Səbəb ölkədəki kütləvi mənzil etirazlarının keçirilməsidir
İspaniyanın Baş naziri Pedro Sançes ölkədə növbədənkənar seçkilər keçiriləcəyini açıqlayıb. Bu addım 87 yaşlı bir qadının artan kirayə haqqını ödəyə bilmədiyi üçün yaşadığı mənzilindən çıxarılmasından sonra ölkədəki mənzil böhranı ilə bağlı kütləvi etirazların keçirildiyindən irəli gəlib.
Hökumət başçısı növbədənkənar seçkilərin noyabrın 29-da keçiriləcəyini bildirib. Bundan əvvəl seçkilər 2027-ci ilin yayına planlaşdırılırdı.
Sançes Madriddəki rəsmi iqamətgahı olan Monkloa Sarayından televiziyadan xalqa müraciət edib. O, son illərdə "İspaniyanın bütün dünya üçün sülh, feminizm və rifah nümunəsinə çevrildiyini" və hökumətinin nailiyyətlərini "boykot" etmək cəhdlərinə baxmayaraq, iqtisadi artımı təmin etdiyini vurğulayıb. Baş nazir hökumətin "səhvlər etdiyini və qarşısına qoyduğu hər şeyi etmədiyini" bildirib, habelə "vətəndaşların mövcud bərabərsizlik səviyyəsini azaltmasına imkan verəcək zəruri islahatları həyata keçirmək üçün ictimai dəstəyi genişləndirməyin" zəruri olduğunu etiraf edib.
Sançesin dediyinə görə, "İspaniya xalqının özü və ölkələri üçün hansı gələcək istədiklərinə qərar verməsinin vaxtı gəlib çatıb".
Bir neçə gün əvvəl Sançesin hökuməti İspaniyada mənzil böhranı ilə bağlı artan ictimai narazılığı aradan qaldırmaq üçün nəzərdə tutulmuş iki kral fərmanı ilə bağlı mənzil qanununa parlament dəstəyini təmin edə bilməyib.
Fərmanlarda digər məsələlərlə yanaşı, 2030-cu ilə qədər evdən çıxarılmaların qadağan edilməsi nəzərdə tutulurdu.
Lakin Sançesin hökuməti parlamentdə çoxluq təşkil etmir və qanunverici orqan ötən cümə günü fövqəladə qərarları təsdiqləməyib. Sağçı partiyaların müxalifət nümayəndələri bunun ev sahiblərinin, xüsusən də mənzillərini kirayəyə verən adi vətəndaşların hüquqlarını pozduğunu iddia ediblər.
İspaniya Bankının məlumatına görə, ölkədə təxminən 700 min mənzil və ev çatışmazlığı var. Keçən il mənzillərin qiymətləri 12,2 faiz artıb. Barselona və Madriddə mənzil kirayəsinin qiyməti orta hesabla kvadrat metri 23-24 avroya təklif olunur.
Etirazlar 87 yaşlı Marikarmen Abaskalın 70 ildən çox yaşadığı kirayə mənzildən çıxarılmasından sonra başlayıb. O, uzun müddətdir ki, bazar qiymətindən az, yəni hər ay 500 avro kirayə haqqı ödəyib.
2018-ci ildə onun əmlakını Urbagestion investisiya şirkəti əldə edib və kirayə haqqını bir neçə dəfə artırıb. Bu, təqaüdçü üçün əlçatmaz məbləğ idi. Şirkət Marikarmeni evindən çıxarmaq üçün üç dəfə cəhd edib, lakin hamısı məhkəmələr tərəfindən bloklanıb. Dördüncü cəhddə o, evdən xərəklə çıxarılıb və sonradan xəstəxanaya yerləşdirilib.
Hadisə İspaniyada qəzəbə və etirazlara səbəb olub. Madridin mərkəzi Puerta del Sol meydanında bir neçə gündür etirazçıların çadır düşərgəsi qurulub.
Şənbə günü minlərlə insan İspaniyanın onlarla şəhərində kirayəçilərin müdafiəsini tələb edərək nümayiş keçirib. Valensiyada nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Ən böyük nümayişlərdən biri İspaniya paytaxtında olub. Onun təşkilatçısı olan Kirayəçilər Birliyi Madrid küçələrinə 500 min insanın çıxdığını bildirib. Hökumət bu rəqəmin 70 min olduğunu təxmin edir.
Son məlumata görə, Kirayəçilər Birliyi ümumi tətil çağırışı etdikdən sonra Abaskalın vəkili Beatriz Duro ev sahibi ilə razılaşma əldə edildiyini bildirib.
Sançes İspaniya Sosialist Fəhlə Partiyasını təmsil edir və 2018-ci ilin iyun ayından bəri baş nazir vəzifəsində çalışır. 2023-cü ildə keçirilən seçkilərdə Sosialist Partiyası ikinci yeri tutmuş, mühafizəkar Xalq Partiyası isə ən çox yer qazanmışdı. Lakin Sançes solçu partiyalarla razılaşmalar əldə edərək və həmin bölgələrdə Kataloniya və Bask millətçi hərəkatlarının, eləcə də müstəqillik tərəfdarı qrupların dəstəyini təmin edərək hakimiyyəti qorumağa müvəffəq olub.
Pedro Sançesin açıqlamasını həm solçular, həm də sağçılar sevinclə qarşılayıblar.
Rizvan CƏFƏROV,
"Azərbaycan"