15 May 2026 08:45
159
İQTİSADİYYAT
A- A+
Kürdə gursululuq nə qədər davam edəcək?

Kürdə gursululuq nə qədər davam edəcək?


Çayların su rejiminin formalaşmasında iqlim faktoru mühüm rol oynayır. Quraqlıq dövrü çaylara, təsərrüflara necə mənfi təsir göstərirsə, bu hal atmosfer yağıntılarının artması nəticəsində çayların gursululuq mərhələsinə keçidində də müşahidə olunur. Həddindən artıq yağıntılar çaylarda suyun səviyyəsini artıraraq daşqınlara səbəb olur.  Bu isə çay ətrafında yaşayan əhalinin həyat tərzinə, kənd təsərrüfatına ziyan vurur. 

Son vaxtlar Azərbaycana düşən yağıntıların normadan artıq olması ölkəmizin əsas su mənbəyi olan Kür çayında suyun səviyyəsinin artmasına, nəticədə isə daşqınlara səbəb olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, intensiv yağışlar səbəbindən Kür çayı üzərində yerləşən Şəmkir və Mingəçevir su anbarlarına may-iyun aylarında daha artıq su həcminin daxil olacağı nəzərə alınaraq, aidiyyəti qurumlarla razılaşdırılmaqla 13 aprel tarixindən Mingəçevir su anbarından Kür çayının aşağı axınına saniyədə 500 kubmetr, 17 aprel tarixindən isə 700 kubmetr suyun buraxılması qərara alınıb. Eyni vaxtda Kür çayına sağ və sol qollarından qoşulan Ağstafaçay, Qarqarçay, Türyançay, Ağsuçay, Göyçay və Girdmançay çayları vasitəsilə daxil olan su həcmləri də artıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına əsasən, yağıntı səbəbilə Kür çayı üzərində yerləşən nasos stansiyalarının işlədilməsinə ehtiyac olmayıb, nəticədə bir sıra rayonlarda lokal ərazilərdə çayın köməkçi bəndindən su sızmaları baş verib, mühafizə zonasında olan bir neçə yaşayış evlərinin həyətyanı sahələrinin və örüş torpaqlarının su basması faktları qeydə alınıb. Aidiyyəti qurumların təklifləri nəzərə alınaraq, Mingəçevir su anbarının iş rejiminə gündəlik nəzarət olunması və həftəlik rejimlər təsdiq olunmaqla Kür çayının aşağı axınına suyun buraxılması qərara alınıb. 24 aprel tarixindən Kür çayında suyun səviyyəsinin tədricən enməsi müşahidə olunub və ayrı-ayrı rayonların ərazisində 30-105 sm arasında dəyişdiyi müəyyən edilib. Hazırda Kür çayının məcrası ilə suyun maneəsiz Xəzər dənizinə axıdılması təmin edilir, subasma təhlükəsi səbəbindən yerli istismar idarələri tərəfindən bəzi ərazilərdə nasos aqreqatları, nasos və elektrik avadanlıqları quraşdırılır, su basmış ərazilərdən su tədricən kənarlaşdırılır və əhali gündəlik normal təsərrüfat fəaliyyətini davam etdirir.


Çaylarda suyun səviyyəsi tədricən stabilləşir


Regional Su Meliorasiya Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, son vaxtlar müşahidə olunan intensiv yağıntılar və yaz-yay gursululuq dövrü ilə əlaqədar olaraq transsərhəd və daxili çaylarda, o cümlədən Kür çayında suyun səviyyəsində artım qeydə alınmışdır. Bu hal mövsümi hidroloji proses olmaqla, nəzarət altında saxlanılır: "Kür çayı üzərində yerləşən Şəmkir, Yenikənd və Mingəçevir su anbarlarında su ehtiyatlarının tənzimlənməsi mövcud istismar qaydalarına uyğun həyata keçirilir. Mingəçevir su anbarından aşağı axına buraxılan sular aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə tənzimlənir və proses operativ nəzarətdədir".

