma unutmaq olmaz ki, uzun illərdən sonra 1967-ci ildə Novruz bayramı respublikaya yox, birbaşa Moskvaya tabe olan Azərbaycan DTK-nın sədri, general Heydər Əliyevin razılığı olmadan ölkə səviyyəsində təntənəli şəkildə qeyd edilə bilməzdi. Bu baxımdan Ulu Öndər hələ ölkəyə rəhbərlik etməyə başlamadan artıq xalqın ümid yerinə çevrilmişdi.

1969-cu ilin 14 iyulunda Ümummilli Liderin Azərbaycan KP MK-nın birinci katibi kimi fəaliyyətə başlaması isə bütövlükdə Azərbaycan tarixində yeni eranın başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsi ilə respublika geri qalmış ucqar subyektdən SSRİ-nin iqtisadi flaqmanına çevrildi, mədəniyyət, incəsənət, ədəbiyyat intibah dövrünə qədəm qoydu. Müstəqilliyin bərpası üçün bazis də məhz bu dövrdə formalaşmağa başladı. Heydər Əliyevin qurduğu sənaye, inkişaf etdirdiyi iqtisadiyyat, yaratdığı hərbi təyinatlı təhsil müəssisələri, formalaşdırdığı və qoruduğu milli elita elə sovet dövründəcə Azərbaycana müstəqil davranmaq imkanı verdi. Hətta çəkinmədən demək olar ki, Heydər Əliyevin Sovet Azərbaycanı Azərbaycan Xalq Cümhuriyyətindən heç də az müstəqil deyildi, 1991-93-cü ilin Azərbaycanından isə daha çox müstəqil idi.

Biz illər ərzində yanlış təbliğatın, yarıtmaz tarix dərsliklərinin ucbatından Sovet Azərbaycanına ancaq təqiblər dönəmi kimi baxmışıq. Amma Heydər Əliyevin əsəri olan 1978-ci il Konstitusiyasının 68-ci maddəsində Azərbaycanın suverenliyi, 69-cu maddədə SSRİ-dən azad surətdə çıxmaq hüququ, 73-cü maddədə dövlət dili kimi Azərbaycan dili təsbit edilmişdi. Heydər Əliyev "dəyişdirə bilməyəcəyi bir rejimdə xalq üçün nə etmək olar?" sualına cavab verməyi bacaran ilk və son lider oldu. 

Tarixdən bəllidir ki, sovet hakimiyyətinin ilk dövrlərində bolşeviklər kommunist ideologiyasına bağlı olmayan hər şeyin üzərindən xətt çəkirdilər. İnanclar, ənənələr, hətta milli musiqi belə keçmişin qalığı hesab olunurdu. Nə qədər qəribə olsa da, SSRİ süquta uğrayandan sonra bu düşüncə vandalizmi Azərbaycanda yenidən baş qaldırdı. Bolşeviklərin muzdurlar şurasından fərqli olmayan AXC-Müsavat cütlüyü sovetlərə bağlı nə varsa, hər şeyə nifrət aşılamağa, hətta Böyük Vətən müharibəsi iştirakçılarını belə xainlikdə suçlamağa başladılar. Bunun bir səbəbi var idi, Heydər Əliyevə olan kin və düşmənçilik. Bilirdilər ki, Azərbaycan xalqı Heydər Əliyev kimi bir dahini qoyub bunlara üz tutmayacaq. Ona görə də Heydər Əliyevi SSRİ və KQB ilə assosiasiya edərək gözdən salmaq istəyirdilər. Amma xalq bilirdi ki, Heydər Əliyev şərəfli general kimi DTK sədri olanda da, Azərbaycana rəhbərlik edəndə də, SSRİ Nazirlər Sovetinin Sədrinin birinci müavini olanda da həmişə milli olub. 

Heydər Əliyev milli özünüdərkdir, Heydər Əliyev bizim müasir müstəqillik təfəkkürümüzün banisidir. Kimin hansı mif uydurmasından asılı olmayaraq, etiraf etməliyik ki, mövcudiyyəti dövründə SSRİ-yə öz dövlətimiz kimi yanaşmış, bu dövlətə sidqi-ürəkdən inanmışıq. Bizim çox dəyərli ziyalılarımız belə əqidəli kommunist kimi sovet dövlətini özününkü hesab edib. Bu inamla yaşayan xalqın müstəqillik barədə düşünərək SSRİ kimi qüdrətli bir dövlətdən üz çevirməsi faktiki mümkünsüz idi, amma Ulu Öndərin haqsızlıqlara məruz qalıb 1987-ci ildə siyasi hakimiyyətdən ədalətsiz formada uzaqlaşdırılması bu xalqın sovetlərə inamının itməsi ilə nəticələndi. Azərbaycanın müasir müstəqillik yolu da məhz bu qırılma nöqtəsindən başlanır. Təsadüfi deyil ki, Heydər Əliyevin repressiyalara məruz qalmasından cəmi bir neçə ay sonra - 1988-ci ildə başlanan meydan hərəkatının ilk iştirakçılarının əllərindəki etiraz plakatları məhz Heydər Əliyevin portretlərindən ibarət idi.

