Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun struktur bölmələri üzrə illik hesabat iclaslarına başlanılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclaslarda cari ildə hər bir şöbədə elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət və s. ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumatlar verilir. Əsas məqsəd şöbələrin illik fəaliyyətinin və institut əməkdaşlarının əldə etdikləri elmi nəticələrin qiymətləndirilməsi, struktur bölmələrdə yerinə yetirilən elmi və innovativ işlərin monitorinqinin aparılması, o cümlədən qarşıda duran vəzifə və prioritetlərin müəyyənləşdirilməsidir.
İnstitutun Elmi şurasının hesabatlara həsr olunmuş ilk iclasında Tədris-İnnovasiya Mərkəzinin 2024-cü il üzrə fəaliyyəti müzakirə olunub. Hesabatı təqdim edən Mərkəzin rəhbəri texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova il ərzində elmi-tədqiqat fəaliyyəti çərçivəsində görülmüş işlərdən bəhs edib. O, müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemlərinə dair araşdırmaların aparıldığını söyləyib. Bildirib ki, bu problem üzrə IV Sənaye İnqilabı platformasında informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi problemləri tədqiq olunub.
O, Azərbaycan dilinin İKT, eləcə də İKT-nin Azərbaycan dili problemləri üzrə jest informatikasının istiqamətləri, hədəfləri, texnologiyaları, elektron dövlət mühitində Azərbaycan dili ekosisteminin yaradılması ilə bağlı tədqiqatlar aparıldığını qeyd edib.
R.Mahmudovanın sözlərinə görə, il ərzində Mərkəzin əməkdaşları tərəfindən rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə Azərbaycan Respublikasında “Elmi kadrlar” informasiya sisteminin yaradılması və intellektual analizi üçün metodların işlənməsi, Azərbaycanda “Big Data” yönümlü müxtəlif xarakterli və təyinatlı informasiya resurslarının təhlili, onların kommersiyalaşdırılması potensialının tədqiqi və qiymətləndirilməsi ilə bağlı tədqiqatlar aparılıb.
Sonra o, 2024-cü il ərzində respublika səviyyəli, eləcə də nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda dərc olunan məqalələr haqqında məlumat verib. Həmçinin cari ildə institutun baş mütəxəssisi Rafiq İsmayılov tərəfindən “Python proqramlaşdırma dili”ndən tədris proqramının hazırlandığını qeyd edib.
Elmi-pedaqoji fəaliyyət və kadr hazırlığı istiqamətində həyata keçirilən tədbirlərdən danışan R.Mahmudova Bakı Biznes Universitetinin tələbələri üçün təşkil olunan dərslər barədə məlumat verib. Eyni zamanda, Azərbaycan Texniki Universitetinin magistrantlarının dissertasiya işlərinə elmi rəhbərliyin həyata keçirildiyini, müxtəlif proqramlar üzrə fərdi kursların təşkil olunduğunu diqqətə çatdırıb.
Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək Mərkəzin illik hesabatına dair fikirlərini bölüşüb. Alim cəmiyyətin təhlükəsizlik komponentinin tərkib hissəsi olan kibertəhlükəsizlik mədəniyyəti problemləri, elektron dövlət mühitində Azərbaycan dili ekosisteminin yaradılması, eləcə də IV Sənaye İnqilabının texnologiyaları əsasında intellektual elektron dərsliklərin hazırlanması ilə bağlı tədqiqatların davam etdirilməsinə dair təklif və tövsiyələrini səsləndirib.