2010-cu il daşqınlarından sonra Kür çayı boyunca mühafizə bəndlərinin möhkəmləndirilməsi və hündürləşdirilməsi istiqamətində mərhələli tədbirlər həyata keçirilib. Cari ildə də istismar proqramı çərçivəsində həmin işlərin davam etdirilməsi təmin olunur. Hazırda mühafizə bəndlərində hər hansı təhlükəli vəziyyət müşahidə edilmir. Ərazilərdə fasiləsiz monitorinq aparılır, operativ qruplar və xüsusi texnikalar hazır vəziyyətdə saxlanılır, qabaqlayıcı tədbirlər davam etdirilir. Mingəçevir su anbarından Kür çayının aşağı axınına hazırda saniyədə 500 kubmetr həcmində su ötürülür. Eyni zamanda son günlər çayda su səviyyəsinin tədricən stabilləşməsi və azalma tendensiyası müşahidə olunur. Mövcud vəziyyətə əsasən, Kür çayında su səviyyəsinin artması ilə bağlı yaşayış məntəqələri və ətraf ərazilər üçün hər hansı daşqın təhlükəsi və ya narahatlıq mövcud deyil.


Daşqınların səbəbi


Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Landşaftşünaslıq və təbiətdən istifadə şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Mirnuh İsmayılov mövzu ilə bağlı qəzetimizə açıqlamasında deyib ki, son dövrlərdə Kür çayında baş verən hadisələr güclü yağışların nəticəsi olaraq ortaya çıxıb. Gursululuğun bilavasitə iqlimlə bağlı olduğunu deyən şöbə müdiri qeyd edib ki, yağıntılı dövr çaylarda güclü daşqınlara səbəb olub: "Azərbaycanın xarakterik ərazilərində, xüsusilə Aran zonasında daşqınlar, Böyük Qafqazın şimal-şərq yamacında sellər, sürüşmələr, Lənkəran bölgəsində sürüşmə hadisələrinin, subasmaların artması müşahidə olundu. Vəziyyət o yerə çatdı ki, hətta Xəzər dənizinin səviyyəsində  müəyyən qədər artım qeydə alındı". 

Kür çayında baş verən daşqınların iki səbəbi olduğunu deyən alim bunun təbii və antropogen amillərlə bağlı olduğunu diqqətə çatdırıb. Təbii amillər aydındır. Kür hövzəsinə yağıntıların kifayət qədər düşməsi, yaya doğru yüksək və orta dağlıqda qarın sürətlə əriməsi çayda gursululuğa səbəb olur. Bu isə nəticədə daşqınlara gətirib çıxarır. Antropogen amillərə gəlincə isə bu, mürəkkəb və çoxtərəflidir. "Hadisələr göstərdi ki, yerüstü suları idarəetmədə kifayət qədər hazırlıqlı deyilik. Doğrudur, bu da mürəkkəb prosesdir. İqlimlə bağlı əvvəlcədən uzunmüddətli proqnoz vermək mümkün olmadığına görə, yaz aylarında bu qədər intensiv yağıntılar olacağı bilinmirdi. Ona görə də su anbarları vaxtında dolmuşdu. Buna görə yağış çox yağanda suyu çaya buraxmağa məcbur olurlar", - deyə o əlavə edib.

M.İsmayılov digər antropogen amillə bağlı da danışıb. O qeyd edib ki, bura əhalinin  məskunlaşma xarakterini aid etmək olar. İnsanlar tarixən Kür sahilində məskunlaşmağa üstünlük veriblər. Sonralar kanallar çəkildikcə onların ətrafında yaşayış məntəqələri salınıbdır. Belə şəraitdə əhali həyətyanı sahələrini, yaşayış evlərini, təsərrüfatlarını çayın məcrasına doğru yaxınlaşdırıblar. Bu da daşqınlar zamanı arzuolunmaz nəticələrə gətirib çıxarır. 