Ulu Öndərin istefasından iki həftə keçməmiş ovaxtkı "Dağlıq Qarabağ Muxtar Vilayətinin" Ermənistanın tərkibinə verilməsi məsələsini qaldırdılar. Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Çünki cənab İlham Əliyevin bu il 10 mayda Şuşadan bəyan etdiyi kimi, "Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu". Məlumdur ki, Ermənistan dövləti yaranandan, yəni 1918-ci ildən onların Azərbaycana ərazi iddiaları var və 1969-cu ilə qədər bu iddialarını hissə-hissə uğurla realizə ediblər. Hətta 1960-cı illərin ortalarında sosial-məişət zəminini bəhanə edib Qarabağda qiyam da qaldırmışdılar və Qarabağın Ermənistana birləşdirilməsi hələ o zaman artıq labüd idi. Məhz Heydər Əliyevin simasında Azərbaycanda güclü və milli iradənin hakimiyyətə gəlməsi bu prosesə nöqtə qoydu. 1969-cu ildən 1987-ci ilə qədər Qarabağda bir nəfər də olsun millətçi-daşnak təfəkkürü baş qaldıra bilməmişdi. Amma Heydər Əliyevsiz 6 il Azərbaycan xalqının tarixində ən ağır faciələr dönəmi kimi tarixə düşdü, ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı, 30 ildən artıq davam edən məğlubiyyətlər seriyası, işğal və təcavüz dövrü başlandı.

Heydər Əliyev SSRİ-nin ən güclü vaxtında Konstitusiyada SSRİ-dən çıxmaq hüququmuzu təsbit etdiyi halda, 1991-ci ildə hətta SSRİ dağılmaq üzrə olanda belə o dövrün hakimiyyəti SSRİ-dən çıxmağa qorxurdu. Nəticədə, öncə Bakıda ucaldılmalı olan üçrəngli bayraq yalnız Heydər Əliyevin qətiyyəti və dönməz  cəsarət ilə Naxçıvanda qaldırıldı. Ümumiyyətlə, tarix özü ən azı iki dəfə göstərib ki, Azərbaycan dövləti yalnız Heydər Əliyev yolunda yürüdükcə var olub, güclənib. 1993-cü ildə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən bir il keçməmiş artıq ordu quruldu, əks-hücumla Cəbrayılın, Füzulinin kəndləri, Horadiz qəsəbəsi düşməndən azad olundu, Ermənistan o zaman bizim çox ehtiyacımız olan atəşkəsə məcbur edildi.

Sonrakı illərdə bizi inkişafa, tərəqqiyə aparan yol məhz Ulu Öndərin sayəsində başlandı. Lakin Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidməti, heç şübhəsiz ki, xalqın taleyini öz siyasətinin layiqli davamçısı cənab İlham Əliyevə etibar etməsi oldu. Ulu Öndər Bakıya qayıtdıqdan sonra Bakıda təhlükələrlə üz-üzə qalanda, o cümlədən fəaliyyətinin ağır Naxçıvan dövründə onun əsas silahdaşı məhz cənab İlham Əliyev olmuşdu. 1993-cü ildən etibarən isə Ümummilli Liderin neft strategiyası və Avropa hüquq məkanına inteqrasiya kursunun realizəsində ağırlıq məhz cənab İlham Əliyevin çiyinlərində oldu. Ona görə də 2003-cü ilə qədərki dövlət quruculuğu prosesində biz Ulu Öndərlə bərabər, onun əsas silahdaşı kimi məhz cənab İlham Əliyevin adını çəkməliyik.

Qarabağ məsələsi Ulu Öndərin nisgili idi, hətta 1 oktyabr 2003-cü ildə, özünün həyatını həsr etdiyi xalqına son müraciətində də dahi Lider ifadə edirdi ki, "xaos və anarxiya dövründə yaranmış bu problemi hələ də həll edə bilməmişik". Baxmayaraq ki, Heydər Əliyevə qədərki idarəçilik normal təfəkkürə sahib olsaydı, onun dediyi kimi, "xalqı vahid sarsılmaz bir qüvvə kimi Azadlıq meydanına toplayan milli hisslərdən konstruktiv şəkildə istifadə olunsaydı, Qarabağ adlı problem də olmazdı". Amma o zaman Xalq Cəbhəsi təhlil və proqnozlar əsasında milli platforma yaratmaq əvəzinə, populist meydan əhvali-ruhiyyəsinə üstünlük verdi. Ulu Öndərin dediyi kimi, "Bu məsələyə Azərbaycan xalqı layiqincə cavab verməyə qadir idi" və cənab İlham Əliyev də sübut etdi ki, Azərbaycan xalqı böyük qələbəyə həm qadirdir, həm də layiq! Sadəcə idarəçilik milli düşüncədə, doğru əldə olmalıdır.

