Yaxud qu quşunun son nəğməsi
Dünyanın ən çətin işlərindən biri yediyini sınırmamaqdır.
Tibdə buna "həzm problemi" deyilir.
Açması isə belədir ki, əlinə keçəni atmısan mədənə, indi nə oyana gedir, nə də buyana.
Sən də qalmısan yana-yana...
Həzm probleminin səbəbləri müxtəlif olur.
MƏSƏLƏN:
* Çox yemisən deyə, mədənin onu əritməyə gücü çatmır.
* Xörək çiy, tikə yekə olub deyə, mədə şirəsi onu əridə bilmir.
* Ya da ki, ətin sümüyünü udmusan, nə keçirə bilirsən, nə də geri qaytara.
Yəni ilişib qalıb boğazında.
Elə ən çətini də beləsidir!
Azərbaycanın 44 günlük Zəfər müharibəsində öz gücünə torpaqlarını azad edərək dövlət suverenliyini bərpa etməsi bir qismin boğazında ilişən sümüyə çevrilib.
Nə həzm edə bilirlər, nə də qaytara.
Odur ki, qalıblar deyinə-deyinə.
***
Adətən, qu quşu dünyadan köçəndə son dərəcə kədərli və qəmli bir mahnı oxuyur...
Buna qu quşunun son nəğməsi deyirlər.
Ondan sonra nə yeyir, nə də səs çıxarır...
ABŞ-nin Dövlət katibi Entoni Blinken də gethagetdədir.
O da Azərbaycanla bağlı qu quşunun son nəğməsinə bənzər bir açıqlama verib, "jurnalistləri, hüquq müdafiəçilərini, siyasi opponentləri və haqsız yerə saxlanılanları "dərhal azad etməyə" çağırıb.
Doğrudur, Azərbaycan XİN-in Mətbuat xidməti onun cavabını verib: "ABŞ Dövlət katibi Entoni Blinkenin 2024-cü il dekabrın 4-də ölkəmizdə insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik".
Amma biz məsələyə digər baxış bucağından yanaşmaq, "həzm problemi"nin yaratdığı "mədə sancıları"ndan söhbət açmaq istəyirik.
***
Görünür, ABŞ, Qərb və bir para digər dövlətlər Qarabağı "öz torpaqları" hesab edirmişlər.
Odur ki, Ermənistan tərəfindən Qarabağın və Şərqi Zəngəzurun işğalını normal qəbul edərək belə düşünürmüşlər ki, həmin ərazilər əbədi onlarda qalmalıdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyev bu sərsəm düşüncəni və xain planları 44 gündə "dəmir yumruğ"u ilə puça çıxartdı!
Otuzillik işğala son qoyaraq erməni işğalçılarını Azərbaycan ərazilərindən qovdu!
Düşməni qarşısında diz çökdürərək ona kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalatdırdı!
Azərbaycanın dövlət suverenliyini bərpa edərək doğma torpaqlardan separatizmin kökünü birdəfəlik kəsdi!
Bu gün özlərini dünyanın ağası sayanlar, Cənubi Qafqaza burun soxmaq niyyətində olanlar bu gerçəkliyi qəbul etmək istəmirlər.
Əslində, Azərbaycan öz torpaqlarını erməni işğalından azad etməklə BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini də icra etmişdir.
Halbuki BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ və Fransa həmin qətnamələrin icrasına daha çox çalışmalıydılar.
Həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan ABŞ və Fransa münaqişənin hələ otuz il əvvəl sülh yolu ilə həllinə nail olmalıydılar.
Beynəlxalq hüququn təminatçılarından hesab edilən AŞPA və Avropa İttifaqı Ermənistana təsir və təzyiq göstərərək, sanksiyalar tətbiq edərək işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını təmin etməliydilər.
Azərbaycan onların hərəkətsizliyinin yaratdığı nəticəni öz ordusunun gücü ilə ləğv etdikdən sonra ona "sağ ol" demək əvəzinə, AŞPA Azərbaycanın qurumdakı səsvermə hüququnu dondurur, Avropa İttifaqı özünün "sülh fondu"ndan Ermənistana vəsait ayıraraq yenidən silahlanmasına kömək göstərir, keçmiş jandarm və polislərini casus tapşırıqları ilə Azərbaycanla sərhədə "durbin baxışı"na göndərir.
