15 May 2026 09:05
157
Səhiyyə
A- A+
Hantavirus düşünüldüyü qədər qorxuludurmu?

Hantavirus düşünüldüyü qədər qorxuludurmu?


Ümumdünya Səhiyyə Təşkilatı bunun COVID-19 tipli qlobal təhlükə yaratmadığını açıqlayıb


Son günlər dünya mediasının əsas müzakirə mövzularından biri hantavirus infeksiyasıdır. İspaniyaya məxsus Kanar adaları istiqamətində hərəkət edən "MV Hondius" kruiz gəmisində qeydə alınan yoluxma halları və üç nəfərin ölümü beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Sosial şəbəkələrdə və bəzi media platformalarında "yeni pandemiya" ehtimalı ilə bağlı iddialar səslənsə də, Ümumdünya Səhiyyə Təşkilatı vəziyyətin nəzarət altında olduğunu və bunun COVID-19 tipli qlobal təhlükə yaratmadığını açıqlayıb. Bununla belə, hadisə bir daha göstərdi ki, zoonotik infeksiyalar, yəni heyvanlardan insanlara keçən xəstəliklər müasir dünyanın ən ciddi səhiyyə risklərindən biri olaraq qalır.

Hantavirus "Hantaviridae" ailəsinə aid RNT virusudur və adını ilk dəfə aşkarlandığı Cənubi Koreyadakı Hantaan çayından götürüb. Virus əsasən siçan və siçovul kimi gəmiricilər vasitəsilə yayılır. Maraqlıdır ki, bu heyvanlar çox vaxt özləri xəstələnmədən virus daşıyıcısına çevrilirlər. Onların sidik, nəcis və tüpürcəyi ətraf mühiti çirkləndirir, insanlar isə bu ifrazatlarla təmas nəticəsində yoluxurlar.

Mütəxəssislərin sözlərinə görə, hantavirusun əsas təhlükələrindən biri ilkin simptomlarının adi qrip və ya respirator infeksiyalara bənzəməsidir. Xəstəliyin ilk mərhələsində yüksək hərarət, əzələ ağrıları, zəiflik, baş ağrısı, halsızlıq, ürəkbulanma və qusma müşahidə edilir. Bu səbəbdən bir çox xəstə vəziyyətin ciddiliyini dərhal anlamır. Lakin infeksiya irəlilədikcə ağır tənəffüs çatışmazlığı, nəfəs darlığı, öskürək, böyrək funksiyasının pozulması və təzyiqin kəskin enməsi kimi həyati təhlükəli hallar yarana bilir.

Dünyada hantavirusun iki əsas klinik forması mövcuddur. Avropa və Asiyada daha çox rast gəlinən forma hemorragik qızdırma və böyrək sindromu ilə müşahidə olunur. Amerika qitəsində isə daha təhlükəli sayılan hantavirus ağciyər sindromu yayılıb. Bu forma sürətlə inkişaf edən tənəffüs çatışmazlığı ilə müşayiət olunur və onun ölüm riski yüksək hesab edilir.

Hazırda beynəlxalq diqqətin mərkəzində olan hadisə də məhz Andes virusu ilə bağlıdır. Andes virusu hantavirusun Cənubi Amerikaya xas növlərindən biridir və digər hantaviruslardan fərqli olaraq nadir hallarda insandan insana keçə bilir. Alimlər bildirirlər ki, belə yoluxmalar əsasən ailə üzvləri və ya yaxın təmasda olan şəxslər arasında baş verir.

"MV Hondius" kruiz gəmisində səkkiz yoluxma halı qeydə alınıb, onlardan altısı laboratoriyada Andes virusu kimi təsdiqlənib. Üç nəfərin həyatını itirməsi isə vəziyyətin nə qədər ciddi olduğunu ortaya qoyub. Gəmi həftələrlə dənizdə qaldıqdan sonra Kanar adalarındakı Tenerifeyə çatıb və sərnişinlərin təxliyəsi ÜST ilə İspaniya hakimiyyətinin hazırladığı xüsusi təhlükəsizlik planı əsasında həyata keçirilib. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, beynəlxalq səhiyyə strukturları sürətli cavab tədbirləri üzərində işləyir. Əsas məqsəd xəstələrin təhlükəsizliyini təmin etmək, yoluxma zəncirini izləmək və virusun daha da yayılmasının qarşısını almaqdır.

Qurumun məlumatına görə, insanlar əsasən yoluxmuş gəmiricilərin ifrazatı ilə təmas nəticəsində infeksiyaya yoluxurlar. Xüsusilə çirklənmiş tozun nəfəsə çəkilməsi əsas risk faktorlarından sayılır. Havalandırılmayan qapalı məkanlar, zirzəmilər, anbarlar, kənd evləri və tövlələr təhlükəli mühit hesab edilir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə məkanların təmizlənməsi zamanı quru süpürgə və ya tozsorandan istifadə virus hissəciklərini havaya qaldıra bilər. Ən təhlükəsiz üsul əvvəlcə məkanı yaxşı havalandırmaq, daha sonra isə əlcək və qoruyucu maska ilə səthləri nəm şəkildə təmizləməkdir.

