03 Fevral 2023 01:35
499
SİYASƏT
A- A+

İranın terroru cavabsız qalmayacaq

 

Hələ Birinci Qarabağ müharibəsindən başlayaraq Ermənistana dəstəyini əsirgəməyən İran bu gün də ölkəmizə qarşı riyakar əməllərini davam etdirir. Yanvarın 27-də Tehrandakı səfirliyimizdə törədilmiş silahlı basqın da əzəldən terror yuvası olan İranın ölkəmiz əleyhinə riyakarlığının növbəti sübutu oldu. Postmüharibə dövründə İran rəsmilərinin Azərbaycan əleyhinə səsləndirdikləri "sərhədlərin dəyişdirilməsi qırmızı çizgimizdir" və "Azərbaycan İsraillə əlaqə qurmamalıdır" kimi ifadələri, işğalçıyla dostluq münasibətləri onların ölkəmiz barədə xain planlarından xəbər verirdi.
Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidməti rəisinin şəhid olması və iki nəfərin yaralanması ilə nəticələnən bu terror molla rejiminin anti-Azərbaycan isteriyasının nəticəsidir. Bütün bunlar sübut edir ki, İranda heç bir səfirliyin və diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanət verilmir. "Kalaşnikov" markalı avtomatla səfirlik binasına edilmiş hücumun, dövlət səviyyəsində təşkil edilmiş bu terror aktının "şəxsi motivlərlə" əlaqələndirilməsi isə tamamilə absurddur. Dezinformasiyalar yayaraq terrora başqa don geyindirmək cəhdləri rəsmi Tehranın beynəlxalq hüquq qarşısında məsuliyyətini azaltmır. Bu hadisənin yüksək peşəkarlıqla hazırlanmış terror aktı olması heç bir şübhə doğurmur. 
Prezident İlham Əliyev fevralın 1-də Türkiyənin milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən bildirib ki, hazırda bu terror aktı Azərbaycan tərəfindən hərtərəfli şəkildə araşdırılır. Dövlət başçısı qeyd edib ki, həmin şəxsin səfirliyimizin binasında törətdiyi terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib.
Odur ki, İran səhvini başa düşərək üzr istəməli, dərhal ciddi tədbirlər görməli və beynəlxalq hüquq qarşısında cavab verməlidir.

 

Tehran əməllərinə görə cavab verməlidir

 

Milli Məclisin deputatı Elman Məmmədov qeyd edib ki, Tehranda törədilmiş hadisə İran dövlətinin ölkəmiz əleyhinə təşkil etdiyi terrordur: "Səfirlik ərazisi beynəlxalq hüquqa əsasən, mənsub olduğu ölkənin ərazisi hesab edilir. İran isə beynəlxalq hüququ və qoşulduğu konvensiyaları pozur, səfirlik nümayəndələrimizin təhlükəsizliyini qorumaq əvəzinə, terror aktı törədir. İranın rəsmi dairələrinin hadisədən sonrakı anlaşılmaz hərəkətləri də bunu sübut edir. Bu, qonşu dövlətin xüsusi xidmət orqanları tərəfindən dövlət səviyyəsində hazırlanıb. Görün, İranda nələr baş verir: küçədə çağırış edən, etirazını bildirən dinc insanlar edam edilir, İran rəsmisinə qarşı səsini qaldıran vətəndaş ciddi şəkildə cəzalandırılır, amma terror törətmiş şəxs həmin dəqiqə rahatlıqla televiziya kameraları qarşısına çıxır, müsahibə verir. İndi də deyirlər ki, həmin terrorçunun guya psixi problemləri olduğu üçün xəstəxanaya yerləşdirilməlidir. Bu, nə absurd yanaşmadır!"
Deputatın sözlərinə görə, Azərbaycan səfirliyinə qarşı silahlı basqının İranda dövlət səviyyəsində təşkil edildiyi açıq-aydın ortadadır: "Bu, gözlənilən idi, çünki uzun müddət idi ki, İranın yüksəkvəzifəli şəxsləri ölkəmiz əleyhinə təhqir və təhdidlər yağdırırdılar. İranın televiziya kanalları, müxtəlif KİV Azərbaycanın ünvanına uzun müddətdir ki, şər-böhtah atırdılar. Onu da qeyd etmək lazımdır ki, İran Zəngəzur dəhlizinin açılmaması üçün maneələr törətməyə cəhd edir. İran bizim suveren torpaqlarımızı 30 ilə yaxın işğalda saxlayan, xalqımıza qarşı soyqırımlar törədən, ərazilərimizdə islam mədəniyyətinə zərbə vuran, məscidlərimizi murdarlayan Ermənistanla dostluq edir və bəyan edir ki, bu dövlətin təhlükəsizliyi onun təhlükəsizliyidir. Bunlar hər biri İranın Azərbaycana qarşı düşmənçilik mövqeyindən xəbər verir".
E.Məmmədov deyib ki, İranın molla rejimi düşmənçilik apardığı siyasi hakimiyyətlərə qarşı "narazı kütlə" formalaşdırmağa çalışır: "Həm də bunu elə həmin ölkələrin öz ərazilərində reallaşdırmaq istəyir. Bunun üçün dini fanatiklərdən, eləcə də radikal feminist qruplaşmalardan istifadə edir, onlarla sıx əməkdaşlığa üstünlük verir. İstənilən halda İran törətdiyi bütün cinayət əməllərinə görə cavab verməlidir. Terror aktını törədən sifarişçilər aşkara çıxarılmalı və layiqli cəzalarını almalıdırlar. Əlbəttə ki, bu işdə beynəlxalq təşkilatlar da Azərbaycanın yanında olmalıdır".

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video