09 Aprel 2026 09:15
218
CƏMİYYƏT
A- A+
Milli-mənəvi dəyərlərin dəyərsizləşmə təhlükəsi

Milli-mənəvi dəyərlərin dəyərsizləşmə təhlükəsi


Son günlər ölkə televiziyalarında bəzi verilişlərin, şou əhlinin efirə çıxmasına qoyulan qadağalar bizi təkrar milli-mənəvi dəyərlər haqqında düşünməyə, cəmiyyətdə yaranan sualların məntiqli cavabını araşdırmağa vadar edir. Hansısa televiziyanın reytinqini qaldıran, hətta onun işçilərinin əməkhaqqına müsbət təsir göstərən verilişlər cəmiyyət üçün nə dərəcədə ziyanlıdır?! Doğrudanmı 1-2 saatlıq bir şou proqramla mübarizə aparmaq dövlət üçün bu qədər əhəmiyyətlidir?! Cavabın birmənalı şəkildə müsbət olduğunu əsaslandırmaq üçün bu verilişlərin qənim kəsildiyi milli-mənəvi dəyərləri təhlil edək. 

Ölkə prezidenti İlham Əliyevin 24 fevral 2024-cü ildə andiçmə mərasimində qeyd etdiyi kimi, "milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir." Bu fikirdə açar məqamlardan biri də məhz "bizim əlimizdə" kəlməsidir. Bəs əlində belə bir imkanı olan hər vətəndaş bu məsuliyyəti dərk edirmi?! Gündəmi məişətin bəsit söz-söhbəti ilə zəbt edən, bir fərdin məntiqsiz tələblərini xalqın qlobal problemi səviyyəsinə qaldıran və özünə hər cəhdlə haqq qazandırmağa çalışan TV verilişləri də bunu anlayırmı?! Vandalizmi özünüifadənin şah əsəri kimi qəbul edib Nizami Kino Mərkəzinin divarlarını korlayan yeniyetmələrin valideynləri, müəllimləri də bu məsuliyyətin miqyasını təsəvvür edirlərmi?!  

 

Milli kimlik - xalqın varlıq şərti kimi


Bir xalqın milli kimliyinin, tarixdəki imzasının, onu digər xalqlardan fərqləndirən unikallığının formalaşması əsrlərlə davam edən prosesdir. Bir tərəfdən, xalqın keçdiyi inkişaf yolu - dinc zamanlarda yazıb-yaratması, çiçəklənməsi, müharibələrdə itkilər verib, əsarətə düşməsi, təkrar müstəqillik qazanıb, öz dövlətini yaratmaq üçün ayağa qalxması, mübarizələr aparması, digər tərəfdən, dövrün inikası olan folklor, mütəfəkkirlərin, sənətkarların ruhu ilə yoğurduğu əsərləri - bunların hamısı milli-mənəvi xəzinəyə əlavə edilən dəyərlər, qiymətsiz var-dövlətdir. Bu xəzinə nə qədər dolu, zəngin olarsa, bir o qədər millətin qaməti şax, özünəinamı sabit olar. Onda illərin keşməkeşləri ona "yelin qayaya vurduğu qədər" ziyan verər. Və əvəzində təcrübəsini zənginləşdirər, tarixinin şərəfli səhifələrinin sayını artırar. Bu səbəbdən, o dəyərlərin məsuliyyətsizcə israfı, məhvi bilavasitə millətin çöküşünə, manqurtlaşmasına gətirir. 

Milli-mənəvi dəyərləri qorumaq əsrlər boyu miras kimi xalqın aparıcı və qoruyucu qüvvələrinə - xalqın liderlərinə, ziyalılarına, qəhrəman övladlarına ötürülür. Bu prizmadan baxanda, Ulu Öndər Heydər Əliyevin sözlərinin əsl mahiyyəti də açılır: "Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir". 20 Yanvardan tutmuş Aprel döyüşlərinə qədər xalqın taleyində dövlət başçısının rolunu və fəaliyyətini araşdıran bir kitabda deyildiyi kimi: "Bir milləti ən rəzil, yazıq vəziyyətə salan da, onu millətlər arasında ən uca bir zirvəyə qaldırıb, haqqında dastan qoşduran da onun lideri, qəhrəmanıdır." Bunu isə xalqın lideri məhz milli kimliyə, yüksək mənəviyyata söykənməklə edə bilir. 

