Şəki respublikada ən iri aqrar rayonlardan biridir və burada istehsal olunan kənd təsərrüfatı məhsulları ümumi respublika göstəricilərində xüsusi çəkiyə malikdir. Şəkinin kənd təsərrüfatında taxılçılıq geniş inkişaf edən sahədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Qax rayonunda keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədə çıxışı zamanı Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov deyib.
Onun sözlərinə görə, rayonda il ərzində 60-65 min hektar həcmində taxıl əkilir, məhsuldarlıq isə 29-30 sentner təşkil edir.
“Sözsüz ki, bu məhsuldarlıq bizi qane etmir. Çünki ölkə başçısının təsdiq etdiyi Dövlət Proqramının hədəflərindən biri də 2030-cu ilədək ölkədə taxılın məhsuldarlığının 50 sentnerə çatdırılmasından ibarətdir. Rayonda taxılın məhsuldarlığının 50 sentnerə çatdırılması üçün, əkinlərdə yüksək reproduksiyalı, məhsuldar toxumlardan istifadə edilməsi, sahələrə ən müasir aqrotexniki qulluq göstərilməsi, xırda əkin sahələrinin konsolidasiyası, suvarılan torpaqların artırılması və mütərəqqi suvarma metodlarından istifadənin genişləndirilməsi qarşımızda duran vacib vəzifələrdən biridir”, - deyə Elxan Usubov vurğulayıb.
Hazırda Şəkidə iki böyük layihənin həyata keçirildiyini deyən icra başçısı Əlicançay su anbarının tikintisi istiqamətində hazırda sürətli iş getdiyini sözlərinə əlavə edib: “Əlicançay su anbarının istismara verilməsi nəticəsində əvvəl 12 kəndin, daha sonra ətraf yaşayış məntəqələrinin içməli su problemlərinin tam aradan qaldırılması mümkün olacaq və 34 min hektar dəmyə ərazidə yerləşən əkin torpaqlarının suvarılması təmin ediləcək. Əyriçay su anbarının tikintisinin tamamlanması istiqamətində də müvafiq işlər görülür. Hər iki layihənin istifadəyə verilməsi nəticəsində rayonda suvarılan torpaqların sahəsi əhəmiyyətli dərəcədə artacaq. Əsasən taxıl əkinlərini əhatə edəcək yeni suvarılan torpaqlarda məhsuldarlığın iki qat artırılması və qarşıya qoyulan hədəfə nail olunması üçün real imkanlar yaranacaq”.