“Microsoft 365”, “Outlook”, “Teams” və digər tətbiqlərin fəaliyyətində doqquz saatdan çox davam edən fasilələr yaranıb. İlkin düzəlişlər xidmətlərin bərpasına imkan vermədikdən sonra Microsoft problemi həll etmək üçün təcili tədbirlər görməyə başlayıb.
“Microsoft”un nümayəndəsi bildirib ki, şirkətdə kiberhücuma dair heç bir əlamət müşahidə olunmayıb.
Down Detector veb saytının işləməməsi ilə bağlı verdiyi açıqlamada 74 ölkədə təxminən 130.000 problem qeydə alındığı və Word, Excel, PowerPoint, Outlook və Teams proqramlarına, eləcə də SharePoint və OneDrive kimi müəssisə xidmətlərinə girişə təsir etdiyi bildirilib. Süni intellekt köməkçisi Copilot da bu problemdən təsirlənib.
Microsoft dayanmanın “Microsoft 365”in işlək vəziyyətdə saxlanılmasından məsul olan serverlərə tətbiq olunan parametrlərlə bağlı problemlərdən qaynaqlana biləcəyini irəli sürüb. Hesabat verildiyi vaxt işləməmənin davam etdiyi doqquz saat ərzində şirkət xidmətləri geri qaytarmaq üçün bir sıra həll yolları axtarıb, o cümlədən yeniləmələri geri qaytarıb və təsirlənmiş serverlərə axan trafiki məhdudlaşdırıb. Düzəlişlər tətbiq edildikdən sonra şirkətdən bildirilib ki, trafik bərpa olunduqdan sonra həmin serverlər yenidən əlçatmaz hala gəlib.
Microsoft məlumatında ən çox təsirlənən sistemin "Outlook" e-poçt xidmətlərinin arxa planını təşkil edən "Exchange" xidmətləri olub. Bu isə həmin xidmətlərdən asılı olan digər məhsullara da mənfi təsir göstərib. "Teams" çatları və görüşləri isə daha az təsirlənib.
RMIT Universitetinin Mühəndislik Məktəbinin dosenti Mark Qreqori bildirib ki, nasazlıq Microsoft sistemlərinin şəbəkə səviyyəsinə təsir edir və mahiyyətcə 2023-cü ildə "Optus" şəbəkəsinin sıradan çıxmasına səbəb olan konfiqurasiya probleminə bənzəyir.
Onun sözlərinə görə, bəzi serverlərdə konfiqurasiya problemləri yarandıqda, istifadəçilər bulud xidmətlərinə daxil olmaq üçün daha kiçik bir server qrupundan istifadə etmək məcburiyyətində qalırlar. "Əgər bu resurs qrupunun bir hissəsi sıradan çıxarsa, bütün istifadəçilər yerdə qalan serverlərə müraciət etməyə çalışırlar ki, bu da həmin serverlərin həddindən artıq yüklənməsinə gətirib çıxarır. Nəticədə, onlar da fəaliyyətini dayandırır. Beləliklə, zəncirvari bir problem yaranır. Bundan sonra əsas problemin – bu halda şəbəkə səviyyəsindəki yanlış konfiqurasiyanın aşkar edilməsi müəyyən vaxt tələb edir”, – deyə o bildirib.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”