15 May 2026 08:55
151
İQTİSADİYYAT
A- A+
Şərqi Zəngəzurun "yaşıl enerji" ilə təminatında daha bir addım

Şərqi Zəngəzurun "yaşıl enerji" ilə təminatında daha bir addım


Məlumdur ki, Azərbaycanda yazın və payızın ömrü qış fəsli ilə müqayisədə daha çoxdur. Və bu uzun ayların  ardından qış sona çatanda demək olar ki, bir sıçrayışla yay günlərinin isti nəfəsi ilə üzləşirik. Günəş öz şiddətli istiliyi ilə torpağı və göyü qızdırarkən düşünmüşük: kaş günəşin isti nəfəsini toplayıb qışın soyuq günlərinə ötürə bilsəydik. 30-40 il öncə belə arzulamışıq...

İllər öncə xəyal etdiyimiz indi müasir texnologiyalarla gerçəkləşib və günəş enerjisi kimi həyatımıza daxil olub. Elmi sübutlarla məlum olub ki, hər dəqiqə yerə sancılan günəş zərrələri bəşəriyyətin birillik enerji tələbatını ödəmək üçün yetərlidir. Hələ ötən əsrin 70-ci illərində SSRİ-də çox geniş olmasa da, günəş-elektrik stansiyalarından səhralıq yerlərdəki yaşayış məskənlərində istifadə olunurdu. Buna baxmayaraq, son illərə qədər bu enerjinin iqtisadi faydası o qədər də diqqət çəkmirdi, əsasən, ekoloqlar üçün maraqlı və faydalı idi. İndi  dünyada  günəş əsas enerji mənbəyi hesab olunur və ondan istifadə etməyə maraq daha çox artıb. 

Təbii ki,  Azərbaycan da bu qlobal trendləri izləyir. Son illər ölkədə günəş və digər bərpaolunan enerji mənbələrinin inkişafı sürətlənib, bir sıra bölgələrdə günəş-elektrik stansiyaları fəaliyyətə başlayıb və enerji istehsalında alternativ mənbələrin payı getdikcə artır. Ölkəmiz coğrafi mövqeyinə görə  günəş enerjisi ilə zəngindir - bu, danılmaz faktdır. Azərbaycanda günəşin istiliyi, eləcə də  şüaları elektrik və istilik enerjisi üçün böyük imkanlar yaradır, demək olar ki, hər binanın damına panellər qoymaq mümkündür. Mütəxəssislərin hesablamasına görə, ölkə üzrə 1 milyon sosial və ictimai binaya quraşdırılan panellər təxminən 1000 meqavat elektrik enerjisi verə bilər ki, bu da ildə təxminən 1 milyard kubmetr təbii qaza qənaət deməkdir. Azərbaycanın günəş şüalanmasının illik 2400-3200 saat davam etməsi bu potensialı reallığa çevirir və həm elektrik, həm də istilik enerjisinin istehsalını artırmağa geniş imkan açır.

Bu baxımdan, mayın 9-da Cəbrayıl rayonunun Soltanlı kəndində "AzərEnerji" ASC tərəfindən istifadəyə verilən 330 kV-luq "Şəfəq" yarımstansiyası işğaldan azad edilmiş ərazilərdə enerji təhlükəsizliyində mühüm rol oynayır. Belə bir uğuru  qeyd etmək üçün  Prezident İlham Əliyev də bu enerji obyektinin açılış mərasimində iştirak edib. Dövlət başçısının diqqətinə çatdırılıb ki,  işğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı günəş-elektrik stansiyası və ən böyük, birbaşa xarici investisiya layihəsi olaraq BP şirkəti tərəfindən Cəbrayılda tikilən 240 meqavatlıq "Şəfəq" Günəş-Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün Azərbaycan dövləti tərəfindən irihəcmli işlər həyata keçirilib. Bu çərçivədə "AzərEnerji" tərəfindən Cəbrayılda 330 kV-luq rəqəmsal yarımstansiya tikilib və bu yarımstansiyanı ölkənin enerji şəbəkəsinə qoşmaq üçün "Cəbrayıl" Enerji Qovşağına 7,5 kilometr uzunluğunda 330 kV-luq ikidövrəli yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bu infrastruktur "yaşıl enerji"nin ölkə üzrə hərəkətini təmin edən strateji bir körpüdür.

 "Şəfəq" yarımstansiyası müasir rəqəmsal sistemlər, açıq və qapalı, həmçinin idarəetmə qurğuları, həmçinin Rəqəmsal İdarəetmə Mərkəzi ilə təchiz olunub. Yarımstansiyada çalışan işçi heyət əsasən yeni məskunlaşmış yerli əhali arasından seçilib və onlar müvafiq təlimlərdən sonra fəaliyyətə başlayıblar. Yarımstansiyanı ölkənin enerji şəbəkəsinə qoşmaq üçün "Cəbrayıl" Enerji Qovşağına 7,5 kilometr uzunluğunda 330 kV-luq ikidövrəli yüksəkgərginlikli ötürmə xətti çəkilib.  Bu infrastruktur "yaşıl enerji"nin ölkə üzrə hərəkətini təmin edən strateji bir körpüdür. 

