Ümummilli Lider Heydər Əliyev 22 il əvvəl - 13 avqust 2001-ci ildə milli-mənəvi dəyərlərin qorunması haqqında bəyanat vermişdir
Bu bəyanat indi də çox aktualdır, dəyəri, tarixiliyi və gərəkliliyi ilə həyatımızın qaranlıq tərəflərinə işıq salır. İmperiya buxovundan xilas olmaq və azadlıq arzusu ilə yaşamaq istəyən xalqımız 1991-ci ildə öz tarixi müstəqilliyinə qovuşduqdan sonra qəribə mənzərələrlə üzləşdi. Üçrəngli bayrağı başının üzərində gəzdirərək kreslo davasına qalxanların, erməni işğalının qarşısını almaq əvəzinə xalqın sərvətinə göz dikənlərin sayı artdıqca mənəviyyatla mənəviyyatsızlıq üz-üzə dayandı.
Adət-ənənəyə, milli mentalitetə bağlı insanlar - sinəsi orden və medallı Böyük Vətən müharibəsi iştirakçıları, müxtəlif fəxri adlara, mükafatlara layiq görülmüş dövlət xadimləri, elm adamları bəziləri üçün "köhnə"liyin qalıqlarına çevrildilər. 1945-ci ilin 9 May kimi tarixi gününü "unutdular", sovet dönəmində min bir əziyyətlə qazanılmış fəxri adlara, orden və medallara, titullara qulp qoydular. "Başbilənlərin "uzaqgörənliyi" hesabına texniki-peşə məktəbləri fəaliyyətlərini dayandırdı, kitabxanalar marketə çevrildi, dağıdıldı, kitab mağazaları çayxana, kafe, dönərxana ilə əvəzləndi. Yay və qış kinoklubları xüsusən də bölgələrdə su qiymətinə kimlərəsə hədiyyə verildi... Cəmiyyətdə özbaşınalıq, idarəetmədə xaos, böyük-kiçik saymazlığı, milli-mənəvi dəyərlərə qarşı çıxmaq ədalətsizliyə yol açdı.
Bu kimi bir çox xoşagəlməz hadisələrilə yaddaşlara köçmüş XX əsrin sonları və XXI əsrin əvvəlləri Azərbaycan qadınlarını da çox sınaqlara çəkdi. Onların taleyinə şəhidlik, qaçqınlıq, didərginlik yazıldı. Qadınlarımız şəhid anası, şəhid bacısı, şəhidin dul qadını oldular. Gənc qızlarımız, qadınlarımız özləri şəhidliyə qovuşdular, mənəviyyatını, şərəf və ləyaqətini qorumaq üçün bəziləri özlərini qayadan atdılar...
Tarixin belə bir mürəkkəb mərhələsində xalqımızı çaşqın və çıxılmaz vəziyyətdən Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra xilas etdi. Ümummilli Lider həyatımızın bütün sahələrində əsaslı dəyişikliklər etdi. 13 avqust 2001-ci il tarixli məşhur bəyanatı isə insanları bir daha əmin etdi ki, demokratiya ilə anarxiyanı qarışdıranlara və yaxud da onu qəsdən dəyişik salanlara cəmiyyətimizdə yer yoxdur. Onlara düz yol göstərmək lazımdır. Dünənini bilmədən bu gün yaşamaq mümkün olsa da, sabaha addımlamaq mümkünsüzdür. Ümummilli Lider bəyanatda qeyd edirdi: "Mən dəfələrlə demişəm, heç kəsə damğa vurmaq olmaz. Heç kimi keçmiş səhvlərinə görə cəmiyyətdən təcrid etmək olmaz. Əgər bir adam dünən səhv etmişdirsə, yolunu azmışdırsa və bu gün düz yolla gedirsə, xalqla birlikdədirsə, qanuna riayət edirsə, - buna söz yoxdur". Ulu Öndər bunları deməklə bir vaxtlar özünü demokrat, yenilikçi adlandırmaqla xalqın keçmişinə arxa çevirənlərin, ilk növbədə yenilikçi "bəy"lərin fikirlərinə tuş gələn xalqın keçmişini, ümidlərini özünə qaytardı.
