Amma söhbət məşhur "Bəxtiyar" filminin eyniadlı personajından getmir
Saksafon ifaçısı Rüfət Yusupovla iştirakçısı olduğumuz bir tədbirdə tanış olduq. Tanış olduq deyəndə ki, əslində, onun saksafonda ifa etdiyi bir-birinə bənzəməyən musiqi nömrələri içi biz qarışıq ətrafına yığılanları sehirləmişdi. Bu sehrin cazibəsindən çıxmaq mümkün deyildi. Çünki Rüfətin ifalarında nəsə bir qeyri-adilik, şirinlik hiss olunur, peşəkarlıq duyulurdu.
Rüfət 1982-ci ildə Bakıda dünyaya göz açıb. Orta təhsilini başa vuraraq neftçi olmaq arzusu ilə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub. Bakalavr, magistr təhsili alıb. Mərhum akademik Azad Mirzəcanzədinin tələbəsi olub. Sonra ordu sıralarına çağırılıb. Vətən qarşısındakı borcunu yerinə yetirib.
Xidmətdən qayıtdıqdan sonra Rüfətin həyatının yeni mərhələsi başlayıb. 2005-ci ildə müsabiqə yolu ilə bp şirkətinə işə qəbul olub. Bilik və bacarığını nəzərə alaraq onu neft hasilatı üzrə əməliyyat şöbəsinə işə götürüblər. Elə o vaxtdan bu günə qədər həmin şirkətdə çalışır. İşindən ayrılmayan Rüfət sonrakı illər musiqi dünyasının qapısını döyür. 2009-2013-cü illər Azərbaycan Milli Konservatoriyasında "Nəfəs alətləri" ixtisası üzrə təhsil alır. 2017-2025-ci illərdə "Şıx" sanatoriyasında mədəni-kütləvi işin təşkilatçısı vəzifəsində çalışmağa başlayır. 2022-ci ildən isə "Kurort" QSC-nin Mədəni-Kütləvi qrupun rəhbəri kimi fəaliyyət göstərir.
Keçdiyi ömür yolunu vərəqlədikcə onu öyrənmək istədik ki, görəsən, neftçi Rüfət Yusupovda musiqiyə, saksafon ifa etməyə həvəs necə və nə vaxtdan oyanıb. Bunu özündən soruşduq. Dedi ki, musiqiyə həvəsi oyananda hardasa 20 yaşı var idi: "Həmin vaxt artıq Azərbaycan Dövlət Neft Akademiyasının sonuncu kursunda oxuyurdum. Amma musiqi təhsili də almaq istəyirdim. Arzumu reallaşdırmaq üçün yaşadığım ünvana yaxın olan musiqi məktəbinə üz tutdum. Çox keçmədi ki, burada piano ixtisası üzrə təhsil almağa başladım. Məndə milli musiqimizə marağı piano müəllimim Zaur Rüstəmov oyatdı. Onun köməyi ilə musiqinin sirlərinə daha da dərindən bələd oldum. Zaur müəllim uzun illər idi ki, Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının pianoçusu kimi fəaliyyət göstərirdi. Həmin illər o məni özü ilə ansamblın bütün məşq, çəkiliş və səsyazmalarına aparırdı. Musiqi aləmində tanınan belə nümunəvi, peşəkar ansamblın ifasını dinləyə-dinləyə, kollektivin zəngin milli repertuarlarını öyrənir, bütün alətlərin solo ifasının üslubunu diqqətlə izləyərdim".
Rüfət Yusupovun nəfəsli alətlərə sevgisi də həmin günlərdə oyanıb. Sözünə davam edən həmsöhbətimiz o zamanlardan söz açaraq dedi ki, ansamblda solo partiyalarını səsləndirən nəfəs alətləri (klarnet, balaban, tütək) diqqətini daha çox cəlb edirdi: "Amma buna baxmayaraq, nəfəsli alətlərin sirlərinə yiyələnmək, onlarda mahnı ifa etmək o ərəfələrdə heç ağlıma da gəlmirdi. Bəzən tale insanın özünün xəbəri olmadan onun gələcək yolunu təyin edir, sürprizlər hazırlayır. Elə mənim saksafonda ifa etməyi öyrənməyim də buna oxşadı. Günlərin birində təsadüfən konservatoriyanın nəfəs alətləri müəllimi Çingiz Mehdiyevlə tanış olduq. Söhbət zamanı müəllim nəfəsli alətlərə olan marağımı hiss etdi. Məni nəfəsli alətləri çoxlarından yaxşı öyrənəcəyimə əmin etdikdən sonra dərslərə başladıq. Müəllim əvvəlcə klarnet, sonra isə saksafon dərslərini tədris etdi. Dərslər davam etdikcə müəllimin etimadını doğruldurdum. Bacarığımı görən Çingiz müəllim məni konservatoriyaya, nəfəs alətləri ixtisasına qəbul olmağa hazırlamağa başladı".
