Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Bu il anadan olmasının 100-cü ildönümü bütün xalqımız tərəfindən böyük ehtiram və sevgi ilə qeyd edilən əbədiyaşar şəxsiyyət, müasir Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin əsas istiqamətlərindən biri respublikamızın mükəmməl təhlükəsizlik və müdafiə sisteminin formalaşdırılması olmuşdur.
Müstəqil Azərbaycanın təhlükəsizlik siyasətinin və strategiyasının hədəf və prioritetləri ilk dəfə məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş və praktik şəkildə həyata keçirilərək respublikamızın milli və dövlətçilik mənafelərini layiqincə təmin etmişdir.
Ulu Öndərin dühası ilə yaranan təhlükəsizlik arxitekturası
Suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının təmin olunması, konstitusion quruluşun, milli maraqların və mənafelərin hər cür təhdidlərdən qorunması tarixən hər bir dövlətin qarşısında dayanan başlıca vəzifə və məqsədlərdən biri sayılıb. Tarixi təcrübə və reallıqlar da bu həqiqəti təsdiqləyir ki, özünün təhlükəsizlik prioritetlərini uğurla təmin edə bilməyən və ya təkmil təhlükəsizlik və müdafiə sistemlərini yaratmağı bacarmayan dövlətlər xarici və eləcə də daxili təhdidlərdən əziyyət çəkiblər. Bu da onların xalqlarının taleyində müxtəlif formalarda iz buraxıb.
Çox uzağa getmədən, elə Azərbaycanın müasir müstəqillik tarixində milli təhlükəsizliklə bağlı vaxtilə mövcud olmuş boşluqların hansı mənfi təzahürlərə yol açdığını, hansı nəticələrə gətirib çıxardığını görmək mümkündür. 1990-cı illərin əvvəllərində dövlət təhlükəsizliyimizin hansı ciddi təhdidlərlə üz-üzə qaldığı yaşlı və orta nəslə yaxşı məlumdur. Bir tərəfdən Ermənistan tərəfindən torpaqlarımızın işğal planının həyata keçirilməsi, digər tərəfdən şimalda və cənubda separatçılığın baş qaldırması milli təhlükəsizliyimizi sonu görünməyən təhlükə qarşısında qoymuşdu. Bir-birini əvəz edən məlum hakimiyyətlərin idarəçilikdə buraxdıqları kobud səhvlər ucbatından ölkə dərin siyasi və iqtisadi uçurum, yenicə qazanılmış dövlət müstəqilliyimiz yenidən itirilmək təhlükəsi qarşısında idi.
Ona görə xalqımızın təkidli istək və arzusu ilə 1993-cü ildə siyasi hakimiyyətə gələn zaman Ulu Öndər Heydər Əliyevin qarşısında çətin və mürəkkəb məsələlər dayanmışdı.
Heydər Əliyev çıxışlarının birində Azərbaycanın həmin dövrünü belə xarakterizə edir: "Azərbaycan müstəqil dövlət kimi yaşamağa başlayanda çox çətin və ağır vəziyyətdə idi. Biz artıq təhlükəsizliyimizi özümüz təmin etməli idik. O illərdə Azərbaycanda rəhbərlikdə olan insanların səriştəsizliyi nəticəsində ölkədə proseslər çox mənfi istiqamətdə gedirdi - xaos, anarxiya, hərc-mərclik, Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüz, torpaqlarımızın itirilməsi, vətəndaş müharibəsi. Bütün o illər bizim üçün çox ağır, çətin keçirdi və Azərbaycanın müstəqil dövlət ölkə kimi yaşaması sual altında idi".
