25 Avqust 2024 10:10
384
İQTİSADİYYAT
A- A+

Kapital siyasi sakitlik və iqtisadi sabitlik sevir

 

7 ayda ölkə üzrə sərmayə qoyuluşu 9,4 milyard manatdan çox olub

 

Hazırda dünya üzrə kapital qoyuluşunda bir durğunluq və geriləmə müşahidə olunur. Çünki pul, sərmayə sakitlik və sabitlik sevir. Sakitlik və sabitliksə, məlum olduğu kimi, yoxdur. Müharibələr, qarşıdurmalar, qarşılıqlı sanksiyalar dünyanı çənginə alıb gedir. Harayacan və nə vaxtacan gedəcəyi isə məlum deyil. 
Rusiya-Ukrayna müharibəsinin yeni fazaya keçməsi, münaqişənin daha da genişlənməsi yaxşı heç nə vəd etmir. Digər tərəfdən, Çin-ABŞ münasibətləri də getdikcə gərginləşir, ölkələr arasında qütbləşmə dərinləşir. Qlobal səviyyədə qarşılıqlı etimad və anlaşmanın pozulması isə iqtisadi münasibətlərə, ilk növbədə faydalı ticarətin aparılmasına, kapital qoyuluşuna öz mənfi təsirini göstərir. Hazırda dünya ticarətində və kapital qoyuluşunda mövcud olan geriləmə göz önündədir. Digər bir faktor ABŞ-də baş tutacaq seçkilərlə bağlıdır. Heç kəs bu ölkədəki seçkilərdən sonra hansı proseslərin baş verəcəyini dəqiq bilmir. 
Azərbaycan da bu dünyanın bir hissəsi, özü də fəal hissəsi olduğundan bütün bu proseslərin fəsadlarını yaşamalı olur.  Ölkəmizə xarici sərmayə qoyuluşunun azalması da bu səbəbdəndir. 10 il  bundan əvvəl Azərbaycan xarici kapital qoyuluşuna görə MDB məkanında lider ölkə idi və hətta bir sıra Şərqi Avropa ölkələrindən də öndə gedirdi. Səbəb məlum idi - dünyada indiki ilə müqayisədə sakitlik idi, investisiya mühiti var idi. 
Bu gün də  ölkəmiz dünyada baş verən neqativ proseslərin fərqindədir. O üzdən  iqtisadiyyatdakı müsbət dinamikanı qorumaq üçün daxili mənbələr hesabına kapitallaşmaya üstünlük verir. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9 milyard 438,7 milyon manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çox investisiya yönləndirilmişdir. Bu dövrdə neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 0,4, qeyri-neft-qaz sektoruna yönəldilən sərmayənin həcmi isə 2,9 faiz artmışdır. Ümumi sərmayənin 4 milyard 914,8 milyon manatı məhsul istehsalı, 3 milyard 404,4 milyon manatı xidmət sahələrinin, 1 milyard 119,5 milyon manatı isə yaşayış evlərinin tikintisinin payına düşmüşdür. Hesabat dövründə ümumi sərmayənin 57,1 faizi dövlət, 42,9 faizi qeyri-dövlət sektorlarının sərmayədarları tərəfindən qoyulmuşdur. Təxminən 6 faizlik fərq qeyd etdiyimiz səbəb üzündəndir. 
Statistikanın məlumatında ölkə iqtisadiyyatına yatırılan sərmayənin 70,3 faizinin tikinti-quraşdırma işlərinə sərf edildiyi vurğulanır. Bu da əsasən ona görədir ki, işğaldan azad edilən ərazilərdə Böyük qayıdış proqramı çərçivəsində nəhəng layihələr icra olunur. Məqsəd 30 il doğma torpaqlardan didərgin düşən soydaşlarımızın tez bir zamanda doğma yerlərinə qayıtmasını təmin etməkdir ki, bunun da əsas ağırlığı, daha doğrusu, xərci dövlətin üzərinə düşür.
Dünya üzrə kapital qoyuluşundakı çətinliklərə baxmayaraq, ölkəmizə xarici sərmayə qoyuluşu davam edir. Bu, ölkəmizə olan inamdan, yəni Azərbaycandakı siyasi sabitlikdən və ölkə iqtisadiyyatındakı dinamik inkişafdan irəli gəlir. Üstəlik, ölkəmizdə xarici sərmayənin qorunması üçün mükəmməl qanunvericilik bazası mövcuddur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə təkcə Birləşmiş Krallıq, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Rusiya, Norveç, İran, Hindistan, Qırğızıstan, BƏƏ və Fransa sərmayədarları ölkəmizə 1,6 milyard manatdan çox sərmayə qoymuşlar.

R.MÜTƏLLİBOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video