Beləcə, Rüfət Yusupov yavaş-yavaş taleyini musiqi dünyasına bağlayır. Müəllimi Çingiz Mehdiyevdən nəfəs alətlərində ifa etməyi öyrəndikdən sonra ikinci ali təhsil almaq üçün konservatoriyaya qəbul olur.
İfaçılıq üslubundan söz açan Rüfət dedi ki, xalq musiqisinə olan sevgisi və dərin bələdçiliyi işini xeyli asanlaşdırır. Saksafonun sirlərinə yiyələndikcə onda bu alətdə təkcə Avropa musiqisi deyil, Azərbaycan xalq və bəstəkar musiqilərini də ifa etmək istəyi yaranırdı: "Bu janrda ifa etmək həvəsini məndə o illər efirlərdə tez-tez görünən mahir saksafonçu Eldar Zeynalov oyatdı. Onun saksafonda səsləndirdiyi "Şükriyyə", "Abşeron", "Mənim əzizlərim", "Dalğalar", "Qurban adına" və başqa ifaları bu alətin ecazkar səsində, avazında həm də milli ruhun gizli və sirli daşıyıcısı olduğunu qəlbimə sızdırdı. Bu böyük sənətkarla tanış olmaq, ondan saksafon dərsləri almaq arzusu ilə yaşayırdım. Bu yerdə yenə də təsadüf köməyimə çatdı. Onun Süleyman Ələsgərov adına 1 nömrəli İncəsənət Məktəbində işlədiyini öyrəndim və bu böyük sənətkarla görüşüb tanış oldum. Eldar müəllimə saksafonda bu alətə xas olan estrada, pop, caz üslubunda yox, məhz milli ruhda musiqilər ifa etmək istədiyimi bildirdim. O, əvvəlcə buna tərəddüd etsə də, kiçik sınaqdan sonra razılaşdı. Gördü ki, israrlıyam".
Gündüzlər neftçi kimi çalışan Rüfət Yusupov işdən sonra musiqi dünyasının qapılarını açır. Gündəlik olaraq "Kurort" QSC-nin bütün sanatoriya filiallarında canlı konsert proqramları ilə çıxış edir. Bir-birindən şən musiqilərlə sanatoriyalarda müalicə alan insanların zövqünü oxşayır, könüllərini açır. Rüfət deyir ki, AHİK və "Kurort" QSC-nin yeni rəhbərliyinin onlara olan etimadı sayəsində 8 nəfərdən ibarət ansambl yaradıb: "Hazırda ansamblın genişləndirilməsi barədə düşünürəm. Rəngarəngliyi təmin etmək üçün konsertlər zamanı milli alətlərlə yanaşı, saksafon, piano, skripka kimi Avropa alətlərində də musiqi nömrələri səsləndirmək istəyirik".
Maraqlı söhbətinə davam edən Rüfət Yusupov daha sonra sözünə davam edərək bildirdi ki, həm neftçi, həm də musiqiçi olduğuna görə özünü xoşbəxt sanır: "Mənə elə gəlir ki, onlar bir-birini tamamlayır, qoşa qanad kimi ürəyimdə, qəlbimdə çırpınır". Gələcək planlarından söz açan Rüfət dedi ki, dinləyicilərə rahatlıq gətirən ideyaların həyata keçirilməsi istiqamətində fikirləşir: "Yaratdığımız yeni ansamblın daha geniş və rəngarəng proqramla çıxış etməsi üçün üzərimizə düşən vəzifələri can-başla yerinə yetirmək bacarığındayıq. Təəssüflər olsun ki, əvvəllər mədəni-kütləvi sahəyə soyuq, laqeyd münasibət bəslənmişdi. Bu işə ixtisası olmayan, musiqi sənətindən o qədər də biliyi olmayan şəxslər cəlb olunmuşdu. Artıq bu, arxada qalıb. Çalışırıq ki, sanatoriyalarda müalicə olunan insanlar üçün daha keyfiyyətli, daha zövqlü canlı musiqi gecələri təşkil edək".
Söhbətimizin sonunda Rüfət Yusupovdan övladlarından onun yolunu davam etdirənlərin olub-olmadığını soruşduq. Dedi ki, 10 yaşlı oğlu İsaxan saksafona böyük maraq göstərir: "Marağını nəzərə alaraq onu Qara Qarayev adına İncəsənət Məktəbində saksafon sinfinə qoymuşam. Artıq 7 aydır ki, oxuyur. İxtisas müəllimi ilə bərabər, mən də İsaxanın gündəlik dərsləri ilə maraqlanıram. Oğlum hazırda böyük bəstəkar Q.Qarayevin "Kiçik vals" əsəri üzərində çalışır. Bir neçə dəfə də məktəbdə keçirilən konsertdə bacarığını nümayiş etdirib".
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"