"Şəfəq" Günəş-Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün həyata keçirilən layihənin əsas məqsədi dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirmək, karbon emissiyalarını azaltmaq, təbii qaza qənaət etmək, "yaşıl enerji"nin payını artırmaq və ölkənin enerji təhlükəsizliyini möhkəmləndirməkdir. Bu irihəcmli layihə  paralel olaraq digər obyektlərdə də davam etdirilir. Bu məqsədlə Səngəçal Terminalının "yaşıl enerji" ilə təchiz olunması üçün tikilən yeni 220 kV-luq yarımstansiyada işlər artıq yekunlaşıb. İnfrastrukturun işləmə mexanizmi belədir ki, 140 MVt gücündə modul tipli qaz elektrik stansiyasının fəaliyyəti dayandırılacaq, terminalın illik tələbatının 500 milyon kilovat-saatı bərpaolunan enerji hesabına təmin olunacaq və nəticədə illik 120-150 milyon kubmetr təbii qaza qənaət ediləcək. Bu addım  BP-nin Xəzər regionundakı əməliyyat tullantılarının  illik 260-330 min ton azaldılması ilə nəticələnəcək. 

Ümumiyyətlə isə bərpa-olunan enerji layihələrinin icrası enerji sisteminin modernləşdirilməsini sürətləndirib və konkret nəticələr verməyə başlayıb.  "AzərEnerji"nin məlumatına görə, bu dinamika xüsusilə bol sulu, günəşli və küləkli günlərin səmərəli olduğu aprel, may aylarında daha aydın hiss edilib. Belə ki, müxtəlif günlərin müəyyən saatlarında ölkə üzrə elektrik enerjisi istehlakının 36-41 faizi məhz "yaşıl enerji" hesabına təmin olunub. Məsələn, aprelin 20-də ümumilikdə 64,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bunun da 36,5 faizi bərpaolunan mənbələrin payına düşüb. Həmin enerjinin 15,9 milyon kilovat-saatı  işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, su-elektrik stansiyalarında, 7,6 milyon kilovat-saatı isə günəş və külək stansiyalarında istehsal olunub. İcra edilmiş tədbirlər hesabına enerji sistemində bəzi saatlarda "yaşıl enerji"nin payı 41 faizə çatıb. 

Göründüyü kimi, Azərbaycan enerji təhlükəsizliyini gücləndirməklə yanaşı,  bərpaolunan enerji sahəsində də regionda lider mövqeyini möhkəmləndirir. Bu mənada artıq fəaliyyət göstərən bərpaolunan enerji stansiyaları, tikilməkdə olan "Şəfəq" Günəş-Elektrik Stansiyası və digər layihələr iqtisadiyyatın dayanıqlı inkişafına və ətraf mühitin qorunmasına xidmət edir. Beləliklə, günəş enerjisi artıq xəyallardan çıxaraq,  gerçək zamanda ölkəmizin hər yerinə işıq saçır, gələcəyin "yaşıl enerji" dövrünü Azərbaycan üçün aydın və parlaq edir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 113 dollara satılır

10:07
15 May

Media: Putin Çinə səfər edəcək

10:02
15 May

Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur

09:48
15 May

Keçmiş məcburi köçkün: Doğma torpaqları yenidən dirçəldəcəyik

09:40
15 May

Rubio: İran Trampı əlverişsiz razılaşmaya məcbur edə bilməyəcək  

09:38
15 May

Cəbrayıldan olan keçmiş məcburi köçkün: Şükürlər olsun ki, doğma elimizə, obamıza qayıdırıq

09:37
15 May

Kiyevə hava zərbələrindən ölənlərin sayı 24 nəfərə çatıb

09:32
15 May

Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç yola salınıb

09:31
15 May

ABŞ Prezidenti: İran ya razılığa gələcək, ya da məhv olacaq

09:29
15 May

ABŞ hələ də Dünya Kuboku öncəsi İran futbolçularına viza verməyib

09:28
15 May

Dünyanın üçüncü ən kiçik dövləti adını dəyişmək istəyir

09:26
15 May

Azərbaycan təmsilçisi “Avroviziya-2026”nın ikinci yarımfinalında çıxış edib

09:23
15 May

Fransa millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

09:21
15 May

Ağalı kəndində əmək yarmarkasında vakansiyalar təqdim edilib

09:20
15 May

Neftçi-musiqiçi

09:15
15 May

Şöhrət onu dəyişə bilmədi

09:10
15 May

Hantavirus düşünüldüyü qədər qorxuludurmu?

09:05
15 May

Sivil cəmiyyətin məhək daşı

09:00
15 May

Şərqi Zəngəzurun "yaşıl enerji" ilə təminatında daha bir addım

08:55
15 May

Üç tərəfdaş, bir layihə

08:50
15 May

Kürdə gursululuq nə qədər davam edəcək?

08:45
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!