15 May 2026 08:25
107
CƏMİYYƏT
A- A+
İnkişaf ritmi və estetika

İnkişaf ritmi və estetika


Bunlar Bakının simasında vəhdət təşkil edir


Bakı yalnız Azərbaycanın deyil, bütövlükdə regionun ən dinamik inkişaf edən şəhərlərindən biridir. 

Paytaxtda həyata keçirilən genişmiqyaslı abadlıq və yenidənqurma işləri, xidmətlərin müasirləşdirilməsi və şəhər estetikasına xüsusi diqqət göstərilməsi Bakının müasir urbanistika prinsiplərinə uyğun şəkildə inkişafını nümayiş etdirir. Bu proses xüsusilə son illərdə daha da sürətlənib. WUF13-də iştirak üçün gələn xarici qonaqlar da paytaxtın həm infrastruktur, həm də ekoloji və vizual baxımdan daha müasir, rahat və cəlbedici şəhər olduğunu görürlər.

Bakıda həyata keçirilən layihələr təkcə şəhərin inkişafına deyil, həm də insanların gündəlik həyat keyfiyyətinin yüksəldilməsinə hesablanıb. Xüsusən piyadayönümlü şəhər mühitinin formalaşdırılması istiqamətində görülən işlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Müasir şəhərlərdə prioritet hesab olunan mikromobillik həllərinin tətbiqi, avtomobil sıxlığının azaldılması və piyadalar üçün təhlükəsiz, rahat məkanların yaradılması Bakıda da geniş vüsət alıb. Şəhərin mərkəzi hissələrində avtomobil yollarının mərhələli şəkildə piyada zonaları ilə əvəz olunması həm sakinlərin rahatlığına, həm də turistlərin şəhərlə daha yaxından tanış olmasına imkan yaradır.

Bu istiqamətdə son dövrlərdə həyata keçirilən ən mühüm layihələrdən biri Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidən qurulmasıdır. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin iştirakı ilə açılışı baş tutan layihə Bakının yeni urbanistik simasının formalaşdırılmasının mühüm nümunəsidir. Azərbaycan prospektindən başlayaraq Mirzəağa Əliyev küçəsinədək uzanan ərazi tam şəkildə yenidən qurulub, küçə boyunca abadlıq işləri aparılıb və piyadalar üçün rahat hərəkət imkanları yaradılıb. Layihə çərçivəsində Nigar Rəfibəyli küçəsinin bir hissəsi də yenilənib, Mərkəzi Park istiqamətində rahat keçid təmin olunub. Abadlaşdırılan küçələrin ümumi uzunluğu 1350 metrdir. Yenidənqurma işləri yalnız yol örtüyünün dəyişdirilməsi ilə məhdudlaşmayıb. Küçə boyunca su və kanalizasiya xətləri tamamilə yenilənib, qaz xətləri yeraltı sistemlə əvəz edilib. Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin fasadlarında təmir və bərpa işləri aparılıb, yaşıllıq zolaqları salınıb, yeni oturacaqlar və işıqlandırma sistemləri quraşdırılıb. Nəticədə şəhərin bu hissəsi həm yerli sakinlər, həm də turistlər üçün müasir ictimai məkana çevrilib.

Layihənin ən mühüm üstünlüklərindən biri Fəvvarələr meydanından Qış parkına qədər fasiləsiz piyada hərəkəti üçün yeni marşrutun yaradılmasıdır. Tarixi memarlıq nümunələrinin yerləşdiyi bu ərazi həm turistik baxımdan daha cəlbedici görünür, həm də şəhərin mədəni atmosferini aydın nümayiş etdirir. Piyada axınının artması burada fəaliyyət göstərən mağaza, restoran və kafelərin işinə də müsbət təsir göstərir, kiçik sahibkarlığın inkişafına yeni imkanlar açır.  Paytaxtda aparılan abadlıq və quruculuq işləri yalnız şəhər mərkəzi ilə məhdudlaşmır. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən müxtəlif rayon və qəsəbələrdə də genişmiqyaslı layihələr həyata keçirilir. Suraxanı rayonunda aparılan işlər bunun bariz nümunəsidir. Rayonun bütün qəsəbələrində küçələrin estetik görünüşünün yaxşılaşdırılması, piyada səkilərinin yenilənməsi, binaların fasadlarının rənglənməsi və işıqlandırma sistemlərinin müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Qaraçuxur qəsəbəsində yolkənarı obyektlərin fasadları yenidən qurulub, şəhərin ümumi görünüşünə uyğun olmayan reklam lövhələri sökülüb, ətraf mühitin estetikası yaxşılaşdırılıb. Hövsan qəsəbəsində də irihəcmli abadlıq işləri həyata keçirilir. Uzunluğu 1,8 kilometr olan küçələr boyunca yeni yaşıllıq zolaqları yaradılır, səkilər təmir edilir, işıqlandırma sistemi yenilənir. Bu layihələr şəhərin yalnız mərkəzi hissəsinin deyil, bütün yaşayış məntəqələrinin müasir standartlara uyğun inkişaf etdirilməsi istiqamətində görülən sistemli işlərin tərkib hissəsidir.