Belə ağır və gərgin şəraitdə ölkəyə rəhbərliyə başlayan Ulu Öndər Heydər Əliyevin ilk növbədə və xüsusi diqqət yetirdiyi məsələ respublikamızın milli və dövlətçilik maraqlarını təmin edə biləcək düzgün siyasi-strateji kursun müəyyən olunması və onun əsasında Azərbaycanın etibarlı təhlükəsizlik və müdafiə siyasətinin hazırlanaraq həyata keçirilməsi idi. Bütün bu işləri isə son dərəcə mürəkkəb daxili siyasi-iqtisadi vəziyyətdə, Ermənistanın Azərbaycana qarşı getdikcə genişlənən hərbi təcavüzü və ölkəmizə olan çoxsaylı xarici təzyiq və təhdidlər şəraitində həyata keçirmək lazım idi.
Heydər Əliyev böyük siyasətçi, təcrübəli dövlət xadimi idi və bu mənada həmin çətin situasiyada respublikamızın qarşısında dayanan mürəkkəb məsələləri yalnız onun siyasi dühası, möhkəm iradəsi və qətiyyəti həll edə bilərdi. Heydər Əliyev hələ sovetlər birliyi dövründən respublikamızda təhlükəsizliklə bağlı bünövrəsini qoyduğu işləri müasir dövrün tələb və çağırışlarına uyğun əzmlə və cəsarətlə həyata keçirməyə başladı.
Ordu quruculuğu ilə başlayan təkmil strategiya
Çağdaş dövrümüzdə "dövlətin təhlükəsizliyi" anlayışı məhdud sahə ilə kifayətlənməyərək, çoxşaxəli siyasi-hərbi və sosial-iqtisadi məqsədləri özündə birləşdirən vəzifələrdən ibarətdir. 1993-cü ildə dövlətimizin bu sahədə qarşısında dayanan vəzifələrin miqyası isə daha böyük idi və əsas milli prioritetlərin həyata keçirilməsinin nəinki institusional, hətta nəzəri əsaslarını belə sıfırdan başlamaq lazım idi. Ulu Öndərin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin bir qisminə nəzər salmaqla dahi şəxsiyyətin dövlətimizin və xalqımızın təhlükəsizliyinin və etibarlı gələcəyinin təmin olunması, hər cür təhdidlərdən müdafiəsi naminə hansı fədakarlıqları göstərdiyini görərik.
Bu sırada nizami və vahid komandanlığa əsaslanan ordu quruculuğu Heydər Əliyevin təhlükəsizlik strategiyasının praktik olaraq həyata keçirilməsinin ilkin addımlarından biri kimi tariximizdə xüsusi yer tutur. Azərbaycanın müstəqilliyi 1991-ci ildə bərpa olunsa da, vahid komandanlığa əsaslanan, mütəşəkkil, ən əsası, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhlükənin qarşısını almağa qadir ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün oldu.
Ulu Öndər görkəmli dövlət xadimi olmaqla yanaşı, həm də peşəkar hərbçi idi. Məhz bu amil özünü onun rəhbərliyi ilə ordu quruculuğunun yüksək peşəkarlıqla həyata keçirilməsində göstərdi. Əsası 1993-cü ilin noyabrında Ulu Öndər Heydər Əliyevin xalqa müraciəti ilə qoyulan bu ordu nəinki Ermənistanın güclənən hücumlarının qarşısını böyük mətinliklə aldı, 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Füzuli rayonu və Murov dağı istiqamətlərində yüksək peşəkarlıqla uğurlu hərbi əməliyyatlar keçirərək çoxsaylı yaşayış məntəqələrini, strateji yüksəklikləri azad etdi.
