15 Noyabr 2023 09:00
20989
SİYASƏT
A- A+

İlham Əliyev qətiyyəti

 

Heç bir güc Azərbaycanın müstəqil siyasətinə təsir göstərə bilməz

 

Dünyadakı ikili standartlar, dini və milli zəmində qütbləşmə kəskinləşməkdə davam edir. Təəssüf ki, bəşəriyyət üçün təhlükəli olan bu prosesdə böyük dövlətlər - ABŞ, Fransa, eləcə də beynəlxalq təşkilatlar - Avropa İttifaqı (Aİ) hərəkətverici qüvvəyə çevriliblər. Artıq hər kəsə bəllidir ki, "xristian klubu"na çevrilən Avropa İttifaqı "ədalətsizlik ünvanı" statusuna da sahiblənib. 
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində vasitəçilik missiyasını üzərinə götürən bir təşkilatın sərgilədiyi mövqe göstərir ki, Aİ ikibaşlı siyasət yürüdür. 
ABŞ və Fransa isə son 30 ildə sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etsələr də, işğalçı Ermənistana hərtərəfli yardımlarını əsirgəməyiblər. Elə bu gün də həmin siyasət davam edir.

 

ABŞ və Fransanın "demokratiya" totalitarizmi

 

ABŞ və Fransa dünyaya "demokratiya" yaymaq iddiasında olsalar da, bu iddianın çox ziddiyyətli bir tarixə sahib olduğunu qeyd edə bilərik. Çünki adıçəkilən güclərin İraq, Əfqanıstan, Suriya, həmçinin Mərkəzi Asiya və Afrikanın bir çox ölkəsinə "bəxş etdikləri" demokratiya uzun illər məhz dünyanın gözü qarşısında baş verib. Hələ üstəlik ABŞ və Fransa hər zaman bu demokratiyanı güc hesabına yaymağı özlərinə rəva biliblər. Bütün hallarda bu dövlətlərin iddia etdikləri demokratiyadan əvvəl onların ordusu başqa ölkələrin ərazisinə müdaxilə edib. Bununla da yaymağa çalışdıqları "demokratiya" hər dəfə bəşəriyyət üçün minlərlə insanın ölümü, dağıntılar və xaosla nəticələnib. Ən sadə halda isə ABŞ və Fransa demokratiya adı altında dünyada bir çox çevriliş cəhdinin arxasında dayanan əsas fiqurlar olublar.
Uzun əsrlərboyu dünya siyasi və hərb tarixində ABŞ-nin rəhbərliyi altında Qərb imperializminin haqsız siyasi istismarının səbəb olduğu faciələr danılmaz faktlardır. Bu imperializmin təhlükəli nəticələri kütləvi insan fəlakətlərinə səbəb olub.
Bu ilin mart ayında Fransa ərazisi hesab edilən Korsika adasında baş verən proseslər də bu ölkənin səlibçi, hegemon siyasətinin əyani təzahürü idi. Çünki məhkəmə qərarı ilə bir xalqın dilinə qadağa qoyuldu.
Yəni məhkəmənin qərarına əsasən, ada sakinlərinin ana dilinin Korsika Assambleyasının debatlarında istifadə edilməsi qeyri-konstitusion hesab edildi. Qərar yerli sakinlərin, həmçinin bir çox beynəlxalq statuslu rəsmi şəxsin etirazına səbəb oldu. Beynəlxalq ictimayyət tərəfindən sərt tənqid edilən Fransa yenə də məkirli siyasətini davam etdirdi. 
Humanizmdən, beynəlxalq hüquqdan dəm vuran Fransanın beynəlxalq hüququ necə kobud şəkildə pozduğu açıq-aydın göz önündədir. Bir xalqın, millətin dilinə qoyulan qadağa o milləti məhv etməkdir. Bir millətin məhvinin tərəfdarı olan ölkədən isə riyakarlıqdan, ədalətsizlikdən başqa nəsə gözləmək mümkün deyil.
Bu, bir həqiqətdir ki, Azərbaycan 30 il ərzində dünyada ən çox hüquq  pozuntusuna məruz qalan ölkə oldu. Ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan bir milyon azərbaycanlının bütün hüquqlarını total şəkildə pozmuşdu. Hayastanın Azərbaycana qarşı təcavüzünün elə ən böyük dəstəkçisi, bu işğala göz yummaqla şərait yaradan ATƏT-in keçmiş Minsk qrupunun həmsədr dövlətləri idi. Onun da başında ABŞ və Fransa dururdu. 
Dünyaya "demokratiya dərsi" keçən bu ölkələr necə oldu ki, 30 il Azərbaycan torpaqlarında vandalizm aktının törədilməsinə, bir milyon vətəndaşın öz evindən didərgin salınmasına, onların adi yaşamaq haqqının əlindən alınmasına qarşı heç bir sanksiya qəbul etmədilər. Əksinə, ərazisi işğala məruz qalan, vətəndaşları yurd-yuvasından didərgin salınan, köməyə ehtiyacı olan bir ölkəyə qarşı hətta yardımların göstərilməsini qadağan edən sənədi (907-ci düzəliş) qəbul edərək əsl xislətlərini dünyaya nümayiş etdirdilər. Daim erməni lobbisinin girovuna çevrilən ABŞ-nin qəbul etdiyi həmin sənəd bu ölkənin insan hüquq və azadlıqlarına verdiyi "qiymət"in əyani təzahürü idi. Bununla da dünya bir daha ABŞ-nin "demokratiya" totalitarizminə şahidlik etmiş oldu.   

