19 Sentyabr 2023 09:00
19857
SİYASƏT
A- A+

İlham Əliyev dedi və etdi

 

Ağdamdan Xankəndiyə...

 

"Əgər bizim bütün fəaliyyətimizin xronologiyasını izləsəniz, hətta İkinci Qarabağ müharibəsinin başlanmasına qədər getsəniz, siz bizim haqlı olduğumuzun məntiqini və güclü arqumentini görəcəksiniz... Biz hər şeyi düzgün etmişik".

Qarabağın zəfər zirvəsi Şuşada keçirilən I Şuşa Qlobal Media Forumunun açılışında qalib lider İlham Əliyevin dünyanın nəzərinə yetirdiyi kimi, Azərbaycan öz milli maraqlarını beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ardıcıllıqla və qətiyyətlə təmin edir.

Sentyabrın 18-dən etibarən Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadənin həyata keçirilməsi isə xalqımız adına növbəti qalibiyyətimiz  oldu.

Xankəndi yolunun açılması həm də hər zaman humanizmi əldə əsas tutan ölkəmizin Pənahəli xanın kəndinə barışığa aparan humanitar yolla qədəm qoymasının rəmzi ifadəsi oldu.

 

Tarixi qələbələr

2020-ci ildə hərb meydanından gələn zəfər xəbərləri ilə qürurlanan xalqımız ondan sonrakı dövrdə də milli mənafeyimizin təmini ilə bağlı siyasi, diplomatik, beynəlxalq hüquq, informasiya, ümumiyyətlə, bütün sahələr üzrə dövlətimizin ard-arda qazandığı qələbələrlə fəxr edir.

Nəyi necə, nə vaxt etmək lazım olduğunu yaxşı bilən qalib lider İlham Əliyevin əzmlə, qətiyyətlə apardığı müdrik siyasətin nəticəsidir ki, Azərbaycan işğala məruz qalan ölkədən zəfər ölkəsinə çevrilib. Qarabağ və Şərqi Zəngəzura yeni həyat verilib, Böyük qayıdış köçünə başlanılıb.

2023-cü il aprelin 23-də Laçında sərhəd nəzarət-buraxılış məntəqəsi qurması ilə ölkəmiz bütün sərhədləri boyu üçrəngli bayrağımızı dalğalandıraraq suveren ərazilərimizin bütövlüyünü təmin edib.

Bu il iyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Laçında Azərbaycana məxsus sərhəd nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbini yekdilliklə rədd etməklə  Azərbaycanın Ermənistanla şərti dövlət sərhədlərində nəzarət-buraxılış məntəqəsini qurmaqla bağlı beynəlxalq qaydalar əsasında suveren hüquqa malik olduğunu rəsmi tanıdığını təsdiqlədi.

Milli maraqlarımızın təmini istiqamətində əldə edilən daha bir uğur isə ötən gün Xankəndi yolunun açılması oldu.

Sentyabrın 17-də Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK)  Azərbaycan tərəfinə müraciət edərək, qarşı tərəfin sentyabrın 18-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin qəbuluna razı olduğu barədə məlumat verib. Beləliklə, Azərbaycan tərəfinin təklif etdiyi kimi, ölkəmizin qanunvericiliyinin tələblərinə riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadə təşkil olunub.

 

Erməni tərəfi mane olmasaydı, yol daha tez açılacaqdı

Əslində, Ağdam-Xankəndi yolu sözügedən tarixdən daha əvvəl də açıla bilərdi. Çünki Azərbaycanla əlaqələndirilmiş şəkildə Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından paralel istifadə olunması uzun müddətdir Azərbaycan tərəfindən təklif edilirdi.

Hətta cari il iyulun 15-də baş tutan Brüssel görüşündən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirmişdi ki, Bakının həm erməni icması, həm də Rusiya hərbi kontingentinin humanitar ehtiyaclarının qarşılanması üçün öz ərazisi vasitəsilə, alternativ təchizat yolu kimi Xankəndi-Ağdam yolunu təklif etməsi də görüşdə müzakirə edilib və Aİ tərəfindən təqdirlə qarşılanıb.