Heydər Əliyevin ilk gündən təhlükəsizlik strategiyasının əsas istiqamətlərindən birini daxili siyasi-ictimai sabitliyin təmin edilməsi, hər bir vətəndaşın qanunla müəyyən edilmiş hüquq və azadlıqlarının qorunması təşkil etmişdir. Buna nail olmaq üçün respublikamızın hüquq-mühafizə orqanlarının fəaliyyətinin də yeni keyfiyyət mərhələsinə yüksəldilməsi, bu sahədə institusional dəyişikliklərin, müasir çağırışlara cavab verən islahatların həyata keçirilməsi, bir sözlə, onların fəaliyyətinin dövlətin və vətəndaşların maraqlarına cavab verən səviyyədə qurulması Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonrakı dövrə təsadüf edir. "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" 9 avqust 1994-cü il tarixli fərmanla Heydər Əliyevin qarşıya qoyduğu təxirəsalınmaz vəzifələrin icrası nəticəsində ölkədə kriminogen sahədə köklü dəyişikliklər baş verdi, dövlətin iqtisadi əsaslarının təhlükəsizliyi, vətəndaşlar və bütövlükdə cəmiyyətimiz üçün narahatlıq doğuran mütəşəkkil cinayətkarlığın, reketçiliyin qarşısı alındı, qanunçuluq və hüquq qaydası təmin edildi.
Heydər Əliyev bütün imkanlardan dövlətimizin milli maraqlarının təmin edilməsi üçün səmərəli yararlanmışdır
Qeyd etdiyimiz kimi, dövlətin təhlükəsizliyi geniş anlayışdır və təcrübəli dövlət xadimi kimi Heydər Əliyev bu sahədə bütün mümkün imkanlardan milli maraqların təmin edilməsi üçün səmərəli şəkildə yararlanmışdır. Bu baxımdan Heydər Əliyevin təməllərini qoyduğu təhlükəsizlik strategiyasının digər istiqamətlərini respublikamızın regional və qlobal mövqelərinin möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması təşkil etmişdir.
Bu sırada Heydər Əliyevin 1994 və 1995-ci illərdə BMT Baş Assambleyasının 49-cu və 50-ci sessiyalarında çıxışlarını, müxtəlif beynəlxalq təşkilatlarda keçirdiyi görüşləri qeyd etmək yerinə düşər. Ümummilli Lider bütün beynəlxalq platformaların tribunalarından Azərbaycanın haqq səsini, Ermənistanın ölkəmizə qarşı təcavüzünü və onun ağır nəticələrini beynəlxalq aləmə bəyan etməklə həm də respublikamızın təhlükəsizliyinə olan təhdidləri diqqətə çatdırmışdır.
Regiondakı və beynəlxalq münasibətlər sistemindəki prosesləri diqqət mərkəzində saxlayan Heydər Əliyev Avroatlantik təhlükəsizlik institutları ilə əlaqələrə xüsusi önəm verirdi. Çünki bu istiqamətdə əməkdaşlıq əlaqələrinin yaradılması və dərinləşdirilməsi ilk növbədə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzü faktının beynəlxalq təşkilatların vasitəsilə dünya, o cümlədən Avropa səviyyəsinə çıxarılmasına imkan verirdi. Düzdür, ATƏT və Avropa Şurası kimi təşkilatlar ikili standartlardan çıxış edərək Azərbaycan torpaqlarının işğalına son verilməsi üçün Ermənistana qarşı təsirli mexanizmlərdən və ya məcburetmə tədbirlərindən istifadə etmədilər. Bununla belə, onların qəbul etdikləri müxtəlif sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunması ölkəmizin uğuru idi. Çünki həmin sənədlər nəinki danışıqlar prosesində, hətta problem müharibə yolu ilə həll olunacağı halda respublikamızın mühüm diplomatik silahları idi. Məsələn, 1996-cı ildə ATƏT-in Lissabon sammitində Heydər Əliyev təşkilatın üzvü olan 53 Avropa ölkəsinin Dağlıq Qarabağ probleminin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklənməsinə nail oldu. Lissabon sammiti respublikamızın dövlət maraqlarının tam təmin olunduğu siyasi tədbir kimi tarixə düşdü, Qarabağ münaqişəsinin həllinin baza formulu məhz bu görüşdə müəyyən edildi. Yaxud Avropa Şurası Parlament Assambleyasının 25 yanvar 2005-ci ildə qəbul etdiyi 1416 saylı qətnaməsini misal göstərmək olar. Qətnamədə Azərbaycan ərazisinin xeyli hissəsinin işğal altında olduğu, Qarabağ bölgəsinə separatçı qüvvələrin nəzarət etdiyi bəyan edilmişdir. Əlbəttə, bütün bunlar Qarabağ probleminin güc yolu ilə həll olunacağı halda Azərbaycana haqq qazandıran beynəlxalq hüquqi məsələlər idi. 44 günlük Vətən müharibəsinin gedişatı da bunu təsdiq etdi. Ermənistanın Azərbaycana qarşı qlobal səviyyədə diplomatik cəbhə yarada bilməməsinin əsas səbəblərindən biri məhz bu cür qətnamələrlə beynəlxalq diplomatik təhlükəsizlik immunitetinin yaradılması idi.
