12 Dekabr 2025 09:10
148
SİYASƏT
A- A+
Heydər Əliyev və azərbaycançılıq ideologiyası

Heydər Əliyev və azərbaycançılıq ideologiyası


Azərbaycanın müstəqilliyi və onun stabilləşməsi ona çətinliklə, neçə qurbanlar sayəsində başa gəlib. XX əsrin əvvəlində ilk müstəqillik dövründə ölkəmizi qorumaq qismət olmadı, ikinci dəfə, 70 il sonra isə müdrik Lider sayəsində bu mümkün oldu. Böyük bir əminliklə demək olar ki, Azərbaycanın bugünkü müzəffər mövqeyi, bütün aparıcı sahələrdə, nəinki bölgədə, ümumiyyətlə, dünyada söz sahibi olması Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının məntiqi nəticəsidir. "20 Yanvar hadisəsi və Aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu" kitabında da deyildiyi kimi, "Heç bir millət önündə həqiqi bir Lider olmasa, sel gücünü ortaya çıxara bilməz, heç bir Lider arxasında milləti durmasa Qəhrəman və Qurucu ola bilməz. Lidersiz heç bir toplu millət kimi özünü təsdiq edə bilməz, heç bir Lider millətsiz tarixdə qala bilməz!" Azərbaycançılıq ideologiyası da özündə bir tərəfdən, Liderin uzaqgörən və müdrik şəxsiyyətini, siyasətini, digər tərəfdən də, bir dövlətin hüdudlarına sığmayan xalqın kimliyini və birliyini, həmrəyliyini ehtiva edir. 


Azərbaycançılıq - müxtəlif millətlərin tək Vətəni


Müəyyən liderləri ön plana çıxaran və adını pozulmaz hərflərlə tarixə yazan onun xalqın inkişafı üçün sülh şəraitinin yaradılması olur. 

Ulu Öndər Heydər Əliyev uzun illər Azərbaycana başçılıq etmişdi, onun nəinki ərazisini, bu ərazidə yaşayan həm çoxsaylı, həm də azsaylı xalqların mənəviyyatını, psixologiyasını çox gözəl bilirdi. O, istər Azərbaycanda, istərsə də Moskvada yaşayanda qeyd-şərtsiz bu xalqın yazılmamış Lideri olaraq qəbul edilirdi. Bunu bilən imperiya rəhbərləri də Azərbaycan əleyhinə xain oyunlarına başlamaq üçün ilk növbədə onu hakimiyyətdən uzaqlaşdırmağa çalışdı və Heydər Əliyev 1987-ci ildə tutduğu vəzifələrdən istefa verməli oldu. Ancaq cəmi 2 il 2 ay sonra bütün real təhlükələrə baxmayaraq, 20 Yanvarda faciə yaşamış, nahaq qanı axıdılmış xalqının yanında, önündə durduğunu yenə də bəyan etdi. Ölkədəki başsızlıqdan istifadə edən ayrı-ayrı qüvvələr xalqı bölməyə, millətləri üz-üzə qoymağa çalışırdı və bu parçalanma prosesi get-gedə sürətlənir, dönməz hal alırdı. Ulu Öndər 1993-cü ildə yenə də təhlükəyə baxmayaraq, şəxsən özü çıxdı o qüvvələrin qarşısına. 15 İyun - Milli Qurtuluş Günü, əslində, xalqın xain qüvvələrin əlində oyuncaq olmaqdan qurtulmasının günü idi. Bu, Azərbaycanda yaşayan millətlərin qurtuluşu idi. O zaman Heydər Əliyev dövlətin başçısı deyildi, amma xalqın Lideri idi. Öz xalqının mənəviyyatını və dərin kökünə bağlılığını gözəl bilən və dəyərləndirən Ulu Öndər Azərbaycanı yalnız öz coğrafiyası ilə məhdudlaşdırmadı, onu, ümumiyyətlə, dünya azərbaycanlılarının Vətəni elan etdi. 1989-cu ildə başlayan "Sərhəd hərəkatı" 1991-ci ilin dekabrında Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Ali Məclisinin qərarı əsasında Azərbaycanın sərhədləri dünyaya səpələnmiş azərbaycanlılara qədər "uzadıldı" və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan olundu.   