Milli-mənəvi dəyərlər yəqin ki, ölkənin müstəqilliyi, sərhədlərin toxunulmazlığı ilə müqayisə edilə bilər - hər ikisi çoxluq, xaos arasında xalqı qoruyan amillərdir. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi, "Ailə dəyərləri, bizim milli-mənəvi dəyərlərimiz, ənənələrimiz, bizim mədəniyyətimiz, tariximiz - bütün bunlar Azərbaycan xalqını qorumuşdur". Əslində, bu sözlərdə həm dövlət siyasəti, həm milli inkişafın prioritet istiqamətləri, həm də dördüncü hakimiyyət kimi medianın prinsipləri öz əksini tapır. 

Artıq bir neçə ildir ki, Azərbaycan keçid mərhələsindən çıxıb yüksək inkişaf etmiş ölkələrlə ayaqlaşır, bərabər layihələrə imza atır. Sürətlə bir-birini əvəz edən tarixi hadisələr də göstərir ki, Azərbaycan artıq postsovet - keçmiş imperiyanın tələblərini yerinə yetirməyə məcbur edilən bir respublika yox, dünyaya öz dəyərlərini göstərən, öz fikrini, mövqeyini diktə edən, nümunə olan, super dövlətlərin də hesablaşdığı bir ölkədir. Ən vacibi isə, maddi gəlirini insan kapitalına çevirən bir siyasət yürüdür. Bütün bunlar ondan güc tələb edir, güc isə daxildən qaynaqlanmalı, milli-mənəvi dəyərlərdən qidalanmalıdır ki, super güclər, qlobal axınlar onu öz ölçüləri çərçivəsinə salıb təhrif etməsin.  


TV proqramlarının prinsipləri və mənəvi dəyərlər


Xalqa təqdim edilən proqramların, təbliğ edilən ideyaların müəllifi öz subyektiv mövqeyindən çıxış etsə də, mütləq dövlətin, xalqın varlığı üçün zəruri olan prinsipləri nəzərə almalıdır. Azərbaycanın ən yeni tarixi müxtəlif hadisələrlə, qəhrəmanlıq, acı günlərlə, hətta varlığı üçün təhlükə yaradan məqamlarla zəngindir. Bu proseslərin nəticəsi olaraq hazırda Azərbaycan müstəqildir. Dünyaya açılan, demokratiyanı əsas istiqamət kimi qəbul edən bir dövlət nəticədə yeni bir problem ilə üz-üzə qalıb: azadlıqdan sui-istifadə. Varlıq, mövcudluq yalnız azadlıq üzərində bərqərar deyil. Tanınmış psixoloq Viktor Franklın da dediyi kimi, "varlığın üç ekzistensiyası var: mənəviyyat, azadlıq və məsuliyyət". Bu isə o deməkdir ki, bunlardan birini əskik etsək, digər ikisi də nəinki naqis qalar, hətta ziyan verər. 

Hər hansı imperiyanın tərkibində olmaq yalnız bəlli bir ideologiya çərçivəsində yazıb-yaratmaq, düşünmək deməkdir. Bununla yanaşı, imperiya öz maraqları naminə səni böyük informasiya selindən, müəyyən mənada qlobal təhlükələrdən də təcrid edir. Azadlıq məhz onlarla üz-üzə gəlmək və onların altında əzilməmək deməkdir. Məhz buna görə də azadlıq məsuliyyət və mənəviyyatla silahlanmalıdır. Məsuliyyət özündə güclü biliyi, geniş dünyagörüşünü, düzgün təhlil bacarığı və məntiqli nəticə çıxarmaq qabiliyyətini ehtiva edir. Mənəviyyat isə bütün bunları milli ruh və kimlik zəminində həyata keçirməyi özündə cəmləşdirir. Filosoflar təsadüfən demirlər ki, "azadlıq dərk edilən zərurətdir" və bununla azadlığın insanın daxilində doğulub, formalaşıb güc aldığını vurğulayırlar. Belə olan halda, televiziyalarda ailədaxili münaqişələr baş mövzuya çevrilmir, əxlaqsızlıq istedad kimi təqdim edilmir, yeniyetmələrin tarixi binaların üzərindəki vandalizminə uşaqlıq həvəsi, sənətə cəhd, azad ruhun ifadəsi kimi haqq qazandırılmır. Dövlət başçısının da vurğuladığı kimi, "Bizi xalq kimi, millət kimi əsrlər boyu qoruyan, assimilyasiyadan qoruyan bizim dəyərlərimiz olub. Ana dilimiz, ədəbiyyatımız, incəsənətimiz və milli şüurumuz. Bunu biz heç vaxt itirə bilmərik, heç vaxt! Deməli, həqiqi azadlıq dərin köklərimizdən imtinada, yad qüvvələrə kor-təbii təqliddə deyil, düzgün dərk edilən milli-mənəvi dəyərlərimizdə, güclü intellektimizdə ehtiva olunub. 