Azərbaycanın hərbi təhlükəsizliyi ilə bağlı prioritetlərini təmin etmək məqsədilə Heydər Əliyev nüfuzlu hərbi-siyasi təşkilat olan NATO ilə əməkdaşlığa çox böyük üstünlük verirdi. 1994-cü ilin may ayında Heydər Əliyevin Brüsselə səfəri zamanı təməli qoyulan Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində müxtəlif sənədlər imzalanmış, əməkdaşlıq əlaqələrinin təməli qoyulmuşdur. NATO Ermənistanın işğal siyasətinə qarşı qətiyyətli mövqe ortaya qoymasa da, bu təşkilatla əməkdaşlıq Azərbaycanda ordu quruculuğunun müasir standartlar səviyyəsində həyata keçirilməsində, Silahlı Qüvvələrimizdə NATO standartlarının tətbiq olunmasında mühüm rol oynamışdır.
1994-cü ildə dünyanın tanınmış neft şirkətləri ilə Azərbaycan arasında "Əsrin müqaviləsi"nin imzalanması yalnız ölkəmizin neft strategiyasının uğurla reallaşması və gələcək iqtisadi inkişafın etibarlı təməllərinin yaradılması deyildi. Bu, həm də Azərbaycanın təhlükəsizlik konsepsiyasına Heydər Əliyev tərəfindən böyük müdrikliklə əlavə edilən olduqca mühüm, həm də qlobal məzmun daşıyan siyasi bənd idi. Tarixdə ilk dəfə olaraq Heydər Əliyevin sayəsində Xəzər neftinin alternativ marşrutla dünya bazarlarına çıxarılması ilə bağlı razılaşmaların əldə olunması, Bakı-Tbilisi-Ceyhan neft xəttinin təməlinin qoyulması, respublikamızın qlobal enerji müzakirələrindəki yerinin möhkəmlənməsi Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyini gücləndirən, onu qlobal səviyyədə söz sahibinə, mühüm tərəfdaşa çevirən siyasi-iqtisadi faktorlar idi.
Beləliklə, Azərbaycanın müasir müstəqillik tarixində məhz Ulu Öndər Heydər Əliyevin xalqımızın istək və tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətinin və vətəndaşlarının bütün təhdidlərdən etibarlı şəkildə müdafiəsinə xidmət edən effektiv təhlükəsizlik siyasətinin həyata keçirilməsinə başlanılmışdır. Ötən əsrin 90-cı illərinin ortalarına doğru bütün daxili problemlərin tam şəkildə aradan qaldırılması, hakimiyyətin zorla dəyişdirilməsi cəhdlərinin qarşısının alınması və bu qeyri-konstitusion ənənəyə son qoyulması, ictimai-siyasi sabitliyin bərpa olunması, iqtisadi təhlükəsizliyimizin təmin edilməsi, ordu quruculuğu istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə başlanılması, "Əsrin müqaviləsi"nin imzalanması, Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz mövqelərini möhkəmləndirməyə başlaması ilk növbədə düzgün milli təhlükəsizlik siyasətinin həyata keçirilməsindən xəbər verirdi.
