11 Avqust 2024 08:00
563
SİYASƏT
A- A+

İki ildə 16 səfər

 

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri möhkəm təmələ əsaslanır

 

Tarixinin ən qüdrətli Azərbaycanının xarici siyasətinin prioritet istiqamətlərindən biri türk dünyası ilə münasibətlərin getdikcə daha da inkişaf etdirilməsi, türkdilli ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəyə çatdırılmasıdır. 
Təbii ki, türk dünyası dedikdə, ilk növbədə, Mərkəzi Asiya ölkələri yada düşür. Çünki Şərqdən Qərbə uzanan türk dünyası dövlətlərinin əksəriyyəti məhz bu regionda yerləşir. 
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı heç də təsadüfi xarakter daşımır. Ölkəmizin bu regionla əlaqələrinin genişlənməsində, heç şübhəsiz, nəqliyyat dəhlizləri də mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin Mərkəzi Asiyada yerləşən ölkələrə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin bu dövlətlər ilə əlaqələrinin dinamikasını nümayiş etdirir.
Avqustun 9-da Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edən Prezident İlham Əliyev bu məsələyə xüsusi olaraq toxunub. Son 2 ildə Mərkəzi Asiya ölkələrinə 16 dəfə səfər etdiyini, həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarının Azərbaycana ümumilikdə 15 dəfə səfərə gəldiklərini vurğulayan dövlətimizin başçısının fikirlərinə əsasən deyə bilərik ki, məhz bu səfərlər zamanı imzalanan sənədlər də ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır.
Son illərdə İlham Əliyevin Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-cı Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirakı, eyni zamanda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə artan marağın əyani təcəssümüdür.
Ümumiyyətlə, bu gün Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı əlaqələrin inkişafı ŞƏT, TDT və MDB çərçivəsində formalaşır. Bu bir həqiqətdir ki, Vətən müharibəsindəki Zəfərimizdən sonra Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmaqdadır. Ölkəmizin regionda nəqliyyat-logistika imkanlarının genişlənməsi, Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirilməsi diqqətləri Azərbaycana yönəldir. Təsadüfi deyil ki, Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa nəzər salsaq, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir ki, bu da Azərbaycana marağı getdikcə artırır.
Prezident İlham Əliyev bu məsələyə də toxunaraq vurğuladı ki, qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta dəhlizin praktiki cəhətdən önəmini daha da artırır. Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən "Rəqəmsal İpək Yolu" layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcək.
Mərkəzi Asiya 80 milyondan çox əhaliyə və 3 milyon 882 min kvadratkilometr əraziyə malik regiondur. Bu bölgə dünya uran ehtiyatlarının 20, neft ehtiyatlarının 17,2, təbii qaz ehtiyatlarının 7 faizinə sahibdir. Regionun yerləşdiyi coğrafi mövqe Çin və digər Cənub-Şərqi Asiya ölkələri ilə Qafqaz, Türkiyə və Avropa arasında körpü rolunu oynayır, tranzit yollara və beynəlxalq marşrutlara nəzarət etmək imkanı verir. İnkişaflarının yeni mərhələsində olan Mərkəzi Asiya ölkələri Azərbaycan vasitəsilə yalnız Çinlə Avropa arasında tranzit rolunu oynamır, eyni zamanda özlərinin ixrac potensialını da reallaşdırmaq niyyətindədir ki, bu da rəsmi Bakı ilə əməkdaşlıqdan asılıdır. 
Prezident İlham Əliyev, həmçinin Azərbaycanın beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 konfransına evsahibliyi edəcəyini xatırladaraq qeyd edib ki, ölkəmiz regionda iqlim dəyişmələriylə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya dövlətləri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.
Əlbəttə ki, bütün bu uğurlar İlham Əliyevin yürütdüyü müstəqil siyasətin, irəli sürdüyü qlobal təşəbbüslərin, etibarlı tərəfdaşlığın sayəsində əldə edilib. Dövlət başçısının şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib.
İlham Əliyev çıxışında təklif də səsləndirərək bu gün dünyada baş verən yeni çağırışlara uyğun addımlar atılmasının vacibliyini vurğulayıb. Prezident bildirib ki, dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Dövlətimizin başçısı ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi "Birləşdik-2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini bu istiqamətdə atılan mühüm addım kimi  dəyərləndirib. Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Orta dəhlizin fəaliyyətə başlaması isə bu münasibətləri daha da şaxələndirəcək. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video