 

Fransa Cənubi Qafqazda da "Afrika siyasəti" yürütməyə çalışır

 

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionunda yaranan reallıqlar təbii ki, ABŞ və Fransanı, eləcə də Avropa İttifaqındakı antiazərbaycançı şəbəkəni narahat etməyə başlamışdı. Çünki Azərbaycanın zəfəri ilə regionda formalaşan yeni düzən onlara heç cür sərf etmirdi. 
Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh sazişi ilə yeni əməkdaşlıq platformalarının (3+3 formatı) yaranması, nəqliyyat-tranzit imkanlarının şaxələnməsi, region dövlətlərinin siyasi-iqtisadi münasibətlərinin getdikcə daha da güclənməsi, əlbəttə ki, həmin dairələri narahat etməyə bilməzdi. Elə bu səbəbdən də 3 ildir sülh müqaviləsinin imzalanmasına hər vəchlə maneçilik törədirlər.
Bu işdə Fransanın oyunları bitmək bilmir. Bu ölkə konkret olaraq regionda sabitliyin bərqərar olunmasında nəinki maraqlı deyil, hətta konkret olaraq Cənubi Qafqazın hər zaman münaqişə ocağı kimi qalması üçün hər vasitəyə əl atır. Prezident Emmanuel Makron sələflərinin "siyasətini" davam etdirərək məğlub Ermənistana "yardım", "kömək" adı ilə bu ölkəni yenidən müharibəyə təhrik edir. Məqsəd bəllidir: Cənubi Qafqazı yenidən müharibə ocağına çevirmək, öz maraqları naminə vəziyyətdən yararlanmaq. 
Yəni indi Fransa Cənubi Qafqazda da "Afrika siyasəti" yürütməyə çalışır, çünki bölgədə sülhün bərqərar olması Parisin maraqlarına cavab vermir. 
Məğlub Ermənistana gəlincə, bu ölkə müstəqillik qazandığı gündən müstəqil siyasət yürütməyib və xarici himayəçilər üçün "forpost" olmağa üstünlük verib. Bu gün Fransanın Ermənistanda yeni hərbi missiya yaratması Parisin açıq şəkildə Ermənistanı yeni müharibəyə hazırlamaq istəyindən xəbər verir. 

 

"Xristian klubu"na çevrilən Avropa İttifaqı

 

