24 Iyul 2024 08:30
101
SİYASƏT
A- A+

Milli Məclisə seçkilərdə xüsusi seçki hesablarının açılması, seçki fondlarının formalaşdırılması qaydaları və şərtləri

 

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanması və keçirilməsi istiqamətində bütün zəruri tədbirlər Seçki Məcəlləsinin tələblərinə və Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilən əsas hərəkət və tədbirlərin Təqvim planına uyğun ardıcıl və sistemli şəkildə reallaşdırılır.

 

Milli Məclisə seçkilərdə həyata keçirilən əsas seçki hərəkətlərindən biri xüsusi seçki hesabının açılmasıdır. Qanunvericiliyin tələbinə əsasən, xüsusi seçki hesabı namizədin irəli sürülməsi barədə dairə seçki komissiyasına bildiriş təqdim edildikdən sonra 5 gün müddətində, o cümlədən namizədin qeydiyyatı üçün zəruri olan seçici imzalarının yığılmasına azı 24 saat qalmış açılmalıdır.

Namizədlər üçün vahid seçki fondu yaratmaq niyyətində olan siyasi partiya, siyasi partiyaların bloku birmandatlı seçki dairələrinin 60-dan çoxunda irəli sürülən namizədlərin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim etdikdən sonra 5 gün müddətində vahid seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı açırlar.

Namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun yalnız bir xüsusi seçki hesabı ola bilər və bu hesab yalnız Azərbaycan Respublikasının Beynəlxalq Bankında və ya onun filiallarında açılmalıdır.

Namizəd özü və ya seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürüldükdə, xüsusi seçki hesabının açılması üçün müvafiq banka qanunun tələblərinə uyğun olaraq bir sıra sənədlər təqdim edilməlidir. Bunlar xüsusi seçki hesabının açılması üçün ərizə, xüsusi seçki hesabının açılması üçün müraciət edənin şəxsiyyətini təsdiq edən sənəd, namizədliyin irəli sürülməsi barədə bildirişin dairə seçki komissiyası tərəfindən təsdiq edilmiş surətidir.

Yuxarıda göstərilən sənədlərlə yanaşı, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq tərtib edilmiş və namizədliyi irəli sürülmüş şəxsin məhkumluğuna, vətəndaşlığına və başqa dövlətlər qarşısında öhdəliyinə dair məlumatlar, habelə deputat seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş ərizə, namizədin səlahiyyətli nümayəndəsinin notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnaməsi (əgər səlahiyyətli nümayəndə təyin edilibsə) və notariat qaydasında təsdiq edilmiş imza nümunəsi vərəqi (xüsusi seçki hesabı üzrə əməliyyat aparan şəxsin) də təqdim olunur.

Namizəd siyasi partiya tərəfindən irəli sürüldükdə xüsusi seçki hesabının açılması üçün səlahiyyət verilmiş şəxs aşağıdakı sənədləri müvafiq banka təqdim edir:

xüsusi seçki hesabının açılması üçün ərizə, namizədliyin irəli sürülməsi barədə bildirişin dairə seçki komissiyası tərəfindən təsdiq edilmiş surəti, siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti, siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti, namizədin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanı iclasının) qərarı və müvafiq iclasın protokolu, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq tərtib edilmiş və deputatlığa namizədliyi irəli sürülmüş şəxsin məhkumluğuna, vətəndaşlığına və başqa dövlətlər qarşısında öhdəliyinə dair məlumatlar, habelə deputat seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş razılıq ərizəsi, siyasi partiyanın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin vəkalətnaməsi və notariat qaydasında təsdiq edilmiş imza və möhür nümunələri vərəqi. 

Namizəd siyasi partiyaların bloku tərəfindən irəli sürülərsə, xüsusi seçki hesabının açılması üçün tələb edilən bir sıra sənədlər səlahiyyət verilmiş şəxs tərəfindən müvafiq banka təqdim edilməlidir. Bu sıraya xüsusi seçki hesabının açılması üçün ərizə, namizədliyin irəli sürülməsi barədə bildirişin dairə seçki komissiyası tərəfindən təsdiq edilmiş surəti, siyasi partiyalar blokuna daxil olan siyasi partiyaların qurultaylarının (konfranslarının, rəhbər orqanı iclasının) namizəd irəli sürmək barədə qərarları ilə birlikdə müvafiq iclasların protokolları, siyasi partiyalar blokuna daxil olan siyasi partiyaların nümayəndələrinin iclasının (qurultayının, konfransının) siyasi partiyaların bloku adından namizəd irəli sürülməsi haqqında qərarı və müvafiq iclasın protokolu, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq tərtib edilmiş və namizədliyi irəli sürülmüş şəxsin məhkumluğuna, vətəndaşlığına və başqa dövlətlər qarşısında öhdəliyinə dair məlumatlar, habelə deputat seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş razılıq ərizəsi, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin notariat qaydasında və ya Azərbaycan Respublikası Mülki Məcəlləsinin müəyyən etdiyi qaydada təsdiq edilmiş vəkalətnaməsi, notariat qaydasında təsdiq edilmiş imza və möhür nümunələri vərəqi daxildir.

Yuxarıda göstərilən sənədlər təqdim edildikdə, müvafiq bank namizədə, siyasi partiyaya, siyasi partiyalar blokuna dərhal, lakin 3 gündən artıq olmayan müddətdə xüsusi seçki hesabı açmalıdır. Bütün pul vəsaiti xüsusi seçki hesablarına manatla köçürülür.

Xüsusi seçki hesabının vəsaitləri üzərində sərəncam vermək hüququnu namizədin özü, onun təyin etdiyi səlahiyyətli nümayəndə və yaxud siyasi partiya və ya siyasi partiyalar bloku tərəfindən təyin edilmiş maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə həyata keçirir.