İdeologiya dövlətin onurğa sütunudur və o, nə qədər güclü və bütün orqanizmlə əlaqəli olarsa, bir o qədər sağlam bir sistem yaranar və uğurla inkişaf edər. Bunu istər dövləti bir ailə ilə müqayisə edən və orada hər üzvün mənəviyyatının əhəmiyyətini vurğulayan Konfusinin, istər dövlətin təməli kimi güclü və müdrik, hərb sənətini dərindən bilən rəhbərin vacibliyini vurğulayan Makiavellinin, istərsə də "dinsiz siyasət tiraniyaya aparır" deyən və müasir Pakistanın ideoloji atası hesab edilən Məhəmməd İqbalın dedikləri ilə təsdiqləmək olar. 2001-ci ilin noyabrında Ulu Öndər Dünya Azərbaycanlılarının birinci qurultayında demişdir: "Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir". Əslində, bu sözlər qədimdən bəri öz təsdiqini tapmış və sınaqdan çıxmış ideyaların Azərbaycan reallığında səslənməsi idi: həm hər bir vətəndaşa üz tutulur, həm qazanılmış müstəqilliyin möhkəmləndirilməsi zərurəti vurğulanır, həm də mənəvi dəyərlərin,  milli kimliyin hər şeydən uca tutulması tapşırılır.   


Sülh naminə...


Birinci Dünya müharibəsində Mustafa Kamal Atatürkün ən böyük qələbəsi çökmüş imperiyanın üzərində Türkiyə Respublikasını yaratmaq oldu. O, bütün islahatları, əmrləri ilə beynəlxalq müstəvidə rəqiblərinə cavab verə biləcək, "ölkədə sülh, cahanda sülh" şüarını reallaşdırmağa qabil olan dünyəvi bir dövlət qurmağı bacardı. Bu qələbənin əsas gücü də onun millətinə inanması və millətinin ona inanması oldu. 

İkinci Dünya müharibəsi dövründə öz ölkəsini faşizmdən qoruyan və xalqını ətrafında birləşdirərək Böyük Britaniyanı qoruyan, qısa müddətdə hətta düşmənləri ilə də ittifaq bağlayaraq daha böyük şərə qarşı vuruşan Uinston Çörçill hər böhranda yeni imkanlar axtarmaqla yanaşı, əminliklə bildirirdi ki, "heç vaxt məğlub olmayın, nə böyük, nə kiçik işlərdə, əgər bu, şərəf və sağlam düşüncəyə əks deyilsə. Heç vaxt gücə, açıq-aşkar daha qüdrətli görünən düşməninizə tabe olmayın". 

Ulu Öndər Heydər Əliyev Azərbaycana qayıdanda xalq faciələrlə tükənmiş, satqın rəhbərlərlə aldadılmış halda idi, xaricdən torpaqlar işğal olunur, daxildə isə əsrlərlə bərabər yaşayan millətlər bir-birinə düşmən kimi baxmağa başlayıb vətəndaş müharibəsinin astanasında durmuşdular. İlk müdrik addım daxildə sülhün bərqərarı oldu və bunun üçün Ulu Öndər qaynar nöqtənin düz mərkəzinə - Gəncəyə getdi. Tərəfləri dinlədi, sözün silahdan daha etibarlı olduğuna inandırdı. Azərbaycanın haqq səsini eşitdirmək üçün isə o, bütün dünyanı gəzdi, özündən qat-qat aşağı səviyyədə olan Ermənistan rəhbərliyi ilə danışıqlar masasına oturdu, Azərbaycanın güclənməsi üçün vaxt qazanmaq naminə atəşkəsə nail oldu. Ulu Öndər Azərbaycanı daxildən bərpa edirdi, millətlərin vəhdətini möhkəmləndirirdi və məhz arxa cəbhədən əmin olandan sonra bu vəhdəti xaricdə bütün bacarığı və siyasi səriştəsi ilə müdafiə edirdi. Dünyanın ən böyük gücləri Azərbaycan əleyhinə birləşib, ədalətsiz qərarlar verəndə o, elə həmin düşmənlərin kürsüsündən elan edirdi ki, "Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. ... İndi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Bununla bərabər, biz öz ərazimizin bir metrini də verməyə razılaşa bilmərik". Azərbaycana qoyulan informasiya blokadasını öz şəxsiyyəti ilə yarıb həmin yasaq informasiyanı özü beynəlxalq kürsülərdən tarixi faktlarla sübut edirdi ki, "Bəli, Zəngəzurda azərbaycanlılar çox yaşayıbdır. Vaxtilə Zəngəzurun əhalisinin əksəriyyəti azərbaycanlılar olubdur. Ancaq Sovetlər İttifaqı yaranan zaman respublikaların xəritələri çəkilib, Zəngəzur Ermənistanın tərkibində qalıbdır. Azərbaycanlılar oradan tədricən köçüblər. Amma sizin nəzərdə tutduğunuz Mehri rayonunda 1988-ci, 1989-cu illərdə, 1990-cı ilə qədər daha çox azərbaycanlı yaşayıb, nəinki erməni". 