Bunları nəzərə alaraq TV proqramları üçün vacib olan və tez-tez pozulan bir neçə prinsipi təhlil edək.

Tamaşaçı kontingentinin nəzərə alınması. Söhbət əhalinin fərqli təbəqələrini nəzərə alaraq, onların maraqlarının və efir saatlarının düzgün təyin edilməsindən gedir. Bu verilişlərin məqsədi üç cür olmalıdır: a) öyrətmək və maarifləndirmək, b) əyləndirmək və xaosdan yorulan düşüncələri sakitləşdirmək, c) dünya hadisələrindən tutmuş regional səviyyəyə qədər informasiya ilə təmin etmək. 

Burada bir qızıl qayda var: dövlətin ali qanunlarına, dəyərlərinə hörmət heç bir şəkildə pozula bilməz! 

Bu prinsipdə daha bir görünməz fakt isə nəsillər arasındakı mənəvi bağın qorunmasıdır. Söhbət yalnız ailə dəyərlərindən deyil, ümumiyyətlə, cəmiyyətdəki qarşılıqlı münasibətdən gedir. TV proqramları xalqın mənəvi dəyərləri üzərində qurulmalıdır, onları bir fərdin, bir ailənin məişət çərçivəsində təqdim etmək yerinə, fərdləri, hadisələri həmin dəyərlər işığında təhlil etməli, qərarlar verməlidir. Ulu Öndərin məşhur bir kəlamında deyilir: "Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydirlər". Bu sözlər bir daha təsdiq edir ki, hər kəsin evində ailə üzvü kimi yeri olan televiziyalarda mənəviyyat, milli kimlik öndə durmalı, ondan kasad olan, onu maddi gəlirə - reklama, reytinqlərə qurban verən şəxslərin üzünə isə verilişlər birmənalı şəkildə bağlanmalıdır. 

Mövzuların təyini. Mənəviyyatın düşməni cəhalətdir, çünki heç bir mütəfəkkir sahəsindən, zamanından asılı olmadan öz görüşlərində mənəviyyatsızlığa çağırmayıb. Antik dövrdə Miletli Fales deyirdi ki, "zahirini yox, mənəviyyatını gözəlləşdir," Orta əsrlərdə Şərq müdriki Ömər Xəyyam isə tövsiyə edirdi ki, "qaranlıq dünyada yalnız mənəvi zənginlik həqiqidir və dəyərsizləşməz". Televiziyalardan yığışdırılan və qadağan edilən verilişlər, əslində, zahiri parıltıya - maddi gəlir, müvəqqəti populyarlıq - bürünən cəhalətdir; divarlara yazılan mənasız sözlər, əslində, həmin şəxslərin boş mənəviyyatının, zəif intellektinin, milli kimliyinə olan laqeydliyin ifadəsidir. Maraqlıdır ki, bəzən səviyyəsi aşağı, mövzusu dar olan verilişlərə dəvət edilən həqiqi ziyalı, düşüncə sahibi, sənətkar da məhz həmin çərçivə daxilində danışmalı olurdu, nəticədə həmin görünməz cəhalətin təbliğatçısına çevrilir. Bədxassəli şiş kimi medianın, mədəniyyətin bətnində sürətlə yayılan belə psevdo-mədəniyyət, əslində, mənəviyyatın məhvinə istiqamətlənir, vandalizmə, aqressiyaya meyilli yeniyetmələrin əməlinə haqq qazandırmağa çalışanlar isə nəslin korlanmasına rəvac verir. Axı atalarımız deyib ki, "əzizim əzizdir, tərbiyəsi ondan da əzizdir". Artıq kifayət qədər insanların zehninə, gənclərin tərbiyəsinə, dünyagörüşünə dərindən təsir göstərməyə başlamış bu verilişlərin yeganə yolu radikal müdaxilə - bağlanması və qadağalar qoyulması oldu. Maraqlıdır, bəs onların zəhərlədiyi düşüncələr, mənəviyyatlar neçə müddətə təmizlənə biləcək?!