Prezident İlham Əliyevin fəaliyyətində təhlükəsizliyin etibarlı şəkildə təmin olunması prioritetdir
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin banisi olduğu milli təhlükəsizlik sistemi ötən 20 ildə Prezident İlham Əliyev tərəfindən dövrün tələb və çağırışlarından irəli gələrək daha da möhkəmləndirilmişdir. Bu dövrün mənzərəsi göstərir ki, həyata keçirilmiş institusional islahatların və qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində Azərbaycanın təhlükəsizlik arxitekturası istənilən təhdidin qarşısında sarsılmaz sipərə çevrilmişdir.
Məlumdur ki, son onilliklər bütün dünyada sürətli dəyişikliklər baş vermişdir. Təkcə XXI əsrin ötən 23 ilində dünyada baş verən terror hadisələrinin sayı bütövlükdə XX əsrdə baş verən terror hadisələrinin sayına bərabərdir. Bu dövrdə yeni müharibə ocaqlarının yaranması, transmilli mütəşəkkil cinayətkarlığın genişlənməsi, insanların kütləvi miqrasiyası dövlətləri və bütövlükdə bəşəriyyəti yeni təhdidlərlə üz-üzə qoymuşdur. Bütün bunlarla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinin tələblərinin pozulması və ya işləməməsi, maraqlar kəsişməsində və hüquqların təmin edilməsində güc amilinin ön plana çıxması ayrı-ayrı dövlətlərin öz təhlükəsizlik konsepsiyalarına yenidən baxmalarını şərtləndirmişdir.
Bütün bunlardan irəli gələrək Prezident İlham Əliyevin fəaliyyətində milli maraqlar fonunda formalaşan milli təhlükəsizliyin etibarlı şəkildə təmin olunması əsas yerlərdən birini tutur. Bunu sözdə deyil, Azərbaycan dövlətinin praktiki fəaliyyətində, bu sahədə həyata keçirdiyi kompleks tədbirlər sistemində aydın görmək mümkündür.
Öncə onu qeyd etmək yerinə düşər ki, bu dövrdə təhlükəsizliklə bağlı təkmil qanunvericilik bazası yaradılmışdır. Məsələn, Azərbaycan Respublikasının təhlükəsizlik siyasətinin əsas müddəaları 2004-cü il iyunun 29-da Milli Məclis tərəfindən qəbul olunmuş "Milli təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanununda" öz əksini tapmışdır.
Respublikamızın müstəqilliyini, ərazi bütövlüyünü, konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmalarının müəyyən edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 23 may 2007-ci ildə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası təsdiq olunmuşdur. Bu konsepsiya Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü və demokratik inkişaf yolunu, beynəlxalq aləmə inteqrasiyasını, xarici siyasətinin çoxşaxəliliyini vurğulayan, respublikamızda şəxsiyyət, cəmiyyət və dövləti xarici və daxili təhdidlərdən qorumağa yönəlmiş siyasət və tədbirlərin məqsəd, prinsip və yanaşmalarının məcmusudur.
Milli Məclis tərəfindən 2010-cu ilin iyun ayında təsdiq edilən Azərbaycan Respublikasının Hərbi doktrinası isə respublikamızın təhlükəsizlik strategiyasının tərkib hissəsi olaraq vətəndaşın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici hərbi və digər təhdidlərdən qorunmasına yönəlmiş hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyənləşdirən sənəddir. Hərbi doktrina hərbi təhlükəsizliyə təhdidlərin vaxtında aşkarlanması, təhlil edilməsi, qiymətləndirilməsi, qarşısının alınması ilə bağlı məsələlərə dair Azərbaycan Respublikasının mövqeyini əks etdirir.