Müharibədən sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə vasitəçilik missiyasını üzərinə götürən Avropa İttifaqının da sərgilədiyi mövqe başadüşülən deyil. Bir tərəfdən Aİ Şurasının Prezidenti Şarl Mişelin sülhə yaxınlaşma istiqamətində atdığı addımlar, digər tərəfdən Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borelin aylardır sərgilədiyi qərəzli mövqe təşkilatın ikibaşlı oyun oynadığını deməyə əsas verir.  
Cozep Borel hələ bu ilin sentyabrın 21-də Aİ-də Azərbaycan əleyhinə hansısa qətnamənin qəbul edilməsinə can atmışdı. Amma erməni lobbisinin əlaltılarının Avropa İttifaqındakı şousu uğursuz alındı.  Belə ki, bu "ali nümayəndə" xeyli müddətdir ki, erməni lobbisinin maliyyə dəstəyi ilə Azərbaycana qarşı sanki "hücuma" keçib. Bunu təsdiqləyən bircə faktı göstərmək yetərlidir. Bütün dünya, hətta Ermənistan belə, Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın ərazisi olduğunu təsdiqlədiyi halda, C.Borel 2022-ci ilin oktyabrında Avropa İttifaqının toplantısında ağ yalan danışaraq iddia edir ki, "Azərbaycan Ermənistanın ərazilərinə hücum edib və hazırda da Azərbaycan Ermənistan ərazilərini işğalda saxlayır".
Sentyabrın 21-də Aİ-dəki müzakirələr, ermənipərəst Borelin hazırladığı bəyanatın təşkilat tərəfindən sənəd kimi qəbul olunma təşəbbüsü da bunu təsdiqləyən reallıq oldu. Amma BMT Təhlükəsizlik Şurasında olduğu kimi, Aİ-də də heç bir sənəd, qətnamə qəbul edilmədi. Avropa İttifaqı dost ölkə Macarıstanın vetosu səbəbindən Azərbaycana qarşı qərəzini nümayiş etdirə bilmədi. C.Borelin növbəti ssenarisinə əsasən, yalnız iftiradan, yalandan ibarət olan bu sənəd Avropa İttifaqına üzv 27 ölkənin birgə bəyanatı olmalı idi. Lakin səsvermədə Macarıstan veto hüququndan faydalanaraq Azərbaycana qarşı yönələn bəyanatın qəbul edilməsinə imkan vermədi.
Əlbəttə ki, bir "diplomatın" uydurmalar əsasında hazırladığı hansısa kağız parçasının təşkilatın ümumi bəyanatı kimi qəbul edilməsinə olunan bu cəhd ilk növbədə Avropa İttifaqını Azərbaycan cəmiyyətində gözdən salmış oldu. Bu cür yanaşmaya görə, haqlı olaraq Avropa İttifaqının artıq "xristian klubu"na, ermənipərəst diplomatlarının isə müasir "səlibçilərə" çevrildiyini söyləyə bilərik.
Noyabrın 13-də isə Cozep Borel tərəfindən Brüsseldə Xarici Əlaqələr Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan əleyhinə səsləndirilmiş, regiondakı reallıqları qəsdən təhrif edən ittihamlar tamamilə qeyri-adekvat və qəbuledilməzdir. Çünki onun səsləndirdiyi iddalar, ittihamlar Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı təhdiddir.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda da qeyd edilir ki, Aİ tərəfinin Ermənistanı silahlandırmaq və bununla bölgəmizdə sülh və sabitliyə mane olan məkrli hərbiləşmə siyasətini dəstəkləmək səyləri bölgədə yeni qarşıdurmalara sürükləyən siyasətin təşviq olunmasıdır.  Əlbəttə ki, bunun məsuliyyəti Aİ-nin üzərinə düşür. Bu məqsədlə, digər sahələrlə yanaşı, hərbi potensialın gücləndirilməsini nəzərdə tutan Avropa Sülh Təşəbbüsündən istifadə edilməsi planları bölgədə gərginliyin artmasına xidmət edir.
Lakin bütün bunların fonunda Hayastan rəhbərliyi anlayır ki, heç bir kənar qüvvə bu ölkənin iqtisadi durumunun yaxşılaşdırılması istiqamətində addım atmır. Bütün cəhdlər Ermənistanı yenidən müharibəyə sürükləyir. Baş nazir Nikol Paşinyan da, erməni xalqı da bilir ki, suverenliyini tam bərpa edən Azərbaycana bundan sonra şər-böhtan atmağın heç bir mənası yoxdur. Yaxşı olar ki, Ermənistan uğradığı hərbi və siyasi məğlubiyyətdən nəticə çıxarsın. Yeni "himayəçi" tapmaq və bu dəfə Fransanın, ABŞ-nin "forpostu" olmaq istəyi Ermənistana baha başa gələ bilər. 
Görünən odur ki, Fransa fitnəkar siyasəti ilə hayların ölmüş ümidlərini "dirçəltməyə" can atır. Paris Cənubi Qafqazda sabitliyin yenidən pozulması, regionun əvvəlki kimi müharibə ocağına çevrilməsi üçün dəridən-qabıqdan çıxır. Son 300 ildə Afrika, Asiya və Latın Amerikası ölkələrində yaratdığı müstəmləkələrin hesabına varlanan Fransa artıq Ermənistanı da öz müstəmləkəsi hesab edir. 
Ancaq Emmanuel Makron unudur ki, Azərbaycan onun hökmranlıq etdiyi hansısa Afrika ölkəsi deyil. Bu gün kimsə Azərbaycanla hədə, təhdid dili ilə danışa bilməz. Azərbaycan özünün milli təhlükəsizliyini qorumağa, sərhədlərini möhkəmləndirməyə, düşmənə və havadarlarına cavab verməyə qadirdir və təsir göstərilə biləcək dövlət deyil. 
İlham Əliyev bunu dəfələrlə bəyan edib ki, Azərbaycan regionda sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində lazımi addımlar atır və bu siyasətini də davam etdirəcək. Azərbaycan yenidən müharibənin baş verməsini istəmir. Əgər bu, baş verərsə, yenə də əzilən tərəf Ermənistan olacaq və bu ölkə onilliklərlə özünə gəlməyəcək. 
Bu gün Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir və hər hansı qeyri-dost hərəkət müsbət nəticələnməməklə yanaşı, adekvat şəkildə cavablandırılacaq. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video