Bundan əlavə, deputatlığa namizədlərin, qeydə alınmış namizədlərin fəaliyyətinin maliyyələşdirilməsi üçün seçki fondları yaradılır. Namizədlərin seçki fondu vəsaitinin yuxarı həddi 500 min manatdan çox ola bilməz.

Birmandatlı seçki dairəsi üzrə irəli sürülən namizədlərin, qeydə alınmış namizədlərin seçki fondları yalnız namizədin özü tərəfindən 500 min manatdan çox olmamaq şərtilə xüsusi vəsaiti, namizədi irəli sürülmüş siyasi partiyanın, siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiyaların 150 min manatdan çox olmamaq şərtilə vəsaiti və vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri (vətəndaşların köçürdüyü vəsait 3 min manatdan, hüquqi şəxslərin köçürdüyü vəsait 50 min manatdan çox ola bilməz) hesabına formalaşır.

Siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu isə 500 min manatdan çox olmamaq şərtilə, onların xüsusi vəsaiti (siyasi partiyalar blokunun bu xüsusi vəsaiti seçki blokunu yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına formalaşır) və vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri (vətəndaşların köçürdüyü vəsait

3 min manatdan, hüquqi şəxslərin köçürdüyü vəsait 50 min manatdan çox ola bilməz) hesabına formalaşır.

Könüllü ianələr yalnız Azərbaycan Respublikasının vətəndaşlarından rabitə şöbələri və ya bank təşkilatları vasitəsilə ianəçinin soyadı, adı, atasının adı, doğum tarixi və yaşayış yerinin ünvanı göstərilməklə şəxsiyyət vəsiqəsi, yaxud onu əvəz edən sənədin təqdim edilməsi əsasında qəbul edilir.

Hüquqi şəxslərin könüllü ianələri isə seçki fonduna yalnız nağdsız köçürülmə yolu ilə, müvafiq hüquqi şəxsin nizamnamə kapitalında dövlət və ya bələdiyyə kapitalının, xarici kapitalın olub-olmaması və ya payı qeyd edilməklə, onun adı, qeydiyyat tarixi, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, bank rekvizitləri göstərilməklə qəbul olunur.

Vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri xüsusi seçki hesabına poçt və ya bank təşkilatları vasitəsilə müvafiq ödəniş sənədi alındıqdan sonra ən geci 2 gün ərzində köçürülməlidir.

Namizədin, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondlarına könüllü ianələr buna hüququ olmayan fiziki və hüquqi şəxslərdən daxil olubsa, yaxud qanunla nəzərdə tutulan məbləğdən artıq köçürülübsə, müvəkkil bank müəyyən olunmuş formada müvafiq seçki komissiyasına məlumat verir və ianənin xüsusi seçki hesabına daxil olduğu gündən sonrakı 10 gün müddətində namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku ianənin bütünlüklə və ya onun müəyyənləşdirilmiş yuxarı həddini aşan hissəsinin geri qaytarılmasının səbəbini göstərməklə və göndərilmə xərclərini çıxmaqla, ianəçiyə qaytarmalıdır. Göstərilən müddət ərzində ianə ianəçiyə geri qaytarılmadıqda, bank bu barədə dairə seçki komissiyasına yazılı məlumat verməklə həmin ianəni bütünlüklə ianəçiyə geri qaytarmalıdır.

Xüsusi seçki hesabına daxil olmuş anonim ianələr daxil olduğu gündən sonra 10 gün müddətində namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku tərəfindən dövlət büdcəsinə köçürülür.

Namizədin seçki fonduna könüllü ianə ayırmaq, yaxud natura şəklində və ya xidmət göstərilməsi yolu ilə yardım etmək xarici dövlətlərə və xarici hüquqi şəxslərə, xarici vətəndaşlara, vətəndaşlığı olmayan şəxslərə, 18 yaşına çatmamış vətəndaşlara, seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə Azərbaycan Respublikasının hüquqi şəxsinin nizamnamə kapitalında yuxarıda göstərilən şəxslərin iştirak (mülkiyyət) payı

30 faizdən çox olarsa, Azərbaycan Respublikasının hüquqi şəxslərinə, beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara, dövlət hakimiyyəti orqanlarına və bələdiyyə qurumlarına, dövlət və bələdiyyə təşkilatları və idarələrinə, seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslərə, hərbi hissələrə, xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara, aşağıdakı məlumatlardan hər hansı birini göstərməyən anonim ianə köçürənlərə (vətəndaş üçün - soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini, verilmə tarixini, yaşayış yerinin ünvanını, doğum tarixini; hüquqi şəxs üçün - vergi ödəyicisinin eyniləşdirmə nömrəsini, adını, qeydiyyat tarixini, bank rekvizitlərini, nizamnamə kapitalında dövlət və ya bələdiyyə payının olmasını, bunlar olduğu halda - miqdarını, nizamnamə kapitalında xarici kapitalın pay miqdarını göstərməyənlərə və ya qeyri-düzgün göstərənlərə) qadağan edilir.

Seçki fondlarında olan vəsaitlər təyinatlı məqsəd daşıyır. Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku səsvermə gününədək Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçki fondlarının hesablarına köçürülmüş pul vəsaitindən istifadə edirlər. Qanunun tələbinə uyğun olaraq həmin subyektlərə seçkiqabağı təşviqat fəaliyyəti və imzaların yığılması üçün seçki fondlarına daxil olan vəsaitdən başqa, digər pul vəsaitindən istifadə etmək qadağandır.

 

Validə KAZIMOVA,

Azərbaycan Respublikası

Mərkəzi Seçki Komissiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video