Avropa Parlamentinin təmsil etdiyi regionun problemlərini həll etmək əvəzinə başqa ölkələrin daxili işlərinə qarışmağa çalışması məlumdur. Müxtəlif siyasi mərkəzlərin təsir dairəsində olan bu qurum onlar üçün siyasi alət rolunu oynayır. Əlbəttə ki, AP-nin hansısa dövlətin daxili işlərinə qarışmağa siyasi və mənəvi haqqı çatmır və bu mənada onun qəbul etdiyi qətnamələr adi kağız parçalarından başqa bir şey deyil.
Bu riyakar qurum indi də Gürcüstanı hədəfə alıb
Son vaxtlarda isə bu riyakarlıq yuvası Gürcüstanı hədəf götürüb. Azərbaycana qarşı qəbul olunan məkrli sənədlər indi də Gürcüstana aid edilir. Son olaraq AP fevralın 13-də "Gürcüstanda siyasi vəziyyətin daha da pisləşməsi haqqında" anti-Gürcüstan qətnaməsi qəbul edib. Bundan əvvəl isə AP Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrinə kölgə salmağı hədəfləyən, həmçinin Gürcüstan parlamentinin qəbul etdiyi "Xarici təsirlər haqqında" və "Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında" qanunlara qara yaxan qətnamələr qəbul edərək bu dövlətin daxili işlərinə burnunu soxmağa başlayıb.
Sonuncu qətnamədə isə Gürcüstanın eks-prezidenti Salome Zurabişvili "qanuni prezident" kimi tanınır. Həmçinin AP hakim "Gürcü Arzusu" Partiyasının liderlərinə, yüksəkvəzifəli dövlət məmurlarına, hakimlərə və Gürcüstan hakimiyyəti ilə əlaqəli media sahiblərinə qarşı sanksiyalar tətbiq etməyə çağırır.
Xatırladaq ki, Gürcüstanda ötən oktyabrın 26-da keçirilən parlament seçkiləri Qərbin bu ölkə, nəticə etibarilə isə Cənubi Qafqaz regionu ilə bağlı avantürasını iflasa uğratdı. "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının seçicilərin etimadını qazanması həm də Gürcüstan əhalisinin ölkədə söz sahibi olmaq iradəsini nümayiş etdirdi, onu öz müstəqil yolundan döndərmək istəyən Qərb siyasi dairələrinin və onların maliyyələşdirdiyi USAID kimi təşkilatların üzərində qələbəsi oldu.
Azərbaycanın zəfərləri Avropanın ermənipərəst dairələrinin yuxusunu ərşə çəkib
Qonşu ölkədəki seçkilər həm də Qərb siyasi mərkəzlərinin riyakarlığını növbəti dəfə nümayiş etdirdi. Çünki onların xalqın iradəsinə qarşı çıxması, sübut olmadan seçkinin nəticələrinə şübhə ilə yanaşmaları, ona kölgə salmaq cəhdləri riyakarlıqdan başqa bir şey deyil. Qərbin Gürcüstandakı seçkilərdə planları iflasa uğradığı üçün Avropa İttifaqı Gürcüstanın üzvlük prosesini faktiki olaraq dayandırıb. Habelə Aİ Gürcüstana yüksəksəviyyəli səfərlər etməmək və Gürcüstan hökumətinin nümayəndələri ilə Brüsseldə yüksəksəviyyəli görüşlər keçirməmək barədə qərar qəbul edib.
Bütün bunların davamı kimi AP tərəfindən vaxtaşırı Gürcüstanı hədəfə alan sənədlər qəbul edilir. Bu qurumun Azərbaycana qarşı riyakarlıqları indi eynisi ilə Gürcüstana yönəlib. Parlament seçkiləri zamanı Gürcüstanda hakimiyyət dəyişikliyinə nail ola bilməyən Qərb indi bu cür sənədlər qəbul etməklə Tbilisiyə təzyiq etməyə çalışır.
Xatırladaq ki, AP-nin Azərbaycanla bağlı hər bir qətnaməsi bu qurumun riyakar fəaliyyətini ortaya qoyub. Heç bir əsası olmayan, yalan və saxta iddialara söykənən bu qətnamələrin qəbulu ilə AP hər dəfə təsdiq edib ki, erməni təəssübkeşi olan siyasi mərkəzlər üçün alət rolunu oynayır. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra erməni yalanlarının müdafiəsinə qalxması isə AP-nin iyrənc simasını ortaya qoyur. Bu sırada Avropa Parlamentinin ötən il oktyabrın 24-də qəbul etdiyi "Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər" adlı qətnaməsi özünü Avropa parlamentarizminin siması kimi təqdim edən bu təsisatın riyakarlığını və ikiüzlülüyünü növbəti dəfə nümayiş etdirdi. Bir daha göründü ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, erməni separatçılığına son qoyması və Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri Avropanın ermənipərəst dairələrinin yuxusunu ərşə çəkib.
Amma o da məlumdur ki, AP heç vaxt qarşısına qoyduğu məqsədlərə çata bilməyib, qəbul etdiyi sənədlər kağız parçasından başqa bir şey deyil. Bütün məkrlərinə baxmayaraq, Azərbaycan öz yolu ilə qətiyyətlə addımlayıb və inamla da hədəflərinə çatıb, regionda və dünyada mövqelərini daha da möhkəmləndirib. Əlbəttə ki, bu qurumun Gürcüstanla bağlı qəbul etdiyi qətnamələri də bu ölkəni öz yolundan döndərə bilməz.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"