Milli-mənəvi dəyərlər - xalqın vəhdət gücü


Gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Burada bir-birini tamamlayan, şərtləndirən iki proses var. Məhz gənclər milli-mənəvi dəyərlərin daşıyıcısı, öz simasında təbliğatçısıdır. Ulu Öndərin də dediyi kimi, "biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik". Məhz dünyagörüşü düzgün formalaşmış, mənəviyyatı zəngin və milli özünüdərki inkişaf etmiş bir gənc dövlətin gələcəyində, daxili sabitliyinin təmin edilməsində, beynəlxalq aləmdə öz layiqli siması ilə tanınmasında vacib rol oynaya bilər. Dövlət başçısı İlham Əliyevin də vurğuladığı kimi, "Bizə sağlam millət lazımdır, sağlam, yeni gənc nəsil lazımdır. Bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, gözəl təhsil alan, öz biliyi və savadı ilə Azərbaycanın gələcək inkişafına töhfə verəcək gənc nəsil lazımdır, vətənpərvər gənc nəsil lazımdır". Deməli, ölkədə gedən bütün proseslər, mümkün islahatlar, media orqanları bu məqsədə xidmət etməlidir.   Xatırladaq ki, 90-cı illərdə Azərbaycanın müstəqilliyi üçün ayağa qalxıb canından-qanından keçənlər də, 30 ildən sonra ölkəni erməni işğalından xilas etmək üçün Ali Baş Komandanın ətrafında cəmləşən də öz milli kimliyini qorumaq istəyən, öz mənəvi dəyərlərini düşməndən gələn təhlükədən daha üstün görən gənclər olub.  

Gənclər həm də keçmiş və gələcək nəsil arasında əlaqələndiricidir və onların mənəviyyatının çürük dəyərlər üzərində formalaşması, milli kimliyinin bəsit şoular çərçivəsinə salınması bütövlükdə xalqın daxildən parçalanmasına, hətta qütbləşməsinə gətirib çıxarır. Dövrdən, şəraitdən asılı olaraq maraqlar fərqli istiqamətlərə yönələ, toqquşa bilər, prioritet mövzular dəyişər, lakin nüvəsi sağlam olan xalqı belə keçici dəyişikliklər parçalaya bilməz, hər əsən küləklə sovrulub tükənməz. Deməli, ən vacib missiya məhz həmin nüvənin qorunmasıdır və bu işdə dördüncü hakimiyyətin - medianın rolu çox böyükdür. İlham Əliyev 2013-cü ildə xüsusilə vurğulayır ki, "Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır". 

Əhəmiyyətli bir məqamdır ki, millətə düşmən kəsilən qüvvələr də bunu çox gözəl anlayır, məhz bu vasitə ilə xalqı parçalamağa çalışır. Diqqətəlayiq məqamdır ki, hər nə qədər dördüncü hakimiyyət olsa da, media milli-mənəvi dəyərlərin qorunmasında, təbliğində məsul olan qüvvələr arasında ən zəif halqadır. Onu zəbt etmək, təhrif etmək daha asandır, eyni zamanda onun vasitəsilə vurulan zərbə daha böyük miqyaslı və əsaslı olur, çünki hər ailəyə icazəsiz, qeyd-şərtsiz daxil ola bilir. Əsrlərlə formalaşdırılan, Dədə Qorquddan tutmuş bu günə qədər neçə dahi mütəfəkkirin, sənətkarın, alimin damla-damla topladığı milli-mənəvi dəyərlərimiz - xalqın toxunulmaz mirası-xəzinəsi məhz bu vasitə ilə kiminsə cılız dünyagörüşü, bəsit təhlilləri ilə təhrif olunur, xərclənir, havaya sovrulur. Tamaşaçı informasiya almaq, maariflənmək, gözəl sənətdən zövq almaq, mənən dincəlmək əvəzinə qiymətli vaxtını kiminsə reytinqinin yüksəlməsinə, şəxsi gəlirinin artmasına sərf etməli olur. Ayrı-ayrı fərdlərin məişət davaları, ictimailəşdirilən qeyri-etik davranışlar, dialoqlar, sənət adına ləkə olan mahnılar, musiqilər, rəqslərin təqdimatı, əslində, günün müəyyən saatlarından daha çox mənəviyyatın bütün müsbət keyfiyyətlərini zəbt edir - xalq savadsız, etikasız, biliksiz, dünyagörüşü kasıb, din-iman yerinə maddi gəlirə səcdə edən bir fərdin çərçivəsinə sığdırılır. Bu prizmadan baxanda, həmin verilişlərə qoyulan qadağa, əslində, milli-mənəvi dəyərlərin azadlığa çıxmasıdır. 


