Qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik. Bütün hazırlıq prosesi də məhz buna hesablanıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev komandanın Avropa Liqasına son hazırlıq prosesi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O, hazırlıq prosesindən razı qaldığını bildirib: “Sloveniyada bir neçə yoldaşlıq matçı oynadıq və qələbələr qazandıq. Təxminən 25 gündür hazırlıq mərhələsindəyik. Əsas məqsədimiz avqust ayında keçiriləcək Avropa çempionatına hazırlaşmaqdır”.
Baş məşqçi qeyd edib ki, Avropa Liqasında millinin bəzi aparıcı voleybolçuları meydana çıxmayacaqlar: “Bir neçə oyunçumuz zədəlidir. Buna baxmayaraq, qarşıdakı görüşləri yüksək səviyyədə keçirməyə çalışacağıq. Eyni zamanda, voleybolçuları qoruyaraq Avropa çempionatına tam hazır vəziyyətdə çıxarmaq istəyirik. Çünki bu yarış bizim üçün ilin ən vacib turniridir”.
Mütəxəssis Avropa Liqasındakı rəqiblərin gücünü də dəyərləndirib. Onun sözlərinə görə, ilk rəqib İsveç yığması ilə görüş ciddi sınaq olacaq: “İsveç güclü komandadır. Hər rəqiblə oyuna qələbə qazanmaq məqsədilə çıxmaq lazımdır. Estoniya ilə oyunda da uğurlu nəticə əldə etməyə çalışacağıq. Bundan başqa, İspaniya və Şimali Makedoniyada keçiriləcək görüşlərə də hazırlaşırıq”.
F.Qarayev Avropa çempionatına qədər heyətin daha da güclənəcəyini bildirib: “Zədəli oyunçuların həmin turnirə qədər komandaya qoşulmasını gözləyirik. Hazırda oynamayan üç-dörd voleybolçumuzun Avropa çempionatında iştirak etməsini planlaşdırırıq”.
Qeyd edək ki, Azərbaycan seçməsi Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda millimizin rəqibləri İsveç və Estoniya yığmaları olacaq.