IDEA İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının birgə əməkdaşlığı ilə ekoloji məsuliyyətli turizm prinsiplərinə uyğun fəaliyyət göstərən tur operatorları və ekoturizm bələdçiləri üçün təlim sessiyaları təşkil olunub. Üçgünlük proqramı əhatə edən təlim ölkəmizdə ekoturizmin inkişafına dəstək vermək, milli parklar və digər xüsusi mühafizə olunan təbiət ərazilərində fəaliyyət göstərən bələdçilərin peşəkar bilik və bacarıqlarını artırmaq məqsədi daşıyır.
IDEA-nın ətraf mühit üzrə ekspertlərinin metodiki tövsiyələri əsasında tərtib olunan təlim proqramı ekoloji davranış və məsuliyyətli turizm qaydalarının tətbiqi, təbiətin mühafizəsi, biomüxtəlifliyin qorunması, turizm sektorunda fəaliyyət göstərən müvafiq qurumlar arasında əməkdaşlığın inkişaf etdirilməsi və turistlərin ekoloji məsuliyyətinin daha da artırılmasına yönəlmiş müxtəlif mövzuları əhatə edib.
AZƏRTAC xəbər verir ki, yanvarın 13-də təlim proqramı və biliklərin qiymətləndirilməsi mərhələsini müvəffəqiyyətlə başa vuran 28 iştirakçıya sertifikat təqdim olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr həm yerli, həm də beynəlxalq səviyyədə ekoloji çağırışlara yönələn dayanıqlı mexanizmlərin formalaşdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir.
IDEA tərəfindən ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin zənginləşdirilməsi, yaşıllıqların artırılması və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində atılan addımlar, xüsusilə Xəzər dənizi və ölkəmizdə biomüxtəlifliyin qorunması üzrə həyata keçirilən layihələr ardıcıl xarakter daşıyır. Həmin təşəbbüslər cəmiyyətin, xüsusilə gənc nəslin ekoloji maarifləndirilməsi vasitəsilə ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılmasına və ekosistemin gələcək nəsillər üçün qorunub- saxlanılmasına xidmət edir.