Son söz yerinə


Hər xalqın dastanı olmadığı kimi, onun varlığını əsrlər boyu qoruyan milli-mənəvi dəyəri də yoxdur. Həmin xalqlar hansısa bir hamiyə, ağaya möhtacdırlar ki, bir dövlət tərkibində bir qəbilə, toplu kimi yaşaya bilsinlər. Bir fərdin məişət problemlərinə, bir şəxsin sənətdən uzaq təqdimatına, bəsit düşüncəli, dar dünyagörüşlü aparıcıların təhlillərinə, ixtisasdan xəbəri olmayan ekspertlərin mülahizələrinə ilişib qalan tamaşaçının yüksək dəyərlər haqqında təsəvvürü formalaşa bilməz. Özünü tanımayan, milli kimliyi olmayanları isə maddiyyat qarşılığında alçaltmaq da, idarə etmək də, özünə qənim kəsdirmək də asandır.  Belə yazılmayan qanunları dərk edən və xalqına da aşılamağa çalışan Ulu Öndər Heydər Əliyev deyir: "Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz…" 


Könül BÜNYADZADƏ,

AMEA-nın müxbir üzvü, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təbiətin sərt dönüşü

09:35
09 Aprel

"Azərenerji" Naxçıvanın enerji sistemini beynəlxalq standartlara uyğunlaşdırır

09:30
09 Aprel

Təmiz məsləkli insan

09:25
09 Aprel

Bakının simasını dəyişən memar

09:20
09 Aprel

Gecikən məhəbbət

09:17
09 Aprel

Milli-mənəvi dəyərlərin dəyərsizləşmə təhlükəsi

09:15
09 Aprel

Ağstafalı fermerlərin yaz qayğıları başdan aşır

09:10
09 Aprel

Goranboyda kütləvi səpin başa çatıb

09:07
09 Aprel

Şəmkir: rayon iqtisadiyyatına qoyulan investisiya davamlı inkişafa təkan verir

09:05
09 Aprel

Jurnalist Mixail Qusman təcrübəsini və xatirələrini bölüşüb

09:01
09 Aprel

Sumqayıtda Göz Mərkəzi açılıb

09:00
09 Aprel

"Ümid" qəsəbəsinin ağdamlı sakinləri səyyar görüşdən ümidlə ayrıldılar

08:55
09 Aprel

Uşaq evi sakininin builki ad günü yaddaqalan oldu

08:50
09 Aprel

Tərtərdə 430-dan çox fermer pambıqçılıqla məşğuldur

08:45
09 Aprel

Atəşkəs razılaşması davamlı sülhə transformasiya olunmalıdır

08:40
09 Aprel

Dünya nəfəsini dərdi: Vaşinqton və Tehran atəşkəsə razı oldu

08:35
09 Aprel

Ermənistan taleyüklü seçim qarşısındadır

08:30
09 Aprel

Etibarlı və məsuliyyətli tərəfdaşlar

08:25
09 Aprel

Azərbaycan-Gürcüstan əlaqələri Avrasiyanın enerji mənzərəsini yenidən formalaşdırır

08:20
09 Aprel

Regional əməkdaşlıq nümunəsi

08:15
09 Aprel

Akademik Rasim ƏLİQULİYEV: "Ölkənin rəqəmsal inkişafı süni intellekt mərhələsinə qədəm qoyur"

08:10
09 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!