Ulu Öndər o zaman ictimaiyyətlə görüşlərində, rəsmi tədbirlərdə dönə-dönə xatırladırdı: "Hər bir millətin tarixi inkişafı, qarşıya qoyduğu hədəflərə yetişmək əzmi, ilk növbədə onun malik olduğu milli-mənəvi dəyərlərindən qaynaqlanır. Zəngin əxlaqi keyfiyyətlərini, milli "mən"ini qorumağı bacaran xalq gələcək varlığını düzgün müəyyənləşdirir, dünya miqyasında layiqli yerini, mövqeyini təmin edir". Bu həqiqəti ciddiliklə diqqətə çatdıran böyük şəxsiyyət Heydər Əliyev Azərbaycan xalqının zəngin milli-mənəvi irsini, tarixini, mədəniyyətini, dilini, bir sözlə, özünəməxsusluğunu şərtləndirən dəyərlərini qorumağa çalışmışdır. Zəngin dövlətçilik təcrübəsinə malik Ulu Öndər həmişə vurğulayırdı ki, Azərbaycan xalqının əsrlərboyu əldə etdiyi mənəvi dəyərlər onun milli mədəniyyətindən, əxlaqından, adət-ənənələrindən və digər insani keyfiyyətlərdən ibarətdir. Bu mənada 13 avqust 2001-ci il tarixli bəyanatı sadalanan keyfiyyətlərin cövhəri adlandırmaq olar. Ötən 22 ilin müşahidələrindən məlum olur ki, bu tarixi bəyanat xalqımızın milli mentalitetinin, milli-mənəvi varlığının ən yaxşı dəyərlərinin qorunması məqsədinə xidmət etməklə, gənc nəslin tərbiyəsində böyük əhəmiyyətə - ilk növbədə mənfi təsir göstərən neqativ amillərin aradan qaldırılmasına xidmət etmişdir. Ulu Öndər həmin bəyanatında o zaman mətbuat orqanlarında baş alıb gedən özbaşınalıqlara, əxlaqımıza, milli-mənəvi dəyərlərimizə yad olan amillərə təhlükə törədə biləcək yazılara çox kəskin münasibət bildirmişdi.
Zəngin dövləti idarəetmə təcrübəsinə malik olan Heydər Əliyevin 13 avqust 2001-ci il tarixli milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı çağırışları, eləcə də həmin ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayında söylədiyi nitqi çox ibrətamiz olmaqla hər bir Azərbaycan vətəndaşının şüarına çevrilmişdir. Ulu Öndər böyük şərafət və qürur hissi ilə demişdir: "Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik". Heydər Əliyev öz müdrik siyasəti ilə əsrlər-boyu formalaşmış Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək keyfiyyətcə yeni müstəviyə keçirmişdir.
Bütün bunlar onu deməyə əsas verir ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində milli-mənəvi dəyərləri qorumaq və yaşatmaqla Azərbaycanda dövlət müstəqilliyi ildən-ilə möhkəmləndirildi, respublikamızda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi daha da sürətlə inkişaf etdi. Ulu Öndər qısa zamanda dövlətçiliyin xilasına, ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının möhkəmlənməsinə, iqtisadi tənəzzülün qarşısının alınmasına nail oldu, həm də milli-mənəvi, əxlaqi dəyərlərin deqradasiyası təhlükəsinin qarşısını aldı.
Ulu Öndər Azərbaycan Milli Elmlər Akademiyasında alimlərlə görüşdü, Azərbaycanın humanitar və ictimai elmlərinin yeni dövrün tələblərinə uyğunlaşdırılması, azərbaycançılıq ideologiyasının inkişafı ilə bağlı elmi ictimaiyyət qarşısında yeni tələblər müəyyənləşdirdi.