Azərbaycan istənilən təhdidin qarşısını almağa qadirdir
Azərbaycanın təhlükəsizlik arxitekturasının əsas sütunlarından biri respublikamızın karbohidrogen ehtiyatlarının təhlükəsiz və əlverişli yollarla dünya bazarlarına çıxarılması və əldə olunan gəlirlərin ölkənin inkişafına və digər ehtiyaclarına yönəltməkdən ibarətdir. Nəzər yetirsək görərik ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu enerji strategiyasının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi bu sahədə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirməklə respublikamıza yeni qlobal siyasi və iqtisadi dividendlər gətirmişdir. Belə ki, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına alternativ yollarla çıxarılmasına nail olunması, ən nəhayət, Azərbaycanın həm də "Cənub qaz dəhlizi"ni yaratmaqla regionun əsas təbii qaz ixracatçısına çevrilməsi respublikamızın milli təhlükəsizliyinə və iqtisadi inkişafına böyük töhfələr verməklə yanaşı, ölkəmizin beynəlxalq və regional təhlükəsizlikdə əsas söz sahiblərindən birinə çevrilməsini də şərtləndirmişdir.
Azərbaycan eyni zamanda Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən geostrateji nəqliyyat qovşağına çevrilmişdir. Bu istiqamətlərdə ən səmərəli nəqliyyat dəhlizləri bu gün Azərbaycandan keçir və beynəlxalq yollar həm də respublikamızda kəsişir. Azərbaycandan keçən tranzit yüklərin həcminin ildən-ilə artması bu istiqamətdə marşrutların səmərəli olması ilə yanaşı, həm də təhlükəsiz olmasından xəbər verir ki, bu da dövlətimizin böyük uğurudur.
Ümumiyyətlə isə, həm enerji dəhlizlərinin yaradılması, həm də Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi bu sahədə təhlükəsizlik tədbirlərinin davamlı və operativ olmasını tələb edir, təhlükəsizliyə qarşı təhdidlərin müxtəlif formalarının yarandığı bir şəraitdə bu sahədə çevik fəaliyyət ortaya qoymağı ölkəmiz üçün vacib vəzifəyə çevirir. Əvvəldə də qeyd etdiyimiz kimi, texniki inkişaf bu gün bütün dünyada terrorçuluğun və cinayətkarlığın yeni formalarını yaratmış, kiberterrorçuluq və kibercinayətkarlıq aktual problem kimi son onilliklərdə özünü daha qabarıq göstərməyə başlamışdır. Bu gün Azərbaycan öz inkişafının, xüsusən təhlükəsizliyin təmini sahəsində həyata keçirdiyi fəaliyyətin elə bir səviyyəsinə çatmışdır ki, istənilən təhdidin qarşısını almağa qadirdir.
Silahlı Qüvvələrin döyüş hazırlığı ən müasir standartlar səviyyəsinə çatdırıldı
Ötən 20 il ərzində respublikamızın təhlükəsizliyini təmin edən sektorun, bu sahəyə cavabdeh olan strukturların səmərəli fəaliyyətini təşkil etmək üçün Prezident İlham Əliyev zəruri tədbirlərin görülməsi istiqamətində çox mühüm qərarlar qəbul etmişdir. Xüsusilə qeyd edilməlidir ki, təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən orqan və qurumlar içərisində ölkəmizin hərbi təhlükəsizliyinin qarantı olan Azərbaycan Ordusunun, bütövlükdə Silahlı Qüvvələrin yüksək döyüş hazırlığına nail olmaq üçün çox səmərəli və məqsədyönlü islahatlar həyata keçirilmişdir.
Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev demişdir: "Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir".
Eyni zamanda İlham Əliyev Vətən müharibəsinə qədər hər zaman açıq şəkildə bildirmişdir ki, əgər Ermənistanla aparılan sülh danışıqları nəticəsiz qalarsa, Azərbaycan güc yolu ilə ərazilərini işğaldan azad edəcəkdir. Bu məqsədlə Prezident Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılmasını xüsusilə diqqət mərkəzində saxlamış, silahlı qüvvələrimizin tərkibini təşkil edən bütün qoşun növlərinin döyüş imkanları aparılan hərbi islahatlarla ən modern səviyyəyə çatdırılmışdır. Bu məqsədlə aparıcı hərbi sənaye kompleksi olan ölkələrlə sıx əməkdaşlıq həyata keçirilmiş, ən müasir döyüşlərin aparılmasına imkan verən hərbi texnikalar qoşunlarımızın arsenalına daxil edilmişdir.
