Aqrar Startaplar və İnnovasiya Forumu aqrar sahədə innovasiyaların təşviqi, gənclərin təşəbbüslərinin dəstəklənməsi və praktiki layihələrin inkişafı baxımından mühüm platformadır.
AZƏRTAC xəbər verir ki, bu barədə ADA Universitetinin rektoru Hafiz Paşayev ADA Universitetində IV Aqrar Startaplar və İnnovasiya Forumunun açılışında çıxışı zamanı deyib.
Rektor qeyd edib ki, ADA Universitetində Kənd təsərrüfatı və qida elmləri fakültəsinin yaradılmasından artıq iki ildən çox vaxt keçib və bu müddət ərzində fakültənin fəaliyyətinin inkişafı istiqamətində ardıcıl addımlar atılıb.
Hafiz Paşayev vurğulayıb ki, bu cür sərgi və forumlar tələbələrin bilik və bacarıqlarının praktik tətbiqini nümayiş etdirməsi üçün real imkan yaradır.
“Həm tələbələrin, həm də müxtəlif qurumların aqrar sahəyə artan marağını görmək sevindiricidir. Bu, göstərir ki, kənd təsərrüfatı artıq yalnız ənənəvi sahə kimi deyil, innovasiya və texnologiyaların tətbiq olunduğu perspektivli istiqamət kimi qəbul olunur. Tələbələrin öz layihələrini təqdim etmək üçün göstərdikləri həvəs və təşəbbüskarlıq bizi gələcəyə daha nikbin baxmağa vadar edir”, – deyə Hafiz Paşayev vurğulayıb.
Hafiz Paşayev bildirib ki, bu kimi tədbirlərin mütəmadi keçirilməsi universitet–sənaye əməkdaşlığının gücləndirilməsinə, startap ekosisteminin formalaşmasına töhfə verir.
Rektor çıxışında ADA Universitetinin qapılarının tərəfdaş qurumlar və gənc təşəbbüskarlar üçün açıq olduğunu, yeni kampus və infrastruktur imkanlarının bu cür təşəbbüslərin inkişafına geniş şərait yaratdığını əlavə edib.