İkili standartların "buynuz"u beləcə aşkar görünür...
Hələ bu harasıdır...
***
İndi Blinken Azərbaycanda insan hüquqlarının, vətəndaş cəmiyyətinin vəziyyətindən "narahatlığını" ifadə edir.
Görəsən, otuz il ərzində bir milyondan çox azərbaycanlının ən adi insan haqları - istədiyi yerdə ömür sürmək, yaşamaq, mülkiyyət, seçki, əmək, vətəndaş cəmiyyəti qurmaq və digər hüquqları erməni faşistləri tərəfindən pozulanda, soyqırımına, işgəncələrə məruz qalanda Blinken kimilər hardaydılar?!
Bütün bu vəhşilikləri, qəddarlıqları, kütləvi şəkildə pozulan insan haqlarını görmürdülər?!
Bu gün Ermənistanın həqiqi mina xəritələrini verməməklə mülki azərbaycanlıların ölümünə, ömürlük əlilliklərinə səbəb olduqlarından da xəbərləri yoxdur?!
Azərbaycan gənc, müstəqil dövlətdir, bazar iqtisadiyyatı və demokratiya yolunu tutub.
Bu istiqamətdə uğurla fəaliyyət göstərə bilsin deyə özünə beynəlxalq tələblərə cavab verən qanunvericilik bazası da yaradıb və hər bir məsələni qanunauyğun şəkildə həll edir.
Milli maraqları, milli-mənəvi dəyərləri ilə bağlı məsələlərdə isə heç zaman, heç kəsə güzəştə getmir!
MƏSƏLƏN:
* Avropa Şurasının bütün cəhdlərinə baxmayaraq, Azərbaycan cinsi azlıqlar barədə qanun qəbul etmədi!
* Azərbaycanda LGBT-nin təbliğatı qadağandır.
* QHT-lərin xaricdən maliyyələşdirilməsində şəffaflıq tələb olunur.
Gürcüstanda baş verən son hadisələr və gürcü xalqının qəbul etdiyi qərarlar da sübut etdi ki, Azərbaycan bu məsələlərdə düzgün mövqedədir, haqlı olaraq milli-mənəvi dəyərlərini qoruyur və tutduğu yol doğrudur!
* Kimsə bunu bəyənsə də, bəyənməsə də!
* Kimsənin bunlardan xoşu gəlsə də, gəlməsə də!
Dövlət öz qanunları ilə idarə olunmalıdır, başqalarının məkrli istək və niyyətləri ilə yox!
***
* Azərbaycanda söz azadlığı təmin olunub, ölkə əhalisinin 95 faizindən çoxu internet istifadəçisidir.
* Azərbaycanda vətəndaş cəmiyyəti formalaşıb, minlərlə QHT fəaliyyət göstərir.
* Azərbaycanda fikir plüralizmi, vicdan azadlığı mövcuddur, kim haçan istəsə, siyasi partiya yarada bilir.
* Azərbaycanda jurnalistlərin fəaliyyətinə, onların qəzet, sayt, internet TV-lər təsis etmələrində heç bir əngəl yoxdur, sadəcə hər şey qanunauyğun şəkildə həyata keçirilməlidir.
Azərbaycan özünün informasiya və dövlət təhlükəsizliyini də təmin etməyi bacarır!
Kifayət qədər peşəkar qurumları, vətənpərvər övladları vardır!
Bu qayda və qanunları pozanlar, "5-ci kolon"a xidmət etmək istəyənlər və edənlər isə həmin qanunlar qarşısında məsuliyyət daşıyırlar!
Jurnalist jurnalistlik fəaliyyəti ilə məşğul olmalıdır.
Əgər kimsə hesab edirsə ki, bu ad altında gizlənərək özünə "toxunulmazlıq" hüququ qazanıb ölkəmizin milli maraqları əleyhinə fəaliyyət göstərəcək, antiazərbaycançı şəbəkədən maliyyə qazanaraq gizli yolla pullar alacaq, çox ciddi səhvə yol verir!
Hələ Ulu Öndər Heydər Əliyevin ölkəyə dönüşündən az sonra xaricdən verilən dəstəklə iki dəfə dövlət çevrilişinə cəhd göstərildi.
Ulu Öndərimizin cəsarət və qəhrəmanlığı sayəsində xain niyyətlər puça çıxarıldı.