Bakının inkişaf konsepsiyasında ekoloji tarazlığın qorunması və yaşıllıqların artırılması xüsusi yer tutur. Son illərdə paytaxtda minlərlə yeni ağac və kol əkilib, park və bağlarda geniş yaşıllaşdırma tədbirləri həyata keçirilib. 2026-cı ilin ilk rübündə şəhər ərazisində 2744 ağac, 5178 kol və 136 mindən artıq gül əkilməsi bu istiqamətdə görülən işlərin miqyasını aydın göstərir. Həmçinin minlərlə kvadratmetr sahədə yeni qazon örtüyü salınıb. Bu cür təşəbbüslər yalnız şəhərin vizual görünüşünü yaxşılaşdırmır, eyni zamanda ekoloji mühitin sağlamlaşdırılmasına və iqlim dəyişikliklərinin təsirlərinin azaldılmasına xidmət edir. 

Paytaxtda sanitar təmizlik və kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi də xüsusi diqqət mərkəzində saxlanılır. Son dövrlərdə yağan intensiv yağışlardan sonra Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən genişmiqyaslı təmizlik aksiyaları şəhərin sanitariya vəziyyətinin qısa müddətdə bərpa olunmasına imkan verib. Şəhərin küçə və prospektləri mütəmadi olaraq xüsusi yuyucu vasitələrlə təmizlənir, park və istirahət məkanlarında oturacaqlar, işıq dirəkləri və məhəccərlər yuyulur, yaşıllıqlara aqrotexniki qulluq göstərilir. Eyni zamanda yolkənarı ağaclar yuyulur, zədələnmiş budaqlar götürülür və yeni güllər əkilir. İlin əvvəlindən keçirilən çoxsaylı iməciliklər paytaxtın təmizliyinə və estetik görünüşünə verilən önəmi nümayiş etdirir.

Paytaxtda piyadaların təhlükəsizliyinin təmin olunması məqsədilə də ardıcıl tədbirlər görülür. Son illərdə səkilərin genişləndirilməsi və yeni piyada zonalarının yaradılması istiqamətində mühüm addımlar atılıb. Bununla yanaşı, bəzi hallarda qanunsuz tikinti və ya digər müdaxilələr nəticəsində piyada səkilərinin zəbt olunması halları da müşahidə edilir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən monitorinqlər nəticəsində belə halların qarşısı operativ şəkildə alınır. Səkilər əvvəlki vəziyyətinə qaytarılır və piyadaların təhlükəsiz hərəkəti bərpa olunur. Bu yanaşma göstərir ki, şəhərsalma siyasətində piyadaların rahatlığı prioritet məsələ kimi qəbul edilir.

Bakının inkişafında kommunal xidmətlərin modernləşdirilməsi də mühüm yer tutur. Bu məqsədlə alınan yeni texnikalar tullantıların daha operativ daşınmasına, sanitariya-gigiyena vəziyyətinin yaxşılaşdırılmasına və kommunal xidmətlərin keyfiyyətinin artırılmasına imkan verəcək.

Layihənin diqqətçəkən tərəflərindən biri də alınan texnikaların yerli istehsal olmasıdır. Bu həm ölkənin sənaye potensialının inkişafını nümayiş etdirir, həm də idxaldan asılılığın azalmasına xidmət edir. Yeni texnikaların tətbiqi təmizlik işlərinin daha səmərəli təşkilinə şərait yaradır.

WUF13 çərçivəsində dünyanın müxtəlif ölkələrindən gələcək mütəxəssislər, şəhərsalma ekspertləri və turistlər Bakının son illərdə keçdiyi inkişaf yolunu yaxından müşahidə etmək imkanı qazanacaqlar. Müasir piyada zonaları, geniş yaşıllıq sahələri, təmiz və səliqəli küçələr, yenilənmiş kommunal infrastruktur və şəhərin qorunan tarixi siması Bakının həm qədim, həm də müasir şəhər kimi uğurlu sintezini nümayiş etdirəcək.

Bakıda aparılan abadlıq və yenidənqurma işləri təkcə cari dövr üçün deyil, gələcək onilliklər üçün hesablanmış uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir. Paytaxtın müasir dünya şəhərləri sırasında mövqeyinin möhkəmləndirilməsi, turist axınının artırılması və şəhər sakinlərinin həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər Bakı üçün yeni inkişaf mərhələsinin əsasını formalaşdırır.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!