“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qəbələ rayonundan olan vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı vətəndaşların müraciətləri əsasən kənd təsərrüfatı texnikası, gübrə və pestisidlərlə təminat, texnikanın icarəyə götürülməsi və özəlləşdirilməsi, ehtiyat hissələri ilə təminat və digər məsələlərlə bağlı olub.
İdarə Heyətinin sədri hər bir müraciəti diqqətlə dinləyərək qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə qısa müddətdə həlli üçün müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, araşdırma tələb edən məsələlər isə nəzarətə götürülüb. Nazirliyin fəaliyyət istiqamətinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Görüş zamanı Mehman Veysəlov dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların aqrar sahədə istehsalçıların rifahının yüksəldilməsinə və ölkədə kənd təsərrüfatının davamlı inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Vətəndaşlar göstərilən diqqət və qayğıya görə İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra Mehman Veysəlov Qəbələ rayonunda yerləşən “Savalan” zavodunda istehsalat prosesi ilə tanış olub, müəssisənin iş mexanizmini, saxlama anbarlarını gəzib. Daha sonra intensiv bağlara və üzüm sahələrinə baxış keçirilib, “Aqroservis” ASC rəhbərinə təsərrüfatın fəaliyyəti və aparılan aqrotexniki tədbirlər haqqında məlumat verilib.