Bəli, Ulu Öndər Azərbaycan əleyhinə səfərbər olmuş bütün güclər - həm daxili, həm də xarici - qarşısında geri çəkilmədi, çökmüş xalqı inandırdı ki, bu, milliyyətindən asılı olmadan hər birimizin Vətənidir və təkrar ayağa qalxmağa qadirdir. 

Azərbaycan torpağında həmişə fərqli millətlər mehriban yaşayıb və bu xüsusiyyət daxilən xalqın hər vətəndaşına xasdır. Ta qədimdən bəri öz tarixi köklərinə bağlı olmaqla yanaşı, başqa yerlərdə yaşadığı məkana öz istedadı, qabiliyyəti, ağlı ilə ləyaqətlə xidmət etməyi bacarıb. Maraqlıdır ki, məhz bu xoş münasibətindən, qonşuya mehribanlığından sui-istifadə edən xainlər Azərbaycanın torpaqları üzərində yeni bir dövlət qurub, ərazilərini işğal ediblər. Ulu Öndər tarixi çıxışlarının birində demişdir: "İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan - İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı - bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir. Əgər Qafqazda islam sivilizasiyası haqqında danışırıqsa, həqiqəti demək lazımdır". Bu sözlərdə gələcək üçün iki mühüm ismarıc var: birincisi, məhz bütöv Azərbaycan xalqı Qafqazda islam sivilizasiyanın qurucusu və inkişaf etdirən qüvvə olub və olacaqdır. İkincisi, hər nə qədər torpaqlar başqa millətlər tərəfindən işğal edilsə də, lap üzərində dövlət qurulsa da, tarixi kökləri məhv etmək mümkün deyil. 

Bugünkü Azərbaycanın siyasətinə, nailiyyətinə, Qərbi Azərbaycana dinc yolla qayıtmaq istəyinə və bunun üçün apardığı mübarizəyə baxsaq, maraqlı bir nəticəyə gəlmək mümkündür. Azərbaycançılıq ideologiyası elə bir gücə malikdir ki, nəinki Azərbaycanın sərhədlərini uzaq ellərə qədər genişləndirə bilir, həm də qədim torpaqlarındakı köklərini də dirçəltməyə qadirdir. Güman etmək olur ki, bütün mədəniyyəti, tarixi, dili ilə Azərbaycanın bir zəif təqlidi olan Ermənistan bu ideologiyanın yumşaq gücündən, bir gün əsl mahiyyətin üstün gəlib onları, ümumiyyətlə, yox edəcəyindən qorxur.    


"Əsrin müqaviləsi" - "iqtisadi möcüzə"


1954-cü ildə Sinqapur siyasətçisi və dövlət xadimi Li Kuan Yu Xalq Hərəkatı Partiyası yaratdı. O, Sinqapur Respublikası quraraq 1992-ci ilə qədər kiçik bir adada yerləşən Britaniya müstəmləkəsindən yüksək dinamikayla inkişaf edən iqtisadiyyata malik bir dövlət qurdu. Tarixdə Li Kuan Yunun fəaliyyəti "iqtisadi möcüzə" adlanır. Onun xidməti iqtisadiyyatla bitmədi, çünki bir millətin qorunması üçün bu, yalnız işin yarısı idi. Li Kuan Yu xalqın mənəviyyatını da yüksəltməyə çalışdı: ingilis dili ilə yanaşı, öz ana dilini də dövlət dili elan etdi. Onun siyasətini, qadağalarını çox sərt qəbul edib, tənqid edənlər də olurdu, ancaq bu bir həqiqət idi ki, Li Kuan Yu bir müstəmləkəni dünyanın aparıcı iqtisadi liderinə çevirə bildi. O, Britaniyadan və ümumiyyətlə, Qərbdən dəyərli keyfiyyətləri alıb, millətinə zərəri ola biləcək hər üsuldan, münasibətdən qorundu. 

Bənzər vəziyyət Azərbaycan yenicə müstəqillik qazandığı dövrdə də var idi: imperiyadan ayrılmış gənc, amma zəngin bir ölkə, nəinki işğala məruz qalan, hətta müstəqilliyini belə tam təsdiq edə bilməyən bir respublika, hansı istiqamətdə gedəcəyini təyin edə bilməyən, dilini və dinini yad təsirlərdən qorumaq gücünə malik olmayan bir xalq. Belə bir vəziyyətdə Ulu Öndər kifayət qədər məsuliyyətli və riskli bir addım atdı: 1994-cü ildə Azərbaycanın varlığını belə qəbul etmək istəməyən ölkələri danışıqlar masasına dəvət edib "Əsrin müqaviləsi"ni imzaladı. Təntənəli mərasim zamanı Ümummilli Lider deyib: "Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq". Bu çağırış Azərbaycanı tanımaq istəməyənlərə, onu parçalamaq istəyənlərə, yaxud imperiyadan qopan və özünə himayədar axtaran bir zəif xalq kimi qəbul edənlərə ünvanlanmışdı. Məhz bu dönüş nöqtəsindən sonra Azərbaycan xalqı tam müstəqil olduğuna və bu "müstəqilliyin əbədi, dönməz olduğuna", ölkəsinin yarıyolda qalmayacağına və güclü dövlətlərlə müqavilə bağlamaq qüdrətində olduğuna inandı. Bu addımın atılmasında Ulu Öndər yalnız bir mövqedən çıxış edirdi: Azərbaycanın müstəqilliyini qorumaq və xalqın gələcəyini təmin etmək. 

