Prezident İlham ƏLİYEV: "Azərbaycan türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək"
Dünya sürətlə dəyişir, yeni ittifaqlar və güc mərkəzləri formalaşır. Bir zamanlar sürətlə inkişaf edən ölkələrdə iqtisadi artım azalır, bunun əksinə olaraq bəzi dövlətlərdə bu rəqəm dinamik yüksəlməkdədir. Əvvəllər yoxsullar ölkəsi kimi tanınan Hindistan indi yüksək iqtisadi artım tempinə görə dünyada lider dövlətlərdəndir.
İkinci Dünya savaşından sonra formalaşmış birləşmiş Qərb anlayışı da demək olar ki, aradan qalxır. İndi bu bloka məxsus olan ABŞ ilə Avropa arasında dərin fikir və mövqe ayrılığı mövcuddur. Yeni dünya düzənində onların əvvəlki kimi müttəfiq olacağı sual altındadır.
Dünyanın nüfuzlu politoloqlarının fikirlərinə görə, ABŞ-Rusiya qarşıdurması Çinin yüksəlişinə imkan verib. Bir zamanlar SSRİ-yə qarşı gücləndirilən Çin indi ABŞ-nin ən böyük rəqibinə çevrilib. Hazırda okeanın o tayındakı ABŞ Çini cilovlamaq üçün hətta Rusiya ilə müəyyən razılaşmalar əldə etməyə hazır kimi görünür.
Bütün bu geosiyasi proseslər fonunda dünyanın siyasi səhnəsinə Azərbaycanın da daxil olduğu yeni güc mərkəzi - türk dünyası daxil olur. Türk güc mərkəzinin özünəməxsus üstünlükləri var. Məsələn, yeni güc mərkəzi olan Hindistan tək bir ölkədir və o özünə müttəfiqlər axtarışındadır. Ancaq türk dünyasının belə bir problemi yoxdur. Bu ittifaq eyni dilə, tarixi keçmişə və qohumluq əlaqələrinə görə bir çox dövlətləri birləşdirən geniş coğrafiyaya sahibdir. Türk Dövlətləri Təşkilatına (TDT) Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan üzv ölkə statusunda, Macarıstan, Türkmənistan müşahidəçi, Şimali Kipr Türk Dövləti isə qeyri-rəsmi müşahidəçi kimi daxildir. Bununla yanaşı, Pakistan və Rusiyanın da hansısa bir formada həmin təşkilata qoşulmaq barədə rəsmi və ya politoloqlar səviyyəsində fikirlər səsləndirilir.
TDT-nin qarşıdakı illərdə qlobal siyasətin formalaşmasında əsas söz sahiblərindən biri olacağı şübhəsizdir. İkinci Dünya müharibəsindən sonra formalaşmış Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumların fəaliyyətinin yenidən dizayn edilməsi fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "dünya 5-dən böyükdür" ifadəsi sadəcə olaraq pafosla söylənən bir şüar deyil, yeni dünya düzənində türk dünyasının söz sahibi olacağı barədə etdiyi ciddi xəbərdarlığıdır. Çünki qeyd etdiyimiz kimi, TDT-nin yeni güc mərkəzi kimi bir çox üstünlükləri var. Dünyanın ən işlək ticarət marşrutu türk dövlətlərinin ərazisindən keçir. Qlobal ticarətin sabitliyi və təhlükəsizliyində bu region ölkələri vacib rol oynayır. Üstəlik, dünya bazarının enerji resursları ilə təminatında təşkilata daxil olan ölkələrin xüsusi payı var. Təşkilata daxil olan Qazaxıstan, Azərbaycan, Türkmənistan və Özbəkistan kifayət qədər zəngin enerji resurslarına sahibdir. Bundan başqa, Qazaxıstanla Özbəkistan dünyanın ən zəngin uran yataqlarına malikdir. Müasir dövrdə isə texnologiyaların inkişafı atom elektrik stansiyalarına olan marağı artırıb. Onu da vurğulayaq ki, atom enerjisi "yaşıl enerji" sayılır, üstəlik, maya dəyəri aşağı olan enerji növü hesab edilir. Bunlardan əlavə, Qazaxıstan zəngin neft, qaz, kömür yataqlarına, həmçinin böyük həcmdə mis, sink, xrom mədənlərinə də sahibdir. Azərbaycan isə zəngin neft və qaz ehtiyatları ilə yanaşı, enerji daşıyıcılarını dünya bazarına çıxaran BTC, TANAP kimi magistral tranzit layihələrində əsas mövqeyə malik ölkədir. Hələ onu demirik ki, Mərkəzi Asiyada əhalinin sayına görə birinci olan Özbəkistan qızıl istehsalına görə dünyada ön sıradadır, zəngin qaz, uran və mis yataqlarına sahibdir. Bu ölkənin qonşusu olan Qırğızıstan da dünyanın zəngin qızıl yataqlarına sahib olan ölkələr sırasındadır. Türkiyə müəyyən səbəblər üzündən özünün zəngin təbii sərvətlərindən istifadə edə bilməsə də, indi ölkədə təbii sərvətlərdən istifadə və yeni yataqların kəşf edilməsi istiqamətində mühüm işlər görülür. Qardaş ölkə müasir dünyada ən çox ehtiyac duyulan zəngin bor mineralı ehtiyatına, xrom, maqnezium yataqlarına malikdir. Türkiyədə əhalinin rifahında, sənayenin inkişafında ən böyük problem neft və qazın idxalından asılıdır. Bu gün qardaş ölkə Qara dənizdən qaz, qurudan isə neft hasilatına başlayıb. Bu da ölkəyə ixracdan asılılığı müəyyən qədər aradan qaldırmağa imkan verir.
175 milyondan artıq əhalisi olan TDT-də ötən il 1 trilyonluqdan çox ümumi daxili məhsul istehsal olunub. Onu da vurğulayaq ki, bu quruma daxil olan ölkələrdə iqtisadi artım tempi ortalama 5,4 faizdir.
Türk dünyasının formalaşmasında, onu qlobal geosiyasətdə mühüm güc mərkəzi kimi formalaşmasında Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət önəmli rol oynayır. Dövlətimizin başçısı dəfələrlə bəyan etmişdir ki, türk dünyası müstəqil güc olması üçün daha sıx inteqrasiya olunmalıdır. İlham Əliyev bu təşkilatın qardaş xalqların bir araya toplamasındakı xidmətləri yüksək qiymətləndirərək demişdir: "Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinə, türk xalqları arasında həmrəyliyin daha da möhkəmlənməsinə böyük töhfə vermişdir. Azərbaycan türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Qardaşlığımız əbədidir".
Rüstəm KAMAL,
"Azərbaycan"