Azərbaycan Prezidentinin modern hərbi quruculuq istiqamətində atdığı məqsədyönlü addımlar, həyata keçirdiyi kompleks tədbirlər qısa zamanda Silahlı Qüvvələrimizi dünyanın ən qüdrətli hərbi güclərinin sırasında qərarlaşdırdı. Hərbi paradlarda xalqımız ordumuzun sürətlə yüksələn döyüş imkanlarına şahidlik etdi.
Ermənistan öz ordusu ətrafında miflər yaradanda, məğlubedilməzlik yalanları uyduranda və danışıqlar prosesini imitasiya edəndə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müasir hərbi çağırışlar əsasında hərbi quruculuq həyata keçirmiş, sülh prosesinin baş tutmayacağı təqdirdə torpaqlarımızın hərbi yolla azad edilməsi üçün etibarlı zəmin formalaşdırmışdır. Zaman Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasət yürütdüyünü təsdiq etdi.
Ərazi bütövlüyümüzün bərpası Azərbaycanın təhlükəsizlik siyasətinin təntənəsidir
Son dövrlərədək Azərbaycanın milli təhlükəsizliyinin əsas problemi və hərbi-geostrateji vəzifəsi artıq keçmişdə qalmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq, respublikamızın pozulmuş ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etmək və bu fonda regionda sülhü və dinc əməkdaşlıq mühitini təmin etməkdən ibarət olmuşdur. Bunun üçün ölkə rəhbərliyi bütün istiqamətlərdə fəal iş aparmış və torpaqlarımızın işğaldan azad edilməsi dövlət siyasətinin mərkəzində dayanmışdır.
Azərbaycan sülh prosesinə sadiq olsa da, Ermənistanda 2018-ci ildə baş verən hakimiyyət dəyişikliyindən sonra iqtidara gələn qüvvələrin yürütdüyü siyasət nəticə etibarilə danışıqların tamamilə mənasız olması, Azərbaycan üçün yeni təhdidlər yaradan hərbi-siyasi fəaliyyətin ortaya qoyulması ilə müşayiət olunmağa başlamışdı. Belə ki, bu ölkənin baş naziri N.Paşinyanın "Qarabağ Ermənistandır, nöqtə" deməsi, Azərbaycana qarşı hərbi ritorikasını gücləndirməsi, ölkəmizə qarşı 7 şərtin irəli sürülməsi, Ermənistanın ozamankı müdafiə nazirinin "Yeni ərazilər üçün yeni müharibə" konsepsiyasından dəm vurması, işğal edilmiş Azərbaycan ərazilərinə Livan və Suriya ermənilərinin köçürülməsi və bu ərazilərdə Ermənistanın yeni hərbi qüvvələr yerləşdirməsi, dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribatın törədilməsi Azərbaycanın təhlükəsizliyi üçün ciddi təhdidlər yaratmaqla hərbi əməliyyatların alovlanma ehtimalının reallığa çevrilməsinə istiqamətlənmişdi.
2020-ci il sentyabrın 27-də Ermənistanın cəbhə xəttində törətdiyi növbəti hərbi təxribatından sonra Azərbaycan Silahlı Qüvvələrinin başladığı hərbi əməliyyatlar cənab İlham Əliyevin qətiyyətli siyasətinin, ordumuzun qüdrətinin, xalqımızın milli həmrəyliyinin göstəricisi olmaqla bərabər, həm də respublikamızın malik olduğu mükəmməl təhlükəsizlik konsepsiyasının təntənəsinə çevrildi. Bu konsepsiyanın əsasında həyata keçirilmiş tədbirlər 44 günlük müharibə zamanı Azərbaycanın həm hərb meydanında, həm də siyasi-diplomatik sahədəki qələbələrinin təməlində dayandı.