Ulu Öndər yalnız iqtisadiyyatla kifayətlənmədi. Dövlət dilinin və onun vasitəsilə xalqın mənəviyyatının qorunmasını təmin etdi. Əslində, dil siyasətinin özündə də Ulu Öndər azərbaycançılıq ideologiyasını əsas tutur. O, 1995-ci ildə dilin adı ilə bağlı gedən müzakirələrdə bunu müdrikcəsinə vurğulayır və bununla bir daha xalqı parçalanmaqdan, daxili qarşıdurmadan qoruyur. Azərbaycan dili öz çətiri altında neçə millətin dilini birləşdirir, hətta öz dili olmayan bəzi azsaylı millətlər üçün də "dil" ola bilir. Məhz bu səbəbdən, istənilən bir Azərbaycan vətəndaşı deyə bilir ki, "Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik".

İdeologiya düşüncələrə nüfuz edib onları istiqamətləndirən, yeri gələndə yanlış addımdan qoruyan, yeri gələndə ruhlandıran mental bir qüvvədir. Bunun doğru, vətəndaşın şərəfini və ləyaqətini qoruyan, sabahının təminatçı olması isə onun müəllifindən asılıdır. Təhlillərə, heç də uzaq olmayan tarixə baxanda bir daha əmin olursan ki, azərbaycançılıq yalnız ideologiya deyil, daxildə milli kimliyi, mənəvi dəyərləri, milli birliyi qoruyan, xaricdən xain müdaxilələrin qarşısını alan və güclü inkişaf üçün münbit torpaq yaradan bir yumşaq gücdür. 


Könül BÜNYADZADƏ,

AMEA-nın müxbir üzvü, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün 50 cinayətin açılması təmin edilib  

11:21
12 Dekabr

İsveçdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

11:20
12 Dekabr

Azərbaycanla Böyük Britaniya arasında süni intellekt və kibertəhlükəsizliyə dair fikir mübadiləsi aparılıb  

11:19
12 Dekabr

Ulu Öndərin arzuladığı Azərbaycan  

11:11
12 Dekabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər YENİLƏNƏCƏK  

10:40
12 Dekabr

Faktiki hava açıqlanıb

10:38
12 Dekabr

Azərbaycanın taleyini dəyişən lider: Heydər Əliyevin dövlətçilik fəlsəfəsi  

10:35
12 Dekabr

Heydər Əliyev fenomeni: dövlətçilik məfkurəsinin tarixi missiyası və müasir davamlılıq siyasəti

10:31
12 Dekabr

Ulu Öndər - Müasir və müstəqil Azərbaycanın memarı VİDEO 

10:18
12 Dekabr

David Sumbadze: Yardımla bağlı məhdudiyyətlərin aradan qaldırılması bütün regionda əməkdaşlığın artmasına təkan verəcək

10:01
12 Dekabr

Gürcüstanla Azərbaycan arasında din sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib  

09:25
12 Dekabr

Əriyən buzlaqlar - dağların "göz yaşı"

09:25
12 Dekabr

Qreq Laflin: Mən Heydər Əliyevi Orta Asiyanın Corc Vaşinqtonu adlandırıram  

09:23
12 Dekabr

COVID-19 vaksinlərinin yeni müsbət təsirləri aşkarlanıb

09:20
12 Dekabr

Dünya azərbaycanlılarının əbədi lideri

09:15
12 Dekabr

Heydər Əliyev və azərbaycançılıq ideologiyası

09:10
12 Dekabr

Azərbaycanı dünyaya tanıdan böyük şəxsiyyət

09:05
12 Dekabr

Nadir şəxsiyyət, qüdrətli siyasi xadim

09:00
12 Dekabr

Müasir Azərbaycan dövlətçiliyinin banisi

08:55
12 Dekabr

Ulu Öndər amallarından qüdrətli Azərbaycana

08:50
12 Dekabr

Dövlətçilik məfkurəsinin memarı

08:45
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!