ÜST qeyd edir ki, virusun insandan insana keçməsi son dərəcə nadirdir və yalnız Andes virusunda müşahidə olunub. Təşkilat hazırda Kanada, Almaniya, Böyük Britaniya, ABŞ, Türkiyə və digər ölkələr daxil olmaqla 12 dövləti məlumatlandırıb. Beynəlxalq təmasların izlənməsi davam etdirilir. Azərbaycan Səhiyyə Nazirliyi də məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, Azərbaycan hantavirus üzrə endemik bölgə hesab olunmur və ölkədə bu virusa yoluxma halı qeydə alınmayıb. Nazirliyin məlumatına əsasən, ölkə ərazisində yaşayan gəmiricilər arasında hantavirusa rast gəlinmir və mövcud epidemioloji vəziyyət əhali üçün əlavə risk yaratmır. Bununla yanaşı, Azərbaycanda həm insan, həm də heyvan sağlamlığı laboratoriyalarında hantavirusun PCR üsulu ilə yoxlanılması üçün texniki imkanların mövcud olduğu vurğulanıb. Riskli ölkələrdən gələn və uyğun klinik əlamətlər göstərən şəxslər zərurət yarandığı halda müayinədən keçə bilərlər.

Hazırda hantavirusa qarşı təsdiqlənmiş xüsusi antiviral müalicə və ya geniş istifadə olunan peyvənd yoxdur. Müalicə əsasən dəstəkləyici xarakter daşıyır. Ağır hallarda xəstələrə oksigen terapiyası, süni tənəffüs aparatı və dializ tətbiq oluna bilər. Həkimlər bildirirlər ki, erkən diaqnoz sağ qalma şansını artıran əsas amildir.

Son araşdırmalar hantavirusun uzunmüddətli təsirləri ilə bağlı da ciddi narahatlıq yaradıb. Çilidə aparılan tədqiqat zamanı hantavirus ürək-ağciyər sindromundan sağ çıxmış xəstələr bir neçə ay izlənilib və onların heç birinin tam sağalmadığı müəyyən olunub. Yorğunluq, yaddaş problemləri, yuxusuzluq, saç tökülməsi, narahatlıq və psixoloji gərginlik ən çox rast gəlinən davamlı simptomlar arasında yer alıb. Araşdırmada diqqət çəkən məqamlardan biri də sosial təsirlər olub. Sağ qalan bəzi şəxslər ətrafdakılar tərəfindən "yoluxucu" kimi qəbul edildiklərini və sosial təcrid yaşadıqlarını bildiriblər. Bir sıra xəstələr uzun müddət iş və təhsilə qayıda bilməyiblər.

Bütün bunlara baxmayaraq, ÜST bir daha vurğulayır ki, mövcud vəziyyət pandemiya təhlükəsi yaratmır. Təşkilatın baş direktoru Tedros Gebreyesus bildirib ki, Andes virusu yeni xəstəlik deyil və onun yayılma mexanizmi uzun illərdir məlumdur. Onun sözlərinə görə, hantavirusun yayılması COVID-19-dan tamamilə fərqlənir və virusun sürətli qlobal yayılma potensialı aşağı qiymətləndirilir.

Son hadisələr isə bir daha göstərir ki, iqlim dəyişiklikləri, urbanizasiya və insanların vəhşi təbiətlə daha sıx təması zoonotik xəstəliklərin yaranma riskini artırır. Mütəxəssislər hesab edirlər ki, gələcək təhlükələrin qarşısını almaq üçün yalnız müalicəyə deyil, erkən monitorinq, profilaktika və ictimai maarifləndirməyə daha çox investisiya ayrılmalıdır.

Hantavirus hadisəsi dünya ictimaiyyətinə mühüm bir mesaj verdi ki, təhlükəli infeksiyalar yalnız pandemiya halında deyil, lokal səviyyədə ortaya çıxdıqda da ciddi nəzarət tələb edir. Eyni zamanda düzgün informasiya və elmi əsaslı yanaşma ictimai təşvişin qarşısını almaqda həlledici rol oynayır. ÜST-nin "bu, yeni COVID deyil" mesajı da məhz panikanın qarşısını almağa yönəlib.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 113 dollara satılır

10:07
15 May

Media: Putin Çinə səfər edəcək

10:02
15 May

Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur

09:48
15 May

Keçmiş məcburi köçkün: Doğma torpaqları yenidən dirçəldəcəyik

09:40
15 May

Rubio: İran Trampı əlverişsiz razılaşmaya məcbur edə bilməyəcək  

09:38
15 May

Cəbrayıldan olan keçmiş məcburi köçkün: Şükürlər olsun ki, doğma elimizə, obamıza qayıdırıq

09:37
15 May

Kiyevə hava zərbələrindən ölənlərin sayı 24 nəfərə çatıb

09:32
15 May

Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç yola salınıb

09:31
15 May

ABŞ Prezidenti: İran ya razılığa gələcək, ya da məhv olacaq

09:29
15 May

ABŞ hələ də Dünya Kuboku öncəsi İran futbolçularına viza verməyib

09:28
15 May

Dünyanın üçüncü ən kiçik dövləti adını dəyişmək istəyir

09:26
15 May

Azərbaycan təmsilçisi “Avroviziya-2026”nın ikinci yarımfinalında çıxış edib

09:23
15 May

Fransa millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

09:21
15 May

Ağalı kəndində əmək yarmarkasında vakansiyalar təqdim edilib

09:20
15 May

Neftçi-musiqiçi

09:15
15 May

Şöhrət onu dəyişə bilmədi

09:10
15 May

Hantavirus düşünüldüyü qədər qorxuludurmu?

09:05
15 May

Sivil cəmiyyətin məhək daşı

09:00
15 May

Şərqi Zəngəzurun "yaşıl enerji" ilə təminatında daha bir addım

08:55
15 May

Üç tərəfdaş, bir layihə

08:50
15 May

Kürdə gursululuq nə qədər davam edəcək?

08:45
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!