Oktyabrın 19-da Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev BMT Baş Assambleyasının 81-ci sessiyasının altıncı komitəsində çıxışı zamanı müharibə cinayətlərinə görə məhkum edilmiş şəxslərin azadlığa buraxılması ilə bağlı çağırışlara münasibət bildirib. O, çıxışında cəzasızlığa qarşı mübarizə, münaqişə qurbanlarının hüquqlarının və davamlı sülhün təmin olunmasında ədalətin əhəmiyyətini vurğulayıb.
Milli Məclisin deputatı Elman NƏSİROV qəzetimizə açıqlamasında bildirdi ki, son zamanlar müharibə cinayətlərinə görə məhkum edilmiş şəxslərə "siyasi məhbus" adının verilməsi istiqamətində çağırışlar səslənir ki, bu, qəbuledilməzdir. Beynəlxalq hüquqda belə hallara qarşı müvafiq mexanizmlər var. Belə ki, beynəlxalq hüquqda əsas meyar şəxsin hansı siyasi düşərgəyə mənsub olması deyil, onun konkret əməlləri, həmin əməllərin hüquqi təsnifatı və təqsirin qanuni qaydada sübuta yetirilməsidir. "Beynəlxalq humanitar hüquqa görə, müharibə cinayətləri törədən, bunun üçün əmr verən, planlaşdıran və ya müvafiq hüquqi şərtlər daxilində törədilməsinə yardım göstərən şəxslər fərdi cinayət məsuliyyətinə cəlb olunurlar. Eyni zamanda Cenevrə konvensiyaları və beynəlxalq humanitar hüququn digər normaları ciddi pozuntuların araşdırılmasına və məsul şəxslərin müvafiq hallarda cinayət məsuliyyətinə cəlb olunmasına hüquqi əsaslar yaradır. Bəzən münaqişədə iştirak etmiş və ya keçmişdə siyasi, hərbi vəzifə tutmuş şəxslər özlərini ictimai, milli mübarizənin iştirakçıları, siyasi liderlər və ya milli maraqların müdafiəçiləri kimi təqdim edirlər. Belə yanaşmada onların törətdikləri cinayət əməlləri və cinayət ittihamları arxa plana keçirilir. Onların azadlığa buraxılmaları siyasi və humanitar tələb kimi irəli sürülür. Bu, artıq siyasi manipulyasiyadır", - deyə o əlavə etdi.
Deputat qeyd etdi ki, bu, bir aksiomdur ki, yanaşma bir və dəyişməz olmalıdır. Bu məsələdə heç bir ikili standartlardan söhbət getməməlidir. Müharibə cinayətlərinə görə məsuliyyət siyasi simpatiya və ya antipatiya deyil, beynəlxalq hüquq və sübutlar əsasında müəyyən edilməlidir.
Onun sözlərinə görə, ağır cinayətlərə görə cəzasızlığın qarşısının alınması beynəlxalq hüququn mühüm məqsədlərindən biridir və bu istiqamətdə də işlər görülməlidir: "O ki qaldı Qarabağda Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş, əli günahsız insanların qanına batmış və soyqırımı cinayətində iştirak etmiş şəxslərə - onlar Bakıda ədalət məhkəməsi qarşısında cavab verdilər və beynəlxalq hüquq, sübutlar və dəlillər əsasında mühakimə olundular. Onların cinayət əməlləri sübuta yetirildi və hüquqi müstəvidə də cəzalarını aldılar".
E.Nəsirov vurğuladı ki, bu reallıqlar fonunda həmin şəxslərin azadlığa buraxılması, onlara "siyasi məhbus" adının verilməsi ilə bağlı iddialar tamamilə cəfəngiyyat, absurddur və heç bir hüquqi əsası yoxdur.
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"