Vətən müharibəsindən ötən 3 il ərzində baş verənlər isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Nəyi necə və nə vaxt etmək lazımdır - bunu mən bilirəm" sözlərinin təsdiqidir. 2017-ci ilədək həyata keçirdiyi fəaliyyətlə torpaqlarımızın işğaldan azad edilməsi üçün əlverişli zəmin, etibarlı təhlükəsizlik sistemi formalaşdıran Prezident İlham Əliyev ötən 3 il ərzində hərbi-siyasi uzaqgörənliklə və böyük təmkinlə əzəli torpaqlarımız olan Qarabağda milli suverenliyimizi tam təmin etdi. Üç il ərzində baş vermiş bir neçə mühüm hadisə - Qarabağda həyata keçirilmiş Fərrux, Sarıbaba-Qırxqız və "Qisas" əməliyyatları, Laçında dövlət sərhəd-buraxılış məntəqəsinin yaradılması bizi addım-addım bu məqsədə yaxınlaşdırdı. Bu ilin sentyabrın 19-20-də keçirilmiş Azərbaycan Silahlı Qüvvələrinin növbəti mükəmməl hərbi əməliyyatı olan antiterror tədbirləri nəticəsində isə Qarabağdakı erməni separatizminə birdəfəlik son qoyuldu. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən oktyabr ayının 15-də Xankəndi başda olmaqla, Xocalıda, Əsgəranda, Ağdərədə, Xocavənddə, Sərsəng su anbarı ərazisində Azərbaycan bayrağının ucaldılması, Zəfər Günündə Xankəndidə hərbi paradın keçirilməsi yalnız yaşadığımız dövrün deyil, xalqımızın son bir neçə əsr daxil olmaqla dövlətçilik tarixinin ən böyük hadisələrindəndir.
Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilən və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən respublikamızın milli təhlükəsizlik strategiyasının nüvəsini torpaqlarımızın işğaldan azad olunması təşkil etmişdir. Prezident İlham Əliyevin qətiyyətli siyasətinin və müdrik siyasi-diplomatiyasının nəticəsi olaraq 2020-2023-cü illər ərzində bu vəzifə böyük uğurla yerinə yetirildi. Beləliklə, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması, Qarabağda erməni separatizminə son qoyulması Azərbaycanın təhlükəsizlik siyasətinin ən böyük uğuru və Heydər Əliyev yolunun təntənəsidir.
Ziyafət ƏSGƏROV,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri
Zərdabda narkokuryer saxlanılıb
Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini növbəti dəfə raket hücumuna məruz qoymasından 4 il ötür
Dünyanın “qırmızı mirvarisi” beyni inkişaf etdirir, yaddaşı gücləndirir
Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycan dövlətinin diqqət və qayğısından razıdırlar
Azərbaycan və Kolumbiya vətəndaşlarının qarşılıqlı səfərlərinin sadələşdirilməsi barədə müzakirələr aparılıb
Azərbaycan neftinin qiyməti 81 dolları ötüb
Ermənistanda gərginlik artır
"İnsan hüquqları və dünya dinləri" mövzusunda seminar təşkil olunub
Azərbaycan Prokurorluğunun veteranı Rüstəm Usubovun 70 illik yubileyi qeyd olunub
Köçəri quşlar Azərbaycandan niyə yan uçur?
Mənim Musa müəllimim
Həzin, gülümsər, şıltaq dalğalar
Oncallıda cüt məzar
Xoşbəxtliyimi şagirdlərimin sevincində tapmışam
Zaqatala təkcə qızıl güllər diyarı deyil
Goranboyda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi ilə bağlı düşərgə təşkil olunub
Samuxda Macarıstan Universiteti ilə "AgroDairy" şirkəti arasında memorandum imzalanmışdır
Aqrar sığorta təkmilləşdikcə ona maraq da artır
BƏƏ, Azərbaycan, Braziliya: məqsəd bu "üçlük" arasında körpü salmaqdır
İlham ƏLİYEV: "Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq!"
Şəhid ailələrinin üzvləri Şuşa və Ağdamı ziyarət ediblər
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!