Regionun müdafiə sənayesi üzrə ən mötəbər və ən əhəmiyyətli platformalarından hesab olunan, eləcə də Azərbaycanın müdafiə-sənaye kompleksinin gücünü və potensialını bütün dünyaya nümayiş etdirən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX” sentyabrın 30-dan oktyabrın 2-dək Bakı Ekspo Mərkəzində təşkil ediləcək. “ADEX”lə eyni tarixlərdə 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi “Securex Caspian” da baş tutacaq.
AZƏRTAC xəbər verir ki, “ADEX” sərgisi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.
“Caspian Event Organisers” şirkətinin İcraçı direktoru Bəhruz Hidayətzadə bildirib ki, hazırda sərgiyə hazırlıqlar aktiv şəkildə davam edir.
“ADEX” Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisədir. Sərginin keçirildiyi ilk illərdən etibarən Prezident İlham Əliyev “ADEX”lə tanış olur və tədbirin iştirakçı və qonaqlarına salamlama məktubu ünvanlayır ki, bu da sərginin yüksək statusu və tədbirə olan etimadın göstəricisidir. Təşkil edildiyi illər ərzində “ADEX” sərgisi etibarlı milli brend olmaqla yanaşı, dünyada müdafiə sənayesi sahəsində tanınan aparıcı şirkətlərin sərgi təqvimində öz önəmli yerini tutub.
Sərginin ekspozisiyası bu il də miqyası ilə diqqət çəkəcək. Hazırlıq prosesinin davam etdiyi müddətdə Bakı Ekspo Mərkəzinin demək olar ki, bütün zalları iştirakçılar tərəfindən tutulub. “ADEX” sərgisində müdafiə və təhlükəsizlik sahəsində Azərbaycanın əsas dövlət qurumları öz stendləri ilə təmsil olunaraq, mövcud istehsal və texnoloji potensiallarını, eləcə də yeniliklərini nümayiş etdirəcəklər. Müdafiə Sənayesi Nazirliyi sərgini dəstəkləməklə yanaşı, tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC ilə birgə stendlə təmsil olunur. Eyni zamanda, Müdafiə Nazirliyi sərgidə stendlə iştirak edərək, öz fəaliyyət istiqamətləri və imkanlarını nümayiş etdirir. Bu qurumların sərgidə aktiv iştirakı tədbirin əhəmiyyətini göstərir və uğurlu keçirilməsinə zəmin yaradır.
Sərginin xarici ölkələrdən qatılan iştirakçıları arasında Türkiyədən “Roketsan”, “Aselsan Elektronik San. ve Tic. A.Ş.”, “Turkish Aerospace Industries” – TAI, İtaliyadan “Leonardo”, Çexiyadan “Excalibur Army SPOL S.R.O”, Birləşmiş Ərəb Əmirliklərindən “Edge Group PJSC”, İspaniyadan “INDRA”, İsraeldən “IAI - Israel Aerospace Industries”, “Plasan” və digər dünyada tanınmış şirkətlərin adlarını qeyd etmək olar.
Bir sıra ölkələr “ADEX”də milli qruplar şəklində iştirak edəcəklər. Bu ölkələr sırasında Belarus, Çexiya, İsrail, İtaliya, Türkiyə və Slovakiyanı qeyd edə bilərəm. Bir neçə şirkət isə sərgidə fərqli formatda təmsil olunacaq. Əvvəlki illərdə olduğu kimi bu il “ADEX”ə yeni ölkələr və şirkətlərin qatılmasını gözləyirik.
Ənənəvi olaraq, “ADEX” müxtəlif ölkələrdən nüfuzlu qonaqları və nümayəndə heyətlərini cəlb edir. Bu il də sərgidə yüksəksəviyyəli rəsmi nümayəndə heyətlərinin iştirak etməsi gözlənilir.
“ADEX”lə eyni tarixlərdə “Securex Caspian” sərgisi də təşkil ediləcək. Bu sərgidə kibertəhlükəsizlik sektoru diqqət mərkəzində olacaqdır”, deyə B.Hidayətzadə bildirib.
Miqyasına və məzmununa görə “ADEX”, regionda silah və hərbi texnika sahəsində keçirilən ən iri tədbirlərdən biri kimi müdafiə sənayesinin inkişaf səviyyəsini, müasir silah və qabaqcıl texnologiyaların geniş nümayişini əks etdirən effektiv platforma kimi çıxış edir. Burada təyyarə və aviasiya sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, pilotsuz sistemlər, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), radioelektron sistemlər, C4ISR, silah istehsalı üçün avadanlıqlar, silah və sursat, silahların utilizasiyası üzrə vasitə və texnologiyalar, simulyatorlar və təlim sistemləri və digər sektorlar təmsil olunacaq.
Eyni zamanda, “ADEX” sərgisi üçün geniş işgüzar proqram hazırlanıb. Tədbirlər çərçivəsində sahə üzrə aktual mövzuları əhatə edən panel müzakirələri və çoxsaylı işgüzar görüşlər keçiriləcək. Azərbaycanın müvafiq qurumlarının nümayəndələri ilə sərgi iştirakçıları, eləcə də beynəlxalq nümayəndə heyətlərinin üzvləri və sərgi iştirakçıları arasında ikitərəfli görüşlər təşkil olunacaq.
“ADEX” yüksəksəviyyəli rəsmi nümayəndələrin, beynəlxalq şirkətlərin və sənaye liderlərinin iştirakı ilə keçirilərək, növbəti dəfə müdafiə sahəsində ən son innovasiya və qabaqcıl texnologiyaların sərgiləndiyi mühüm məkana çevriləcək, eyni zamanda, hərbi-texniki əməkdaşlıq və strateji tərəfdaşlıqlar üçün geniş imkanlar yaradacaq.
Sərgi ilə bağlı yenilənən məlumatları rəsmi internet saytından (www.adex.az) və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.