Lakin erməni tərəfi Azərbaycanın alternativ yol təklifinə qarşı çıxır, bu yolun açılmasına müxtəlif riyakar yollarla əngəl olaraq Xankəndidə süni "humanitar fəlakət" yaradır, eyni zamanda da Laçın yolunun, guya, blokadada olması uydurmasını dünyaya yayır, beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq istəyirdi.

Sentyabrın 8-də Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) nazir Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun iştirakı ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinq zamanı da bildirilmişdi ki, Rusiya Federasiyası, ABŞ və Avropa İttifaqı ilə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından sinxron istifadənin həyata keçirilməsinin, habelə mərkəzi hökumətin xüsusi nümayəndəsinin yerli sakinlərlə görüşünün təşkili üçün müvafiq iş aparılıb: "Nəhayət, 4 avqust tarixində hər iki məsələ ilə bağlı razılıq əldə olundu. Bununla da sözügedən yolların ardıcıl şəkildə açılması və Yevlaxda görüşün təşkili məsələləri razılaşdırıldı. İştirak edən bütün maraqlı tərəflər, o cümlədən BQXK və sülhməramlı kontingent razılaşmaların həyata keçirilməsinin təşkilinə hazır idilər. Lakin son anda Ermənistan tərəfi siyasi motivli qanunsuz bəhanələr irəli sürərək hər iki razılaşmadan geri çəkildi".

 

Ağdam-Xankəndi yolu açıldı

Ermənistanın və separatçı rejimin əngəllərinə rəğmən, sentyabrın 12-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əlaqələndirilmiş şəkildə Rusiya Qırmızı Xaç Cəmiyyətinin yük avtomobilinin Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndiyə keçidi təmin olundu. Bununla da həm sözügedən yolun açılması istiqamətində mühüm addım atıldı, həm də Xankəndidə, guya, aclıq yaşanması ilə bağlı dünyada ayaq açıb yeriməyə çalışan erməni yalanları ifşa edildi.

Ağdam-Xankəndi və Laçın yollarının eyni zamanda açılması məsələsi ilə bağlı sentyabrın 12-də yerli medianın suallarına cavabında XİN-in mətbuat katibi Ayxan Hacızadə məlumat verərək bildirdi ki, Azərbaycanın ABŞ və digər tərəfdaşlar ilə yüksəksəviyyəli təmaslar zamanı da qeyd etdiyi kimi, ölkəmiz bu iki yoldan BQXK vasitəsilə eyni zamanda istifadə məsələsinə razılıq verib. Təəssüf ki, bu razılığın da həyata keçirilməsinə mane olan tərəf Ermənistanın Qarabağ bölgəsində yaratdığı qondarma rejimdir: "Bir daha bəyan edirik ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində müvafiq olaraq sərhəd və gömrük prosedurlarına əməl etməklə BQXK vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazırdır".

Sentyabrın 18-də Azərbaycanın şərtlərinə uyğun olaraq Ağdam-Xankəndi yolu ilə paralel Xankəndi-Laçın yolu da humanitar yüklərin daşınması üçün istifadəyə verildi.  

 

Şərtləri Azərbaycan irəli sürür

Ötən müddətdə erməni tərəfi "humanitar təzyiq"lə yalnız Laçın yolunun işləməsinə nail olmağa, Ağdam-Xankəndi yolunun isə hər zaman bağlı qalmasına çalışırdı. Amma Azərbaycan öz şərtini söyləmiş və Laçın yolunun yalnız Ağdam-Xankəndi yolu ilə paralel şəkildə işləyəcəyini qəti şəkildə bildirmişdi.

Bakının bu qətiyyətli mövqeyi, irəli sürdüyü şərtlərə əməl olunması ilə bağlı apardığı prinsipial mübarizə Ağdamdan Xankəndiyə uzanan yolumuzu da açdı...

Qalib lider İlham Əliyevin xalqımız, dövlətimiz, ümumilikdə Azərbaycan adına atdığı məntiqli, əsaslandırılmış, müdrik və kifayət qədər cəsarətli addımları Ağdam-Xankəndi yolunun açılmasının timsalında daha bir milli marağımızı qətiyyətlə  təmin etdi.

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video