Ölkə rəhbərliyinin daimi diqqəti altında ötən 20 il ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, strateji planlaşdırma sənədlərinin hazırlanması, ərazi planlaşdırılmasının müasir prinsiplər əsasında qurulması, idarəetmə mexanizmlərinin gücləndirilməsi və rəqəmsal transformasiya istiqamətində ardıcıl və məqsədyönlü işlər həyata keçirilib. Şəhər və kənd məkanlarının tarazlı inkişafının təmin olunması, son 5 ildə isə postmünaqişə dövründə yeni yaşayış məntəqələrinin salınması, müasir və dayanıqlı məkan modelinin formalaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə edilib. Bu günədək ölkəmizin 79 şəhərindən 67-nin Baş planı təsdiq olunub, qalan şəhərlərin planlarının yenilənməsi üzrə işlər davam edir.
AZƏRTAC xəbər verir ki, bunu "Təməl" memarlıq mükafatının təqdimetmə mərasimində çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.
N.Hümmətov bildirib ki, Qarabağ və Şərqi Zəngəzur regionunda yerləşən 12 şəhərdən 8-nin Baş planı artıq təsdiqlənib: "Təsdiq olunan hər bir Baş plan, tətbiq edilən hər bir innovativ alət və reallaşdırılan hər bir layihə gələcək nəsillər üçün daha təhlükəsiz, rahat və insanmərkəzli yaşayış mühitinin möhkəm təməlini qoyub. Dövlətimizin bu siyasətinin mərkəzində məhz insan, onun rifahı, təhlükəsizliyi və keyfiyyətli həyatı dayanır.
2025-ci il həmin strategiyanın real nəticələrlə zəngin olduğu bir il kimi yadda qaldı. İl ərzində 7 Baş planla yanaşı, 363 şəhərsalma əsaslandırılması təsdiq olunub. Göytəpə, Laçın, Qovlar, Qubadlı, Liman, Astara və Xudat şəhərlərinin Qarabağ və Şərqi Zəngəzurda 18 yaşayış məntəqəsi üzrə ərazi sənədləri təsdiqlənib, Gəncənin Baş planı son mərhələyə çatdırılıb və təsdiq olunması üçün bu il artıq Nazirlər Kabinetinə təqdim edilib, Xocalının Baş planı üzrə razılaşdırma davam edir. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Ümumi planı və digər şəhərlərin Baş planları üzərində işlər ardıcıl şəkildə aparılır.
Xüsusilə vurğulamaq istərdim ki, azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işləri Azərbaycanın şəhərsalma tarixində yeni mərhələdir. Qarabağ və Şərqi Zəngəzurda salınan şəhər və kəndlər enerji səmərəliliyi, ekoloji dayanıqlılıq və insanmərkəzli planlaşdırma prinsipləri əsasında qurulur".