Azərbaycanda əhalinin məşğulluğunun təmin edilməsi prioritetlər sırasında olan, bu səbəbdən də gündəmdən düşməyən məsələdir. Bu, Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin, eləcə də həyata keçirilən sosial islahatların ayrılmaz hissəsini təşkil edir.
21 ildən çoxdur ki, regionların tarazlı inkişafı bölgələrdə çoxsaylı və müxtəliftəyinatlı müəssisələrin açılmasına imkan verib. Bu da istər rayon mərkəzlərində, istərsə də kəndlərdə yaşayan insanların öz məşğulluq problemini həll etməsi ilə nəticələnib. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına yönəldilən I Dövlət Proqramının icrasına start veriləndən üzübəri bu sahədə ardıcıl tədbirlər həyata keçirilir. Qeyri-neft-qaz sektorunun getdikcə irəliləməsi, iqtisadiyyatın diversifikasiyası və prioritet sahələrə irihəcmli investisiyaların yatırılması qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsinə, istehsal və emal müəssisələrinin fəaliyyətə başlamasına zəmin yaradır.
Statistik rəqəmlərə müraciət edək. Bu il fevralın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 384,9 min nəfər olub, onlardan 5 milyon 105,6 min nəfərini məşğul əhali təşkil edib. Yanvarın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 808 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 865,8 min nəfər, qeyri-dövlət sektorunda isə 942,2 min nəfər olub. İqtisadiyyatın neft-qaz sektorunda 30,5 min, qeyri-neft-qaz sektorunda isə 1 milyon 777,5 min nəfər çalışıb.
Təkcə keçən il ölkədə 102,5 min yeni iş yeri açılıb. Bunların böyük bir hissəsi yeni yaradılan müəssisələri əhatə edir. Yeni müəssisələrin də bir çoxu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında açılıb. İşğaldan azad olunmuş ərazilərimizə hər səfəri zamanı Prezident İlham Əliyev yeni müəssisələrin açılışını edir və təməlini qoyur. Belə ki, keçən il sözügedən ərazilərdə "Xankəndi-1" elektrik yarımstansiyası, Ağdam rayonunda Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim Tədris Kompleksi, tütün məmulatlarının istehsalı müəssisəsi, Dəmir Yolu və Avtovağzal Kompleksi, metal elektrik dirəklərinin istehsalı müəssisəsi, Cəbrayıl rayonunda "Şəfəq" Günəş-Elektrik Stansiyasına gedən avtomobil yolu, Xocalı rayonunda "Xocalı" yarımstansiyası, heyvandarlıq kompleksi, kərpic zavodu, ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsi, Kəlbəcər rayonunda üç kiçik su-elektrik stansiyası və bir sıra digər müəssisə, sosial və infrastruktur obyektləri istifadəyə verilib.
Lakin yeni müəssisələr yalnız işğaldan azad olunmuş ərazilərimizi deyil, digər şəhər və kəndlərimizi də əhatə edir. 2025-ci ildə dövlətimizin başçısının iştirakı ilə Mingəçevirdə açılan "8 Noyabr" Elektrik Stansiyasının tikinti-quraşdırma işlərində 2500-dən çox yerli və xarici mütəxəssis çalışıb. Stansiya fəaliyyətə başlayandan sonra da burada onlarla yerli sakin daimi iş yeri ilə təmin olunub.
Keçən il Prezident İlham Əliyevin Sumqayıtda açılışını etdiyi tikinti kimyəvilərinin istehsalı zavodunun onlarla işçisi var. Növbəti mərhələdə onların sayı daha da artacaq. Sumqayıtda açılan yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodunda da bir çox yerli sakinlər öz məşğulluq problemini həll edib.
Ötən il dövlət başçısının İsmayıllı rayonuna səfəri çərçivəsində açılan "Coca-cola" istehsalı müəssisəsinin də 100-dən çox işçisi var. Bu siyahını əlbəttə uzatmaq da mümkündür. Fikrimizi Dövlət Statistika Komitəsinin keçən il yaradılan yeni iş yerlərinə aid açıqladığı digər rəqəmlərlə tamamlayaq.
Bu dövrdə yaradılmış iş yerlərinin 91,1 faizi qeyri-dövlət sektorundadır. Yeni açılmış iş yerlərinin 76,5 faizi Bakı şəhərinin, 0,7 faizi Naxçıvan Muxtar Respublikasının, 22,8 faizi digər regionların, o cümlədən 6,6 faizi Abşeron-Xızı, 2,7 faizi Şəki-Zaqatala, 2,5 faizi Quba-Xaçmaz, 2,3 faizi Qarabağ, 2,1 faizi Gəncə-Daşkəsən, 1,7 faizi Şirvan-Salyan, 1 faizi Lənkəran-Astara, 1 faizi Mərkəzi Aran, 0,8 faizi Qazax-Tovuz, 0,8 faizi Şərqi Zəngəzur, 0,7 faizi Dağlıq Şirvan və 0,6 faizi isə Mil-Muğan iqtisadi rayonlarının payına düşüb.
Yeni iş yerlərinin 9,3 faizi yeni açılmış, 89,7 faizi mövcud, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faizi digər tədbirlər üzrə yaradılıb.
Bununla yanaşı, 2025-ci il ərzində ölkədə 13 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 44,5 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 21,6 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 78,4 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar bağlanıb.
Əlavə edək ki, əhalinin işlə təmin olunması sahəsində özünüməşğulluq da özünə geniş yer alır. Özünüməşğulluq vətəndaşlar üçün əlverişli qazanc formasıdır. Belə ki, hər ailənin öz büdcəsi olur, bunun sayəsində də insanlar müəyyən iş qura bilirlər. Əlbəttə, dövlətin köməyi ilə. Bu proqram insanların dolanışığını yaxşılaşdırmaqla yanaşı, iqtisadi inkişafa təkan verir. Əhalinin məşğulluğunun təmin olunması istiqamətində atılan uğurlu addımlardan biri də ictimai iş yerlərinin yaradılmasıdır. Prezidentin tapşırığı ilə bu proqramların icrası zamanı şəhid ailələrinə və qazilərə üstünlük verilir.
Keçən ilin 11 ayında 530 mindən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb edilib ki, bunlardan da 16,5 min nəfəri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə biznesi yaradılıb. Ümumilikdə ötən dövrdə 111 min şəxs özünüməşğulluq proqramına cəlb edilib, proqramın dəstəyi ilə onlar üçün kiçik ailə təsərrüfatlarının qurulması təmin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan "Məşğulluğa dəstək layihəsi" özünüməşğulluq proqramının genişlənməsinə, həssas əhali qruplarının kiçik biznesə çıxışına mühüm dəstəkdir. Bu layihəyə cəlb olunaların sayı I faza üzrə (2020-2025-ci illər) 26,7 min nəfər təşkil edib. Layihənin 2026-2029-cu illər II fazası üzrə daha 30 min şəxs üçün istehsal və xidmət sahələri üzrə kiçik bizneslər yaradılacaq.
Flora SADIQLI,
"Azərbaycan"