O, dördüncü cəhdində uğur qazanıb
Mühafizəkar siyasətçi Keyko Fuhimori Peruda keçirilən prezident seçkilərinin ikinci turunda solçu namizəd Roberto Sançesi məğlub edərək qalib gəlib.
1990-cı illərin sonlarında Peru prezidenti olmuş və insanlığa qarşı cinayətlərdə ittiham edilmiş Alberto Fuhimorinin 51 yaşlı qızı cinayətkarlıq və üsyanla güclü mübarizə aparan atasının yolunu davam etdirəcəyinə söz verir. Keyko Fuhimori son 15 ildir ki, prezidentliyə namizədliyini irəli sürür və hər dəfə fərqli baxışlara malik rəqibləri Fuhimori ailəsinin üzvünün prezident olmasının qarşısını almaq üçün birləşdilər. Nəhayət, o, dördüncü cəhdində uğur qazanıb. Səslərin yenidən sayılması üç həftədən çox davam edib və Fuhimorinin qələbə fərqi onilliklər ərzində ən kiçik fərqlərdən biri olub.
Fuhimorinin əsas kampaniya vədi cinayətkarlıqla mübarizə aparmaqdır. Bunda Fujimori atasının irsini inkişaf etdirməyə söz verib. "Bütün enerjimiz nə edəcəyimizi bildiyimizə yönələcək: cinayətkarlığa qarşı güclü bir əllə hərəkət etmək", - deyə o bildirib.
İyulun 28-də vəzifəsinin icrasına başlayacaq. 51 yaşlı Keyko Fuhimori Perunun seçilmiş ilk qadın prezidenti və bu vəzifəni tutan ikinci qadındır. Dina Boluarte bu vəzifəni 7 dekabr 2022-ci ildən 10 oktyabr 2025-ci ilə qədər tutub. O, vitse-prezident vəzifəsində çalışdığı zaman ölkə başçısı Pedro Kastilyonun impiçmentindən sonra konstitusiyaya uyğun olaraq Prezidentin səlahiyyətlərini icra edib.
Son illər ölkədə davamlı siyasi böhranlar yaşanıb, bir çox prezident impiçment və korrupsiya ittihamları səbəbindən vəzifəsindən kənarlaşdırılıb. O üzdən Fuhimori son 10 ildə 9-cu prezident olacaq.
Keyko Fuhimori, qeyd etdiyimiz kimi, 1990-cı ildən 2000-ci ilə qədər Peruya rəhbərlik etmiş mərhum keçmiş prezident Alberto Fuhimorinin qızıdır. O, mütəşəkkil cinayətkarlığa və üsyankarlığa qarşı sərt kampaniyası ilə tanınır və tərəfdarları bunu onun xidməti sayır, rəqibləri isə onu həddindən artıq qəddar tədbirlərdə, müxalifətçilərin susdulmasında və avtoritar idarəetmə tərzində ittiham edirlər. Onun hakimiyyətinin sonunda Peruda siyasi böhran baş verib. A.Fuhimori valideynlərinin vətəni olan Yaponiyaya qaçıb və oradan faksla istefa verməyə çalışıb. Konqres istefanı rədd edib və əvəzində onu vəzifəsindən uzaqlaşdırmaq üçün səs verib. Peru hakimiyyətinin tələbi ilə 2003-cü ilin mart ayında İnterpol A.Fuhimori barədə qətl, adam oğurluğu və insanlığa qarşı cinayətlər, o cümlədən Amerikanın yerli xalqlarının əksəriyyətinin yaşadığı yoxsul ərazilərdə məcburi sterilizasiya ittihamları ilə həbs qərarı verib.
Tokio A.Fuhimorini Yaponiya vətəndaşlığına malik olduğuna görə ekstradisiya etməkdən imtina edib. Lakin 2005-ci ildə Çilidə saxlanılaraq Peruya ekstradisiya olunub və orada bir neçə ittiham üzrə 25 il müddətinə azadlıqdan məhrum edilib.
O, səhhətindəki problemlərə görə 2023-cü ildə azadlığa buraxılıb. 14 iyul 2024-cü ildə Keyko Fuhimori atasının 2026-cı il ümumi seçkilərində prezidentliyə namizəd olacağını elan edib. Amma Alberto Fuhimori iki ay sonra dünyasını dəyişib.
Rizvan CƏFƏROV,
"Azərbaycan"