İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış prosesi davam edir. İndiyədək 50-yə yaxın yaşayış məntəqəsində 100 minə yaxın insan məskunlaşıb. Ərazilərdə yaşayış evlərinin tikintisi, infrastrukturun bərpası, məşğulluq imkanlarının yaradılması və sosial xidmətlərin təşkili istiqamətində tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) İcraiyyə Komitəsinin 77-ci sessiyasında çıxışı zamanı məlumat verib.
Qeyd olunub ki, Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişaf üzrə milli prioritetlərindən biridir.
Qayıdış prosesində müasir texnologiyalara əsaslanan yaşayış məntəqələrinin yaradılmasına da xüsusi diqqət yetirilir.
Bununla yanaşı, mina və digər partlayıcı qurğularla çirklənmə azad edilmiş ərazilərdə bərpa və məskunlaşma prosesinə ciddi maneə yaradır.
Bildirilib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması regional əlaqələrin genişləndirilməsi və qaçqınlarla məcburi köçkünlərin problemlərinin həlli üçün yeni imkanlar yarada bilər.
Azərbaycan münaqişədənsonrakı bərpa və yenidənqurma, ərazilərin minalardan təmizlənməsi, infrastrukturun inkişafı və keçmiş məcburi köçkünlərin qayıdışının təşkili sahəsində qazandığı təcrübəni beynəlxalq tərəfdaşlarla bölüşməyə hazırdır. Bu təcrübənin münaqişədən zərər çəkmiş digər ölkələr üçün də faydalı ola biləcəyi vurğulanıb.
Sessiyada Azərbaycanın qaçqınların müdafiəsi, vətəndaşlığı olmayan şəxslərin problemlərinin həlli, sığınacaq sisteminin təkmilləşdirilməsi və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahələrində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Ölkəmizin beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə və humanitar məsələlərin həllində əməkdaşlığın gücləndirilməsinə sadiqliyi diqqətə çatdırılıb.