Əsrin əvvəllərində - cənab İlham Əliyevin ilk prezident seçkisindən dərhal sonra yenə hakimiyyət çevrilişinə cəhd oldu.
Xalq buna imkan vermədi!
İndi Azərbaycanda rəngli inqilablar, iğtişaşlar törətməyi kimsə yalnız ürəyindən keçirə bilər...
Amma səfeh düşüncədir!
Nə dövlət o dövlətdir, nə də xalq hər kəsə inanan xalq!
Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır!
Azərbaycan xalqı milli birliyi və öz rəhbəri ətrafında sıx birləşməsi sayəsində otuzillik işğala son qoydu!
İndi isə öz gücü və imkanları hesabına Qarabağda və Şərqi Zəngəzurda sürətli quruculuq apararaq doğma torpaqlarına qayıdır!
Nə kimsəyə inanır, nə də kimsədən kömək, dəstək gözləyir!
Necə deyərlər, ötən dövrdə hamının dabbaqdakı gönünə bələd olub.
***
Bu gün sülh danışıqları adı ilə Cənubi Qafqaza soxulmaq istəyənlər, buranı Ukraynanın vəziyyətinə salmağa can atanlar da var.
* Heç sülh yaratmaq istəyənlər də tərəflərdən birinin mövqeyini cani-dildən müdafiə edərək açıq şəkildə tərəfini saxlayar?
*Heç sülh yaratmaq istəyənlər də tərəflərdən birini müxtəlif mənbələrdən maliyyələşdirərək digərinə qarşı sanksiya tətbiq edər?
* Heç sülh yaratmaq istəyənlər də tərəflərdən birini silahlandıraraq ona təlimlər keçməklə revanşizmə hazırlayar?
* Heç sülh yaratmaq istəyənlər də tərəflərdən birinə doğma, digərinə ögey yanaşaraq ona təzyiq yolu tutar?
Sülh yaratmaq istəyən tərəfsiz, qərəzsiz, obyektiv, məkrsiz olmalıdır!
Azərbaycan heç zaman etibardan düşmüşləri sülhyaratma prosesinə yaxın buraxmaz!
Azərbaycanla düşmən münasibətdə olanlar Cənubi Qafqaza soxularaq burada özünə yer tuta bilməz!
Cənubi Qafqazın söz sahibi Azərbaycandır!
***
* Ermənistan illərlə arxalandıqlarına arxalanaraq dünyaya yalançı "erməni soyqırımı"nı qəbul etdirmək istədi.
Hətta ABŞ Prezidenti Bayden də onların həsrətlə gözlədiyi "erməni soyqırımı" ifadəsini işlətdi.
* Ermənistan arxalandıqlarına arxalanaraq özünə "böyük Ermənistan" yaratmaq istədi!
* Ermənistan arxalandıqlarına arxalanaraq Azərbaycan torpaqlarını işğal edərək özünə "artsax" adlı guya bir "respublika" da qurdu!
Nooldu?!
Hanı o mifik Ermənistan?
Hardadır "artsax respublikası"?
Real Ermənistanın vəziyyəti necədir?
Dostu Bəşər Əsəd də belə getdi!
Öz əhalisi isə dayanmadan qaçır...
Nə qədər ki Azərbaycanın şərtləri əsasında sülh müqaviləsi imzalamayıb, bu vassal ölkədə kişi cinsindən olanların hamısı yeni müharibə qorxusu altında qaçıb gedəcəklər!
Makrona, Blinkenə inanan Paşinyan deyəsən bir dəfə batdığı palçığa təzədən girmək istəyir.
Yaxşı olar ki, heç kəsə arxayın olaraq həzm edə bilməyəcəyi tikəni udmasın.
Xüsusən mədəsində ilişərək axırına çıxa biləcək sümükdən özünü qorusun.
Azərbaycanla prinsipial, dövləti maraqlarla bağlı məsələlərin telefon zəngləri vasitəsilə həll olunacağını güman etmək sadəlövhlükdür!
Axı bunu bir dəfə sınaqdan da çıxarmısınız!
Sanksiyadan dəm vuranlara isə meteoroloqların proqnozunu xatırladırıq:
Bu il son 40-50 ilin ən sərt qışı ilə rastlaşacağıq.
Azərbaycan 12 Avropa ölkəsini təbii qazı ilə qışın soyuğundan xilas edəcəkdir!
Bəxtiyar SADIQOV