Doğru əl və milli düşüncə kim idi, onu da Ümummilli Lider özü göstərdi. Ulu Öndərin siyasi davamçısı olaraq İlham Əliyev məhz milli düşüncəni təmsil edirdi və xalqın tükənməz dəstəyi ilə o, həm tariximizin, həm də regionun ən güclü ordusunu və ən nəhəng müdafiə sənayesini qurdu. Heydər Əliyev siyasi kursuna sadiq qalaraq 200 ildir zəbt edilmiş təfəkkürləri, 30 il işğalda qalan Qarabağ və Şərqi Zəngəzuru azad etməklə, ərazi bütövlüyü və suverenliyimizi tam bərpa etməklə, cənab İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi Azərbaycan tarixinin heç bir dövründə heç bir liderə müyəssər olmayan bir zirvəyə ucaldı.

Bu Zəfərə qədər cənab İlham Əliyev güclü iqtisadiyyat qurub, iqtisadi suverenliyimizi təmin etdi. Ölkəni çadırlardan azad etdi. Məcburi köçkünlərin çadır şəhərciklərini ləğv edərək vətəndaşın layiqli rifahını, rəngli inqilablar simgəsi olan narıncı çadırlara meydan verməyərək müstəqilliyimizin davamlılığını təmin etdi, düşüncələri "palatka" təfəkküründən xilas edib 200 ildir məğlub kimi yaşayan xalqa qalib kimi düşünməyi öyrətdi. Zəfərdən cəmi 8 gün sonra isə özünün ən sadiq silahdaşı Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə işğaldan azad olunmuş bölgələrə səfər edən cənab İlham Əliyev tariximizin ən irihəcmli quruculuq-bərpa prosesinə start verdi. Öz gücümüzə, daha doğrusu, Öz gücünə!

Azərbaycan Respublikası tarixinin ən qüdrətli dövrünə qədəm qoyub. Azərbaycan xalqının Ümummilli Lideri, türk dünyasının Ulu Öndəri Heydər Əliyevin görmək istədiyi mənzərə də məhz bu idi və şübhəsiz ki, vəfatının 21-ci ildönümündə bu reallıqlardan dahi Liderin ruhu da şaddır.


Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azpetrol” şirkətinin rəhbərliyi Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar məzarını ziyarət edib  

11:36
12 Dekabr

Qərbi Azərbaycan İcması ABŞ Dövlət katibinin və digər rəsmilərinin Azərbaycanın daxili işlərinə kobud müdaxilə cəhdlərini kəskin şəkildə pisləyir  

11:31
12 Dekabr

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb  

11:26
12 Dekabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər YENİLƏNƏCƏK  

11:21
12 Dekabr

Qazaxda Ümummilli Liderə həsr olunan “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” adlı tədbir keçirilib  

11:16
12 Dekabr

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri UNESCO-nun İrqçiliyə və Ayrıseçkiliyə qarşı IV Qlobal Forumunda iştirak edib  

11:11
12 Dekabr

Şamaxı Astrofizika Rəsədxanası: Həftəsonu “Geminid” meteor selinin piki olacaq  

11:06
12 Dekabr

Heydər Əliyev ideyalarının işığında: Azərbaycan yeni zəfərlərə doğru  

11:01
12 Dekabr

Aleksandar Vuçiç: Serbiya hibrid müharibə cəhdi ilə üzləşib  

10:56
12 Dekabr

Blinken ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı ifadə verib  

10:51
12 Dekabr

Blinken Türkiyəyə gedir  

10:46
12 Dekabr

Çempionlar Liqası: “Barselona” qalib gəlib, “Mançester Siti” məğlub olub  

10:41
12 Dekabr

İsveçdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb  

10:36
12 Dekabr

FTB direktoru Tramp administrasiyası başlayana qədər istefa verəcəyini açıqlayıb  

10:31
12 Dekabr

Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

10:26
12 Dekabr

Paşinyan həbslərlə vaxt "öldürür"

10:20
12 Dekabr

Qış melanxoliyası

10:15
12 Dekabr

Əsəd rejiminin çöküşü Ermənistana zərbə oldu

10:10
12 Dekabr

Yeni dövlət standartı - "Yaşıl biznesin idarəedilməsi sistemləri"

10:05
12 Dekabr

Diktatorun rəzil sonu

10:00
12 Dekabr

Aqrar sektor: növbəti illər məhsul istehsalının dinamik artımı proqnozlaşdırılır

09:55
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!