Alim hazırda Kürdəmir, Sabirabad, Ağcabədi, Zərdab, İmişli rayonları ərazilərinin və Hacıqabulun bəzi kəndlərinin subasmaya məruz qaldığını vurğulayıb: "Kürdəki daşqınlara qarşı vaxtilə çaya paralel bir-birindən təxminən 100-150 metr aralı iri bəndlər yaradılmışdı.  Həmin bəndlər Yevlaxdan cənuba doğru uzanırdı. Bu, gözəl mühəndislik qurğusu idi. Kürdə su azalanda insanlar çayın mühafizə zonasını əkin sahələrinə, yaşayış məntəqələrinə çevirdilər. Ona görə də Kürdə daşqınlar müşahidə edilən kimi çox ciddi vəziyyət yaranır". 

M.İsmayılov hazırda vəziyyətin stabil olduğunu, amma Kürdə gursululuğun dağlarda qar əriyib qurtarana qədər davam edəcəyini deyib. Şöbə müdiri qeyd edib ki, vəziyyətlə əlaqədar dövlət tərəfindən davamlı, operativ tədbirlər görülür, əhaliyə yardım göstərilir. Amma yerli icra və özünüidarə orqanları da bu işdə fəal olmalıdırlar. Əhalinin məskunlaşmasında, əkin sahələrinin ayrılmasında, pay torpaqlarının seçilməsində bu təhlükələr nəzərə alınmalıdır. Bu hal yenidən təkrarlana bilər. 15 il öncə olan daşqınlar da böyük fəsadlar törətmişdi, əhaliyə xeyli ziyan vurmuşdu. Yaz daşqınlarına qarşı müəyyən tədbirlər görmək lazımdır. Azərbaycanda bunun üçün böyük potensial var.

Göründüyü kimi, son illər su qıtlığı qlobal problemlərdən biri olsa da, intensiv yağışlar nəticəsində yaranan gursululuğun da müəyyən fəsadları ortaya çıxır. Proseslər göstərir ki, qarşıdan gələn yay aylarında su ehtiyatları baxımından əvvəlki illərdən daha az problem olacaq. Bununla belə həm quraqlıq, həm də gursululuq dövründə su ehtiyatlarının səmərəli və doğru idarə edilməsi əsas məqamlardan  biri olaraq qalır.  


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 113 dollara satılır

10:07
15 May

Media: Putin Çinə səfər edəcək

10:02
15 May

Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur

09:48
15 May

Keçmiş məcburi köçkün: Doğma torpaqları yenidən dirçəldəcəyik

09:40
15 May

Rubio: İran Trampı əlverişsiz razılaşmaya məcbur edə bilməyəcək  

09:38
15 May

Cəbrayıldan olan keçmiş məcburi köçkün: Şükürlər olsun ki, doğma elimizə, obamıza qayıdırıq

09:37
15 May

Kiyevə hava zərbələrindən ölənlərin sayı 24 nəfərə çatıb

09:32
15 May

Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç yola salınıb

09:31
15 May

ABŞ Prezidenti: İran ya razılığa gələcək, ya da məhv olacaq

09:29
15 May

ABŞ hələ də Dünya Kuboku öncəsi İran futbolçularına viza verməyib

09:28
15 May

Dünyanın üçüncü ən kiçik dövləti adını dəyişmək istəyir

09:26
15 May

Azərbaycan təmsilçisi “Avroviziya-2026”nın ikinci yarımfinalında çıxış edib

09:23
15 May

Fransa millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

09:21
15 May

Ağalı kəndində əmək yarmarkasında vakansiyalar təqdim edilib

09:20
15 May

Neftçi-musiqiçi

09:15
15 May

Şöhrət onu dəyişə bilmədi

09:10
15 May

Hantavirus düşünüldüyü qədər qorxuludurmu?

09:05
15 May

Sivil cəmiyyətin məhək daşı

09:00
15 May

Şərqi Zəngəzurun "yaşıl enerji" ilə təminatında daha bir addım

08:55
15 May

Üç tərəfdaş, bir layihə

08:50
15 May

Kürdə gursululuq nə qədər davam edəcək?

08:45
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!