Ulu Öndər tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərmiş, milli düşüncənin düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus ənənə və dəyərləri qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır. Bu gün hər bir azərbaycanlının yaddaşına əbədi həkk olunaraq "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" söyləyən Ulu Öndər qəti şəkildə bildirmişdir: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq". Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur.
Ümummilli Liderin yolunu, yürütdüyü siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının apardığı məqsədyönlü siyasət və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı ilə respublikada qeyri-maddi irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə silsilə tədbirlər həyata keçirilir. Son illər Azərbaycanın milli-mənəvi dəyərlərə söykənən tədbirlərə, simpoziumlara, festivallara və s. beynəlxalq yığıncaqlara evsahibliyi etməsi bunun bariz nümunəsidir.
Dövlət quruculuğu məsələlərində Ulu Öndərin siyasi kursunu, ideyalarını əsas götürən Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyətin, mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı istək və tələbləri çağdaş dövrün reallıqları ilə şərtlənir. Bütün bunlar qədimlərdən bizə gəlib çatan müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, azərbaycançılıq və türkçülük məfkurəsinin, əxlaqının, adət-ənənəsinin dünyada təbliği və qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir.
Prezident İlham Əliyev istər daxili, istərsə də xarici siyasətdə xalqın milli mədəniyyətinin və mənəviyyatının qorunub saxlanılmasına, inkişafına üstünlük vermişdir. Erməni işğalından azad edilmiş bölgələrimizdə, xüsusən də Şuşada mədəni irsə və milli-mənəvi dəyərlərlə bağlı tarixi abidələrə, habelə inanc yerlərimizə olan qayğı qürur doğurur. Mədəniyyət və incəsənət işçilərinin - rəssamların, heykəltaraşların, eləcə də yazıçı və şairlərin problemlərinin diqqət mərkəzində saxlanması, onların iş şəraitinin yaxşılaşdırılması məqsədilə görülən tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Bu təbəqədən olan insanların dövlət səviyyəsində təntənəli yubiley mərasimlərinin keçirilməsi, onların sosial durumunun yaxşılaşdırılması istiqamətində konkret addımların atılması, o cümlədən mədəniyyət və incəsənət xadimlərinə fərdi Prezident təqaüdlərinin verilməsi bu siyasətin mühüm tərkib hissəsidir.
Görkəmli ictimai-siyasi xadimlərin və politoloqların fikrincə, milli dövlətçilik dəyərlərinin əsasını sağlam cəmiyyət təşkil edir. Sağlam mənəviyyatlı, yüksək bilikli insanlardan ibarət cəmiyyət qarşıya çıxan bütün problemləri asanlıqla həll edir, monolit qüvvə kimi fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin elmin, təhsilin, mədəniyyətin inkişafını sürətləndirən, savadlı və sağlam cəmiyyət quruculuğuna təminat yaradan onlarca fərman və sərəncamları, imzaladığı dövlət proqramları yetişməkdə olan gənc nəslin mənəvi bütövlüyünə, kamilliyinə, vətənpərvərliyinə və saflığına, habelə qlobal miqyaslı yad təsirlərə qarşı müqavimətin göstərilməsinə hesablanmışdır.
Ümummilli Lider Heydər Əliyev 13 avqust 2001-ci il tarixli milli-mənəvi dəyərlərin qorunması haqqında bəyanatı ilə əlaqədar ölkəmizdə klassik irs və milli-mənəvi dəyərlərin yaşadılması və təbliği istiqamətində həyata keçirilən tədbirlərdə Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. Birinci-vitse prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt məhz milli genefondun, milli-mənəvi irsin qorunmasıdır.
Ümummilli Lider Heydər Əliyevin ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən ölkə Prezidenti İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasətin əsasında xalqın milli-mənəvi dəyərləri, mədəni və elmi-intellektual potensialının gücləndirilməsi durur. Bu potensial dünyanın ümumi həyatının rəhnidir və hər bir millətin gələcəyində, dövlətin qabaqcıl ölkələrlə eyni hüquqi səviyyədə yaşayıb inkişaf etməsində mühüm amildir.
Rəhman SALMANLI,
"Azərbaycan"